Mirzə Fətəli
Axundzadənin nəzərində modern milli ədəbiyyatın vəzifələri
Şahbaz ŞAMIOĞLU
(Əvvəli 15 iyun ıısayımızda)
Elmi-fəlsəfi düşüncələrinin və
dünyagörüşünün formalaşmasında mühüm
rol oynamış avropalı mütəfəkkirlərin
təcrübəsinə əsaslanan
M.F.Axundzadə həmin
məsələlərin həllini
tapacağı təqdirdə
ədəbiyyatın zamanın
tələblərinə cavab
verə biləcəyinə
inanırdı.
O, yaxşı başa düşürdü ki, cəmiyyət üzvlərinə,
kütlələrə gedib
çıxmayan ədəbiyyat
kəsərsiz olur, onun varlığı ilə yoxluğunun elə bir fərqi
yoxdur. C.Milton (1608-1674), C.Lokk (1632-1704), Ş.Monteskyö (1689-1755), J.J.Russo
(1712-1778) və başqa
yazıçı və
filosofların ideyaları
sənaye üsulu ilə çap edilən və öz dövrü üçün kifayət
qədər tiraja malik kitablar vasitəsilə yayılırdı
və mahiyyət etibarı ilə ədəbiyyat zamanın tələblərinə, millətin
tərəqqisinə, cəmiyyətin
demokratikləşməsinə xidmət edirdi. Elmi ədəbiyyatların məlumatları
mətbəə işində
Avropa ölkələrindən
nə qədər geridə qaldığımızı
göstərməkdədir. İ.Qutenberq tərəfindən
msodern mətbəənin
işə salındığı
Almaniyanı bir tərəfə qoyaq, məsələn, Fransada,
Strasburqda ilk mətbəənin
işə düşməsindən
(1458) yalnız düz
400 il sonra Azərbaycanda - Şamaxıda
mətbəə açılmış
(1858), daşbasma üsulu
ilə ilk kitablar çap edilmişdir. Həmin vaxta qədər isə Azərbaycanda kitabçılıq, əsasən,
xəttatların xidmətlərinə
bağlı olmuşdur.
Azərbaycan yazıçılarının
ayrı-ayrı ölkələrdə
müxtəlif dillərdə
çap edilmiş kitablarını nəzərə
almasaq, müasir üsullarla kitab çap etdirmək təşəbbüsündə olan və istəyini
reallaşdıra bilən
ilk ədiblərimizdən biri
M.F.Axundzadə olmuşdur.
1853 və 1859-cu illərdə onun Tiflisdə rus və Azərbaycan dillərində kitabları
çap edilmiş, Qafqazın bütün regionlarında, Rusiyada, fərdi qaydada İran və Türkiyədə yayılmışdır.
M.Y.Qarabağinin 1856-cı ildə
Azərbaycan şairlərinin
əsərlərindən ibarət
“Kitabi-məcmueyi-divani-Vaqif və digər müasirin”, A.Berjenin
1868-ci ildə “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarinə
məcmuədir” kitabları
M.F.Axundzadənin yaxından
köməyi və təşəbbüsü ilə
çap edilmişdir.
Beləliklə, M.F.Axundzadə zamanın
tələblərindən yaranan,
cəmiyyətin inkişafına
yarayan, millətin tərəqqisinə aparan
mahiyyətcə sosial
ədəbiyyatın tərəfdarı
olmuşdur. Və
o bu tipli ədəbiyyatın, Divan ədəbiyyatında
olduğu kimi, sandıqlarda yatıb-qalmasını
qətiyyən istəmir,
oxucusu nə qədər az
olsa da, kütlələrin içərisinə
yeriməsini, yayılmasını
vacib sayırdı.
M.F.Axundzadə yenə də ədəbiyyat və zaman müstəvisində,
ədəbiyyatın sosial
funksiyasını yerinə
yetirə bilməsi üçün mətbuat
orqanlarının yaradılmasını
vacib şərtlərdən
saymışdır. Özü də
maraqlıdır ki, o,
zamanın tələbindən
çıxış edərək
məhz satirik qəzetin təsis olunmasından bəhs etmişdir. Dostu Mirzə Yusif xana 29 mart 1871-ci il
tarixli məktubunda yenə Avropa təcrübəsinə istinadən
yazırdı: “Hal-hazırda
Avropa ölkələrinin
hər birisində satirik qəzetlər. yəni öz
həmvətənlərinin pis əməlləri haqqında tənqid və həcv yazan qəzetlər vardır ki. hər həftə
çap edilib yayılır. Avropa dövlətləri bugünkü intizam və tərəqqiyə moizə və nəsihət sayəsində
deyil, tənqid sayəsində çatmışlar”.
M.F.Axundzadənin satirik
mətbuat orqanı ilə bağlı arzusu düz 35 il sonra
Cəlil Məmmədquluzadənin
1906-cı ildə “zamanın
özü yaratdığı,
təbiətin özü
yaratdığı” “Molla
Nəsrəddin” satirik
jurnalını təsis
etməsi ilə gerçəkləşmişdir. Əslində, “Molla Nəsrəddin”in
meydana çıxması
ilə ədəbiyyatda
M.F.Axundzadənin istədiyi
və bilavasitə onun yetişdirdiyi epoxa başlanmış, maarifçi realizmdən tənqidi realizmə keçid reallaşmışdır.
M.F.Axundzadə sandıq ədəbiyyatından,
cünglərdə saxlanan
ədəbiyyatdan mətbu
ədəbiyyata keçidin
zəruriliyini özünün
ədəbi nümunələrinin
timsalında təsdiqləmişdir. Rus şairi
A.S.Puşkinin olümü
münasibətilə yazdığı
məşhur qəsidəsini
Moskva mətbuatında,
komediyalarını Tiflisdə
rus dilində işıq üzü görən “Kavkaz” qəzetində dərc etdirmişdir. O, özünü
təqdim etməklə
kifayətlənməmiş, “zikr etdiyi şərti”
poeziyasında gördüyü
Qasım bəy Zakiri də mətbuatda çap olunmağa təşviq etmiş və onun vasitəçiliyi ilə şairin Krım müharibəsinə
aid yazdığı “Fərzəndi-əziz”
şeiri “Kavkaz” qəzetində rus dilinə tərcüməsi
azərbaycanca orijinalı
ilə birlikdə işıq üzü görmüşdür.
M.F.Axundzadə zamanın tələbləri
baxımından ədəbiyyatın
mətbuata bağlılığını
vacib sayırdı. Mətbuatın
vasitəçiliyi olmadan
milli ideyaların cəmiyyətə sirayət
etməsinin müşkül
bir iş olduğunu anlayan M.F.Axundzadə ana dilində qəzet çap etmək arzusuna düşmüş,
buna nail ola
bilməyəndə isə
rusdilli mətbuatdan istifadə etmək məcburiyyətində qalmışdır.
Zəngin mütaliəyə
malik M.F.Axundzadə dünya ədəbiyyatının
korifeylərindən olan
D.Defo, C.Svift, O.Balzak, E.Zolya, M.Tven, A.S.Puşkin, A.İ.Gertsen, V.Q.Belinski və onlarla başqalarının birbaşa
mətbuatda çalışdıqlarını,
yaxud qəzet və jurnallarla yaxından əməkdaşlıq
etdiklərini, onları
düşündürən ən vacib məsələlərlə
bağlı publisistik
yazılarını, bədii
əsərlərinin bir
qismini ilk dəfə
KİV-də çap
etdirdiklərini və
effekt verdiyini çox yaxşı bilirdi. Odur ki, M.F.Axundzadə
ədəbiyyat və
zaman kontekstində ədəbiyyatın öz
vəzifələrini mətbuatla
intensiv əlaqələr
şəraitində yerinə
yetirə biləcəyinə
ümid bəsləyirdi.
Burada M.F.Axundzadə qətiyyən
yanılmırdı. “Əkinçi”dən Azərbaycan
Xalq Cümhuriyyətinin
süqutuna qədər
olan təxminən, yarıməsrlik dövrün
təhlili ədəbiyyatın,
milli tərəqqinin simasını və miqyasını müəyyənləşdirməyə
tamamilə imkan verir. Mirzə Bala Məhəmmədzadə
1918-ci ildə Tiflisdə
nəşr etdirdiyi “İki inqilab arasında” əsərində
yazırdı: “Tarix...kəskin qələm ilə yazır ki, azəri türklərin əlli illik müddətində mədəniyyət və
milliyyət yolunda göstərdikləri diriliyi
Asiya dünyasında Yaponiyadan başqa heç millət göstərməmişdir. Heç millət
25 sənədə (1875-1900-cü illəri nəzərdə
tutur - Ş.Ş.) milli
bir ədəbiyyat, milli bir teatro,
milli bir musiqi və milli bir mətbuat
yaratmamışdır. Heç bir millət 12 sənə içində
(1906-1918-ci illəri nəzərdə
tutur - Ş.Ş.) milli
bir tərpəniş,
siyasi bir sima və milli
bir dirilik göstərməmişdir”.
M.F.Axundzadənin konsepsiyasından çıxış
edərək görmək
mümkündür ki,
XX əsrin əvvəllərində
mətbuat və ədəbiyyat tandemi özünü tamamilə
doğrultmuşdur. Onun arzuladığı
ədəbiyyatı məhz
Azərbaycan ictimai-ədəbi
fikir tarixində misilsiz rol oynamış
“Molla Nəsrəddin”
və “Füyuzat”ın
ətrafına toplaşmış
şair və yazıçılar yaratmışlar.
M.F.Axundzadənin Avropa ədəbiyyatına üstünlük verməsi, şübhəsiz ki, onun özünəqədərki milli ədəbiyyatdan imtinası demək deyildi. Yeri gəlmişkən, qeyd edək ki, axundzadəşünaslığın yenicə formalaşmağa başladığı dövrlərdə ədibin Qərb ədəbiyyatı ilə bağlı fikir və mülahizələri bəzən kontekstdən çıxarılaraq onun ümumşərq ədəbiyyatına xor münasibəti kimi dəyərləndirilmiş və bəziləri bu yanlış qavramadan çıxış edərək M.F.Axundzadəyə qədər olan ədəbiyyata aşkar nihilist münasibət bəsləmişlər. 1920-ci illərin siyasi tendensiyasından çıxış edən Hənəfi Zeynallı “Azərbaycanda Mirzə Fətəli əsri” məqaləsində klassik ədəbi prosesin ünvanına aşağılayıcı ifadələr işlədirdi: “Ədəbiyyat adına nə vardısa saqinamə, qəzəl və qəsidələr ilə mərsiyəçilikdən ibarət idi. Şairlər saraylar ətrafında, bəylər otaqlarında və yaxud uzaqdan-yaxından bunların həndəvərində sürünənlərdən ibarət idi”. Yaxud başqa bir tədqiqatda M.F.Axundzadənin yeni tipli ədəbiyyat yaradıcılığı onun yaşadığı cəmiyyətdən uzaqlaşması kimi qavranılmışdır: “Mirzə Azərbaycan mühitində, Azərbaycan cəmiyyəti içində yaşarkən, fikrən o mühitdən tamamilə uzaqlaşmışdı. O, Füzuli, Vaqif, Seyid Əzim kimi qərami şeirlər, qəsidələr yazmayırdı, zira ki, ruhən və fikrən onun yaşadığı mühit, sevdiyi aləm büsbütün başqa idi”. Əlbəttə, M.F.Axundzadə Azərbaycan cəmiyyətindən qətiyyən uzaqlaşmamışdı, bütün fikri Azərbaycan cəmiyyətində idi. İdeologiyanın basqısı altında olan müəllif əslində M.F.Axundzadənin nə istədiyini bilirdi (“O, xalqını bir fransız kimi düşündürmək, yaşatmaq və məmləkətini Fransa kimi görmək istəyirdi”), lakin onun yeni tipli ədəbiyyatın vacibliyi barədə ədəbi görüşlərini istər-istəməz interpretasiya edərək siyasiləşdirir, bolşeviklərin ampulasına uyğun olaraq yazıçını süni şəkildə sinfi mübarizəyə qoşurdu: “O mühit, o cəmiyyət onun ruhuna dar və çox sönük gəlirdi. O kirli, o qaranlıq mühit çirkabları və hissləri içində çırpınan insanlara acıyır, onlara qurtuluş yolu arayırdı”.
Qeyd edək ki, sovet dövründə M.F.Axundzadənin yeni tipli ədəbiyyat və onun vəzifələri, klassik irsə zamanın tələblərindən doğan kriteriyalar çərçivəsində münasibəti və digər problemlər əksər hallarda tendensiyalı şəkildə tədqiq olunmuşdur. Bu məsələlər yeni siyasi-tarixi şəraitdə yenidən tədqiqat aparmağı zəruri edir.
525-ci qəzet 2017.- 17 iyun.- S.16.