Ədəbi tənqidin “Zəngili sindromu”
Bədirxan ƏHMƏDOV
Ötən
yüzilliyin 20-30-cu illərində Azərbaycan ədəbi tənqidinin
çoxsaylı imzaları arasında bir imza da var; bu imza
Ə.Abid, B.Çobanzadə, H.Zeynallı, Ə.Nazim,
M.Hüseyn, M.K.Ələkbərli, M.Rəfili kimi o qədər
məşhur olmasa da, repressiya olunanların
yaradıcılığı ilə bağlı yazılarda,
tədqiqatlarda daim adı çəkilir, məqalələrinə
istinadlar edilir.
Doğrudur,
bu istinadlar çox zaman mənfi fonda
çəkilir, onun məqalələrindən gətirilən
sitatlar ancaq dövrün, sistemin cəza aparatının ruporu
kimi qələmə verilir. Hərçənd 30-cu illərin
əvvəllərində dərc edilən məqalə ilə
37-ci il repressiyası arasında bir əlaqə
axtarmaq nə dərəcədə düzgündür?! Tənqidçi məqaləsində kimsəni
repressiya məqsədilə tənqid etməyi
ağlının ucundan belə keçirmişdirmi?! Elə buradaca, ədəbiyyatşünaslığımız
üçün bir problemi mütləq şəkildə qeyd
etməyi lazım bilirəm. Dövrün ədəbi
mühitinə müraciət edənlər həmişə
bu dövrdə çap olunan hər hansı bir məqalə
və çıxışlarda (xüsusilə repressiya
olunanlar haqqında!) hər hansı bir tənqidi not görərkən
onu dərhal bayraq edib, müəllifinin üzərinə
hücuma keçirlər və özləri də bilmədən
həmin dövrün ədəbi mühitinin
buraxdığı metodoloji yanaşmanı təkrar etmiş
olurlar. Halbuki, 20-30-cu illər ədəbi mühiti son dərəcə
zəngin, eyni zamanda, canlı, dinamik, bir qədər də
müxtəlif fikirlilik şəraitində formalaşan (əlbəttə
hakim ideoloji basqılar da istisna deyildi!) bir ədəbi
mühit olmuş, ədəbiyyatşünaslığımızda,
ədəbi tənqidimizdə ayrıca bir mərhələ
kimi yadda qalmışdır. Doğrudur, bu mərhələ
sonda repressiya ilə tamamlandı, lakin nəzərə alsaq
ki, repressiyanın müəllifi yazarlar deyil, siyasi sistem
olmuşdur, onda, dövrün ədəbi tənqidini sırf ədəbiyyatşünaslıq
nöqteyi-nəzərdən qiymətləndirməyin hər
zaman aktual olduğunu görmək olar. Hər halda, nə
qədər sosioloji, marksist tənqidin nümayəndələri
olmalarına rəğmən, bu gün də B.Çobanzadə,
Ə.Abid, H.Zeynallı, M.K.Ələkbərli, Ə.Nazim,
M.Hüseyn, M.Rzaquluzadə, M.Rəfili ədəbi tənqidi
janrın ən yaxşı nümunələri kimi öyrənilir
və təhlil edilir.
30-cu illərin
əvvəllərində Azərbaycan ədəbi tənqidində
bir imza daha göründü: Zəngili. Cəmi
ilyarım ərzində onun dörd tənqidi məqaləsi nəşr
edildi (olsun ki, bizim bilmədiyimiz məqalələri də
vardır, lakin uzun araşdırmalardan sonra əldə
etdiyimiz yalnız bunlardır). Vəssalam! Bundan
sonra Azərbaycan ədəbi tənqidində nə onun
imzasına rast gəlindi, nə də ədəbi mühitdə
onu görənlər oldu. Bir də 80-ci
illərdən bəri S.Vurğun, A.İldırım,
M.Müşfiq, A.Faruq və dövrün ədəbi
mühiti haqqında yazanlar onun məqalələrinə
müraciət edərək sitatlar verməklə orada repressiv
yanaşmalar axtarıldı. Əslində,
necədir və Zəngili kimdir? Doğrudanmı,
Zəngili bir tənqidçi kimi siyasi rejimin tənqid ruporu
olmuşdur? Doğrudanmı, onun əsərə
yanaşmalarında tənqid etdiyi müəllifi cəza
aparatına nişan vermişdir?! Ümumiyyətlə, dövrün ədəbi tənqidinə
yanaşmada hansı metodologiya üstün olmalıdır?
Bütün bunlar çağdaş ədəbiyyatşünaslığımızın
problemlərindən biri kimi qarşıda duran məsələlərdəndir.
Repressiyadan 80 il keçməsinə rəğmən,
hələ də ədəbiyyat və repressiya mövzusunda
metodoloji yanaşmanı müəyyənləşdirə
bilməmişik. Yeri gəlmişkən,
düşünürəm ki, bu mövzuda bir elmi konfransın
keçirilməsinin, bu konfransda elmi metodolji yanaşmanın
müəyyənləşdirilməsinin zamanı gəlmişdir.
37-ci il repressiyası ilə bağlı tədqiqatlarımda
və ayrı-ayrı məqalələrimdə məsələyə
müəyyən dərəcədə aydınlıq gətirmişəm.
Dövrün ədəbi, bədii, tənqidi
materiallarına yanaşmanın metodologiyası ilə
bağlı yazdığım “Ədəbiyyat və
repressiya; genezisi, xarakteri və yanaşma meyilləri” məqaləmdə
isə problemə nəzəri və metodoloji cəhətdən
təhlil etməyə çalışmışam. Burada isə 30-cu illər ədəbi mühitində
bir gənc tənqidçinin simasında yazdıqlarına və
tənqidçi portretinə münasibət bildirməyi
lazım bilirəm. Bu, həm də dövrün ədəbi
tənqidinə müasir yanaşmanı bütün
reallığı ilə ortaya çıxaran amillərdən
ola bilər.
Əvvəlcə, Zəngilinin kimliyi haqqında. “Z”, “Zəngili”,
“B.Zəngili” kimi imzalarla çıxış edən
Hüseyn Bünyatov 1911-ci ildə Zəngəzurda, Qafanın
Yuxarı Girətağ kəndində anadan olub. Kiçik yaşlarından yetim qalmış,
qardaşı ilə birlikdə Bakıya gələrək
burada fabrik-zavod məktəbində oxumuş, Bakı
Darülmüəllimində təhsilini davam etdirmişdi.
Yaxşı oxuduğundan onu Darülmüəllimində
saxlamışdılar. Bu illərdə ədəbi
dərnəklərə getmiş, mətbuat səhifələrində
publisistik yazılar və şeirlərlə
çıxış etmişdir. Dövrün
tanınmış yazarları Hüseyn Cavid, Abdulla Şaiq,
Mikayıl Müşfiq, Qantəmir və b. ilə yaxın
olmuşdur. Onun şeirləri (“Qafqaz”
(“Yeni yol”, 1928, 10 avqust), “Gülümsər” (Yeni yol”, 1929, 29
noyabr), “Aprel üçün” (“Gənc işçi”, 1932, 24
aprel) dövrün digər şairlərinin şeirləri
kimi ya təbiət təsvirlərinə, ya da siyasi hadisələrə
həsr olunmuşdu. Bugünkü ədəbi tənqidin
dönə-dönə “çeynədiyi”, sitatlar gətirdiyi
məqalələri isə bunlar idi; Almas
İldırımın ilk şeirlər kitabı haqqında
“Dağlar səslənirkən” (“Kommunist” qəzeti, 1931, 2
mart), Səməd Vurğunun ilk şeirlər toplusu ilə
bağlı “Şairin andı” (“İnqilab və mədəniyyət”,
1931, N3-4), Mikayıl Müşfiqin “Küləklər”
kitabı haqqında “Küləklər” (“Hücum”, 1931, N7-8,
s. 18-19), Abdulla Faruqun yaradıcılığı haqqında
gənclər ədəbiyyatına baxış kontekstindən
“Məcmuəmizdə bir sıra gənc yazıçılar”
(“Gənc bolşevik”, 1932, N7-8, s. 28-29). Hələ
ki, əlimizdə olan tənqidi məqalələri
bunlardır. Bununla da, onun tənqidçilik
fəaliyyəti başa çatıb. 1933-cü
ildə Bakıda NKVD tərəfindən çox ciddi şəkildə
təqib edildiyindən, həyatına real təhlükə
olduğundan burada qalması mümkün olmamış,
qohumlarının təkidi ilə onu doğulduğu kəndə
qaçırmışlar. O zaman bu təqibin
A.İldırımla əlaqəli olduğu dostları və
qohumlarına aşıq-aşkar məlum olmuşdur. Çünki A.İldırımın ilk kitabı
haqqında yeganə məqalə yazan Zəngili olmuşdur.
Aydındır ki, A.İldırımın Dağıstana
sürgünü onunla bağlı məqalə yazan tənqidçinin
də həbs və ya sürgününü
aktuallaşdıra bilərdi...
Lakin indi
məsələnin başqa tərəfi vardır;
A.İldırım haqqında məqalə
yazdığına görə Zəngili vaxtilə rəsmi
orqanlar tərəfindən izlənilir, təqib edilirdi, bu
gün isə ədəbi tənqid və ədəbiyyatşünaslıq
onu şairə qarşı kəskin mövqe tutmaqda
qınayır, bir qədər də dəqiqləşdirsək,
ona qarşı ağır ittihamlar irəli sürürlər
(burada ona görə ad çəkmirik ki, həm bunlar
çoxdur, həm də bizim məqsədimiz onları təkzib
etmək yox, məsələnin mahiyyətini araşdırmaq
və onun tənqidçi portreti ilə ədəbi cameəni
tanış etməkdir). Onun dörd məqaləsinə
gəldikdə, deməliyik ki, bunlardan üçü resenziya
(A.İldırım, S.Vurğun, M.Müşfiq), biri isə gənc
şair A.Faruqun şeirlərinin təhlilidir (əslində bu
da resenziya xarakterlidir, lakin şairin 1929-cu ildə
çıxmış “Üfüqlər qızaranda”
kitabı üzərinədir). Şairlərdən
A.İldırım və M.Müşfiq repressiya olunmuş,
A.Faruq müharibədə həlak olmuş, S.Vurğun isə
ömrünün sonunacan repressiya məngənəsində
qalmışdır. Bütün hallarda Zəngilinin
bu məqalələri onun gənc istedadlı, cəsarətli
bir tənqidçi kimi artıq
formalaşdığını göstərməkdədir.
A.İldırım
haqqında məqaləsini Zəngili belə başlayır:
“Gənc cığırdaşlarımızdan bəziləri
öz əsərləri ilə bugünkü ictimai həyatımızın
ədəbi ehtiyaclarını ödəməyə
çalışır və özünü əski burjuaziya
ədəbiyyatı təsirindən qurtarmağa can
atırlar. Bu gənc cığırdaşlardan Almas İldırım bir müddət proletar məfkurəsini
tərənnüm edən əsərlər yaratmaqda susqunluq
göstərdisə də, bu susqunluq çox çəkmədi!
Almas yoldaş öz qələmini proletar ədəbiyyatına
doğru çevirdi. Yeri gəlmişkən, deməliyik ki, Almas yoldaş sənətcə bir çox gənclərimizdən
qüvvətli olsa da belə, məfkurə cəbhəsində
çoxlarından geridədir”. Daha sonra
A.İldırımın ədəbi
yaradıcılığında bir sıra yeniliklər əldə
etdiyini, “millətçi bədbinlik kimi əskidən bizə
miras qalmış tör-töküntülərə zərbə
vurmağa səy” göstərdiyini qeyd edir. Tənqidçi
şairin “Parisə xitab”, “Hindistanda fırtına”, “9 yanvar”
kimi şeirlərini təhlil edərək həm “Dağlar səslənirkən”
şeirlər kitabında, həm də Dağıstanda
çıxan “Dağıstan füqərası” qəzetində
(nəzərə alaq ki, bu zaman A.İldırım artıq
Dağıstanda sürgündə idi-B.Ə.)
yazdığı şeirlərdə bugünkü ictimai həyatımızın
tələbatını tərənnüm edən əsərlər
verə bilmişdir”,-qənaətinə gəlirdi. Deməliyik ki, dövr üçün son dərəcə
cəsarətli qiymətdir. Bununla tənqidçi
şairin yeni cəmiyyətə rəğbətini göstərmək
istəmişdir. Tənqidçi şairin
ayrı-ayrı şeirləri üzərində də təhlillər
aparır, “Dağıstan xatirələri” şeirini “Nazlı
günəş çəkildikcə uzaqlara-ənginə,
Boyanırdı qızıl dağlar sarımtraq rənginə”
kimi sönük misralarla bitirdiyinə etirazını bildirir.
“Dağıstan qızı” poemasında isə
keçmiş həyatdan bizə miras qalan bəzi məsələlərə
zərbə vurmasını təqdir edir. “Şəhvət
qurbanları” misrası ilə həyatda davam edən bəzi
çirkin “yaramazlıqları açsa da”, bu poemadakı
“fahişə qadınların, nədənsə, Şura
hökuməti qurulandan sonra fahişəliyə
başlamasını” məqbul hesab etmir və onun yeni həyatın
bütün məşəqqətlərini qadın və
qızlarda axtarmasını tənqid edir. Krım
haqqında yazdığı şeiri ona görə tənqid
edir ki, “Şura Krım Cümhuriyyətinin əldə etdiyi
şanlı qalibiyyətini görmür”, bütün
varlığını “Krım qızlarının
hüsnünə həsr edir”. Onun belə
mövzular yazmaqdansa, bugünün tələbatından,
quruluşumuzun gedişindən yazsa, yaxşı
olacağını əminliklə ifadə edir. Tənqidçi
resenziyanı belə tamamlayır: “Buna baxmayaraq, deyə bilərik
ki, A.İldırım artıq öz qələmi ilə bizə
yaxınlaşır, öz əsərlərini proletar kütləsinə
təqdim etmək istəyir. Onu proletar
yazıçıları cəmiyyəti tərbiyə etməli
və internasional tərbiyəyə onun
yaradıcılığı yenilikləri təkmilləşdirməli
və nöqsanlarını
aydınlaşdırmalıdır. Biz əmin oluruq ki, Almas İldırım bizimlə proletar ədəbiyyatı
cəbhələrində çalışacaqdır. Biz Almas İldırımdan çox ümidlər
gözləyiriz. Onun gələcəkdə
şüurlu bir proletar yazıçısı olacağı
şübhəli deyildir”.
Əlbəttə, resenziyanı olduğu kimi, burada verə
bilməsək də, əsasən, məzmununu əhatə edə
bildik. Əvvəldən axıra tənqidçi gənc
şairin üstün cəhətləri ilə yanaşı,
qüsurlarını da deyir. Bu
qüsurların bəziləri şeirlərin bədii dəyərinə,
bəziləri isə ictimai məzmununa aiddir. Lakin bütün hallarda, gənc şairin
(özü də sürgündə olan!) ilk kitabına
resenziya yazmaq son dərəcə müsbət bir amil idi.
Tənqidçinin bütün məsuliyyəti
üzərinə götürüb onun proletar cəbhəsinə
yaxınlaşması və keçməsini təqdir etməsi
ona müsbət münasibəti kimi mənalanır. O ki
qaldı Zəngilinin tənqidi mətnindəki bəzi ifadələrə
(“cığırdaşlarımızdan”, “proletar ədəbiyyatı”,
“məfkurə cəbhəsi”, “əskidən bizə miras
qalmış”, “bədbinlik”, “millətçilik”, “internasional”
və s.), bunlar dövrün tənqidi leksikonundan və bir az
da dövrün ictimai-siyasi ruhuna köklənməkdən irəli
gəlirdi. Əgər dövrün digər tənqidçilərinin,
yaxud yazıçılarının da məqalə və
çıxışlarına diqqətlə baxsaq, bunun
ümumi ruha uyğun gəldiyini görmək olar. Bütövlükdə isə tənqidçinin
resenziyası şairin yaradıcılığını,
ümumən, doğru qiymətləndirir və onun siyasi
platformaya uyğunlaşdırmaqla sistemdən qorumaq məqsədi
daşıyırdı. Əlbəttə,
tənqidçinin opponentləri də müəyyən məqamlarda
haqlıdırlar, lakin haqsızlıq odur ki, məsələyə
yalnız bir prizmadan baxılır, ədəbiyyatşünaslığımızda
bu məqalələrə, əsasən, birtərəfli qiymət
verilir, yaxud düzgün olmayaraq repressiya ilə əlaqələndirilir.
Zəngilinin M.Müşfiqin “Küləklər”
şeirlər kitabına yazdığı resenziya da bu
baxımdan əhəmiyyətlidir. Şairi ümid verən
gənclərimizdən adlandıran tənqidçi, bu
kitabı bir çox şairlərin kitablarından qüvvətli
hesab edir. Tənqidçi M.Müşfiqin
yaradıcılığına da proletar ədəbiyyatı
mövqeyindən yanaşır, “sinfi mübarizənin bu gərgin
dövründə proletar yazıçılarının ədəbi
simalarını ortaya çıxarmaq və onu əməkçi
kütləyə tanıtmağı” əsas vəzifələri
sırasında görür. Ancaq “Küləklər”
haqqında S.Rəhmanın yazdığı məqaləyə
toxunaraq onu “tərifnamə” adlandırır və onunla
razılaşmadığını nümayiş etdirir.
O, Müşfiqin “Məni də alınız, Uçayım
dağlara, Qəlbimdə nə varsa, Açayım
dağlara” parçasını misal gətirərək onun
dağlara doğru uçmaq istəməsini belə mənalandırır:
“Onun dağları və küləkləri dumanlıdır. Müşfiq dağlara tərəf
qaçdığını və nə səbəbə belə
bir vəziyyət aldığını oxucu kütlələrinə
anlatmadan keçir”.
Tənqidçi
Müşfiqin “Qonaq” şeirini təhlil edərkən məsələyə
yenə də ictimai kontekstdən yanaşır və
şairin burada “bolşevik ordusunun bugünkü “qalibiyyətini”
göstərə bilmədiyini və bu qalibiyyəti “xala xətrin
qalmasın”,-deyə təsvir etdiyini bildirir. Onun
fikrincə, şeirin altında yazılmış “komsomolun 10
illiyinə” sözlərini pozmuş olursaq, şeir hər bir
burjuaziya mətbuatında yer tuta bilər. Halbuki,
tənqidçi özü də yaxşı bilirdi ki, bu zaman
ölkədə bir dənə də olsun burjua mətbuatı
yox idi. Şairin “26-lar” şeirini də
“Bakı komissarlarının sinfi mübarizəni və
yürütdükləri bolşevik qayəsini tərənnümdən
aciz qaldığına” görə tənqid edirdi. “Tozanaq” şeirini ictimai və əhəmiyyətli
bir qayədən məhrum hesab edir, “təbiətə göz
yaşı tökür, təbiətlə mübarizədə
ona zərbə çalanları cəllad adlandıraraq
içindən tunel keçən dağlara acıyır”.
Şairin “Onda ki, sinənizdən raylar çəkildi,
dağlar...” misralarını yüksək qiymətləndirən
Sabit Rəhmanın “Müşfiqin bu xitabı söylədiyimiz
bəzi səhvlərinə baxmayaraq, gözəl və
alqışlanacaq əsərdir...” fikrini ibtidai
savadsızlıq adlandırır və “tənqidçi”
sözünü dırnağa alır.
Zəngili S.Rəhmanın məqaləsinə o qədər
aludə olur ki, sanki Müşfiq yaddan çıxır, S.Rəhmanı
tənqid etməyə başlayır. O, S.Rəhmanın Müşfiqin
“Göy göl” şeiri haqda “Göy göl” Müşfiqin ən
sağlam yazılarındandır. Müşfiqin yazmış
olduğu “Göy göl” alqışlara nail olmalıdır,
o, Göy gölü bir proletar gözilə görür”,- fikrini qəbul etmir və “tənqidçi”nin
bu tərifnamə ilə “gözümüzə torpaq atmaq” istədiyini
bildirir. Zəngili Müşfiqin “Heykəl
qarşısında” şeirini də zəif hesab edir, onun əsas
xəstəliklərindən biri kimi romantik duyğunun təsvirinə
diqqət çəkir. Müşfiqin şeirlərinə
siyasi mövqedən yanaşan tənqidçi məqalənin
sonunda yazır: “Müşfiq bu parçalarında (bitərəf
şeir nümunələri nəzərdə tutulur-B.Ə.) həyata
tamaşaçı kimi qalır, nəticə etibarilə deyə
bilərik ki, Müşfiq küləklər əsərində
öz vaxtının surətindən geri qalmışdır. Müşfiqin yaradıcılığı
Türkiyə inqilabçı xırda burjua şairlərinin
və bəzən də Cavid və Cavadın təsirindən
qurtarmayır. Bir çox yerlərdə
dili Osmanlı türkcəsilə qarışıqdır.
Müşfiq yaradıcılığında xəstə
lirikalı çoban ədəbiyyatı da müəyyən
yer tutur”.
Zəngilinin bu iki resenziyası arasında xeyli fərqlər
vardır; tənqidçi A.İldırımın kitabı
haqqında bəzi tənqidlər səsləndirməsinə
rəğmən, ümumən onun
yaradıcılığını yüksək qiymətləndirmişdi. M.Müşfiqin “Küləklər”
kitabındakı şeirlər haqqında isə çox az təsdiqedici fikirlər söyləyir, təhlil
etdiyi əksər şeirləri ya zəifliyinə, ya da
ictimai, siyasi mövqeyinə görə tənqid edir.
Səməd Vurğunun “Şairin andı” kitabı
haqqında yazdığı resenziyasında ilk şeirini
(“Şairin andı”) əhəmiyyətli hesab edir və müəllifinin
istər “ictimai bilikcə və istərsə təhsil cəhətindən”
uğur əldə etdiyini bildirir. “Hərəkət”, “Uzaqlara
doğru”, “Hazır olunuz”, “Səriyyənin ölümü”,
“Şərqin qapısı” şeirlərində də
şairin bir sıra mühüm məsələlərə təmas
etdiyini təqdir edir. “Göydən yerə”
şeirini isə artıq qiymətini itirmiş bir məsələdən
bəhs etdiyinə görə tənqidi yanaşır. “Çörək dostu” şeirini də əhəmiyyətsiz
hesab edir. “İki körpə” şeirindən:
Mən bu
səhnəcikdən inandım gerçək,
Varmış bu həyatın xoş zamanları.
Bizdən
daha parlaq günlər görəcək,
Bu yeni
dünyanın qəhrəmanları,
-misralarını misal gətirərək yazır: “Səməd
Vurğun proletar ölkəsində olan azadlıq və
xoş günləri bu günə qədər görməmişdir. Səməd
bu azadlıq və xoş günlərə bu günə qədər
inanmayırmış. O, bu varlığı iki körpə
uşağın nəşəli oyunları ilə oynatmaq istəyir.
Özünü bədbinliyə vuraraq gələcək
günlərin bu cocuqlara mənsub olacağını söyləyir.
Halbuki, özü onlardan çox böyük
olmayan bir gəncdir”.
Tənqidçi
S.Vurğunun anasına həsr etdiyi “İnqilab yurdu” şeirindən
də “hicran və bədbinlik” qoxusu gəldiyini, şairin
öz anasından ayrılıb “inqilab beşiyi” Moskvaya təhsil
adlınca gedərkən “Göz yaşları
tökmüş, kiçik çocuq kimi anasının dizlərinə
düşmüş” və “özünü gülünc vəziyyətə
salmışdır” qənaəti ilə onun “burjua
psixologizmindən hələ uzaqlaşmadığını”
göstərirdi. O, şairin aprel inqilabının 10 illiyinə
yazdığı şeiri məzmunca təqdir etsə də,
inqilabın mahiyyətini başa düşmədiyini dilə
gətirir. Sanılıya ithaf edilmiş “Kür
çayı” şeirini əhəmiyyətsiz hesab edən tənqidçi,
bununla şairin “köhnə mahnılarını
çaldığını”, Sanılı kimi kəndi idealizə
etdiyinə də mənfi münasibətini ifadə edirdi.
Nəticə üçün tənqidçi S.Vurğunun “əski
məfkurəvi istiqamətindən (hansı?-B.Ə.) tamamilə
uzaqlaşmaq istəməsini yüksək qiymətləndirir
və bu işdə ona lazımi yardım edilməsini məqsədəuyğun
bilir və onun şeirlərinin bədii dəyər etibarilə
qüvvətli olduğunu “görməmək yaramaz”,- deyə
fikrini tamamlayır. Son sözündə isə
S.Vurğunu “yenidən tərbiyə olunmağa” dəvət
edir.
Zəngilinin A.Faruqun yaradıcılığı ilə
bağlı yazdığı məqaləyədək
şairin bir kitabı (“Üfüqlər qızaranda”,
Bakı, 1929) nəşr edilmişdi. Məqalənin məzmunundan (gətirdiyi
sitatlar kitabın səhifələrindəndir)
görünür ki, üç il əvvəl
çap olunmuş kitaba yenidən
qayıtmışdır. Zəngili burada da əvvəlki üç məqaləsində
olan tənqidi notların dozasını qoruyub saxlayır.
Tənqidçi şairin bir çox uğurlu
şeirlər yazdığı kimi, məfkurə və bədii
zövq etibarilə proletariatın zövqünü
oxşamayacaq şeirlər də yazdığına işarə
edir. Onun “Tarlada” şeirini təhlil edərkən
yazır: “Faruqun bu şeirindəki Almas
tipi xırda burjua sinfi nümayəndəsidir... Almasın dodaqlarından sızan mahnılar tam bir
qolçomaq məfkurəsini tərənnüm edir.
Müəllif əsərinin baş tipləri olan Almas və ixtiyar babanın sinfi mənsubiyyətlərini
aydınlada bilməmişdir. Hər iki tip mütərəddid
və passiv tiplərdir”.
A.Faruqun
Bakı tramvayının 5 illiyinə həsr olunmuş
“Tramvay”, “Ay Göyçay”, “Üfüqlər qızaranda”
şeirlərini də tənqid edir, ikinci şeirdə
Ə.Cavadın təsirini görür. Onun fikrincə
A.Faruqun:
“Dolansın
başına ulduzlar, aylar,
Qoy
atsın boynuna beton saraylar”-misralarını Ə.Cavadın:
“Dolansın
başına ulduzlar, aylar
O köhnə
dünyanın leylası da var..” fikri ilə
üst-üstə düşür.
Tənqidçi əvvəlki üç şairdən
daha çox proletar ədəbiyyatına yuvarlanan A.Faruqun da
xırda burjua məfkurəsindən qopmadığını,
bir çox parçalarının “cansız qafiyə və
söz yığınından” ibarət olduğunu dilə gətirir. Bununla
yanaşı, Faruqun günü-gündən irəliləməkdə
olduğunu da yaddan çıxarmır.
Zəngilinin bu resenziyalarını təhlil edərkən
belə qənaətə gəlmək olar ki, 30-cu illərin əvvəllərində
ədəbi mühitə gənc və istedadlı bir tənqidçi
gəlmişdir. O da başqa tənqidçilər kimi, şübhəsiz,
proletar tənqidinin nümayəndəsidir. Mətnə
bədii meyarlardan və dəyərlərdən daha çox
(buna ədəbi tənqid çox sonralar gələcək),
məfkurə prizmasından yanaşırdı. Bununla
belə, fikirlərində
cəsarətlidir, risklidir. Onun bu məqalələrində
bugünkü ədəbi tənqidi və ədəbiyyatşünaslığı
rəncidə edən bəzi dəyərləndirmələr
də vardır. Lakin ümumilikdə bu
cür dəyərləndirmələr dövrün ədəbi
mühiti üçün xarakterikdir. Dövrün
istənilən tənqidçisinin məqalələrində
bu cür söz və ifadələrə, fikirlərə və
dəyərləndirmələrə rast gəlmək olar.
Bəzi məqamları çıxmaq şərtilə,
bu məqalələrin ədəbi mühitdə geniş
rezonans doğurduğunu söyləmək olar. Hətta bu məqalələrdə bütün
şairlərin yaradıcılığına müsbət
yöndən yanaşıldığı, ümumən
şairin ən əsası məfkurə cəhətdən
ya proletar ədəbiyyatına yaxınlaşdığı,
ya da buna cəhd göstərdikləri təqdir edilirdi. Lakin bu məqalələri bu gün tamamilə
siyasi-ideoloji “gözlüklə” oxuduğumuzdan yaxud qiymət
verdiyimizdən ədəbiyyatşünaslığımızda
bir “Zəngili sindromu” formalaşıb. Həm
də Zəngilinin məqalə yazdığı kitabların
müəllifləri bu gün müəyyən mənada
klassikə çevrilmişlər. Ona
görə də tənqidçinin onların
yaradıcılığı haqqında dediyi tənqidlər
bizə adekvat görünmür. Halbuki, tənqidçinin
gətirdiyi şeirlərin müəllifindən, asılı
olmayaraq, zəif olanları da az deyil. Nəzərə
alaq ki, bu tənqidlər şairlərin ilk kitabları haqqında idi və
onları tənqid etmək adi bir iş idi. Zəngilinin
resenziyaları isə əslində, bu şairlərin
yaradıcılığını təqdir etmək və
özünü ifadə etməkdən başqa bir şey
deyildi. Lakin bu özünüifadə onun repressiyası
ilə də nəticələnə bilərdi... Zəngili bu
repressiyadan yaxa qurtarsa da, rejimin başqa bir cəza
maşınından (müharibə) qurtula bilməmişdir...
Zəngili də bir çoxları kimi İkinci Dünya
müharibəsinə getmiş və
qayıtmamışdır. Maraqlıdır ki,
haqqında məqalə yazdığı şair A.Faruqun da
taleyi müharibədə qırılmışdır. Zəngilinin
son məktubunda da həyatının son günləri, bəlkə
də son saatları təsvir edilirdi: “Əziz Nəni,
Savış, Hüsnü və Süleyman! (ailə
üzvləridir-B.Ə.) I.XII-də (1941-ci il-B.Ə.)
yazdığın məktubu aldım, oxudum, həm sevindim, həm
də... Ömrümün axır
çağlarında sizə axır məktub yazıram və
sizi öpürəm. Əcəl bizi
yaxalayıb. Bu gün, ya da sabah yox
olacağıq. Sizi ananıza, ananızı sizə,
hamınızı isə babanıza və qəricənizə
tapşırıram. Göndərdiyiniz pul
çatmadı, bizə qismət olmadı, geri tələb
edin...
Savışın yazdığı xüsusi məktubu
qoynumda saxlayıram, qoy o da mənim qanıma bulansın. Əlbət, belə
imiş... Hər üçünüzü son
dəfə öpürəm. Sizə
cansağlığı arzu edirəm... Hüseyn,
10.01. 42”. Ölümü
bu qədər yaxından görən, öləcəyinə
qətiyyən şübhə etməyən və
ölümlə üz-üzə olduğunu məktubunda ifadə
edən ikinci bir fakta rast gəlmək çətindir.
Beləcə, Zəngilinin (Hüseyn Bünyatov) tənqidçi
portretini burada tamamlayarkən onun müharibəyə getdiyi
zaman doğmaları ilə vida mərasimində dediyi şeirdən
bir parçanı verməklə, onun nə qədər
yurduna, vətəninə bağlı olduğunu bir daha yəqin
etmək olar:
Mən
necə ayrılım başı dumanlı,
Sıldırım dağlardan, göy çəmənlərdən?
Mənimçün
nə qədər əzizdir, bilsən,
Bu
doğma yurdumuz, bu əziz vətən!
Mən
necə ayrılım aylar uzunu
Həsrətin çəkdiyim uca dağlardan?
Sən özün bilirsən, nə deyim bunu;
Çətindir ayrılmaq qoca dağlardan...
1933-cü ildən sonra repressiya təqibindən yaxa qurtarmaq üçün ədəbi prosesdən çəkilən Zəngili imzası mətbuatda bir daha görünmədi. Kim bilir, bəlkə də ədəbi mühitdən çəkilməsə, o da repressiya qurbanlarından biri olacaq, ya da məşhur bir tənqidçi kimi müharibəyə getməyib sağ qalacaqdı?!
525-ci qəzet 2017.- 17 iyun.- S.18-19.