Teymur Elçinin poetik dünyası

 

 (əvvəli ötən sayımızda)

 

Teymur Elçin folklor janrlarında yaratdığı əsərlərində müəllif sehrli uşaq aləminin maraqlarına cavab verən janrın hüdudlarını genişləndirməyə müvəffəq olur.

 

Bu baxımdan "Analar və laylalar" silsiləsi diqqəti çəkir.

 

Layla, əslində uşağın eşitdiyi ilk şeir, həm də mahnıdır. Silsilənin əvvəlində onun özünəməxsus "açarı" verilir:

 

Hər anaya -

Öz balası,

Hər balaya -

Öz laylası...

Hər biri öz dilində...

 

Və bu silsilədə "Turacın laylası", "Qurbağanın laylası", "Delfinin laylası", "Kirpinin layası", "Canavarın laylası" və sonda "Ananın laylası" şeirlərinin hər biri konkret ifaçının səciyyəvi xüsusiyyətləri ilə poetik mənalandırılır. Məsələn, "Kirpinin laylası":

 

Yat, körpəciyim,

İynələrin çox,

Hərəsi bir ox;

Kim sənə dəysə,

Gözünə batsın.

Balam tez yatsın,

Yat, kirpiciyim,

Yat, körpəciyim.

 

Gətirilən nümunələrdə məzmun, forma, lakonik poetiklik ideal bir bütövlük təşkil edir. Bu bütövlüyə aparan yol sözü duymaq, sözün dəyərini, sirlərini bilməklə bağlıdır. T.Elçinin kitablarında hətta dilimizə həsr olunmuş xüsusi bölmə var: "Sözlər" (Kök, Alma, Tut, Ləçək, Gözlər, Əl-əlcək və s.). Oyunvari, məzəli formada (söz oyunu) yazılan bu şeirlərdə müvafiq sözün yaddaqalan mənaları açılır. Məsələn, "Alma":

 

Sənə alımmı

Bazardan alma?

- Bağçamızda var,

Bazardan alma.

 

T.Elçinin yaradıcılığında folklorumuzun epik janrlarından da uğurlu istifadə edilir. Məsələn, "Oğul Buğac" poemasının süjeti "Kitabi-Dədə Qorqud" dastanındakı "Dirsə xan oğlu Buğac" boyundan götürülmüşdür və sadələşdirilmiş formada , uşaqların səviyyəsinə uyğun nəzmə çəkilmişdir.

 

T.Elçinin janrca zəngin poeziyasında aparıcı motiv, ideya gələcəyimiz olan uşaqlara ümid, inamla bağlıdır.

 

Bu inamı ifadə etmək üçün yazıçı ahəngdar, cəlbedici, işıqlı obrazlar - bənzətmələrdən istifadə edir:

 

Göydə yox, yerdədir

Bizim ulduzlar,

Balaca oğlanlar,

Balaca qızlar...

Günəşin dalınca

Gedirlər hər gün

Dünyanı zülmətdən 

Qurtarmaq üçün...

 

Amma bu missiyanı yerinə yetirəcək uşaqları yetişdirmək, tərbiyə etmək böyüklərin vəzifəsidir. Bunun üçün balaca oxucuların sehrli dünyasına sirayət etmək, onların düşündüklərini anlaşıqlı poetik dilə gətirmək üçün böyük sevgi və geniş qəlb gərəkdir. Bu sevgi, ürək genişliyi şairin uşaqlarla poetik ünsiyyətində hər zaman duyulur və bu balaca qəhrəmanları oxucuların dostuna çevirir. Bunlar həyatda prototipləri olan və olmayan Günay, Humay, Aytən, Toğrul, Murad, Nezrin, Aysu və başqalarıdır. Bu balaca qəhrəmanlar öz fərdi davranışı, özünəməxsus danışıqları, söz yaradıcılığı (Tənbəlistan, dubalay, dəvəfil, Muratino), dəcəlliyi ilə canlı obrazlar kimi yadda qalırlar.

 

T.Elçin poeziyası mövzu zənginliyi ilə seçilir: onun şeirləri vətəni, onun təbiətini, müxtəlif heyvanları, əməyi balacalara sevdirmək, böyükləri eşitmək, dostluqda vəfalı olmağa, oxumaq həvəsini, bilikləri artırmağa, qorxaqlığa, etibarsızlığa, paxıllığa nifrət hissi yaratmağa xidmət edir. Quru nəsihətçilikdən uzaq olan bu əsərlərdə təbiətə, insanlara uşaq gözü ilə baxılır, balacalara məxsus dillə danışılır. Və buna müvafiq forma, üslubdan istifadə olunur: nəğmə, oyun, tapmaca... Məsələn, uşaqlara əməksevərlik, hər bir sənətə, peşəyə hörmət, həvəs aşılamaq üçün nəğmə-oyun janrından istifadə edilir.

 

Bilirsənmi mən kiməm?

Balaca bir həkiməm.

Trubkanı qulağıma

Bax, beləcə taxaram,

Xəstələrə, bax beləcə,

Bax, beləcə baxaram.

 

Həmin qaydada davam edən nəğmədə peşələr bir-birini əvəzləyərkən, uşaq özünü xəyalən bağban, neftçi, dərzi, xarrat... kimi təsəvvür edir, onda müxtəlif peşələrə, sənətlərə maraq oyanır. Ümumiyyətlə, nəğmə T.Elçinin folklordan bəhrələndiyi janrlardan biridir. Bəzi şeirlərin adında da bu işarələnir ("Torağayın nəğməsi", "Bip-bipin nəğməsi", "Bakı mahnısı"...)

 

Bir sıra hallarda şeirin içində cəlbedici tapmaca priyomundan istifadə olunur (oyun elementi):

 

Çoxdur mənim hörmətim,

Tapın, nədir sənətim?

 

Dramatik dialoqdan istifadəyə daha çox təmsillərdə ("Pişik və sərçə", "Dovşan, tülkü, canavar", "Qarğanın məktəbində", "Qarğa niyə qarr eləyir?", "Qonaqlıq", "Qara leylək") və s. rast gəlinir ki, bu "söhbətlərdə" hər heyvanın xalqın təsəvvüründə olan özünəməxsusluğu onun davranışında, işlətdiyi təqlidi sözlərdə açılır (qarr-qar, bip-bilit, cik-ki-cür və s.). Alleqoriyadan mahir istifadə, heyvan obrazlarında insanlara məxsus keyfiyyətlərin qabardılması təbii tərbiyəvi əhəmiyyətə malikdir. Bu baxımdan "Qarğanın məktəbində" əsəri xüsusi diqqətəlayiqdir.

 

Bir gün yığıb quşları

Az-çox oxumuşları,

Dil öyrədirdi Qarğa...

...Daha gələn olmadı;

Məktəbdə Qarğa qaldı,

Bir də tutuquşları;

Onların bir-birindən

Çox gəlirdi xoşları

 

Təbii ki, "dərsə" gələn nə sərçə, nə bildirçin, nə bülbül, nə dolaşa, qarğaya məxsus olan səsi tələffüz edə bilmirdi. 

 

Məlum oldu ki, tutuquşulardan başqa heç bir quş qarğanı qane etmədi, çünki "müəllim" "qarr" səsindən başqa heç nəyi öyrətməyə qadir deyildi. Deməli, balaca oxucu anlayır ki, heç kəs başından yuxarı attanmamalıdır. Əks halda, hamı ondan üz çevirər.

 

Uşaqların biliklərinin artırılmasına xidmət edən orijinal janrlarda yaradılan əsərlərin içində əlifbaya həsr olunmuş oyun üslubunda yazılmış yanıltmacvari miniatürlər ("Əlifba günü", "Fe" "Əlifba" bayramında), yaxud oyun-tapmaca formasında qurulan əsas riyazi əməlləri cəlbedici obrazlarda (Üstəgəl, Çıxıcı, Vurucu, Bölücü) təqdim edən şeir-nağıl xüsusi diqqətəlayiqdir...

 

T.Elçinin şeirlərində uşaqların maraqlarının predmeti kimi həm real hadisələr, onları əhatə edən həmyaşıdları, böyüklər, heyvanlar, ağaclar, quşlar və s., həm də fantastika ilə bağlı xəyalları təsvir olunur. "Qızulduz, Yaşar və Nur nənə" mənzum nağılda Yaşar yuxuda Aya uçur və Günəşin uşaqlarına Yerdəki insanların göstərdiyi qəhrəmanlıqdan söyləyir, Ayda ağac əkməyi arzulayır. Yaxud "Səyahət" nağıl-poemanın qəhrəmanı balaca Elşən sehrli qayığı ilə Afrika sahillərinə səyahət edərkən özü ilə bu qitədə bağ salmaq üçün toxum aparır. Bu tipli nağıl janrında yazıldığı əsərlərdə müəllif balaca oxucuların maraqları, dünyagörüşü, arzularının genişləndirilməsi haqda söhbət aparır. Bu silsiləyə peyklərə həsr  olunmuş "Bip-bip", "Bip-bipin söhbəti", "Bip-bipin nəğməsi"ni də aid etmək olar.

 

Teymur Elçinin məcazları, bənzətmələri içərisində ən çox təsadüf olunan obraz "ulduz", "ulduzlar"dır ("Balaca ulduzlar", "Qızulduz, Yaşar və Nur nənə" və b.). Böyüklərin sevinci, ümidi olan əlçatmaz səmavi ulduzlara bənzədilən yerdəki ulduzlar - "balaca oğlanlar, balaca qızlar".

 

Günəşin dalınca

Gedirlər hər gün,

Dünyanı zülmətdən

Qurtarmaq üçün.

 

Teymur Elçinin zəngin ədəbi irsində tərcümələri xüsusi yer tutur. Yazıçının tərcümələri sayəsində Azərbaycan oxucusu həm müxtəlif xalqların xalq poeziyası, həm dünya uşaq ədəbiyyatının korifeylərinin yaradıcılığı ilə tanış olur. K.Çukovski, S.Marşak, A.Barto, N.Zabila, T.Hofman, A.Tudoras və b. məşhur yazıçılardan etdiyi tərcümələr Azərbaycan ədəbiyyatını xeyli zənginləşdirmişdir. Fərqli strukturlu dillərdə olan əsərlərin bədii-estetik gözəlliyini, poetik ifadə və ahəng orijinallığını saxlamaq, balaca oxucuda maraq oyatmaqla onu inandırmaq asan vəzifələrdən deyil. Məsələn, K.Çukovskinin məşhur "Muxa-muxa sokotuxa" poemasında tez-tez təkrarlanan "sokotuxa" sözünün qarşılığını tapmaq və onunla qafiyələnən sözlərdə alleterasiyanı saxlamaq məsələsi asan vəzifə deyildi. Xalq yazıçısı Elçinin qeyd etdiyi kimi, rus yazıçısı "uşaqların dilindən milçəyə müraciətdə bir mehribanlıq yaratmaq üçün rus dilində olmayan bir söz "sokotuxa" sözünü yaradıb". Tərcümədə leymotiv kimi təkrar-təkrar səslənən:

 

"Muxa-muxa sokotuxa"

Pozoloçennoe bryuxo"

misraları belə səslənir:

"Milçək-milçək, vizilçək,

Qarnı qızılı dibçək".

 

"Vizilcək" sözü T.Elçin tərəfindən yaradılan neologizmdir. Amma "Vizilcək" "vızıldayan" felindən yaradılıb.

 

Orijinalda olmayan "dibçək" sözü də yerindədir: milçəyin "qarnı" (bryuxo) dibçəyə oxşadılır və bənd ritm-qafiyə, həm obrazın əyaniçiliyi baxımından (uşaqların qavrayışında) uğurlu tamamlanır. Tərcümədə orijinalın oyunvari, nəğməvari tonallığı, ritmi saxlanılıb.

 

T.Elçin məcazın işlənməsinə xüsusi diqqət yetirir, çünki sözün məcazi mənada işlədilməsi uşaqların dünyagörüşünün genişlənməsini stimullaşdırır. Şair epitet, təşbeh, müqayisələrdən ustalıqla istifadə edir.

 

Qızılsaçlı, alyanaqlı şəfəqlər,

Alagözlü, güldodaqlı şəfəqlər.

Göy üzündən yavaş-yavaş endilər,

Gülüşdülər, danışdılar, dindilər.

 

Ritm və ahəng yaradan vasitələrdən biri də qoşa sözlərdir (nağıl-nağıl, nəğmə-nəğmə və s.)

 

Bundan başqa alliterasiya, mübaliğə, təzad, bədii sual və bu kimi sintaktik fiqurlar şairin yaradıcılığında bol-bol işlədilən bədii vasitələrdir.

 

T.Elçinin uşaq yaradıcılığı ilə tanışlıq prosesində ədəbiyyatın bu vacib sahəsinin əsas xüsusiyyətlərini görmək olur: yaratdığı obrazların əyaniliyi, cəlbedicilik (maraqlılıq), səmimi lirizm, oynaqlılıq, poetik ahəng, emosionallıq, ritmik və zəngin dil və s. Burada məqsəd uşaqlara yeni bilikləri və əxlaq normaları aşılamaq, əmək, təfəkkür, müşahidəçilik, oyun fəallığını inkişaf etdirməkdir. Bu keyfiyyətlərə görə Teymur Elçin balaca (və böyük) oxucuların ən sevimli şairlərindən olaraq qalır.

 

Qeyd: Bu yazının hazırlanması üçün verdiyi qiymətli məsləhətlərinə görə Teymur Elçinin qızı Qumru xanıma təşəkkürümü bildirirəm.

 

Sara OSMANLI

Filologiya üzrə elmlər doktoru

                      

525-ci qəzet 2017.- 14 iyun.- S.6.