Şair ömrü - su kimi...
Unudulmaz Taleh Həmidin
anadan olmasının 65 illiyinə
Müsəllim HƏSƏNOV
... Son vaxtlar bir kitabın nəşrini səbirsizliklə
gözləyirdi. O kitabda gedəcək şeirlərin
çoxunu əzbər bilir, hərdən bəzilərini dost
məclislərində söyləyirdi də...
Amma o
kitabı görmədi...
Bir
çox arzuları kimi, dünyadan vaxtsız köçən
qardaşı Malikin poetik duyğularının
misralandığı ikinci kitabın nəşrini görmək
arzusuna da çatmadı Taleh Həmid...
Talehlə Malik Şəmkirin Dəllər-Cəyir kəndində,
Həmid Babayevin ailəsində dünyaya göz
açmışdılar. Şairlik istedadı
bu qardaşlara da, elə sonbeşik Eyvaza da Dəllək Həmid
imzasıyla şeirlər yazan atalarından keçmişdi.
Talehlə Malik arasında yaş fərqi var idi, amma bu fərq
o qədər də hiss olunmurdu. Çünki onlar
tay-tuş kimi davranırdılar. Malikin
şirin-duzlu lətifələrinə qulaq asanda Taleh
uğunub gedərdi. Malikin şeirlərini
də eyni həvəslə, eyni şövqlə dinləməkdən
ləzzət alardı. Malikin
“Bağışla məni” adlı ilk şeirlər kitabı
1996-cı ildə nəşr olunanda ondan daha çox Taleh
sevinmişdi. Son vaxtlar Malikin ikinci
kitabını nəşrə hazırlayırdı. Dəfələrlə götür-qoy edirdi, seçirdi,
səliqəyə salırdı. Amma heç
ağlına da gəlməzdi ki, birdən ömür vəfa
eləməz...
Eləmədi
də...
Taleh Malikin yeni kitabını görmədən
köçdü dünyadan. Amma onun əzizləri,
yaxınları, xüsusən, həyat yoldaşı İradə
xanım şairin bu arzusunu ölümündən sonra gerçəkləşdirə
bildi. Ən azı, təsəlli üçün... O
dünyada hər ikisi rahatlıq tapsın deyə...
Tapdılarmı? Bilmirəm. Amma onu bilirəm ki, əzizləri
bu xəbərdən bir az təsəlli
tapdılar, rahatlıq qazandılar ki, Talehin bir arzusu da
çin oldu. Ölümündən sonra olsa belə...
Yaşasaydı, bu günlərdə Taleh Həmidin 65
yaşı olacaqdı. Onun
poeziyasını, şəxsiyyətini sevənlər, xatirəsini
uca tutanlar bu əlamətdar tarixi qeyd etməyə
hazırlaşırlar. Doğulub boya
başa çatdığı Şəmkirdə,
ömrünün acılı-şirinli günlərini
keçirdiyi Bakıda xatırlayacaqlar istedadlı şairi.
Amma onsuz...
Yaşasaydı 65 yaşı olacaqdı. Yaşaya bilmədi.
Amansız ölüm onu ötən ilin bir
yağışlı payız gecəsi yatdığı yerdə
yaxaladı. Və şair əlvida dedi bu dünyaya:
Atlandım
atım yatdı,
Qurulu taxtım yatdı.
Mən
durdum bəxtim yatdı,
Dünya,
sənə əlvida!
Əlvida
dedi... amma etiraf edək ki, sözü olan, sənəti olan,
şeiri-şeiriyyatı olan şair dünyayla heç vaxt
vidalaşmır. Onun şeirləri
yaşayırsa, şeirləri oxunursa, deməli, əlvida demək
tezdir. Taleh məhz bu gün də
yaşayan şairlərdəndir. Çünki
onun şeirləri yaşayır. Şeirlərinə
bəstələnmiş mahnılar yaşayır. Və
o şeirlər şairi yaşadır, özü bu dünyada
olmasa da...
Elə qardaşı Malikin ikinci şeirlər
kitabını da bu niyyətlə çap etdirmək istəyirdi. Malik
unudulmasın, yaşasın deyə. Talehin
65 illiyi ərəfəsində Malik Həmidin “Xatırlayarsan
məni” adlı ikinci kitabı da işıq üzü
gördü. Burda Malik Həmidin seçmə
şeirləri toplanıb. O şeirlər ki, onu
yaşadır, sevdirir...
Talehlə Malik təkcə qardaş deyildilər. Talehlə Malik həm də
yaxın dost və sirdaş idilər. Ona görə də Malikin 40
yaşında bu dünyaya əlvida deməsi onu
yandırıb-yaxırdı. Düz 1 il
sonra - 2016-cı ilin yağışlı bir payız
axşamı Taleh də Malikin yanına köçdü. Qəbirləri
yan-yana qazıldı...
Amma bu dünyadan səssiz-səmirsiz
köçdüyü o yağışlı payız
axşamına qədər Taleh Həmid həyat eşqi ilə
yaşayırdı. Hərdən səhhətində yaranan
problemlər də onu ruhdan salmırdı. Yazmaq, yaratmaq həvəsi ilə
yaşayırdı. Çünki Taleh Həmid
bu dünyaya yazmaq üçün, yaratmaq üçün gəlmişdi.
Lirik şeirləri, poemaları ilə ürəkləri
sağlığında fəth eləmişdi.
Taleh Həmid maraqlı müşahidələri, gözəl
təbi, zəngin potensialı olan yazıçı idi,
istedadlı publisist, zamanı, gündəmi duyan böyük
jurnalist idi. Ən başlıcası isə gözəl təşkilatçı
və bacarıqlı redaktor idi. Müxtəlif
illərdə onunla birlikdə işlədiyim
üçün redaktor keyfiyyətləri haqqında deməyə
sözüm daha çoxdur.
Taleh Həmid uzun illər “Ulduz” jurnalında
çalışandan sonra 1989-cu ilin bir yay günündə
Dövlətnəşrkomun təsis etdiyi “Yeni fikir” qəzetinə
redaktor təyin olunmuşdu. Həmyerli olsaq da,
şəxsi tanışlığımız yox idi və
Taleh məhz onda məni axtarıb tapmışdı. Çalışdığım Azərbaycan
Dövlət Nəşriyyatına gəlib işə dəvət
etmişdi. Onda hələ sovet
dövrü idi. Onda indiki kimi demokratiya və
azadlıq yox idi. “Yeni fikir” qəzetinə
işçiləri də Dövlətnəşrkom
özü seçib göndərə bilərdi. Amma Taleh belə təyinatı qəbul edən
redaktorlardan deyildi. Ona görə
işçiləri, necə deyərlər, qapı-qapı
düşüb özü seçirdi. Çünki
necə qəzet buraxmaq istədiyini artıq bilirdi və bu qəzetdə
çalışan adamlar da onun ürəyincə, onun
meyarlarına uyğun olmalı idi. Şəxsi
tanışlığımız belə
başlamışdı.
Redaksiyada ab-hava da ilk gündən demokratik və azad idi. Kim hansı
mövzuda yazmaq istəsəydi, etiraz etməzdi. Təki yaxşı yazı olsun. Bu fikirlərim
bəlkə də kiməsə, xüsusən, gənc
jurnalistlərə qəribə gələ bilər: redaksiyada
başqa necə ola bilər? Belə
düşünənlərə xatırladıram ki, onda hələ
1989-cu il idi və sovet qanunları işləyirdi.
Bu qanunların qəzet redaksiyalarında
xüsusi sərt tələbləri var idi. Amma Taleh Həmidin də redaktor kimi öz
qaydaları vardı. Oxunaqlı qəzet, əl-əl gəzəcək
yazı çap etdirmək... (Həmin 1989-cu ildə
yaxşı yazının əl-əl gəzən vaxtları
var idi!).
Və belə yazılar da tapılırdı. Məsələn, ulu
öndər Heydər Əliyevin “Teatralnaya jizn” jurnalıda dərc
edilmiş məşhur müsahibəsini Azərbaycanda təkrar
çap etməyə bir redaktorun cəsarəti çatmayanda
bu müsahibə “Yeni fikir”də işıq üzü
görmüşdü. Rəhmətlik Əjdər Xanbabayevin
təşəbbüsü və Taleh Həmidin redaktor cəsarəti
sayəsində... Təbii ki, bu, ilk növbədə,
Azərbaycanın taleyində önəmli rol oynayan dahi şəxsiyyətə
hörmət və ehtiramın ifadəsi idi. Lakin Taleh Həmid həm də öz
oxucusunun marağını düşünürdü, bilirdi
ki, hakimiyyətdəkilər ulu öndərin ictimaiyyətlə
təmaslarına, müsahibə və görüşlərinə,
yumşaq desək, qısqanc
yanaşsalar da, cəmiyyətdə ona olan böyük rəğbət
və sevgi bu müsahibəyə geniş oxucu auditoriyası
qazandıracaq. Və elə də oldu. Həmin müsahibə əl-əl gəzdi. O
vaxt yüksək vəzifədə işləyən bir
dostumuz sonralar danışırdı ki, Mərkəzi Komitədə
“Yeni fikir”in həmin nömrəsi stolların siyirməsində
oxunurmuş. Hamı qəzeti stolunun siyirməsinə qoyub
oxuyurmuş ki, içəri girən olanda siyirməni
bağlaya bilsin...
Yadımdadır,
indi haqq dünyasında olan şair dostumuz Tofiq Abdinin 50
yaşının tamam olması ilə əlaqədar “Ədəbiyyat
və incəsənət” qəzetində standart,
arayış xarakterli bir yubiley yazısı dərc
edilmişdi. Tofiq Abdin filan vaxt anadan olub, filan yerlərdə
işləyib və s. Taleh bu yazıya baxıb dedi ki, Tofiq
Abdin qeyri-adi şair, standartlara sığmayan qələm
sahibidir. Belə yubiley yazısı ona heç
yaraşmır. Bəlkə sən...
Tofiq Abdini mən də tanıyırdım. Qəzetin
növbəti nömrəsinə onun haqqında o qədər
də böyük olmayan qeyri-standart bir yazı yazdım.
Bu yazı qeyri-standart adama qeyri-adi sürpriz olmuşdu
və qəzet çıxan gün Tofiq Abdin
soraqlaşa-soraqlaşa “Yeni fikir”in redaksiyasına gəlib
çıxmışdı. Qeyri-standart formada təşəkkür
etməyə... Əlində iki paket ərzaq məhsulu ilə
içəri girmiş və gözləmədiyi bir qəzetdən
belə xoş niyyətli addıma çox sevindiyini səmimiyyətlə
etiraf eləmişdi...
Taleh Həmid redaktor kimi təmənnasız idi. Onun qəzetdə
dərc etdirdiyi, yaxud etdirmək istədiyi heç bir
yazının arxasında təmənna, hansısa fərdi istək,
başqa niyyət dayanmırdı. Bu cəhətdən
Taleh Həmidlə işləmək olduqca asan idi.
Taleh insan kimi də təmənnasız idi. Kiminsə bir
problemi olduğunu eşidəndə dost-tanışa zəng
vurmağı, ağız açmağı, xahiş etməyi
bacarırdı. Və bu xahişlərin müsbət nəticəsindən
məmnunluq tapır, rahatlanır, zövq alırdı...
Taleh Həmid şair kimi də təmənnasız idi. Ürəyinin
süzgəcindən keçənləri
köçürürdü kağıza. Bu, bir
qaçqının ağrı-acısı da ola
bilərdi, bir nakam sevgi etüdü də, bir insan faciəsinə
elegiya da... Nədən yazır-yazsın, Taleh səmimi
yazırdı.
Naxçıvan Dövlət Musiqili Dram Teatrında
tamaşaya qoyulan “Yəhya bəy Dilqəm” lirik-psixoloji
dramını da belə səmimiyyətlə qələmə
almışdı. Son vaxtlar isə istiqlal şairimiz Əhməd
Cavad haqqında pyes üzərində işləyirdi. Tamamlaya bilmədi.
Taleh həmkar kimi, dost-yoldaş kimi də səmimi idi, təvazökar
idi. Ən çətin məqamlarda, ən gərgin vəziyyətlərdə
belə, danışmağa söz tapır, gərginliyi aradan
qaldırmağı bacarırdı. Yaxşı
lətifə danışmağı var idi. Uzun illər Yazıçılar İttifaqında
çalışmışdı, qocaman
yazıçıların həyatından və məişətindən
elə maraqlı və ibrətamiz əhvalatlar
danışırdı ki, saatlarla qulaq assan, yorulmazdın.
Bir dəfə bütün bu söhbətləri
niyə qələmə almadığını
soruşmuşdum. Oxunaqlı bir kitab ola
bilər demişdim. Razılaşmışdı.
Demişdi ki, sağlıq olsun, yazmaq istəyirəm.
Amma... yaza bilmədi.
Təkcə bunumu? Çox şeylərdən yazmaq istəyirdi. Çox mətləblərə toxunmaq arzusunda idi, Taleh Həmid. Amma amansız əcəl macal vermədi. Neçə-neçə şeri-sözü, əsəri ürəyində qaldı.
Lakin bu gün onu tanıyanların, əzizlərinin və yaxınlarının bir təsəllisi var: Nə qədər həyat var, şair Taleh Həmidin əsərləri yaşayacaq. Onun adını və özünü də yaşadacaq. 65 yaşda da, 85-də, 105-də də...
Düzdür, özünün bir vaxtlar dediyi kimi biz indi onu reallıqda görmürük, tapmırıq:
İnsan
buxarlanan
Sular kimidi,
Bir vaxt
tapmayacan
Taleh Həmidi.
Təəssüf
ki, o vaxt da gəldi... Könülümüz-gözümüz
Taleh Həmidi soraqlasa da, 65 yaşını qeyd etdiyimiz bu
günlərdə gücümüz onun yalnız əziz və
unudulmaz xatirəsini yad etməyə çatır. Bir də
ömrünün əbədi davamı olan “Qapımı bahar
döyür”, “Dünya yaxşıdır hələ”, “Məni
gözləyən olsa”, “Təltifsiz bulud” (Moskva), “Bu gündən
sabaha”, “Mənə ürəyində yaz yeri saxla”, “Günəşdən
gizlənir yay çiçəkləri”, “Ömrün
payız sovqatı”, “Qarlı axşamların
işığı”, “Sənə məktublar yazıram” kitabları
ilə həmsöhbət olmağa...
525-ci qəzet 2017.- 17 iyun.- S.17.