Əhəd Muxtar
Mərhum ədibimiz, 60-cılar nəslinin dəyərli nümayəndəsi, şair və tərcüməçi, ədəbi mətbuatımızın fədakar xadimi Əhəd Muxtarın 80 illiyi tamam olur.
Ədəbi nəsildaşları, onunla ünsiyyətdə
olmuş müasirləri Əhəd Muxtarı istedadlı və
təvazökar söz adamı, son dərəcə təmənnasız
insan kimi xatırlayır və dəyərləndirirlər. 1937-ci ildə
Astara rayonunda doğulmuş Ə.Muxtar Azərbaycan Pedaqoji
İnstitutunun filologiya fakültəsini bitirib. Erkən yaşdan ədəbi
yaradıcılığa, poeziyaya meyillənən şairin əsərləri
dövri mətbuatda 1950-ci illərin sonlarından işıq
üzü görməyə başlayıb. “Şəfəq
seli” (1969), “And iç” (1977), “Salam, insanlar!” (1979),
“Qönçələr açılır” (1983),
“Doğmalıq” (1985), “Dünya yaman dünyadır” (1989)
adlı şeir kitabları çap olunub. Bu
kitablar sayəsində geniş tanınıb, oxucuların
böyük rəğbətini qazanıb.
Ədəbi mətbuatda özünəməxsus yeri və
rolu olan Ə.Muxtar “Ulduz” jurnalında ədəbi
işçi, şöbə müdiri (1967-1979), məsul katib
(1979-1998) vəzifələrində çalışıb.
Ə.Muxtarın orijinal poetik və publisistik yaradıcılığı
ilə bərabər, bədii tərcümə sahəsindəki
fəaliyyəti də olduqca qiymətlidir. Boleslav Prusun “Firon”, Georgi
Markovun “Sibir” (Yasif Nəsirli ilə birgə), Çingiz
Abdullayevin “Əclafların qanunu” romanı kimi məşhur əsərləri
dilimizə məhz Ə.Muxtar tərcümə edib. Onun bədii tərcümə
yaradıcılığında Orta Asiyadakı türkdilli
xalqların ədəbiyyatından çevirmələr
xüsusi yer tutur.
Ə.Muxtar
türkmən ədəbiyyatından Məhdimqulunun şeirlərini,
Təşli Qurbanovun “Sarı gül” povestini, özbək
şairləri Qafur Qulam, Şükrulla, Normurad Nərzullayev,
Camal Kamal, Mirtemir, Abdulla Aripov, Zülfiyyə və
başqalarının, qazax ədibi Oljas Süleymenovun, həmçinin
bır sıra tatar şairlərinin çox sayda əsərini
Azərbaycan dilinə tərcümə edib. Tərcümələrdən
ibarət 10-a yaxın toplunun tərtibçisi və ya
redaktoru olub.
Eyni zamanda, onun öz əsərləri də xarici dillərə
tərcümə olunaraq nəşr edilib.
1998-ci il mayın 23-də dünyasını dəyişmiş
Əhəd Muxtarı 80 illik yubileyi ərəfəsində
bir daha dərin ehtiramla xatırlayır, poeziyasından
nümunələri oxuculara təqdim edirik.
ATAMI DÜŞÜNƏNDƏ
1. Biri
vardı, biri yoxdu...
Bir
mehriban əl
Oxşadı saçımı.
Pencəyinin
ətəkləri arasında
Gizlətmişdim başımı.
Sonra yüyürdük.
Elə bil uşaqdı.
Mənim
kimi
Kəpənək dalınca qaçdı.
Adamlara əl
elədi,
Ağaclara,
güllərə baxdı,
Birdən
çiçəklənən budaqlar doldu barla...
Töküldü
yarpaqlar,
Payız
yerini dəyişdi baharla,
Çiçək
yerinə
Qar
yağdı başımıza,
Qayğılı-qayğılı baxdı mənə.
-
“Üşüyürəm, atacan...”
Qüvvətli əllərilə sıxdı məni
köksünə.
Bir
göz qırpımında
Qaldırdı başının üstünə.
Qürurdan,
sevincdən
Ürəyim döndü dağa.
Bilmədim,
o qərib axşamda
Göylərə
tapşırırdı məni,
yoxsa
torpağa...
2. Bir nəslin
gözündə...
Əksin
də qalmayıb,
Böyüdəm,
Asam başımın üstündən.
Xatirələr
leysanına düşəndə
Bir
anlığa ovutmaqçün qəlbimi
Saatlarla donam qarşında heykəl kimi.
Bir
kövrək təbəssümə dönüb sən
Bir nəslin baxışlarına səpələnmisən.
Sanki bir
zaman əkib-biçdiyin,
Yolunda
canından keçdiyin
Torpaqda
deyil,
Bir nəslin
gözlərində
əbədi məskən salmısan.
BOYLAN ÜFÜQDƏN
Sənsiz
keçirdiyim bircə anın da
Daşıya bilmirəm dərdi-sərini.
Hicranın
sahilsiz okeanında
Gəzirəm
naməlum ləpirlərini...
Üzürəm,
az qalır taqətdən düşəm,
Bilmirəm dünyanın harasındayam.
Buludla
çarpışan, ayla görüşən
Çılğın dalğaların arasındayam.
Dəyişik
salmışam şərqi qərb ilə,
Şimalı, cənubu itirmişəm mən.
Əgər
qasırğasan, məni qərq elə,
Əgər
günəşsənsə, boylan üfüqdən!
ƏBƏDİYYƏT
Bizim kəndimizdə
bir çay var idi,
Sozaldı,
lilləndi,
qurudu
getdi.
Bizim kəndimizdə
bir “ay” var idi,
Bəzədik,
köçürtdük,
qarıdı getdi.
Bizim kəndimizdə
bir dəniz vardı,
Dəstəylə
gedərdik
görüşünə biz.
O dəniz
- o gözəl durur hələ də,
Yaşasın
dəniz!
EYNİYYƏT
Torpağa
nə qədər budaq sancmışam,
Hamısı böyüyüb ağac olubdu.
Mənim
becərdiyim neçə qovaq, şam
Yorğun
yolçulara kölgə salıbdı...
Bir
gün yer altında olanda yerim,
Üstümdə siz ağac əkməyin ancaq.
Mənim
qələm tutan şair əllərim
Torpaqdan
göyərib, ağac olacaq...
TAPARAM SƏNİ
Sən mənim
qəlbimin şirin arzusu,
Gecə
düşüncəsi, səhər yuxusu,
Şeirimin
ən pünhan misrası sənsən,
Ömrümün ən sirli dünyası sənsən.
Gizlən
təpələrdə, dərələrdə sən,
Qalxa bilmədiyim
zirvələrdə sən,
Ağlım
kəsmədiyi nöqtələrdə ol,
Uzaq
ölkələrdə, qitələrdə ol...
Könlümdə
eşqindən sönməz bir çıraq,
Mən səni gəzirəm, görünmə ancaq.
Bu yer
üzərində nə qədər varam,
Mən səni axtarıb, özüm taparam.
Qəflətən
rastıma çıxma, amandır,
Qəfləti
səadət dərdi yamandır!..
KƏLBƏCƏRDƏ
Başımın
üstündən bulud ötüşdü,
Yuyundu meşələr leysan içində.
Dağlarda
kişnəyib arana düşdü
Sərsəri ildırım bir an içində.
“Qarı
körpüsü”ndən sən arxayın keç,
Odlu, fəvvarəli
İstisudan iç.
Ruhunu
oxşayan çiçək ara, seç
Təbiət yetirən dərman içində.
Güneydə
gül-çiçək, qüzeydə ilk qar,
Gizlinpaç oynayır qış ilə bahar.
Zirvəyə
sığınan çılpaq ağaclar
Hələ də qovrulur hicran içində.
Külək
nəğmə dedi, dilləndi meşə,
Qəlbimi kövrəltdi nərgiz, bənövşə.
Kəkliyin
ayağı dəyibmi döşə,
Lalələr qızarıb al qan içində?
Dağların
qoynunu bulaqlar bəzər,
Şöhrəti elləri dolaşıb gəzər.
Həyatı
bir yetim ömrünə bənzər
Kədər
gözlərində,vulkan içində.
Sən ey
bu torpağın hakimi insan,
Dərdindən
od tutub yanan var,dayan.
Gör
neçə boğulan çeşmə nə vaxtdan
Göz
dikib yoluna güman içində!
Ayrıldıq...
Bu hicran qəlbimi
dağlar,
Gözlərim
yaş tökər,ürəyim ağlar.
Yarıb
buludları əl etdi dağlar,
Boylandı Kəlbəcər duman içində.
GƏLİB LƏNKƏRANA GENERAL
HƏZİ
İnsan
axınıdır baxırsan hara,
Bir elin yollardan çəkilib gözü.
Otuz doqquz
illik səfərdən sonra
Yenə Lənkərana
qayıdıb Həzi!
Qayıdıb
evinə, doğma diyara,
Sinəsi
ulduzlu, ürəyi odlu!
Mübarək
üzünü tutub dağlara
Mənim
torpağımın qəhrəman oğlu!
Bu gün
al günəş də göylərdən enib,
Yerlər alqışlayır bu ehtiramı.
Kükrəyən,
tufanlı dənizə dönüb
Builki qələbə
zəfər bayramı!
Hamı
istəyir ki sözünü deyə,
Müqəddəs diləklər gül açıb bu
gün.
Dünyanı
taundan xilas eyləyən
Ərlərin
həsrəti dil açıb bu gün!
Düz
iyirmi milyon şəhidin qəmi
Çöküb
gözlərinə duman, çən kimi!
Qəhrəman
general
Bu əziz
gündə
Durub əfsanəvi
tankı üstündə!
Bu tank o
tankdır ki,
Odlar
içindən
Çıxıb,
yol gedibdir Baltikə qədər!
Bu tank o
tankdır ki,
Əmr
etsə Vətən,
Yenidən
yerindən tərpənə bilər!
Bizim
aramızda milyon Həzi var,
Qanında
qaynayır elin qeyrəti!
Bu gün
qan-qan deyən alçaq qəsbkar
Gərək
unutmasın bu həqiqəti!
Sən ey
böyük insan!
Cəsarətinə
Nəğmələr qoşuram candan, ürəkdən.
Hər dəfə
gələndə ziyarətinə
Elə bil yenidən doğuluram mən.
Adınla
fəxr edir ulu Vətənim
Doğma Azərbaycan, torpağım, daşım.
Xəzərtək
kükrəyir ürəyim mənim,
Qarlı
dağlar kimi ucalır başım!
ŞAİR ÖMRÜ
Günəş
şəfəqidir şair baxışı,
Bir yerdə ilişib dayanmaz heç vaxt.
Bu ulu
dünyada nə varsa yaxşı,
Onun nəzərindən yayınmaz heç vaxt.
Mizan tərəzidir
şairin gözü,
Oyular, dəyişməz haqqı nahaqqa.
Yanar ocaq
kimi, qalanar közü,
İstisi
bəs edər bütöv bir xalqa!
Bir ahənrübadır
şair ürəyi,
Hey
çəkər özünə dərdi-qəmi o.
Dar
gündə həmişə olar gərəyin,
Xoş gündə yox olar ilğım kimi o.
İlıq
təbəssümlə aşar üfüqi,
Hər səhər Günəşlə birgə oyanar.
Batandan
sonra da qızıl şəfəqi
İnsan
taleyində gözündə yanar...
LÖVHƏLƏR
Şimşək
nizəsini zirvəyə sancdı,
Yağış da düzlərə qoşun yeritdi.
Duman
süfrəsini ahəstə açdı,
Aləm tül pərdənin içində itdi.
Göy
qövsi-qüzehi taxdı döşünə,
Təbillər gurladı, başladı hücum.
Buludlar
girişdi qoç döyüşünə,
Qalxanlar deşildi, saçdı qığılcım.
Dağlar
nərə çəkdi: döyüşə hazır!
(Sanki
gözləyirmiş çoxdan bu günü)
Tufan əmr
elədi: öldür, dağıt, qır!
Buludlar torpağa səpdi yükünü.
Məğlub
olanların bayrağı kimi
Qa ra buludların ağardı rəngi.
Bir
işıq dalğası sardı aləmi,
Torpaqla səmanın qurtardı cəngi.
Sülh
oldu Yer ilə Göyün arzusu,
Yüzillik
palıdsa verildi qurban...
Yerdən
əsir düşdü çəmən qoxusu,
Göydən dərələrdə ilişən duman.
Tarlalar,
meşələr, bağlar, düzənlər
Yuyundu gülüzlü səhər eşqinə.
Yamacda lalələr,
çöldə süsənlər
Min badə
qaldırdı zəfər eşqinə...
Əhəd MUXTAR
525-ci qəzet 2017.- 17 iyun.- S.23.