Aysel Kərim: "Musiqidə və
poeziyada həyatın ən doğma ahəngini tapmışam"
Müsahibimiz - gənc musiqişünas, bəstəkar və yazar Aysel Kərim
Bakı Musiqi Akademiyasının 4-cü kurs
tələbəsi, "Bir
ovuc yağış"
adlı şeir kitabının müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Gənc Ədiblər Məktəbinin
məzunudur. 2014-cü ildə
Gənclər və İdman Nazirliyi tərəfindən "Gənclər
mükafatı"na layiq görülüb.
- Aysel xanım, musiqiyə marağınız
necə yarandı, onunla tanışlığınız
nə zaman başlandı?
- Musiqini kiçik yaşlarımdan sevirdim. Bunu ailə üzvlərim və məni tanıyan hər kəs hiss edirdi. Çox zaman uşaqlar
məcburən valideyn
istəyinə görə
Musiqi Məktəbinə
gedirlər. Özlərinin həvəsi olmadan. Amma bunu əminliklə deyərdim ki, çox həvəsim vardı və musiqi ilə məşğul olmaq istəyirdim. Buna görə
də valideynlərim məni Gəncə şəhərində fəaliyyət
göstərən Fikrət
Əmirov adına
1 nömrəli Musiqi Məktəbinə apardı.
Ora imtahanla qəbul oldum. Çox maraqlı bir
gün idi. Hələ də bu günə
kimi müəllimlərin
gözəl sözləri
və reaksiyaları gözümün önündən
getmir. Musiqi duyumumun çox
güclü olduğunu,
ümumilikdə hər
bir detalı müəyyən edib razı qaldıqlarını
bildirmişdilər. Bəlkə də
o gün elə gözəl hisslər keçirtməsəydim, sonra
bunu davam etdirmək istəməyəcəkdim.
Orada 3 il
təhsil aldıqdan sonra Bakı şəhərində Səid
Rüstəmov adına
Musiqi Məktəbində
dərslərimi davam etdirməyə başladım.
Orta məktəb 9-cu sinifi bitirdikdən sonra isə Milli Konservatoriya nəzdində Asəf Zeynallı adına
Musiqi Kollecinə qəbul oldum. Təhsilimi tamamladıqdan
sonra Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasına daxil oldum. Məzun olmağıma isə
sayılı günlər
qalıb.
- Bəstəkarlıq üçün
musiqi təhsili kifayət edirmi?
- Bəstəkar mütləq
professional musiqiyə yiyələnməlidir.
Bunun üçün,
təbii ki, tam ali musiqi
təhsili, bəstəkarlıq
dərsləri mütləqdir.
İnsan
musiqinin sirlərinə
dərindən yiyələndikdən
sonra hansısa müxtəlif janrlara müraciət edə bilər. Amma bu üzrə təhsil alan
hər insan da özünə bəstəkar deyə bilməz. Biz özümüzü
müəllif adlandıra
bilərik. Lakin bəstəkar
sözünü yaratdığımız
əsərləri dinlədikdən
sonra peşəkar mütəxəssislər ünvanımıza
söyləyə bilərlər.
Ümumiyyətlə, hər yaradıcı
insana təb gərəkdir. Təb deyilən
anlayış yalnız
şairdə olmalı
deyildir ki. Əgər yaradıcı
insanın təbi yoxdursa, ərsəyə gətirilən işin gözəl nəticəsi
ola bilməz.
Bu, illərin sınağından keçmiş
həqiqətlərdir.
- İlk bəstələdiyiniz
musiqi hansı olub və ilk kim dinlədi?
- İlk bəstələdiyim
əsər "Ümid"
adlı müasir musiqi əsərim olub. Onu bəstələyəndə hələ 13 yaşımda
idim. Amma bunu heç
kəs üçün
ifa etmirdim. Yalnız evdə sevimli musiqi alətim pianoda səsləndirirdim.
Lakin Asəf Zeynallı adına
Musiqi Kollecində təhsil aldığım
illərdə artıq
müəllimələrimə göstərməyə başladım.
Peşəkar insanların fikri,
yanaşma tərzi mənim üçün hər zaman böyük bir məktəbdir. Ona görə
də müəllimlərimlə
bölüşməkdən çəkinmədim. Eşitdiyim sözlər
böyük stimul verirdi. Elə Asəf Zeynallı adına Musiqi
Kollecində təhsil
aldığım illərdə
"Ümid" və
"Həsrət" adlı
müasir musiqi əsərlərim dinləyicilərə
təqdim olundu. Musiqi Akademiyasına qəbul olduqdan sonra isə ilk əsərlərimin
üzərində yenidən
işləməyə başladım.
Bu dəfə fərqli üslubda təqdim etdim.Daha sonra "Gülümsə",
"Sevgi nağılı"
kimi müasir və klassik əsərlərimi ərsəyə
gətirdim. "Payızın rəngi"
adlı prelüdlər
müəllifiyəm. Öz sözlərimə bəstələdiyim
"Qış gecəsi"
və "Uzun səfər" adlı romanslarım konsertdə müvəffəqiyyətlə səsləndirilib. Böyük bir
himnin söz və musiqi müəllifiyəm.
- "Öz sözlərim"
demişkən, siz həm də Azərbaycan Yazıçılar
Birliyinin üzvü, şeir kitabının müəllifisiniz. Ruhunuza hansı daha yaxındır: musiqi yoxsa şeir?
- Demək olar, hər ikisi. Mən onlarda həyatın ən doğma ahəngini tapmışam.
Musiqinin elə qeyri-adi dili var ki,
onu anlamaq üçün sadəcə
hiss etmək yetərlidir.
Musiqi də, poeziya da tükənməyən
bir sevgidir mənim aləmimdə.
Sözün gücünə hər zaman inanmışam. Şeir sanki
bir çağırışdır,
kimisə səsləmək,
yaxud kiminsə harayına yetməkdir mənə görə.
Şeir yazarkən mənən sakitləşirəm, rahatlıq
tapıram daxilimdə.
İçimdə gizli qalıb
çözülməyən sualların, bağlı qapıların açarını
tapmaqdır şeir yazmaq.
- Musiqi yazacağınız
şeiri necə seçirsiniz?
- Şeirlə musiqi
vəhdətdə olmalıdır. Mətnə baxan
kimi ondan hansı janrda musiqi əsəri alına biləcəyini təyin edirəm. Seçdiyim şeir buna istiqamət verir. Şair Rəşad Məcidin şeirlərinə bəstələdiyim
mahnılar rəğbətlə
qarşılanıb. Onun şeir
kitabını oxudum və şeirləri məni cəlb etdi. Bu əməkdaşlığımızın
davamı da olacaq. Öz şeirlərimə də mahnılar yazmışam, dinləyicilərin
ürəyincə olub.
- Gənc yaşınıza
rəğmən, yetərincə
tanınmış müğənnilərlə
işləmisiniz. Bəs, yazdığınız
mahnı üçün
müğənnini hansı
meyarlarla, necə seçirsiniz?
- İndi yaşın az olmağına
deyil, işin nəticəsinə diqqət
yetirir insanlar. Bu günə qədər
gördüyüm bütün
işlərdə bacarığıma
inanıb addım atmışam. Mahnı ərsəyə
gəldikdə isə
onun hansı ifaçının səs
tembrinə və ifa janrına, üslubuna uyğun olduğunu müəyyən
edə bilirəm.
Azərbaycanın dəyərli sənətkarları
- xanəndə və
vokalistləri ilə çalışmaq, təbii
ki, qürurvericidir.
- Birgə işləmək
xəyalı qurduğunuz
müğənni varmı?
- Nədənsə belə bir xəyalım yoxdur. Qismətə inanan insan olduğuma görə, buna da fərqli yanaşıram və hesab edirəm ki, kimin qismətidirsə, mahnımı ifa etmək ona da nəsib olacaq.
- Gənc bəstəkar və musiqişünas olaraq, Azərbaycan musiqisinin xarici ölkələrdə təbliği üçün hansı işlərin görülməsini istərdiniz?
- Təbii ki, bu istiqamətdə yetərincə işlər görülür, yəqin, yeni uğurlu addımlar da atılacaq. Bu missiyanı həyata keçirən insanlar sırasında yer almaq, onlardan biri olmaq xoşbəxtlikdir. Xüsusən, muğamımızın tanıdılması yönündə önəmli işlər görülüb və bu proses davam edir. Muğam bizim mədəni-mənəvi irsimizin kodlarını yaşadır. Yazdığım elmi musiqi məqalələrimdə də bu nüansa dönə-dönə toxunuram. Hətta xüsusilə vurğulamaq istərdim ki, Bakı Musiqi Akademiyasında müəllimlərimin təklifilə muğam imtahanımızda muğamları pianoda ifa edib şeirlərimi də səsləndirdim. Bu sintez çox gözəl qarşılandı. Bir professional musiqiçi olaraq nəinki vətənimdə, hətta ölkəmizin hüdudlarından kənarda da musiqi mədəniyyətimizə faydalı olan işlər görmək istəyirəm. Bunu qarşımda dayanan ən vacib məqsədlərdən biri hesab edirəm.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 13 iyun.- S.7.