Məhəmmədrza Qoçi:
"Azərbaycan ədəbiyyatını böyük
zövqlə tərcümə edirəm"
Türkiyədə tərcüməçilik fəaliyyətilə
məşğul olan Məhəmmədrza Qoçinin
adı son illər ədəbi mühitimizdə
tez-tez çəkilir.
Azərbaycan ədəbiyyatı nümunələrinin
Türkiyə türkcəsinə
çevrilməsində önəmli
xidmətləri, özünəməxsus
rolu var. Bu yaxınlarda
onun tərcüməsində
Xalq yazıçısı
Anarın "Yaşamaq
haqqı", Rəşad
Məcidin "Dəlicəsinə",
Pərvinin "Sevdim səni" kitabları Türkiyədə çap
olunub.
Məhəmmədrza Qoçi 1978-ci ildə Təbrizdə doğulub. Özünün dediyinə görə, Azərbaycan milli mədəniyyəti və
ədəbiyyatı ilə
yaxın tanışlığı
11 yaşından başlayıb.
Həmin dövrü belə xatırlayır:
"Orada Azərbaycanla
maraqlanmaq qadağan olunmuşdu. Ancaq mən bir yolla maraqlanıb öyrənirdim. İlk əvvəl
Azərbaycan milli rəqslərini öyrənməyə
başladım. Bu da böyük qardaşımın sayəsində
oldu. Orta məktəbi orada
bitirdikdən sonra uşaqlar üçün
kitablar, jurnallar hazırlayırdım. Uşaqlar üçün
iki kitab hazırladım ki, orada ana dilimizin
hərfləri öyrədilirdi.
Ondan sonra Azərbaycan şairi Həbib Sahirin əlyazmasını
kitab halında çap etdirdim".
Ən böyük
arzusunun öz ana dilində yazıb-yaratmaq olduğunu
deyən M.Qoçi bu arzusunun sorağı
ilə Türkiyəyə
gedib. Güney Azərbaycanla Quzey Azərbaycan arasındakı
uzunmüddətli ayrılıq
onun Arazın bu tayına gəlmək arzusuna mane olsa da, doğma
dildə yazıb-yaratmaq,
doğma mədəniyyətini
öyrənmək şövqünü
əlindən ala bilməyib:
"Təbrizdə ana
dilində oxumaq imkanım yox idi. Mən isə bu arzu ilə yaşayırdım.
Buna görə də Türkiyədə ana dilində oxumaq fürsəti yaranan kimi bunu
dəyərləndirdim. Hədəfim isə ana dilimi və mədəniyyətimi daha
yaxşı şəkildə
öyrənmək idi.
Azərbaycana gəlmək imkanım
olmadığı üçün
məcburən Türkiyəyə
getdim. Çünki Türkiyə bizə
doğma qardaşdır.
2003-cü ildə Türkiyəyə gəldim,
Ankara Universitetini əczaçılıq
üzrə bitirdim.
Həmçinin, ədəbi fəaliyyətimi
davam etdirirdim. Son dönəmlərdə Xalq yazıçısı
Anarın, tanınmış
ədiblərdən Rəşad
Məcidin, Pərvinin,
Xəyal Rzanın kitablarını tərcümə
etdim. Önəmli işlərimdən biri də bu
oldu ki, böyük şair Səməd Behrənginin
10 əsərini farscadan
türkcəyə çevirdim.
Azərbaycana İLESAM xətti ilə gəldim və burada Şairlər Gününə
qatıldım. Burada olmaqdan
çox böyük məmnunluq duyuram".
Söhbət əsnasında onu da öyrəndik ki, bu səfər
onun Azərbaycana ilk gəlişi deyil. Hələ
doqquz il
öncə bir proyekt çərçivəsində
Bakıya səfər
etmək şansı qazanmış M.Qoçi özünü vətəninə,
öz doğma yurduna gəlmiş qədər xoşbəxt
hiss etdiyini, uzun müddət həmin təəssüratlardan ayrılmadığını
dedi: "Doqquz il öncə buraya gəldiyimdə Bakının, demək olar ki, hər
tərəfində inşaat
işləri gedirdi. Onda çox da gəzmək
şansım olmamışdı.
Amma elə həmin vaxtdan burada özümə dostlar qazanmışdım. Bu gəlişimdə həmin
xatirələrim canlandı.
Bakı çox dəyişib və gözəlləşib.
İnsanları çox mehribandır.
Azərbaycan yazıçılarını
- həm klassiklərini,
həm də müasirləri - çox
oxumuşam. Son zamanlar
tərcümə olunub
yayımlanırlar, ona
görə daha rahatlıqla tanış
ola bilirik".
Bu yaxınlarda tərcümə
etdiyi kitablarla bağlı təklifin ona İLESAM-dan gəldiyini deyən M.Qoçi həmin əsərlərlə tanış olduqdan sonra böyük məmnuniyyətlə çevirdiyini
vurğuladı: "Anar
müəllimin əsərlərini
yaxşı oxumuşdum,
tanıyırdım. Onun tərcümə
etdiyim "Yaşamaq haqqı" kitabı tarixi-siyasi mövzudadır.
Kitabda Azərbaycanın tarixi geniş şəkildə
əks olunub, mühüm faktlar yer alıb. Onu tərcümə etmək
nə qədər çətin olsa da, çox maraqlı idi. Əsərdə Nəriman Nərimanov
dövründən başlamış,
Heydər Əliyevə,
yəni son zamanlara qədər olan böyük bir tarix əhatə olunur. Pərvin xanımın kitabındakı
esselər olduqca məzmunlu, axıcı və oxunaqlıdır.
Rəşad Məcidin kitabında
dəyərli esselərlə
yanaşı, maraqlı
müsahibələri, xatirə
yazıları da toplanıb. Azərbaycan ədəbiyyatını böyük həvəs və zövqlə tərcümə edirəm.
Tərcümə artıq mənim
peşəm halına
gəlib. Son dövrlərdə Kamran Nəzirlinin əsərlərini
tərcümə edirəm.
Məmməd Səid Ordubadinin
"Dumanlı Təbriz"
əsərini əldə
etmişəm, onu da çevirmək istəyirəm. Bundan başqa,
"Türk ellərindən
hekayələr" adlı
kitab çıxarmağı
düşünürəm. Burada hər türk xalqından bir hekayə çap olunacaq".
M.Qoçi Qarabağ münaqişəsinə dair gerçəkləri Türkiyə və dünya ictimaiyyətinə çatdırmaq üçün əlindən gələn qədər çalışdığını, bu yöndə yeni addımlar atacağını bildirdi: "Bütün türklərin qanayan yarasıdır Qarabağ. Mən Azərbaycan ədəbiyyatında Qarabağla bağlı yazılmış əsərləri araşdırıram. Bu dərdin, bu ağrının bütün dünyaya çatdırılması üçün biz tərcüməçilərin də öhdəsinə çox iş düşür. Mən də öz üzərimə düşən bu işi bacardığım qədər görməyə çalışıram. Biz Türkiyədə universitetlərdə Qarabağ, Xocalı ilə bağlı sərgilər, toplantılar keçiririk. Tələbələrlə tez-tez maarifləndirici söhbətlər aparırıq. Eyni zamanda, ədəbiyyatın gücündən də istifadə edirik. Qarabağla bağlı yazılmış müxtəlif müəlliflərin hekayələrini tərcümə edib orada yayırıq. Gələcəkdə də bu işi davam etdirəcəyik".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 13 iyun.- S.4.