Yurd və söz
eşqiylə yaşanan ömür
"O qədər istedadlı
qələm əhli vardı, Bakıya getdilər, çoxunun "söz bazası"
da bitdi, şairliyi də... Heç vaxt şairlik üçün
Bakıya üz tutub oralara meyil
etmə..."
Şair Məzahir Hüseynzadədən
eşitdiyim bu öyüd zaman keçdikcə öz həqiqətini gözlərimə
yansıtdı. Bu gün əyalətdə kifayət
qədər orijinal baxış bucağı,
fərdi deyim tərzi, SÖZünün
kəsəri, qiyməti
olan şairlərimiz
var. Həm ictimai xadim kimi cəmiyyət
üçün dəyərli
işlər görən,
həm də maraqlı yaradıcılığı
ilə məşğul
olan Məzahir Hüseynzadə də həmin "əyalət
şairləri"ndəndir.
Məzahir Hüseynzadə ədəbiyyata
ötən əsrin yetmişinci illərində
qədəm qoyub. Həmin
illərdən bu yana şeirlərinin poetikliyi, aktuallığı
ilə ədəbi cameənin diqqətini öz üzərində saxlaya bilib...Məzahir Hüseynzadə
ilə tez-tez Səfər dayının
"Şəmkirin şairlər
evi" adlandırdığımız
çayxanasında görüşüb,
ədəbi söhbətlər
edirik və söhbət əsnasında
Məzahir Hüseynzadənin
gənclik illərinin
xatirələri insanı
elə sərməst edir ki, bilmirik
vaxt hardan gəlib, hardan gedir. Ən maraqlısı da odur ki, o illərdə
yaşamayan birinin bir şairin dilindən eşitdiyi xatirələrdə və
həmin soluxmuş xatirələrə sığınmış
ağ-qara təsəvvürdə
Tofiq Bayram, Bahadur Fərman kimi tanınmış söz adamlarını canlandırmasının da
ləzzəti məncə
bir başqadır. Söhbətinə doyum olmayan şairin xatirələrinə Tofiq
Bayramın qırmızı
rəngli qələmlə
şeir vərəqlərində
"qızılca" çıxartması,
eləcə də bu kimi bir
sıra məzəli əhvalatlar, nəhənglərin
"senzura"sından şeir
keçirtməyin necə
dəhşətli, çətin
olması və bu çətinliyin öhdəsindən gəlinəcək
"metodologiya" da
daxil idi.
Məzahir Hüseynzadənin yaradıcılığının
əsasını vətən
mövzusu, ictimai motiv və əsasən
də cənub mövzusu təşkil edir. Məzahir Hüseynzadə
cənub-şimal sərhədini
çox dəqiq bədii cizgilərlə cızıb bir şeirində:
Sərhəd dirəkləri boynunu
əyir
Çarmıxa çəkilmiş şəhidlər
kimi.
Quşlar
dimdiyiylə milləri
döyür
Sirr-soraq açası şahidlər
kimi.
Burda nizə uclu ayıqlıq ilə
Sərhədçi sərhədi gözündən
asar.
İnadkar dirəklər kölgələriylə
Sərhədi adlayar, sərhədi pozar.
Məzahir müəllimin bəzi şeirlərində maraqlı
bir hadisəyə də rast gəlirəm. Kök və
çox işlədilmiş
qafiyə işlədəndə,
həmin qafiyədən
əvvəlki sözləri
də şeirə heç bir kobudluq qatmadan həmqafiyə edir. Mənim fikrimcə, bu əlamət şeirə məhz kişi kimi
yanaşmadan doğur:
Odlu göz yaşının kösövü qalan
Qaralmış məktubun belimi əydi.
Toy günü gözünü
siləsi olan
Əlim göz yaşına beləmi dəydi?
"Müqəvva" şeirində
elə müqəvvanın
portretini ustalıqla yaradan şair yazır:
Baxıb
baxçamızın qoşun
quşuna,
Kefsiz pencəyini
geyindi ağac.
Şax durdu, sevindi əyin başına
Köhnə-kürüşümlə öyündü ağac.
Buludlar cibinə qaçıb girirdi
Qalırdı sübhədək hey dama-dama.
Almaya, armuda əl gəzdirirdi
Dilinə bir meyvə vurmurdu amma.
Gün batar, qaranlıq əyninə keçər,
Zəhmindən pəhsinsəm, qara daşam mən.
Hələ bir dəfə də bağçada, gecə
Yazığı oğruya oxşatmışam
mən.
Məzahir Hüseynzadənin realist ruhu elə şeirdə
də realist obraz yaratmağa nail olub:
Sərtliyim əzilib, dönmüşəm
muma,
Bir dünya
dözümüm qalıb
bir çərək.
Ağ vərəq üstündə
açdığım şuma,
Söz səpsəm
bilmirəm nə göyərəcək.
Belə bir fikir var,
"əsl şair odur ki, bəhrələndiyi,
sevdiyi şairə bir köynək də bənzəməsin".
Məzahir Hüseynzadənin ən çox sevdiyi şair rəhmətlik Əli Kərimdir. Ancaq deyim
üslubundakı, baxış
tərzindəki fərqlər
nəzərə çarpacaq
qədərdir. Necə ki
Əli Kərimin yaradıcılığı Orxan
Vəli yaradıcılığına
bənzəmir. Axı Əli
Kərimin də sevdiyi şairlərdən
biri olub Orxan Vəli.
Bu prizmadan yanaşsaq, Məzahir müəllim mövcud ədəbi mühitdəki sayılacaq
qədər az
şairlərin sırasındadır.
Məzahir Hüseynzadənin şeirlərində
duyğu, kövrəklik
qəti şəkildə
duyulur ki, poetik baxımdan bu anlayışlar poeziyanın, lirizmin, şeiriyyətin başlıca
məziyyətidir və
təbii ki, bədii donda.
Məzahir Hüseynzadə asta-asta
burnundan sovrulan ana qoxusunun dərdini
belə çəkir:
Ana ehtiyacı vardı yerin də
Torpaq da sevirmiş onun xətrini.
Doğmalar yudular yuat yerində
Altmış beş ilimin ana ətrini.
Onsuz yaşamağım mənə
işgəncə,
Bax belə
yetişdi buz kimi yayım.
Göyüm yerə çöküb,
əlim yetmişkən
Anamın ruhuna yer sahmanlayım.
70-80-ci illərdə ədəbiyyata
gələn şairlərə
bu gün ədəbi mühitdə
"itirilmiş nəsil"
də deyirlər bəzən.
Müəyyən səbəblərə görə bu fikirlə tam razılaşmasam da, qismən razılığımı bildirib deyə bilərəm ki, həmin nəslin Məzahir Hüseynzadə kimi dəyərli simaları var və bu gün qaynar, odlu, alovlu ədəbi cameədən bir qədər kənarda qalmış bu kimi dəyərlilərimizin əksəriyyəti əyalətdə yaşayıb-yaradırlar, o zaman belə bir düşüncə yaranır ki, o "itirilmiş nəsil" əyalətdədir! Daha doğrusu şairi təbiət - ağacların, gül-çiçəklərin, torpağın qoxusu, heyvanat, axar çaylar yetişdirir və ən əsası sadə görkəmi ilə seçilən bu adamlar şöhrət ardınca böyük şəhərlərə, meqapolislərə gəlməyə cəhd göstərmirlər. Çünki onların görkəmləri kimi ruhları da o qədər safdır ki, onlar yalnız öz məmləkətlərini işıqlandırmaq üçün yaşayırlar!
Məhəmməd
TURAN
525-ci qəzet 2017.- 14 iyun.- S.7.