Şabranda ədəbi həyat
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
Azərbaycanda ədəbi məclis ənənəsi
qüvvətli olub və bu ənənə indi də davam
edir.
Deyə
bilərik ki, yazıçıların təşkilatlanmasının
son həddi Yazıçılar Birliyidir və bu Birliyin
müxtəlif bölgələrdə filialları fəaliyyət
göstərir: Naxçıvan Yazıçılar Birliyi, Gəncə,
Qarabağ, Qazax, Lənkəran, Şəki, Quba, Aran, Mingəçevir,
Sumqayıt, Şirvan, Şamaxı, Muğan, Abşeron
bölmələri. Bundan başqa, AYB-nin
Gürcüstan, habelə, Moskva, İstanbul bölmələri
də vardır. Bu bölmələr
Ümumazərbaycan ədəbiyyatının tərkib hissəsi
kimi fəaliyyət göstərir.
İndi Azərbaycanın əksər rayonlarında ədəbi
məclis ənənəsi davam edir. O cümlədən, Xaqani poeziya
bayramının keçirildiyi Şabranda. Şabran
Azərbaycanın qədim yaşayış məskənlərindən
biridir, bu qədimlik onun indiyə qədər hifz olunan tarixi abidələrində
də təcəssüm olunur. Gözəl, səfalı
təbiət mənzərələrilə diqqəti cəlb
edən Şabranı XXI əsrin bu çağı öz qədimliyi
ilə müasirliyinin qovşağında yaşadır.
Şabranda ədəbi həyat həmişə gur və
davamlı olub.
Keçən əsrin 70-80-ci illərində
Şabranda "Çıraqqala" adlı ədəbi məclis
yaradılmışdı. Onun rəhbəri
rayon qəzetinin redaktoru Əmirqulu Quliyev olub. O
Əmirqulu Quliyev ki, həmin illərdə bir satirik yazar kimi
"Ədəbiyyat və incəsənət" qəzetində
tez-tez çıxış edirdi. Sonra həmin ədəbi məclis
"Şabran " adlandırıldı. Qeyd edim ki, onun bir
çox üzvləri artıq dünyalarını dəyişiblər,
haqq dünyasına qovuşublar: müasir Azərbaycan
poeziyasının istedadlı nümayəndələrindən Ağalar Mirzə, rayon qəzetinin
redaktoru Xalid Məmmədli,
Əmirqulu Quliyev, şair Həsən Orucov və
başqaları. Onların ruhu şad olsun! Şabran ədəbi
məclisinin yetirməsi olan Sadıq Elcanlı isə öz yaradıcılıq fəaliyyətini
davam etdirməkdədir. Azərbaycan
televeziyasında məsul şəxs olan Sadıq Elcanlı
müasir nəsrimizin görkəmli nümayəndələrindən
biridir.
Yeddi il əvvəl "Şabran nəğmələri"
adlı bir ədəbi toplu ilə tanış olmuşdum. Bu,
həmin adda
beşinci toplu idi. Onun tərtibçisi
və redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliyinin üzvü, indi Şabran ədəbi məclisinin sədri
şair Qafar Süleymandır. Həmin toplu vasitəsilə Şabranda
yaşayıb-yaradan Qafar Süleyman, Təvəkkül Kərim,
Sabir Zöhramlı, Şərbətəli Mahmudov, İbrahim
Ağçaylı və Güləli Bağbanın şeirləri,
Aydın Tağıyev, Nizami Əlioğlu, Çingiz
Xalidoğlu və Məhəmməd Osmanovun hekayələri
ilə tanış oldum. Beləliklə, qiyabi də
olsa, Şabran ədəbi mühitinə bələdliyim oldu.
Sonralar Şabranda yaşayıb-yaradan
yazarların yaradıcılığı barədə mərkəzi
mətbuatda bir neçə məqalə çap etdirdim.
Təkcə Şabranda deyil, ümumən, Azərbaycan ədəbi
mühitində yaxşı tanınan Novruz Nəcəfoğlu,
Aydın Tağıyev və Aybəniz Əliyar barəsində.
Hazırda "Şabran" ədəbi məclisi
cavan qüvvələri də öz ətrafında birləşdirir.
Lətafət Əlişadqızı və Samirə Zeynallının cavan
şairlər kimi istedadlarının parlayacağına
ümid edirəm...
Aydın Tağıyev Şabranda yaşayır. Müəllimdir.
Müasir Azərbaycan nəsrinin
tanınmış nümayəndələrindən biridir.
Onun bu
yaxınlarda çapdan çıxmış "Bir bazar
günü" adlı povest və hekayələr kitabı
ilə tanış oldum. "Yuxuda
qətl" povesti və bir də yeddi hekayə.
"Alma oğurlayan divlər" kitabında da on beş hekayəsi verilmişdi.
Həmin
kitab iki il öncə işıq
üzü görmüşdü. Aydın hekayə
janrına xüsusi meyil edir. Deyim ki,
müasir nəsrimizdə o, mikrohekayələr ustası kimi
tanınır. Barəsində Bəkir Nəbiyev,
Mövlud Süleymanlı, Sadıq Elcanlı fikir söyləyib.
Doğrusu, ürəyimdən keçirdi ki,
onun hekayələri haqqında mən də fikir söyləyim.
Hər dəfə qəzet və jurnal səhifələrində
onun təzə çıxan hekayələrini oxuyur və
sevinirdim ki, Aydın yaradıcılıq tempini itirməyib,
yenə əvvəlki kimi sadə və təbii yazır, həyatın,
gerçəkliyin adiliklərinə üz tutur, bu adiliklərdə
qeyri-adi nəsə axtarıb tapır, kiçik hekayələrdə
belə, öz obrazlarını yaratmağa səy göstərir.
Hekayə bədii nəsrin elə
formasıdır ki, oradan dünyaya yol başlayır. Böyük problemlər, qlobal hadisələr hekayə
üçün dənizdə damla kimidir. Xatırlayaq,
Mirzə Cəlilin "Poçt qutusu"nda xalqın avam bir
nümayəndəsinin ötən əsrin əvvəllərindəki
həyat, düşüncə tərzini... Aydının
hekayələri təhkiyə tərzinin şirinliyi ilə
diqqəti cəlb edir.
Təsvirləri real və inandırıcıdır,
oxucunu ardınca çəkib aparır. Kazım kişinin əziz-xələf
bir oğlu ağacdan alma dərərkən
bir ilanın ona tərəf süründüyünü
görür və uşaq qorxudan özünü o ağacdan
yerə atır. Və bu Kazım kişiyə dərd gətirir...
Bir il sonra bağdakı bütün
ağaclar yazda çiçəkləyib meyvə gətirsələr
də, alma ağacı nə çiçək
açdı, nə də bar verdi. Aydın Tağıyevin
"Güllü çit yaylıq" hekayəsindəki bədii
material bəlkə də bir povestin, ya bir romanın mövzusu
ola bilərdi. Amma Aydın lap əvvəldən
təqdim etdiyi materialı bir akvarel zərifliyilə işləyə
bilib. "Bir bazar günü"ndə
Gülqız adlı bir qadının taleyindən söz
açılır. Nəsrimizdə bu, təzə
mövzu deyil. Ancaq Aydın tənha
qadının qız vaxtından ölümünə qədərki
həyatını, keçirdiyi sarsıntıları incəliklə,
psixoloji dəqiqliklə təsvir edir.
Sən demə, Gülqızın ərə getməməyinin,
qarıya-qarıya qalmağının səbəbi
varmış.
Ölüm ayağında köhnə bir
sandığın içindən bir çit yaylıq
çıxır. Bu güllü çit
yaylığı Sənəmin qardaşı Qələndər
davaya getməmişdən əvvəl Gülqız
üçün alıbmış... Aydın
Tağıyevin hekayələri hadisədən, mətləbdən
obraza doğru hərəkət edir.
Hadisə tipik və səciyyəvi olduğu kimi, obraz da
bədii ümumiləşdirmə gücündə olur. Ancaq mən
deməzdim, Aydın bütün hekayələrini bu üsulla
qurur, yəni real həyat hadisəsini əks etdirən
obrazları süjetə gətirir.
Psixoloji
anların təsviri, mahiyyətə, alt qata enmək məharəti,
dilin, təhkiyənin təbiiliyi, özünəməxsusluğu
da mühüm rol oynayır... Aydın
Tağıyevin hekayələrində duyumlu,
görümlü milli kolorit naxışları nəzərə
çarpır.
Təsadüfi
deyil ki, onun hekayələrinin qəhrəmanları: qocalar,
qarılar, el ağsaqqalları, el ağbirçəkləridir.
Kənd müəllimləri, çobanlar,
müharibə veteranları bu hekayələrdə rəğbətlə
təsvir olunur. Aydın Tağıyev
yazılarında ştampdan, stereotipdən qaçır,
ağsaqqalın, zəhmətkeşin bir insan kimi xarakterini
mürəkkəbliyilə təsvir etməyə
çalışır. "Çörək" hekayəsində
Mədət kişi ilə Səməd
kişi arasında uşaq üstündə dava-dalaş
başlayır, ata-baba dostluğu, qonşuluq münasibətləri
az qala itir. Mədət kişi əzizxələf
oğlunun döyülməyinə daralıb onu
qabağına qatır, şikayətə gedir. Ancaq yarı yolda əməlindən peşman olur.Evə
dönür. Aclıq güc gələndə
oturub çörək yeyirlər. "-Bu
çörək nə yumşaqdır,-deyə oğlundan xəbər
aldı,-bəyəm anan bu gün təndir
qalamışdı? Uşaq ağzındakı tikəni
aşıra-aşıra: -Yox,-dedi,- səhər
Püstə xala Cavadla yollamışdı ki, isti çörəkdir!
Çeynədiyi loxma az qala Mədət
kişinin boğazında qalmışdı, kişi
ağzındakı tikəni güclə uda bildi. "Lənət
şeytana!.." Sonra da Mədət kişi özünü də,
arvad-uşağı da söyüb ölü-diri qoymadı.
-Əl-üzünü yu! Düş
qabağıma, geri dönürük!" Dəlisov ağlın, qızmış ürəyin
hirs-hikkəsini müqəddəs sayılan çörək
yumşaldır. Aydın Tağıyevin
hekayələrində belə ibrətli, təsirli səhnələr
çoxdur.
Yazıçının hekayələrində zərif
və işıqlı yumor hissi var və dərindən fikir
verəndə, bu yumorun içində güclü bir ironiya
duyulur.
"Çəpik" hekayəsi bu cəhətdən ibrətlidir:
"Nağının əlini əlinə vurub ləzzətli
bir çəpik çalmağı vardı. O, çəpik
vuranda səs zalı doldurardı. Məktəblərində
iclas, təntənəli yığıncaq-filan keçiriləndə
müəllimlər qabaq cərgələrdə
oturdardılar, dərslərini fərli-başlı oxumasa da,
belə tədbirlərdə siniflərinin üzünü
ağardardı. Direktor çıxış edib nitqini
qurtarandan sonra o biri uşaqlar əl çalmaqdan qalsalar da, təkcə
Nağının çəpiyinin səsi zala bəs
idi..." Aydının hekayələri haqqında az da olsa, söz deyilib.
Akademik Bəkir
Nəbiyev 1984-cü ildə "Söz ürəkdən gələndə"
tənqid toplusundakı bir məqaləsində
yazmışdı ki: "Buz heykəllər əriyir..." Aydın Tağıyevin ilk hekayəsidir. Onun materialını məişətimizin ən adi
epizodlarından biri təşkil edir. Bu
hekayə insana inam və etibar haqqında gənc müəllifin
qəlbindən qopan səmimi poetik səsdir. Bu səs insanların ən yaxşıları
üçün səciyyəvi olan nəciblik, xeyirxahlıq
duyğularına alqışlar deyir". Xalq
yazıçısı Mövlud Süleymanlı isə
yazır: "Özünü tanıtmağa heç vaxt tələsməz,
onu həmişə sonra görərlər, mütləq
görərlər və bir daha unutmazlar. Yazıları da elədir,
üstündən bir dəfə, beş dəfə
keçərsən və ilişərsən. Buna
inanmaq istəyirsinizsə, yüz kərə yanından
ötdüyünüz "Buğa əhvalatı" hekayəsini
oxuyun. Mən bu hekayəni bəlkə də otuz il bundan
qabaq oxumuşam, inəyi üçün buğa
axtarışına çıxan kənd əhli hələ
də yadımdadı"...
Novruz Nəcəfoğlu da kənddən yazır və
öz sələflərinin ənənəsini davam etdirir. Onun təsvir etdiyi kənd həm
otuz-qırx il bundan əvvəlki kənddir,
həm də bu müddət ərzində dəyişən,
yeniləşən, ancaq öz simasını itirməyən
bir kənddir. Bu kənddə yaşayan
insanların əsas peşəsi maldarlıqdır,
qoyunçuluqdur, camaat bununla öz ruzisini, gün-güzəranını
təmin edir. Ancaq geridə qalmış,
patriarxal kənd də deyil. Mədəniyyət,
sivilizasiya öz təsirini burada da hiss etdirir. Lakin müəllifi düşündürən əsas
məsələ insanların bir-birinə münasibətidir,
şəhərlərdən uzaq olan, əkinlə, biçinlə,
maldarlıqla, bir sözlə, təsərrüfatla məşğul
olan adamların içindəki işıqlı
duyğulardır.
Söhbətimə müəllifin "Bu dərənin
uzunu" povestindən başlamaq istəyirəm. Bu povestdə
N.Nəcəfoğlu iki yaşlı insanın-Əhliman və
İbrahimin görüşünü təsvir edir. "Dağların belində qərar tutmuş,
arxasını şiş qayalara söykəmiş ağ
şəhərə - dostu İbrahimə qonaq gələn
Əhliman kişi bir kəndli səhmanı ilə
pay-püşünü həyətdə boşaldır, onu
hörmətlə içəri dəvət edirlər.
Hələ dostu gəlib çıxmayıb, o gələnə
qədər isə biz qonağın uşaqlıq və gənclik
illərinin acılı-şirinli xatirələri ilə tanış oluruq. O,
ömrünü-gününü kənddə-kəsəkdə,
dağlar qoynunda keçirib, çoban olub. Ümumiyyətlə,
ədəbiyyatımızda çobanların məişəti,
özünəməxsus peşə məşğuliyyəti
ilə bir çox əsərlərdən tanış
olmuşuq. Xüsusilə, Mövlud
Süleymanlının povest, roman və hekayələrində.
N.Nəcəfoğlu da bu povestində belə təsvirlərə
az yer ayırmayıb. "Əlində
sərinc, qazan, vedrə tutan qız-gəlin, arvad-uşaq
hamısı heyvanın yataq yerinə axışır. İstədiyi qədər bol süd sağa bilməyənlərdən
çobanı yamanlayanlar, "pis otarmısan" deyənlər,
yaxud "sağ ol, heyvana yaxşı baxmısan" deyə
alqış edənlər də olur. Bu gün də
qız-gəlinlə dolan yataq sanki bəzənmişdi.Arxajın
içində əmişə can atan quzuların, çəpişlərin
mələrtisindən qulaq tutulurdu".
Hiss olunur
ki, N.Nəcəfoğlu bu səhnələri, çoban həyatı
ilə bağlı bu təsvirləri real müşahidələri
əsasında qələmə alıb. O, öz qəhrəmanını
da bu peşəyə,
çölçülük-çobançılıq həyatına
vurğun bir obraz kimi təsvir edir. İllər keçir, həyatda
hər şey dəyişir, lakin Əhliman kişi
dəyişmir. O, harada olursa olsun, dağ adamıdır,
çobandır və bununla fəxr edir. Amma
müəllif onu təkcə bir çoban kimi, yəni öz
peşəsinin vurğunu kimi təsvir etsəydi, obraz
yarımçıq təsir bağışlayardı. Elə bu səbəbdən müəllif
Əhlimanın xatirələr dünyasından bir-iki epizodu təqdim
etməklə onun xarakterinin işıqlı cizgilərini
açıqlayır. Yuxarıdakı təsvirdən
sonra məlum olur ki: "Beləcə bu mənzərəni
seyr edən Əhlimanın diqqətini tay-tuşlarının
arasında nazlana-nazlana yeriyən,
başıörtüksüz, saçları gərdəninə
tökülmüş, incə qamətli, yanaqları lalə
kimi alışıb-yanan bir qız cəlb etdi. Ürəyindən nəsə qəfil bir
qığılcım keçdi".Ancaq bu eşq alovu sonadək
davam eləmir, uğursuz olur və illər boyu
Əhlimanın unuda bilmədiyi acı xatirəyə
çevrilir.
N.Nəcəfoğlunun
"Çarəsiz yolçu" povesti isə onun nəsr əsərləri
içərisində ən sanballısıdır,- desəm, səhv etmərəm. Bu povesti ilk dəfə
2011-ci il "Azərbaycan"
jurnalının 2-ci sayında oxumuşam. Əgər
birinci povestdə ("Bu dərənin uzunu") təsvir
olunan obrazlar hardasa natamam təsir
bağışlayırdısa (məsələn,
Əhlimanın ancaq xatirələr işığında
düşüncələrə dalıb müasir kəndin
problemləri barədə geniş söz açmaması və
s.), "Çarəsiz yolçu"da bütün diqqət
Qıztamam ananın xarakteri üzərində cəmləşir.
Qıztamam kimdir? Bir elat
qadını. Bu elat-köç əhli
mal-qara naxırlarını, qoyun sürülərini
qışlaqdan yaylağa aparırlar. Qıztamam
bir xaral yunu yaddan çıxardığını bilib, təzədən
geriyə qayıdır. Əhvalat da elə
bunun üstündə qurulur. Obaya qayıdanda isə
artıq onda can qalmamışdı. Qızı
üçün cehizlik yorğan-döşək tutmaq niyyətilə
yığdığı yunun itəcəyini güman edib geri
qayıdan Qıztamam yorulub əldən düşür, yolda
qızıl ilanla da üzləşir. Obada
qalan adamlar ona kömək edib öz elatına
çatdırırlar.
Müəllifin hekayə və povestlərində təbiət
də ayrıca bir obraz kimi diqqəti cəlb edir. Onun elə bir
hekayəsi, povesti yoxdur ki, orada bu obraz görünməsin.
Bəlkə də uzun müddət Azərbaycanın ən
gözəl canlı təbiət tablosu olan Lerikdə
yaşadığı üçün bu təsvirlər belə
gözəldir: "Payız günəşi nazlana-nazlana
dağların dalına çəkilməkdə idi". "Kiçik çilə sərt, soyuq havası ilə
özünü göstərirdi. Axşama doğru
bozaran havanın üzü kimi adamın içini deşib
keçən külək boz yalquzaq kimi ulayırdı". "Axşam sazağı başlamışdı.
Meh qar dənələrini donmuş qarın
üstü ilə qovduqca dağ yerinin qışını
görmüş, qışı yaşamış insanlara
tanış olan bir səs musiqi kimi ətrafa yayılır, at
ayaqlarının qar üzərindəki
xırçıltısı ilə qəribə bir ahəng
yaradırdı". Bu misalların
sayını istənilən qədər artırmaq olar.
Mən Novruz Nəcəfoğlunun daha bir povesti haqqında
qısaca da olsa, danışmaq istərdim..
"Nağıl adam" adlı bu sənədli
povest Aydın Tağıyevin İnsan və sənətkar
taleyinə həsr olunub.
Aydın Tağıyev - mənim aləmimdə Azərbaycanın bu balaca Çexovu olduqca kaloridli bir insandır. Və hətta mənə elə gəlir ki, öz yazıları qədər səmimi və təbii bir şəxsdir. Məni bir hadisə qətiyyən təccübləndirmir.
Şabran İcra hakimiyyətinin başçısı Novruz Nəcəfoğlu Aydın Tağıyev haqqında istedadla yazılmış bir əsər ortaya qoyub, - yox, bu təəccüblü deyil, - mənim fikrimcə icra başçısı ilə yazıçı bir məqamda, bir vəhtəd təşkil edir. Eşq olsun bu birliyə... 2004-cü ildə Şabranda yaşayan 24 yaşlı Aybəniz Əliyarın "Dənizin dostu" adlı ikincı şeirlər kitabı çapdan çıxdı. Aybənizin həmin kitabı mənim əlimə də keçdi, şeirlərindəki təbiilik, səmimi hisslər, obrazlı ifadə tərzi və hər şeydən əvvəl dəfələrlə işlənən mövzularda təzə söz deməyə can atması bir oxucu-tənqidçi kimi mənı çox sevindirdi, götürüb onun şeirləri barədə kiçik bir yazı yazdım, "Ədalət" qəzetində çap etdirdim. Üstündən 14 il keçir, amma Aybənizin o yazıdan hələ də xəbəri yoxdur... Aybəniz Əlyar əksər mövzulara müraciət edir, onu nə düşündürürsə, hansı hadisə həyəcanlandırırsa, şeirə gətirməyə çalışır. Onun şeirlərində hissiyyat, duyğu seli güclüdür. Bəzən bu seli sadəcə nizamlamaq lazım gəlir ki, bir məcraya yönəlsin, çünki selin içində çox nəsnələr olur, - daş da, ağac da, kötük də, lil də...
Əlbəttə, Aybəniz Əliyar nəzmkar olmadı, bu 12 il ərzində Allahın ona bəxş elədiyi istedadı qoruya bildi, özünə və şeirinə inana-inana, sözün əzablarına qatlaşa-qatlaşa müasir poeziyamızda seçilə bildi. Bunu sübut etmək üçün Aybənizin "Qürubda günəş" adlı axırıncı şeirlər kitabına nəzər yetirmək kifayətdir...
Aybəniz Əliyarın şeirlərinin kəmiyyət yükü sevgi şeirlərinin üzərinə düşür. Bu şeirlərdə ayrılıqdan və həsrətdən doğan hisslər, duyğular qələmə alınır, daha doğrusu, bir sevginin tarixçəsi oxunur. Şeirdə yalançı hisslərlə həqiqi, yaşanılan hissləri ayırd eləmək o qədər də çətin deyil. Sevgi hisslərinin təsvirində təkcə doğru danışmaq, yəni təbii və səmimi təsir bağışlamaq azdır, əsas məsələ bu hissləri obrazlı şəkildə ifadə etməkdir... Aybəniz indi yaradıcılığının gözəl çağlarını yaşayır. Uğurlar arzulayaq! ...Mən qısaca da olsa, ərazisi etibarilə o qədər də böyük olmayan bir rayonun - Şabranın ədəbi həyatı barədə məlumat verdim. Qoy bu ədəbi həyat daha gur çağlasın!.. İnanıram ki, 17 iyulda Şabranda Xaqani poeziya günü uğurlu keçəcək, Şabran ədəbi məclisinin üzvləri şeirlərini ürəklə oxuyacaq və bizi sevindirəcək. Biz Şabran ədəbi məclisinin üzvlərini daha yaxından tanıyacaq, şeirlərini daha həvəslə dinləyəcək və oxuyacağıq!
525-ci qəzet 2017.- 14 iyun.- S.8.