Nəsrimizin kraliçası

 

Sabir RÜSTƏMXANLI

 

Afaq Məsudu 20 yaşından tanıyıram. Azərbaycanın yaradıcı gənclərinin 1977-ci ildə Zaqatalada keçirilən seminarınin ən gənc və həm də ən gözəl üzvüydü. Qardaşı Eyvazla gəlmişdi.

 

Elə ilk görüşdən aramızda yaranan səmimiyyətin bir səbəbi də böyükləri ilə xoş münasibətim olmuşdu.

 

Afaqın atası - görkəmli ədəbiyyatşünas-alim Məsud Əlioğlu doktorluq işini müdafiə edəndən sonra “Ədəbiyyat və incəsənət” qəzetinə gəlmişdi və bu barədə yazını mən hazırlamışdım. Bu, geniş bir söhbət idi və sualların qoyuluşu, yazının səliqə-sahmanı xoşuna gəlmişdi. Bundan sonra məni bir-iki dəfə evindəki ailə, dost məclislərinə dəvət etmişdi. Afaq o zaman hələ balacaydı. Tanınmış yazıçı və alimlərin qatıldığı bir məclisdə yaşadığım hissləri heç vaxt unutmadım, çünki başqa yerdə o cür parlaq şeir, sənət, musiqi ruhu görməmişdim və bu ruhu yaradan da Məsud Əlioğlunun özüydü. Əli Vəliyev kimi sistemin yetirməsi olan  tanınmış şəxsiyyətin, sovet dövrü ədəbiyyatımızın təməl daşlarını qoyanlardan birinin oğlunun bu dərəcədə əks fikirli, üsyankar, sovet rejimiylə barışmaz olması və bunu açıq dilə gətirməsi məni heyrətləndirmiş və xoşbəxt eləmişdi...

 

Bütün axşamı Caviddən, Müşfiqdən, türk poeziyasından örnəklər söyləmiş, oxuduğu türk mahnılarıyla ortaya qeyri-adi bir doğmalıq və şənlik gətirmişdi. Heç kim məclisin başa çatmasını istəmirdi.

 

Sonralar mən bu keyfiyyətlərin bəzilərini Afaqın böyük qardaşı, əsgərlik yoldaşım İlyasda da görmüşdüm.

 

Onu Biləcəridən Məsud müəllim özü yola salırdı. İlyasın  mənimlə eyni hərbi hissəyə düşdüyünü biləndə sevindi: “Bir-birinizdən muğayat olun” - deyərək sanki bizim sonrakı dostluğumuzun əsasını qoydu.

 

İlyas da nikbin ovqatı, yumor qabiliyyəti, hazırcavablığı və zəngin informasiyası ilə atasına bənzəyirdi, yadddaşında qeyri-adi bir lətifə ensiklopediyası vardı. Heyf o da, balaca qardaşı Eyvaz da, ataları kimi həyatdan tez getdilər və Afaq zərif çiyinlərində bu dərdlərin hamısını daşımalı oldu.

 

Afaq Məsud - ədəbiyyata sanki, babasının ideoloji “məhkumluğunun”, yəni o vaxtın partiya tələblərinə uyğun yazmağ məcburiyyətinin intiqamını almağa, atasının böyük ədəbi ideyalarını həyata keçirməyə gəlib və məncə, indiyədək gördüyü işlərlə bu mənəvi vəzifəni artıqlaması ilə yerinə yetirib, onların ruhunu sevindirib və sevindirməkdə davam edir.

 

Bu gün Afaq Məsud görkəmli nasir, dramatiq, publisist, tərcüməçi, esseist kimi tanınır, gözəl ədəbi-tənqidi yazılar müəllifidir, bunlarla yanaşı, onda yüksək təşkilatçılıq, idarəçilik qabiliyyəti var; 1991-ci ildən, yaxın dostumuz Aydın Məmmədovun qəfil və faciəli ölümündən sonra Azərbaycan Tərcümə Mərkəzinə bacarıqla rəhbərlik edir. Buna qədər Afaq xanım “Azərbaycanfilm” kinostudiyasında çalışıb, Azərbaycan televiziya filmləri studiyasında direktor olub. Yəni analığın, qadınlığın, çox zaman yaradıcılığa vaxt, ovqat və hövsələ buraxmayan doğma yükünü daşımaqla yanaşı, bütün həyatını mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına sərf edib.

 

Belə bir arasıkəsilməyən xidmətin, iş-gücün və ailə qayğılarının içində Afaqın Azərbaycan nəsrində öz dəsti-xəttini yaratması, müxtəlif janrlarda biri-birindən dəyərli əsərlər yazması və üstəlik, dünya ədəbiyyatından neçə-neçə mürəkkəb, ağır əsəri dilimizə çevirməsi əsl qəhrəmanlıqdır. Afaqın özünü hansı janrda daha yaxşı ifadə etdiyini demək çətindir. Çünki onun hekayələri bədii estetika, söz və ifadə yeniliyi, obrazlılıq, qəhrəmanlarının bənzərsizliyi və bu günün ictimai-psixoloji yükünün daşıyıcıları olmaq baxımından romanları ilə, esseləri ağılla duyğusallığın harmoniyası və informativlik sarıdan məqalələri ilə eyni səviyyədə dayanır və hamısında da yüksək sənətkarlıq, cəmiyyətin durumunu həssaslıqla görmək vəbədiiliklə ifadə etmək bacarığı var. Çağdaş həyatımızın elə bir gizli-açıq mənəvi-ictimai problemi yoxdur ki, Afaqın gözündən yayınsın, onun əsərlərində sərt, güzəştsiz bir qələmlə təsvir edilməsin. “Duyğular imperiyası”ndakı romantik-fəlsəfi ümumiləşdirmələri hekayələrdəki sürealizm çalarları ilə zəngin olan dərin psixoloji təsvirlər əvəz edir. Bunun sayəsində O, balaca hekayələrində də unudulmaz surətlər yarada bilir. Lakin bununla yanaşı, əsərlərinin hamısında həm də cəmiyyətin bütün ziddiyyətlərini görən, Vətənini taleyi üçün rahatsız olan, yollar axtaran, yanan, kişi kimi sözü açıq və mərdi-mərdanə deyən sərt və əyilməz bir müəllif xarakteri var. Bu baxımdan onun yaradıcılığı çağdaş nəsrimizdə özəl bir hadisədir və ədəbiyyatşünaslara bol material verir; onun haqqında indiyəcən yazılıb və şübhəsiz, yenə yazılacaq.

 

Afaq kitablarından birini “Yazı” adlandırır. Vaxtilə bir qocaman arxeoloq məni Yazı sözüylə Çöl sözünün eyni kökdən gəldiyinə inandırmağa çalışmışdı. Məsələn, Qarayazı-Qaraçöl. Afaq xanımın bu kitabının o qədim etimoloji bağlılıqla heç bir əlaqəsi olmasa da, bu adı sadəcə “gündəlik işlərimin, yazılarımın bir parçası” deyə, iddəasızlıq örnəyi kimi seçsə də, kitabda, doğrudan da, bir genişlik var; əsərlərin mövzu coğrafiyasından başlamış duyğuların hüdudsuzluğu, düşüncələrin insan ömrünün bütün sirlərinə, yaşantılarına söz ömrü vermək cəhdi - bu nəticəyə gətirir. Buna görə də kitabın iki bölümü haqlı olaraq “Duyğular imperiyası” adlandırılıb və burda Afaqın yaradıcılığının ən dəyərli nümunələrindən olan və yəqin ki, illər uzunu, fürsət düşdükcə yazdığı esselər verilib. Esselerdə duyğuların əlvanlığı, kaleydoskopu var. Görən, duyan, qiymətləndirən, zaman və məkan anlayışlarının sərhədlərini aşan, bu günü keçmişə, keçmişi bu günə daşıyan, insanlar arasındakı irq, din çərçivələrini nəzərə almadan hamını ürək və sevgi diliylə danışdıran  esseler Afaq xanımın iç dünyasının şəklləridir. Duyğular - tonqaldan sıçrayan qığılcımlar kimi, axan ulduzlar kimi anidən yanıb sönür; yazıya keçdisə ədəbiləşir, söz ömrü qazanır. Bu esselər, şeir kimi, müəllifin həyatının yazıya köçürülmüş anlarıdır; ruhunun və hisslərinin ələ keçmiş və söz qəfəsinə salınmış parçaları, bədii-fəlsəfi əksidir. Buna görə də Afaq öz imperiyasında azad və rahatdır. Duyğularını paylaşmaqdan çəkinmir.

 

Esse yazmaq bu baxımdan xüsusi bir qabiliyyət istəyir. Esse yazarın iç dünyasının pərdələrinə qaldırır - qabında nə var görünür. Afaq Məsud öz “imperiyasının” maraqlı bir tərifini verir: “Duyğular imperiyası - addaşı, əfsanəvi gəmi qəzalarıyla, ölüb getmiş dəniz otları və yosunlarla, qaranlıq, sirli dərinliklərdə boğulmuş saysız ölüləri və köpək balıqlarıyla dolu, ucsuz-bucaqsız okean sahilindən götürülmüş bir ovuc balıqqulağıdır”.  Təbiətin də öz hikməti və səxavəti var: okean toxunulmazdır, ona sahiblənmək olmaz, lakin bir ovuc balıqqulağının hər birində onun əbədi uğultusu və nəğməsi yaşayır...

 

Esse həm də yüksək dil bilgisi və aforistlik ifadə bacarığı tələb edir. Bunların hamısı “Duyğular imperiyasında” var.

 

Əslində, “İzdiham” romanını da Duyğular imperiyasının bir parçası saymaq olar.

 

Afaq Məsudun iri həcmli əsərlərindən biri “Azadlıq” romanıdır. Bu əsərin ilk variantı “Yazı” kitabında “Yasaq yuxular” adı altında nəşr olunmuşdu. Yeri gəlmişkən, deyim ki, yuxu haqqında danışdığımız əsərlərin əsas xətlərindən, ifadə üsulundan, başqa sözlə desək, qəhrəmanlarından biridir. Bu əsərlərdə”Azadlıq” sözü ilə “Yuxu” sözü arasında gizli bir əlaqə görünür; izdiham da, azadlıq da cəmiyyətin qarışıq yuxularına bənzəyir. Ancaq indi bu məsələyə toxunmaq və Afaq Məsud qələmində obrazların xarakterini açmaqda yuxunun, azadlığa can atan ruhların nə qədər ciddi yer tutduğunu təhlil etmək istəmirəm.

 

“Azadlıq” bir romanın adı olsa da, Afaq Məsudun bütün yazılarının başlıca ideyasını təşkil edir. Esselerindən tutmuş hekayələrinə, romanlarınadək onun bütün əsərlərində azadlıq ehtirası, mühitindən qopmağa can atan bir insanın, bir  toplumun, bir xalqın çırpıntıları, mənəvi üsyanları, mübarizə və faciələri var. Azadlıq onun üçün bəzən yuxudur, bəzən özünü aylarla bağ evində həbs edib yazı yazmaqdır, bəzən sərçələrə qoşulub uçub getməkdir, bəzən də ölümdür.

 

Dəyərli qələm dostumun yaxın dövr Azərbaycan Müstəqillik hərəkatına, meydana və meydankılara münasibətinin bəzi cəhətləri ilə razılaşmasam da (həmin hadisələrə bu günün gözüylə yox, o vaxtın imkanı, şəraiti, şərtləri və ictimai tələbləri müstəvisində qiymət vermək daha ədalətli olar), küll halında milli mübarizənin natamamlığı, buraxılan səhvlər haqqında ağrıları başadüşüləndir; hərəkatı daha güclü və mükəmməl,  sonucunu itkisiz və uğurlu görmək arzusundan irəli gəlir. Eyni zamanda, bədii əsərdə müəllif sərbəstliyi də nəzərə alınmalı, Azadlıqdan yazanın öz azadlığına toxunulmamalıdır.

 

Əsərlərində yazıçı Afaq Məsud tale qəfəsində, mühit və cəmiyyətin burulğanında çırpınan zərif bir ruh təsiri bağışlayır. Ancaq o, zərif olduğu qədər də güclüdür; qəfəsin bütün anatomiyasını görür, ona kənardan yox, içəridən baxır.

 

Onun qadın qəhrəmanı bütün sıxıntılarına baxmayaraq, ruhən ətrafdakılardan daha ayıqdır. Cəmiyyətdə baş verən prosesləri diqqətlə izləyir, yaradıcılıq işlərinin çətin tələblərinə və rejiminə baxmayaraq, ailə qarşısındakı borcunu unutmur.

 

Afaq Məsudun hekayələrinin hər biri ayrıca incələnməyə layiq əsərlərdir; həm də təkcə mövzu və ya göstərdiyi mənəvi-ictimai bəlalar baxımından deyil, sənətkarlıq, canlı, bədii və dop-dolu dil, orijinal yanaşma və bədii vasitələrin mükəmməlliyi baxımından...

 

Alman səfirliyində xırda bir qrand üçün günlərlə sorğu-suala tutulan Mərkəz işçisinin nəhayət dözməyib bu şübhələrə, pedantlığa üsyan qaldırmasının; Akademiyada  yeni bir “yardım kampaniyasında” böyük alimlərin xaricdən gəlmiş uşaq-muşaq önündə əzilməsinin yüksək vətəndaşlıq ruhu ilə təsviri Afaqın bütün yaradıcılığına xas olan mövzu və ifadə vəhdətini göstərir...Onun  qəhrəmanları ehtiyacdan, soyuqdan, zülmətdən, sevgisizlikdən, qayğılardan, duyğusuz adamlardan və başını itirmiş cəmiyyətdən azadlığa can atırlar. Bu anlamda Afaq Məsudun yaradıcılığı Mirzə Cəlilin, Ə.Haqverdiyevin hekayələri kimi sarkazm və ağrıyla doludur. Yeri gəlmişkən deyim ki, onun görkəmli sənət adamları, dostları haqqında məqalələri dəgözlənilməz yanaşmalarla, xarakteri açan qeyri-adi müşahidələrlə zəngindir.      

 

Dünya ədəbiyyatında elə nəsr əsəri var ki, dialoq üstündə qurulub, qəhrəmanların iç aləmini, xarakterini səhifələrlə, fəsillərlə davam edən söhbətlərlə açmağa çalışırlar. Afaqın əsərlərində dialoq azdır, çünki, o daha çox özü-özüylə danışır. Özü də, qəhrəmanları da danışmaqdan çox düşünürlər. Diləgətirilməyən şeyləri də fikirləşirlər; ağrıyırlar, qorxurlar, əzab çəkirlər, yol axtarırlar; qapalı bir mühitdə olsalar da, cəmiyyətin bütün acıları onların içindən və səssiz duyğularından keçır. Buna görə də onun ən balaca hekayə və essesi də ruhsal mahiyyəti ilə yanaşı, həm də ictimai pafos daşıyıcısıdır.

 

Yazıçı Afaq Məsud sərtdir, amansızdır, ən gizli nöqtələrə toxunmaqdan, insan təbiətinin örtülü cəhətlərini dilə gətirməkdən, cəmiyyəti rəzil və düşkün vəziyyətə salan  bəlaların ən dərin köklərini göstərməkdən çəkinmir. Təhkiyyəsindəki çevik keçidlər, dilin və təsvirlərin çoxqatlılığı, insan psixologiyasını böyüdücü şüşə altındakı kimi araşdırmaq onun nəsrinin seçilən cəhətləridir. Afaq qadın, kişi nəsri anlayışını çoxdan dağıtmışdır, onun əsərlərindəki “Mən” bir çox kişilərə cəsarət, mərdlik, dürüstlük, dünyaya ayıq baxmaq, sevgi və yorulmadan çalışmaq dərsi verə bilər.

 

Bugünlərdə Afaq xanımın yubileyi oldu. Mən onu - nəsnimizin kraliçasını, Duyğular imperiyasının hakimi olan xanım həmkarımızı, həmişəbahar dostumuzu ürəkdən təbrik edir və ona yeni yaradıcılıq uğurları, bundan sonra da dinclik bilmədən çalışmaq imkanı arzulayıram...

 

Afaq sözü qədim türkcədə Ap ağdır! İlk tanışlığımızda onu adının qədim deyilişinə bənzətmişdim: təmiz, gözəl siması ilə o mənə alma çiçəyini xatırlatmışdı. İllər keçıb, onu çox seyrək görürəm, ancaq rastlaşanda yenə o ilk təəssürata qayıdıram və elə bilirəm Afaq işin, idarəçiliyin, qayğıların, amansız yaradıcılıq əzablarının, ara verməyən düşüncələrin, zamanın sıxıntılarının arasında nə qədər əzilsə də, yazılarında nə qədər tünd boyalar olsa da, ruhən yenə Ap ağdır...İşığın azalmasın, Xanım!

 

8 iyun, 2017

525-ci qəzet  2017.- 17 iyun.- S.14.