Vətənpərvər ziyalı, qayğıkeş insan

 

 

Haqqında o qədər fakt və məlumat eşitmişdim ki, bəlkə də bir kitaba sığası deyildi. Atası İsmayıl müəllimi yaxşı tanıyırdım.

 

O zamankı Azərbaycan radiosunda çalışan ən savadlı, səriştəli, vicdanlı jurnalistlərimizdən idi. İpək xasiyyətliydi, heç kəsin qəlbinə toxunmaq istəmirdi: üstəlik, qardaşı Nazimdən tutmuş, millət vəkili Aqil Abbasovacan, publisist Nizami Rəhmanlıdan Vasif Quliyevəcən qələm dostlarım Moskvada yaşayan və çalışan Natiq Ağamirovu o qədər tərifləmişdilər, onunla görüşə can atır, könlümdən dərhal maraqlı həmyerlimizi tapmaq, tez ünsiyyət qurmaq niyyəti keçirdi. Nəhayət, üç il öncə, hər kəsin başına and içdiyi, həqiqətən hörmət-izzəti aşıb-daşan, Rusiya paytaxtına sığmayan Natiq müəllimlə görüşüm baş tutdu.

 

Heç demə, əslən Ağdamın Əfətli kəndindən olan, Bakının tən ortasında 134 saylı orta məktəbi 1975-ci  tədris ilində yalnız "əla" qiymətlərlə bitirən həmvətənimizin daş yaddaşı varmış. O, nəinki müxtəlif nəsillərə məxsus söz-sənət adamlarını tanıyırmış, eyni zamanda, mərhum atasının dostları sayılan bu şəxslərlə yaxınlıq edibmiş, onlarla doğma Qarabağda, dədə-baba yurdunda dəfələrlə görüşübmüş, söhbətləri olubmuş. Dilə gələn xatirələr, ağdamlı günlər bu anda yel olub üstümüzdən ötən vaxtı canlandırdı, qarşımızda ciddi, təmkinli, həmçinin erudisiyalı, intellektual səviyyəsi yüksək bir insanın obrazını canlandırdı. Gah kövrələn, keçən hadisələrdən təsirlənən, gah da bəzi məsələlərə özünəməxsus hüquqşunas məntiqiylə cavab tapan Natiq müəllimlə üzbəüz ünsiyyətimiz ürəkaçan alındı:

 

- Mənim elmi yaradıcılığım bir yana, qəzetlərdə, jurnallarda yüzlərlə müsahibələrim çıxıb, haqqımda oçerklər, müxtəlif səpkili məqalələr çap edilib. Həmişə qələm sahiblərini yaxşı qarşılamışam, bu adamlara ayrıca qayğı, diqqət göstərmişəm. Çünki ziyalı ailəsində böyümüş, tərbiyə almışam. Atamızın bircə dolanışıq silahı vardı, o da qələmiydi. Çox varlı-karlı deyildik, ancaq həkim anamız, jurnalist atamız bizi korluq çəkməyə qoymurdular. Orta məktəbdə yüksək təhsil almağım, 134 saylı kimi adlı-sanlı bilik-tərbiyə ocağını birincilər sırasında bitirməyim, maneəsiz, hər gəncin yalnız arzuladığı Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmağım elə valideynlərimin zəhmətinin düzgün istiqamətiydi. Beş illik tələbəliyin ömrü sanki aniydi, sevib-seçdiyim ixtisası fərqlənmə diplomu ilə bitirmiş, respublika Ədliyyə Nazirliyinə təyinat almışdım.

 

Vaxtilə "Azərbaycan" qəzetinin Rusiya Fedarasiyası üzrə müxbiri işləmiş Nizami Rəhmanlının söylədiklərindən: "Natiq ismayıl oğlu 1983-cü ildə Moskvaya dəvət edilib, özü də birbaşa Rusiya Ədliyyə Nazirliyi sisteminə məsul işə. Həmyerlimiz dərhal hüquq sahəsində, xüsusən notariat orqanlarında islahatlar aparılmasında və həyata keçirilməsində fəal iştirak edib".

 

Bu gün ümumrusiya Peşəkar Notariuslar İttifaqı və Rusiya Hüquqşunaslar İttifaqı Mərkəzi Şurasının sədri, Beynəlxalq Hüquqşunaslar İttifaqı və Rusiya Hüquqşunaslar İttifaqı Rəyasət Heyətinin üzvü, birinci dərəcəli Ədliyyə müşaviridir. Necə deyərlər, yüksək titulları, ödülləri, saysız-hesabsız mükafatları da var, bu qeyrətli Azərbaycan balasının, yad məmləkətdə dişiylə-dırnağıyla qazandığı şan-şöhrəti də. Natiq müəllimə hər cür xoş sözlər yaraşır. Allah ondan heç nə əsirgəməyib, zahirən də yaraşıqlıdır, daxilən də. Mən inanmıram ki, kimsə eloğlumuzla ünsiyyət qursun, sonra bu əlaqəni həmişəlik kəssin. O, incə ürək adamı, çörək adamıdır. Azərbaycan üçün özünü pərvanələr kimi oda-közə vurmağı bacaran şəxsiyyətdir.

 

Müqəddəs ruhların behişt yeridir,

Ocaq Azərbaycan, pir Azərbaycan.

Harda baş ucaldan övladı varsa,

Orda bərqərardır bir Azərbaycan.

 

Natiq Ağamirovun Moskvanın mərkəzində yerləşən baş ofisindəyik. Əvvəl katibə qız səmimi surətdə bizi qarşılayır və bir stəkan pürrəngi Azərbaycan çayına qonaq edir. Az sonra boylu-buxunlu, cüssəli qaraşın oğlan peyda olur, "Mən Natiq müəllimin köməkçisiyəm, nə probleminiz varsa deyin, həllinə kömək edək" - deyir və cavab gözləyir. Bakıdan gəldiyimizi sezir, təmiz Azərbaycan dilində danışmağa başlayır: "Üzr istəyirik, bizim çoxlu sayda həmyerlimiz yalnız işləri düyünə düşəndə, Natiq müəllimin qapısını axtarırlar". Biz köhnə əlaqələrdən, münasibətlərdən məlumat verən kimi Ağamirov qapıda görsənir və bizi içəri dəvət edir, xoş-beşdən sonra köməkçisinin sözlərini təsdiqləyir.

 

Fəaliyyət dövrü əsasən ötən yüzilliyin 80-ci illərindən sonraya təsadüf edilən Natiq Ağamirovun ilk kəlməsi bu oldu ki, o zaman artıq SSRİ-nin dayaqları laxlayırdı, bütün ağıllı adamlar kəndirin qırılacağını səbrlə gözləyirdilər. Mixail Qarbaçovun yersiz islahatları dövləti möhkəmləndirmədi, əksinə, uçuruma yuvarlatdı, dağıdıb çökdürdü. Nə yenidənqurmalar bəhrə verdi, nə də kadr dəyişiklikləri. Məsələn, o, heç kəslə məsləhətləşmədən Heydər Əliyev kimi böyük dövlət xadimini Kremldən uzaqlaşdırdı. Halbuki, tələsik qərar verməkdənsə, təcrübəli kadrların səriştəsindən bəhrələnmək, yararlanmaq lazım idi. Həmin keşməkeşli vaxtlarda həmyerlimiz Rusiyanın Ədliyyə orqanlarına kifayət qədər kömək əlini uzadıb.

 

Yazıçı-publisist, filoloq-alim Abuzər Bağırovun söylədiklərindən: "Uzun illərdi Azərbaycandan kənarda yaşayıram. Bu gün qürurla deməyi özümə borc bilirəm ki, Natiq Ağamirov kimi şəxsiyyətlər millətin fəxrləridir. Alim də olmaq mümkündü, vəzifəyə qalxmaq da. Ancaq Vətəninə, elinə-obana içində sevgin yoxdursa, torpağın üçün ürəkdən yanmırsansa, qalan şeylər şəxsi qazancın və nailiyyətlərindi. Insanı həmişə milli mənlik, milli şüurun yüksəkliyi tanıdıb, dərəcəyə çatdırıb. Mən böyük mədəniyyət sahibi Natiq İsmayıl oğlunun adıyla həmişə öyünmüşəm. Onu peşəkar hüquqşunas kimi düşmənləri də qəbul edir, sevir, sözsüz dostları, həmkarları da. Yanar qəlbi daim Azərbaycan naminə  döyünür. Vətənə kömək etmək, hər mənada həmyerlilərinə təmənnasız  əl tutmaq Natiq müəllimin  fəaliyyətinin bir hissəsidir. Bunu ruslar da  bilir, digər xalqların nümayəndələri də. Əhsən, belə oğulu doğan anaya, ərsəyə çatdıran ataya".

 

Moskvada yaşayan başqa bir görkəmli həmyerlimiz, hüquq elmləri doktoru, professor Ələsgər Tağıyevin təbirincə, Natiq Ağamirov istedadlı təşkilatçı-alim, vətənpərvər ziyalı, uzaqgörən ictimai xadim, qayğıkeş insandır. Nə yaxşı ki, dünyada  Natiq kimi azərbaycanlı var...

 

Həqiqətdir, yad, qonşu ölkənin paytaxtında  həmişə elitarlığını, kübarlığını saxlamaq, adamların gözünün içinə düppədüz baxmaq hər kəsə  nəsib keyfiyyət deyil. Onu təkcə Moskvanın tanınmış azərbaycanlıları yox, Rusiyanın millətimizə məxsus soydaşları sevir, hörmətini  saxlayır. Məşhur ifaçı Müslüm Maqomayev də, Kərim Kərimov da, tarixçi Əhməd İsgəndərov da, yazıçı Maqsud İbrahimbəyov da sağlığında hüquqşünas eloğlumuzla ünsiyyət qurmaqdan məmnun idilər. O, vaxt tapan kimi məşhur fırça ustası Tahir Salahova da baş çəkir, qocaman yazar Çingiz Hüseynovun da qayğılarını öyrənir. Diqqətdə Natiq müəllimin tayı bərabəri yoxdur.

 

Vaxtilə Ümumrusiya Azərbaycanlıları Konqrensinin (UAK) yaradılması barədə Heydər Əliyev təşəbbüs qaldırarkən Moskvada çalışan ən məşhur ziyalıların da təkliflərini, birlik barədə fikirlərinə dinləyib, öyrənib. Onlardan  biri də Natiq Ağamirov olub. O, bu təşkilatın icraiyyə komitəsinə üzv seçilib. Təəssüf ki, iki qonşu xalqın  dostluğuna töhfə verən bu qurumu yaxınlarda Rusiya Ali Məhkəməsi ləğv edib, UAK fəaliyyətini rəsmi surətdə dayandırıb. Bu ədalətsizliyi və məntiqsizliyi bir sıra tanınmış soydaşımız  kimi görkəmli  hüquqşünas  da qəbul etmir. Əlbəttə, məsələdə kimin barmağının olub-olmaması önəmli deyil, hər kəs çalışmalıdır ki, ölkənin ali orqanına bu və ya başqa dərəcədə etiramını yazılı,  sürətdə bildirsin, ictimai qurumun fəaliyyətinə xitam vermiş Ali Məhkəmə səhvini  düzəltsin.

 

Baxmayaraq ki, ilk gənclik çağlarından taleyini  Rusiyanın  paytaxtına  bağlayıb, Natiq müəllim əsl qarabağlıdır. Muğamı dərindən  duyur və Birinci  vitse-prezident Mehriban Əliyevanın son illər qədim xalq sənətinə  qayğı  və diqqətini  möhtəşəm  dəyərləndirir. Çox vaxt  yarışmalara  qatılan istedadları izləməyə imkan tapır. Xan Şuşinskinin möcüzəli, Qədir Rüstəmovun sehrli səsi həmişə yurdsevər Natiq müəllimi ovsunlayıb, xəyalını uşaqlıq  çağlarına aparıb.  O zaman çölə-bayıra  qədəm basan hansı uşaq dodaqaltı  zümzümə eləmirdi ki? Qarabağın suyundan və havasından idi, yerindən duran xalq ruhu üstə köklənirdi. Elə məşhur  məsəl-şeir ordan yaranmışdı:

 

Toxunsan uşağa Qarabağda sən,

Muğamat üstündə ağlar, deyiblər.

 

Həmişə vaxtın qıtlığını  hiss edən, bəziləri kimi heç vaxt ondan şikayətlənməyən, fürsət düşən məqamdan isə daim səmərəli istifadə  eləməyə səy göstərən adlı-sanlı soydaşımızı həm də səfər adamı adlandırmaq olar. Bu, belədir,  bu gün  Natiq  müəllim Dünya Azərbaycanlılarının yığıncağına Hollandiyaya yollanır,  bir həftə öncə Türkiyədə işgüzar səfərdəydi, ondan əvvəl isə Londondaydı, hüquqşünasların beynəlxalq konfransında. Ayağı Moskvaya dəyməklə haralarasa  geri dönməyi  bir olur. Artıq 60 yaşın  astanasında olan Natiq Ağamirov üçün ən sürpriz  səfər - Azərbaycana səfərdi. Gözəlləşmiş Bakı bulvarını seyr eləmək, Xəzərə tamaşa qılmaq, özünü Qarabağa çatdırmaq, doğma yerlərin, odun-ocağın istisini nəfəsinə çəkmək, yorğunluğunu atmaq ən müqəddəs arzusudu. Nə qədər yad məmləkətlər  adamı çəksə də, Vətən, yenə vətəndi, yerini heç bir başqa torpaq verə bilməz  Xüsusən insanın doğulduğu, ərsəyə çatdığı kənd-kəsək, o yerlər də ki, ola işğal altında... Ağdam xiffəti yurdaşımızın yaddaş ağrısıdır.

 

Hələ mən qarşında xəcalətliyəm,

Bağışla azmışam, sapmışam kəndim.

Adını tapmadım xəritələrdən

Ancaq ürəyimdə tapmışam, kəndim.

 

Hopub oturmusan kövrək canımda,

Soyumsan, kökümsən, nəslimsən mənim.

Şəkil çəkdirmirəm heç  vaxt yanımda.

Sən ilk surətimsən, əslimsən mənim.

 

Həmyerlimizi indi düşündürən təkcə Azərbaycan diaspor təşkilatının indiki durumu deyil. Çünki Moskvada həmişə azərbaycanlılar  çoxluq təşkil ediblər və onların hüququ haçansa pozulsa da, sonra bu yanlışlıq düzəlib, haqq yerini tapıb. Ailəsində  Rəhman və Tamerlan  adlı iki ağıllı-təhsilli övlad böyüdən Natiq müəllim onların gələcəyindən nigaran deyil və cəmiyyətimizə xeyir verə biləcəklərinə möhkəm sürətdə əmindir. Çətinlik digər azərbaycanlı  ailələrdə  böyüyən uşaqların  dil-təhsil problemləridi. Axı, hüquqşünasın məntiqinə görə, yad ölkədə başqa dildə danışan, oxuyan məktəbli təsirə düşür, milli məsubiyyətini unudur, ana dilini yaddan çıxarır, bir növ manqurtluq həddinə çatır. Bu bəladan yeganə qurtulmağın yolu  "Bazar günü" məktəbləridi. Bu təhsil ocaqlarında balacalar milli ruhda, adət-ənənələr çərçivəsində tərbiyə alır, doğma xalqını tanıyır, dilini mənimsəyir. Tarixini,  coğrafiyasını, ədəbiyyatını öyrənir. Dəqiq elmlər üçünsə fərq yoxdu, özgə dildə də öyrənmək mümkündü. Düzdür, bu vacib məsələni Moskvada Natiq İsmayıl oğlu həmfikirləri ilə bahəm ən yüksək tribunalarda dəfələrlə qaldırıb. Müəyyən müsbət nəticələr var, ancaq "Bazar günü" məktəbini əsl Azərbaycan məktəbi səviyyəsinə qaldırmağın zamanı yetişib.

 

Ağacəfər HƏSƏNLİ

Bakı-Moskva

 

525-ci qəzet.- 2017.- 13 iyun.- S.4.