Din və məhəbbət - faciələrə
aparan ziddiyyət
Telman ORUCOV
(Əvvəli ötən şənbə
sayımızda)
Parisdə o, öz təlimini açıq şəkildə
öyrədirdi, həm də özəl tələbəsi,
Paris kafedral kilsəsinin keşişi Fulbertin qız qohumu olan
Eloizaya vuruldu.
Abelyarla Eloizanın sevgisindən onların oğlu oldu. Əmisi
Fulbertin qəzəbindən yayınmaq üçün Eloiza
Parisdən kənardakı qadın monastırına girdi.
Abelyar isə Fulbertin təhriki ilə xədim
edilməyindən əzab çəkirdi. Başına
gələn biabırçılığa görə o, Paris
yaxınlığındakı Sen-Deni kral
abbatlığındakı monastır həyatına daxil oldu
və Eloizanı da könülsüzlüyünə
baxmayaraq, rahibə etdi.
O, “Thelogia”-”İlahiyyat”
kitabının birinci versiyasını yazdı, bu kitab rəsmi
qaydada 1121-ci ildə Suasson şurası tərəfindən
yeretik kimi məhkum edildi. Abelyarın Allahın sirliliyi və
Üçlük (Trinity)- (Allah-ata,
Allah-oğul və Müqəddəs Ruh kimi üç şəxsiyyətin
timsalında mövcud olmaqla, Allahın öz mahiyyətə
etibarilə vahid olması barədə xristianlığın
mühüm doqmatlarından biri -
məqalə müəllifi) barədə dialektik analizi
səhv kimi qiymətləndirildi və o, ev dustağı oldu.
Abelyar Fransa kralı qarşısındakı məhkəməyə
götürülməkdən yayınmaq üçün
abbatlıqdan qaçdı. O, asket həyatı
keçirmək istəyirdi. Tələbələri
isə onu tapıb, onlara fəlsəfəni öyrətməyi
davam etdirmək məqsədilə ona təzyiq göstərdilər.
Bir qədər sonra Eloiza
Paraklet adlanan yeni təşkil edilmiş qadın
monastırının başçısına çevrildi.
Abelyar isə himnlər kitablarını və
1130-cu illərdə Eloiza ilə birlikdə öz məhəbbət
məktublarının kolleksiyasını tərtib etdi.
Abelyarın Parisin kənarındakı
Mon- Sen-Jenevyevada dərs dediyi tələbələrdən bir
çoxu sonralar böyük şərəfə nail oldu. 1140-cı ildə Sendəki şura onu məhkum etdi
və bu qərar Roma papası tərəfindən təsdiq
edidi. Ona görə də Burqundiyadakı
Klini böyük monastırına çəkildi və dərs
verməkdən uzaqlaşdı. Bu vaxt o, xəstə
və qoca idi, adi rahib həyatı yaşayırdı. Onun 1144-cü ildə öldüyü güman
edilir, cəsədi Parakletə göndərildi, indi isə o,
Parisdəki Per-Laşez qəbristanlığında
Eloizanın yanında uyuyur. Abelyarın
ölümündən sonra tərtib edilən epitafiyada
müasirlərindən bir çoxu onu bütün dövrlərin
ən böyük mütəkkirlərindən və müəllimlərindən
biri kimi təlqin edir.
Britanika (Britannica)
ensiklopediyasında onun haqqında belə, həm də bundan
bir qədər geniş məlumat verilir. Kembric
ensiklopediyasında və Merriam Uebster avtobioqrafik lüğətində
isə ona həsr olunmuş məqalələrdəki
materiallar məhdud olmaqla, onların dəqiqliyinə zəmanət
vermək də bir qədər çətindir.
Abelyarla Eloizanın sevgisinə gəldikdə, onlar
görüşən vaxtlarda dünya hələ yeni məhəbbəti
öyrənirdi. Bu isə sonralar Renessans ruhu adlanan bir cərəyana
diqqət verilməsinin başlanğıcı sayıla bilərdi.
Onların sevgisi daş divarlar arasındakı
qızılgüllərlə bəzənmiş bağda, kilsə
evlərində baş qaldırdı. Abelyar
gələcək Notr-Damın yerindəki qədim kilsədə
xidmət edərkən, Eloizanı özünün bir tale hədiyyəsi,
qismətinin şirin payı kimi tapdı. O, əsl
istedad sahibi və ambisiyalı bir adam
olmaqla, əyalətdəki kübar ata evindən Parisə gəlmişdi.
Burada təhsil aldıqdan sonra bir alim kimi o,
sürətlə irəli gedirdi və şəhərin fəlsəfə
məktəbinin tanınmış liderinə çevrildi.
İlahiyyat təlimi ilə məşğul
olmaqla yanaşı, apardığı mübahisələrdə
onun nüfuzu əlavə parlaqlığa nail oldu.
Belə bir şəraitdə o, gözəl karyeraya malik
idi. Onun həqiqi və böyük hesab edilən
bacarığına təriflər deyilirdi, həyatı da
ehtiramla əhatə olunmuşdu. Eloiza
adlı gözəl bir qız da fəlsəfəni öyrənmək
məqsədilə onun ətrafına yığışan tələbələrin
sırasına daxil oldu. Qızın əmisi
keşiş Fulbert, Notr-Damın yaxınlığında
yaşadığından, belə tanınmış ilahiyyat
aliminə yaşamaq üçün öz evində yer verdi. Abelyar buna qədər qızı
görmüşdü və onu fəth etmək naminə
bağlanan müqaviləyə razılıq verdi.
Axı qız da əmisinin himayəsində
yaşayırdı.
Müəllimlə tələbəsi çox saydakı
sakit saatlarını bağda, Sena çayı
sularının ayaqlarını yuduğu Site adasında
keçirir, qədim fəlsəfəni və onların
oyanmaqda olan hisslərinə lay-lay deyən çay kimi sürətlə
axan zamanı öyrənməyə həsr edirdilər. Onların
arasındakı zahiri sakitlik o vaxta qədər davam etdi ki, bir
neçə ay sonra onlar dərin məhəbbətin dərin
elmindən yaxşı hali olanlara çevrildilər. Bu vaxt Abelyarın 37, Eloizanın isə 19
yaşı var idi. Eloiza ona tanış
olmayan bu yeni münasibətə bütünlüklə cavab
verdi, Abelyar isə öz ambisiyasını tamamilə unudub,
ona evlənmək fikrinə düşdü. Bu
isə onun kilsədə irəliləməsi imkanlarına xətər
toxundurdu. Eloiza onun bu rəsmi qərarını
rəsmi şəkildə də rədd etdi.
Onların sevgisi bir müddətdən sonra Fulbertə məlum
oldu, bu vaxt onun kədəri və hiddəti nəzarətdən
bütünlüklə çıxmışdı. Bu adam
evində saxladığı qızı ələ keçirmək
istədiyindən, Abelyarla Eloizanın sevgisi onun eybəcər
eqoistik məqsədinə ağır zərbə vurmuşdu.
Onların kənd yerinə qaçmaq təhlükəsi
yaranmışdı, Eloiza bu sevginin bəhrəsi kimi uşaq
doğdu. Abelyar ona evlənməyi hələ
də təkid edirdi və axırda qız bunun vacib xarakter
daşıdığını anlayıb, məşuqunun təklifi
ilə razılaşması oldu. Lakin həm
də bir şərt irəli sürdü ki, bu hadisə gizli
qalmalıdır. Onlar belə rəsmi
ittifaqa ona görə girişmişdilər ki, qızın əmisini
sakitləşdirsinlər. Çünki o,
bu məsələyə bir mükafat cavabı kimi onlarla
barışacağını vəd etmişdi. Bu hadisə nəhayət baş verdikdə, Abelyar rəsmi
qaydada evləndiklərini açıq şəkildə elan
etdi. Nikahın bilinməsini istəməyən
məşuqəsinin könlünü bu hərəkəti ilə
zədələdiyindən, Eloiza sərt qaydada bu həqiqəti
dandı.
Onların hər ikisi Fulbertin vəd etdiyi mükafatı
həyata keçirəcəyinə inanmışdı. Lakin Eloizanın
əmisi bu vaxt dərin narahatlıq keçirməklə,
Abelyardan qisas almaq istəyirdi. Ona görə
də onu cəzalandırmağı, həm də
alçaltmağı qət etdi. Fulbertin
adamları gecə Abelyar yatan vaxt onun otağına soxulub, onu
xədim etdilər. Bu, iyrənc bir qisas
olmaqla, onların taleyinə bu vaxtadək laqeydlik göstərən
sivilizasiyanı da dəhşətə gətirdi. Biabır olmuş və alçaldılmış bu
eşq qurbanı çıxış yolu kimi gizlənmək
qərarına gəldi ki, bəlkə, rahat yaşaya bilsin.
Belə səfil həyat naminə də o, kilsəni
tərk etdi. Bir müddətdən sonra
monastır andını içib, rahib oldu. Onun məhəbbətinə vəfasız
çıxmaq istəməyən Eloiza da məşuqunun təklifi
əsasında rahibəyə çevrildi. O, itaət
altında yaşamağa razılaşdı və Parakletdəki
qadın monastırına daxil oldu. Bu vaxt bədbəxt
qızın 22 yaşı var idi.
Abelyarın ağlı hələ də güclü
idi, onun təəccübünə rəğmən, cəmiyyət
hələ də onu axtarırdı, ustalıq nümunəsi
sayılan məntiqinə qulaq asmaq istəyirdi. Lakin yenidən
təsir gücünə yiyələnməsi onun daha qəzəbli
qaydada təqib edilməsinə səbəb oldu və həyatının
sonrakı illəri mühakimələrlə və çoxtərəfli
ağrının nəticəsi kimi kədərlərlə
dolu idi. Sevgililərin bir-birindən ayrılmalarından
16 il keçdikdən sonra Eloizanın əlinə
Abelyarın dostuna yazdığı və qızın bir təskinlik
əlaməti kimi qəbul etdiyi məktub düşdü. O,
bundan təsirlənib məşuquna ehtiras və şikayət
saplarından hörülmüş bir cavab yazdı. Bu məktuba bərabər olan digər bir nümunəni
hətta dünya ədəbiyyatında da tapmaq çətindir.
Məşuqunun soyuq və formal cavabına
qız suallarla dolu və utandırıcı xarakter
daşıyan, lakin həm də təmkinli, itaət etməyi
bildirən üçüncü məktubunu yazdı. Bu üç məktub məhəbbətdən əlavə,
ümidsizlik içərisində ruhi təslimçiliyi
axtaran bir könüldən xəbər verirdi. Məktubların,
təqribən 1128-ci ildə yazıldıqları güman
edilir, ilk dəfə isə onlar az qala
altı əsr sonra, 1696-cı ildə Parisdə nəşr
olunmuşdu.
Abelyar öz məhəbbəti naminə hələ də
düşmənləri ilə inadkarlıqla mübahisə
aparırdı. Son mərhələdə Romaya səfər
etdi, orada öz təlimlərinə yeretinlik (dinsizlik)
damğası vuran hökmdən şikayət etdi. Onun
“Üçlük” ( “Trinity” ) barədəki
təlimi kilsə tərəfindən məhkum edilmişdi. Lakin şikayəti də heç bir fayda vermədi,
artıq o, yorulmuşdu. Xəstə Abelyar
Burqundiyadakı monastırda öldü.
Eloiza onun meyitini özünün
başçı olduğu Parakletdəki qadın
monastırında dəfn edilməsini xahiş etdi. Axı Abelyar Parakletin əsasını qoyan idi və
onun cəsədi də öz son
sığınacağını orada tapdı. 20 il sonra elə sevgilisinin öldüyü bir
yaşda Eloiza da həyatdan getdi və məşuqunun
yanında da dəfn edildi.
Belə deyirlər ki, nə vaxtsa o cür şirin anlara
daldığı məşuqəsi olan bu qızı, Abelyar
uyuduğu dar sərdabədə öz yanında dəfn
olunmağa gələndə salamlamaq üçün öz
tabe olan əllərini yenidən yuxarı
qaldırmışdı. Əlbəttə, məhəbbət
heç də əlləri öz zəfərini qoruyub saxlamaq
üçün vacib vasitə hesab etmir, çünki bu hissə
xidmət edənlər onun qaydalarına və prinsiplərinə
heç də tabe olmurlar. Bəhrəsiz,
qeyri-münbit torpaqdakı şirin su kimi o, insanların həyatının
içərisinə yayılır, hətta onun müəyyən
olunmamış formulu adamları daha dolğun azadlıq
üçün ilhama gətirir.
XIX əsrin birinci onilliyində Napoleonun imperatriçəsi Jozefina Abelyarla Eloizanın məktublarını oxuduqda riqqətə gəldi, onların tənhalıqda uyuması ilə razılaşmayıb, cəsədlərinin gətirilib Parisin məşhur Per-Laşez qəbiristanlığında dəfn edilməsini istədi. Lakin bu arzu onun özünün ölümündən üç il sonra, 1817-ci ildə həyata keçdi. Həmin qəbiristanlığa gələnlər bu məhəbbət divanələrinə hörmət əlaməti olaraq, onların sərdabəsini ziyarət edir, bu ölməz rəmzə təzim qılırlar. Per-Laşez bu xoşbəxtlikləri miqyasında bədbəxt olanlara uyumaq üçün yer verməklə yanaşı, həm də onların qövsü-qüzehi andıran şöhrətlərinə də şərik oldu.
Onların məhəbbətinin simvolları kimi yazdıqları məktublar isə dünyanı dolaşmaqda davam edir. Bu sevgi ifadələrinin sevinci və hüznü ilə tanış olanlar onların qəbirlərini ziyarət edənlərdən heç də geri qalmırlar, bəlkə də, bu hisslər sərgisinə heyranlıqla tamaşa etdikdən sonra məhəbbət dünyasını daha yaxından tədqiq etmiş olurlar. Çünki bu tanışlıq, bu sehrli dünya ilə ünsiyyət məhəbbət qurbanlarının taleyinə biganə qalmaq istəməyən adamlara çox şey verir.
Bu məktublarda ifadə olunan döyünən ürəklərin nəbzində öz öyrəndiklərini unudub, məşuq rolunda daha böyük şöhrət tapan Pyer Abelyarın buna görə böyük haqq ödədiyi məlum olur. Sakit bir həyatı yaşadığı halda, böyük elm adamı sayılan bir adamın dərslərindən yalnız öyrənməyi arzulayan Eloiza da qızğın bir məhəbbətlə qarşılaşır. Lakin bu sevgi Abelyara olduğu kimi, ona da bədbəxtlik zəhərinin qədəhini içdirdi və uzun illər ərzində onu qəm dünyasında yaşamağa məcbur etdi.
(Ardı var)
525-ci qəzet 2017.- 10 iyun.- S.22.