Ramiz Rövşən: "İndi şeirlər ancaq yazılır - yaşanmır"

 

 

İyunun 9-da Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində şair Ramiz Rövşənlə gənc yazarların görüşü keçirilib.

 

Bu görüşlərin mühazirələr şəklində mütəmadi təşkil olunması nəzərdə tutulur. Görüşdə Ramiz Rövşən bilgi təcrübələrini gənclərlə bölüşüb, onların suallarını cavablandırıb. Nəticədə, şairin ədəbiyyatla, sənətlə, zaman insanla bağlı düşüncələrini əks etdirən maraqlı bir çıxış alınıb. 

 

Şair ayrıca insan növüdür

 

- 2001-ci ildə Slavyan Universitetində Rus poeziyasının "Gümüş dövrü"ndən bir il mühazirələr oxumuşam. Yəni, bu, gənclərlə ilk belə görüşüm deyil. Bəzi tələbələr, gənclər vardı ki, ən ağla gəlməyən yazılar hazırlaya bilirdilər, amma ən ibtidai sualı qoya bilmirdilər. Ümid edirəm ki, siz bu mənada məni sevindirəcəksiniz. Mənim ədəbiyyatdan, poeziyadan əlavə, kino ilə yaxından bağlılığım var. Deyim ki, məncə, kino peşədir, şairlik isə peşə deyil. Şair ayrıca insan növüdür.

 

Ədəbi peşəkarlığa yiyələnməyin çətinliyi...

 

- Höte deyirdi ki, peşəkarlıq əslində, özünə məhdudiyyət qoymaqdır. Yəni, insanın fəaliyyət çevrəsi yavaş-yavaş daralır. Çünki peşəkarlıq hər şeyin yox, müəyyən bir sahənin ustası olmaqdır. Sovet dövründə məşhur bir deyim vardı ki, hamı hər şey haqqında çox şeyi bilir, amma heç kəs bir şey haqqında hər şeyi bilmir. Mən birinci nəslin nümayəndəsiyəm. Amma çox vaxt çalışmışam ki, bəzi şeylər haqqında çox şeyi bilim.

 

İnternet istifadəçilərinin bilgiləri dayazdır 

 

- Biz, yəni sizlə mən müxtəlif zamanların adamlarıyıq. Həmyerlilik kimi həmzamanlılıq anlayışı da var. Bu mənada bəzi şeylər var ki, onları ancaq siz bilirsiniz, bəzi şeylər var mən. Misal üçün, siz internetə daha yaxşı bələdsiniz. Ancaq mənə elə gəlir, internet çox da bilikləndirməyib insanları. İnternet o adama kömək edə bilər ki, o, internetdə axtardığını bilir. axtardığını bilməyən üçünsə internet sadəcə çayxanadı. Bu mənada çoxlu sayda internet törəmələri əmələ gəlib. Yəni, istifadəçilərin çoxunun məlumatları üzdəndi, bilgiləri dərin deyil. Nəticədə isə ortaya çoxlu səhvlər çıxır. Amma hər halda Svetayevanın bu sözlərini xatırlamağa dəyər. Şair deyir ki, balalarımız bizdən yaşlıdırlar. Biz onlardan keçmişə görə, onlar bizdən gələcəyə görə. Ola bilsin, bu masa arxasında oturanlardan elə bir şəxsiyyət, sənətkar çıxacaq ki, bugünkü görüş Ramiz Rövşənin bioqrafiyasının ən parlaq səhifəsi olacaq. Ola da bilər, 70-80 il yaşayarsınız həyatınızın ən parlaq səhifəsi elə Ramiz Rövşənlə görüş olaraq qalar. Mən şair kimi daha çox arzulamadığım uğurları qazanmışam, nəinki arzuladıqlarımı. Tam səmimi deyirəm, mən istərdim ki, əksinə olsun. Mən bunu öz qələbəm sayardım. 

 

Poeziyamızın çatışmayan cəhətləri...

 

- Bəzən mənə şairlər öz kitablarını bağışlayır görürəm ki, bu kitabları elə bağışlamaq üçün çap edirlər. Oxucunu ittiham eləməkdən asan şey yoxdu. vaxt olub ki oxucu? Hər dövrdə millətin bir qızıl damarı olub, oxucu damarı. onların sayı heç vaxt artmayıb. İndi Azərbaycan poeziyasında çatışmayan əsas keyfiyyət şeirdəki enerjidi. Oxucunu başqa cür qazanmaq, onunla başqa yolla kontakta girmək mümkün deyil. Yazılan şeirlərdə obrazlı ifadələr var, doğrudu. Amma hiss olunur ki, indi şeirlər ancaq yazılır - yaşanmır.

 

Niyə yazırıq?

 

- Ədəbiyyat haqda deyilən təriflərdən ən dəqiqi elə ən bayağısıdır. Ədəbiyyat həyatın güzgüsüdür. Düzdür, güzgü canlı deyil. Ancaq qəribəsi odur ki, həyat da canlıdır, ədəbiyyat da. Necə ki, ədəbiyyat həyatı əks etdirir, eynən həyat da ədəbiyyatı əks etdirir. Tolstoy "Anna Karenina" yazandan sonra özünü qatar altına atan qadınların sayı qatarların sayından çox idi. Ədəbiyyatın həyata təsiri var, şübhəsiz. Amma bəs biz niyə yazırıq? Buna niyə ehtiyac duyuruq axı? Məsələn, mən gündəlik yazanları heç vaxt başa düşməmişəm. İnsan öz-özünü yaddaşında saxlamaq istəyir? Yaddan çıxanlar onsuz da unudulacaq. Deməli, gündəliyi kimlər üçünsə yazırsan. Deməli, hardasa səmimi deyilsən. Yəni,  gündəlikdə bir az özünə təskinlik verirsən, hadisələri, fikirləri bəzəyib-düzəyirsən. Amma hər halda yazırıq. Hegel deyir ki, yazmaq saxlamaq üçündür. Əslində, yazıçılıq gedəni saxlamaqdır. Gedəni, öləni, itəni... Ədəbiyyat sanki həyatın arxasınca gedir. İnsan itirdiyini bədii təxəyyülün gücü ilə yenidən bərpa eləmək istəyir.

 

Ədəbiyyat və zaman...

 

- Zaman ən mücərrəd anlayışdır. Məkandan fərqli olaraq zamanı görə bilmirik, ancaq, o, bizdə əks olunur. Qırışlar artır, saçlar ağarır və zamanın varlığını hiss edirsən. Necə ki, külək əsir, ağacın budağı yellənir, amma küləyi görmürük, zaman da o cür özünü göstərir. Dolayısıyla zaman həyatın əksi, ədəbiyyatın özüdür. Ədəbiyyat yeganə sahədir ki, zaman orda sadəcə əks olunmur, həm də maddiləşir. Anı saxlamaq, zamanı maddiləşdirmək ədəbiyyatın əsas funksiyalarından biridir.

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 13 iyun.- S.7.