Mirzə Fətəli Axundzadənin nəzərində modern milli ədəbiyyatın vəzifələri

 

Şahbaz ŞAMIOĞLU

 

 

İlk professional ədəbiyyatşünaslarımızdan biri Firidun bəy Köçərli 1911-ci ildə Tiflisdə çap etdirdiyi "Mirzə Fətəli Axundov həzrətlərinin təvəllüdündən yüz il mürur etmək münasibəti ilə yazılmış risalei-yadigaranədir" əsərində yazırdı: "Milli ədiblərimizin atası, təmsilat (dram) yazanlarımızın ustadi-kamili, ədəbiyyatımızın fəxri, şükkü-şübhəsiz, mərhum Mirzə Fətəli Axundovdur ki, onun qələmindən ədəbiyyatın hər növ əsərləri vücuda gəlibdir: bimisl komediyalar, tənqidə dair gözəl məqalələr, abidar şeirlər, fars və türk dilində şirin hekayələr və qeyriləri..."

 

Bu fikirlər M.F.Axundzadənin milli ədəbiyyatımızda yerini, novatorluğunu, sənətkarlığını kifayət qədər dəqiq müəyyənləşdirməyə imkan verir. F.Köçərli M.F.Axundzadəni "milli ədiblərimizin atası" adlandırmaqla ədəbiyyatşünaslıq tariximizdə ilk dəfə onu yeni tipli ədəbiyyatın banisi hesab etmişdir.

 

M.F.Axundzadənin bədii yaradıcılığı nəinki on doqquzuncu yüzillikdə, habelə bütövlükdə Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərhələ təşkil edir. O, XIX əsr Azərbaycan ədəbi-bədii düşüncəsinin gerçəkliyi olsa da, yaradıcılığının mahiyyəti baxımından bir əsrin çərçivəsinə qətiyyən sığışmır. Özündən əvvəlki və sonrakı ədəbi nəsillərdən danışarkən ondan bəhs etməmək mümkün deyildir; o, sələfləri ilə xələfləri arasında ən möhkəm özüllü mənəvi körpüdür, üstəlik tarixi min illərlə ölçülən milli ədəbiyyatımızın yolu məhz onun yaradıcılığının içindən keçərək (bu məqamda onun timsalında ədəbiyyatımız forma və məzmunca təzələnir, yeni ədəbi növlər və janrlar meydana çıxır), yenilənir və davam edir. Bir sözlə, M.F.Axundzadə milli ədəbi-bədii düşüncənin sonrakı taleyi baxımından zamanın meydana gətirdiyi bir zərurət idi. Lakin M.F.Axundzadə vəzifəsini yeni tipli ədəbiyyat yaratmaqla bitmiş hesab etməmiş, yeri gəldikcə özünün ədəbi-tənqidi məqalələrində, müxtəlif şəxslərə ünvanladığı məktublarda ədəbiyyatın mahiyyəti və missiyasına dair əhəmiyyətini bu gün də qoruyub-saxlayan fikir və mülahizələr irəli sürmüşdür. O, yeni tipli ədəbiyyatın - modern ədəbiyyatın vəzifələrini ədəbiyyat və cəmiyyət, ədəbiyyat və zaman kontekstində müəyyənləşdirmişdir.

 

Dünya və Şərq bədii fikir tarixinin inkişaf yollarını və meyillərini özünün fövqəladə müşahidəsindən və təhlil süzgəcindən keçirən M.F.Axundzadə bu qənaətə gəlmişdir ki, ədəbiyyatın içərisində olduğu, onunla yanaşı addımladığı, ona yön verdiyi cəmiyyət sağlam olur və inkişafından heç zaman qalmır. Eləcə də cəmiyyətdən uzaq düşmüş, yaxud ona heç zaman yaxınlaşmamış ədəbiyyat, nə olursa-olsun, öz missiyasını heç vaxt yerinə yetirə bilmir. Odur ki, o, ədəbiyyatın cəmiyyətdə gedən proseslərin içərisində olmasını, onu istiqamətləndirməsini həmişə vacib saymışdır. Bu baxımdan M.F.Axundzadə Şərq və Qərb ədəbiyyatlarını müqayisə edərək həyata daha yaxın olanına - ikinciyə üstünlük vermişdir. Ona görə də Avropa ədəbiyyatının U. Şekspir, J.B.Molyer, F.Fenelon, K.F.Volney, C.K.Bayron, C.Moryer, M.Volter, Ş.L.Monteskyö, J.J.Russo kimi görkəmli nümayəndələrinin dünyagörüşü və yaradıcılığı daim onun diqqətini cəlb etmişdir.

 

Ədəbi-nəzəri görüşlərinin təhlilindən belə nəticəyə gəlmək olur ki, M.F.Axundzadə ədəbiyyatda fərdi əhval-ruhiyyənin təsvir və tərənnümünü bəyənmir, onu vaxtı keçmiş hesab edirdi. Divan ədəbiyyatına, konkret qəzəl və qəsidəyə xeyli soyuq münasibətinin kökündə də məhz bu amil dayanırdı. O, yaxşı bilirdi ki, ənənəvi ədəbiyyatla, onun nəsihət və moizə "həb"ləri ilə naxoş cəmiyyəti sağaltmaq mümkün deyildir. Ona görə də ədəbiyyatdan praktiklik tələb edir və bu prizmadan çıxış edərək, ədəbiyyatın təcrübiliyini təmin edən, "avropalıların nəzərində sənətlərin ən şərəflisi olan" dram janrının vacibliyini önə çəkirdi. Təbrizli yazıçı dostu Mirzə Ağaya 28 iyun 1871-ci il tarixli məktubunda fikrini belə izah edirdi: "Gülüstan" və "Zinətül-məcalis" dövrü keçmişdir. Bu gün bu cür əsərlər millətin işinə yaramır. Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər - drama və romandır. Roman da drama fənninin bir qismidir ki, izahı uzun şərhə möhtacdır". O, dramın mahiyyətində həm də tənqid dayandığından bu janrın millətin işinə yarayacağını çox yaxşı bilirdi. M.F.Axundzadə maarifçi realist kimi, cəmiyyətin inkişafını tənqid vasitəsilə adamların tərbiyələnməsində, pis vərdişlərdən uzaq durmasında görürdü. O, "Təmsilat"ı fars dilinə tərcümə edən Mirzə Məhəmmədcəfərə məktubunda tənqidi əsərin istehza, gülgü və məsxərə yolu ilə yazıldığını qeyd edərək, onun moizə və nəsihətdən üstün olduğunu göstərmək üçün maraqlı bir misal çəkmiş və bununla da dramın - milli ədəbiyyatda yeni janrın vacibliyini bir daha göstərmişdir: "Fərz edək ki, bir vaiz nəsihətçi ata məhəbbəti şivəsində bir kitab yazaraq, kimyanın həyatda mövcud olmadığını xalqa anlatmaq istəmişdir. Digər tərəfdən isə başqa bir şəxs ortaya çıxmış və "kimya yoxdur və kimyanın olduğuna inanmaq olmaz", - sözlərini dilinə belə gətirmədən ancaq tənqid və istehza məqsədi ilə "Molla İbrahim Xəlil" hekayətini yazaraq xalq arasında yaymışdır. İndi deyin görək, bu iki növ əsərdən hansının insanların təbiətindəki təsiri üstün və aşkardır? Söz yox ki, "Molla İbrahim Xəlil" hekayətinin! Çünki bu əsər tənqid və istehza üsulu ilə yazılmışdır".

 

M.F.Axundzadə dramı, teatr sənətini fərdin deyil, məhz ümuminin, ümumilikdə cəmiyyətin əhval-ruhiyyəsinin tərcümanı hesab etmişdir: "Avropa dövlətləri milyonlarla pul sərf edib, hər bir böyük şəhərdə teatr adı ilə əzəmətli binalar tikdirmişlər ki, qadınlar və kişilər oraya yığışaraq, öz həmvətənləri haqqında tənqid və istehza ilə yazılmış əsərlərə qulaq assınlar və məsxərəyə qoyulanların vəziyyətini görüb, onlardan ibrət alsınlar". Görkəmli axundzadəşünas Nadir Məmmədov diqqəti bu məsələyə yönəldərək, ədibin sənətin estetikası barədə düşüncələrini tamamilə doğru qiymətləndirmişdir: "...Axundzadə hər şeydən əvvəl onu qeyd edirdi ki, dram əsəri və teatr kütləvi, demokratik səciyyə daşıyır, padşahdan tutmuş kəndliyə qədər hamı onu anlayır, dərk edir. Əhalisinin çoxu savadsızlardan ibarət olan ölkələr üçün isə dram əsəri daha böyük əhəmiyyətə malikdir". Burada M.F.Axundzadənin modern ədəbiyyat konsepsiyasının daha mühüm bir cəhətinə diqqət yetirilməlidir: ədəbiyyat cəmiyyəti inandırmağı bacarmalıdır. Əhalinin böyük əksəriyyətinin savadsız olduğu cəmiyyətdə oxutmaqla başa salmağın mümkünsüzlüyü şəraitində M.F.Axundzadə göstərməklə inandırmaq yolunu seçmiş və burada zəngin Avropa ədəbiyyatı təcrübəsinə əsaslanmışdır. M.F.Axundzadə inanırdı ki, cəmiyyət üzvlərinə onların alışdıqları, artıq fərqinə varmadıqları köhnə həyat tərzini əyani şəkildə göstərməyin ən yaxşı yolu dram və teatr sənətidir. Adamlar səhnədə özlərini görürlər, pis və yaxşı cəhətləri ilə üz-üzə qalırlar və şübhəsiz ki, bütün bunlar onları fikirləşməyə, nəticə çıxarmağa vadar edir. Ona görə də M.F.Axundzadə "oxuculara və qulaq asanlara ibrət verə bilən kamil əsər"lərin tərəfdarı idi və ayrı-ayrı məqalələrində, müxtəlif şəxslərə məktublarında məhz bunu tövsiyə edirdi. Mirzə ağaya məktubunda dram sənətinin əsas vəzifəsini vurğulayaraq yazırdı: "Drama sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucu və qulaq asanları ibrətləndirməkdir". M.F.Axundzadənin dram əsərləri ilə cəmiyyəti silkələyib-oyatmağa, onu düşündürməyə, güldürməyə, lazım gələndə ağlatmağa çalışmasına diqqət çəkən F.Köçərli yazırdı: "Mərhum Mirzə Fətəlinin komediyaları məişətimizin təəccüblü bir aynasıdır ki, zahirimizi də, batinimizi də eyni ilə göstərir...Odur ki, Mirzə Fətəlinin komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən gülürsə, bir tərəfdən də həzin-həzin ağlayıb göz yaşı tökür..."  

 

M.F.Axundzadə moizə və nəsihəti faydasız saydığı kimi, tənqidin də müəyyən şərtlərə cavab verməli olduğunu göstərmişdir. Avropa ədəbiyyatı təcrübəsinə əsaslanan M.F.Axundzadə mülayimliyi və məsələni ört-basdır etməyi tənqidin şərtlərinə zidd hesab etmişdir: "Məsələn, Bokl və Renan öz əsərlərini necə yaza bilərdilər ki, mülayim, pərdəli, etirazsız, vaizcəsinə, nəsihətverici, mehribancasına və ata sözləri kimi çıxaydı? Əgər belə olsaydı, onların əsərləri tənqid olmazdı, onların adını heç kəs eşitməz və əsərlərini heç kəs oxumazdı".

 

M.F.Axundzadənin modern ədəbiyyat təlimində ikinci mühüm məsələ onun ədəbiyyat və zaman probleminə baxışıdır. Ədibin bədii və elmi-fəlsəfi əsərlərində, zəngin epistolyar irsində bu problemə kifayət qədər yer ayrılmışdır. M.F.Axundzadə ədəbiyyatın zamanın yedəyində deyil, yanında addımlamasını, onun nəbzini tutmasını istəyirdi. Ədəbiyyatın bu missiyasını yerinə yetirə bilməsi üçün bir neçə vacib məsələnin öz həllini tapması lazım idi.

 

Avropa ədəbiyyatı və mədəniyyətinin tarixi inkişaf yolunu və çağdaş mənzərəsini təhlil edən M.F.Axundzadə milli mənafe naminə konservativ düşüncə tərzindən əl çəkməyi, başqa xalqlardan ibrət götürməyi vacib sayırdı. Şübhəsiz ki, XIX əsrin gerçəkliyində əhalisinin böyük əksəriyyətinin savadsız olduğu müstəmləkə şəraitində yaşayan Azərbaycanda bu çox çətin bir məsələ idi, lakin M.F.Axundzadə ziyalıların öz missiyalarını axıracan yerinə yetirmələri şərti ilə tədricən həmin vəzifələrin öhdəsindən gəlməyi mümkün hesab edirdi. Ədəbiyyatın cəmiyyətə təqdim olunmasını, yəni ədəbi nümunələrin oxucuya çatmasını təmin edən iki vacib məsələ daim onun diqqət mərkəzində qalmışdı. Birincisi, Avropa ölkələrində olduğu kimi, milli dildə kitab çapı işinin əsasını qoymaq, ikincisi, ana dilində dövri mətbuatın yaradılmasına nail olmaq idi.

 

(Ardı var)

525-ci qəzet  2017.- 15 iyun.- S.4.