İşıq adam
SONA
VƏLİYEVANIN “İŞIĞA GEDƏN YOL” ROMANI HAQQINDA
QEYDLƏR
Kənan HACI
Şərqin böyük mütəfəkkirlərindən
olan Mövlana Cəlaləddin Rumiyə məxsus bir fikir var. O
deyir ki, bir sarayın ən böyük otağına gecənin
qaranlığında bir şam işığı ilə
girsəniz nə olar? Otaqdakı bütün
qaranlığı şam işığı yediyi
üçün ətraf aydınlanar. Şam
isə otağın qaranlığını yeyib udduğu
halda yenə elə kiçik və təvazökar olaraq qalar.
Bu, şamın xislətindən doğan
xüsusiyyətdir.
Şam
misalı ətrafına işıq saçan insanlar
olmasaydı, bir milləti cəhalət qaranlığından
xilas etmək üçün ömrünü şam kimi əridən
maarif fədailəri olmasaydı, XIX əsrin sonu, XX əsrin əvvəllərində
adlarını sadaladıqca bitməyən fikir
dühalarımız yetişməyəcəkdi, bu gün
bizim zəngin ədəbi xəzinəmiz o qaranlıqlar
içində görünməz olacaqdı. O şam misalı insanlar Azərbaycanın ictimai-fəlsəfi,
ədəbi təfəkkürümüzün, mətbu
fikrimizin formalaşmasında müstəsna rol oynadılar. Belə insanlardan birincisi də anadilli mətbuatımızın
banisi Həsən bəy Zərdabi idi.
Bu böyük insanın fəaliyyətinin miqyası o qədər
genişdir ki, onun haqqında danışanda həm də
bütövlükdə Azərbaycan haqqında
danışmış olursan. Əlimərdan bəy
Topçubaşov “Azərbaycanın mayakı” adlı
xatiratında bu fikri çox gözəl ifadə edib: “Onu əhatə
edən mövcud həyat işığın bütün
şüalarını tələb edirdi, Günəş
şüasının bütün spektrlərinə ehtiyac
duyurdu. Həsən bəy həyatın bu tələblərinin
ardınca getməli idi və gedirdi. O, təkcə hər
hansı bir kateqoriyanın tələbləri üzərində
dayana bilməzdi. Təkcə bir peşənin işçisi ola bilməzdi - bu peşə nə qədər
cazibədar, şərəfli, faydalı olsaydı belə”. Müəllif fikrini inkişaf etdirərək
yazır ki, xalq ondan bütünlüklə ona məxsus
olmağı istəyirdi və Həsən bəy də
xalqını canından artıq sevdiyi üçün
özünü bütövlükdə milləti uğrunda fəda
etməyə hazır idi. Həsən bəy
həyatının mənasını xalqa xidmətdə
görürdü. İnsan
varlığının müstəsnalığı Həsən
bəy Zərdabinin simasında daha qabarıq şəkildə
özünü göstərdi. O, elə bir
boz-bulanıq mənəvi iqlimdə, cəhalət
dumanının gözləri kor etdiyi mühitdə yetişdi
ki, onun zəkasına, bilik və bacarığına hava, su qədər
ehtiyac vardı. Xilaskar missiyası Tanrı tərəfindən
onun taleyinə yazılmışdı. Tanrı
onu seçmişdi.
Bu günlərdə yazıçı Sona Vəliyevanın
Həsən bəy Zərdabinin həyat və
yaradıcılıq yolundan bəhs edən
“İşığa gedən yol” romanını oxudum. Tarixi sənədlərə
söykənərək yazılmış bu romanın baş
qəhrəmanı Zərdabiylə yanaşı, həm də
Azərbaycandır. İmperiya siyasətinin
basqısı altında inləyən bir ölkənin
xilasını təhsildə görən, xalqının
maariflənməsi yolunda mübarizə aparan insanlar çar
Rusiyasının gözünün düşməni idi.
Çox təəssüf ki, yerli mülkədarlar,
bəylər, məmurlar da öz mənafeləri naminə bu
xilaskar insanları hər fürsətdə qaralamağa,
sıradan çıxarmağa
çalışırdılar. Zərdabi
bu qaragüruha qarşı təkbaşına
döyüşürdü. Sona xanım Vəliyeva
bu seçkin insanın, canlı məşəlin
doğumundan ölümünə qədərki şərəfli,
mübarizələrlə, qovğalarla dolu həyatını
bədii sözün qüdrəti ilə yenidən
canlandırır. Babasının sevimlisi
olan balaca Həsənin yuxularında gördüyü
Kürün səthiylə uzanıb gedən nur yolu əslində,
onun özünün yolu idi. Tanrı bu
yolu onun qismətinə yazmışdı. Bir dəfə məktəbdə şagirdlərə
gələcəkdə hansı peşəni seçəcəyi
ilə bağlı inşa yazdıranda Həsən müəllim
olacağını, Zərdabdan Şamaxıya qədər
bütün kəndlərdə məktəblər
açdıracağını yazmışdı. Həsəngilin ailəsi bəy nəslindən idi və
onların geniş torpaqları vardı, istəsəydi kənddə
qalıb qardaşları kimi bu torpaqlara sahiblik edər, əsl
bəy kimi yaşaya bilərdi. Amma o,
başqa bir sevdanın yolunu tutdu, elm, maarif təşnəliyi
onu Zərdabdan Şamaxıya, ordan Tiflisə, ordan da
imperiyanın paytaxtı Moskvaya çəkib apardı.
İslamın əsas məzhəblərindən olan
ismaililik təriqətinə görə, canlı varlıqlar
arasında insanlığın çələngi kimi kamil
insan meydana çıxmalıdır. Belə bir insanın təzahür
etməsi dünya ruhunun təkmilləşməyə
doğru səy göstərməsi ilə izah olunur. Kamil insan dünyaya insanları xilas etmək
üçün gəlir. Xilasetmə isə
kamil biliyin, elmin, təhsilin nailiyyətidir. Həsən
bəy Zərdabi də
Azərbaycanı qaranlıqdan, cəhalətdən
xilas etmək üçün dünyaya gəlmişdi. O,
toplumun maarif yolu ilə işığa
çıxacağına qəlbən inanırdı.
“İşığa gedən yol” romanı Həsən bəyin
şəxsiyyət olaraq formalaşdığı bu
dövrü canlı bədii boyalarla təsvir edir. Əsərdə
dramatik, ürək ağrıdan səhnələr bir-birini əvəz
edir. Oxucu Həsən bəyin Moskvada təhsil
aldığı dövrdə millətinə nə qədər
bağlı olduğunu, xarakterinin
bütövlüyünü əyani şəkildə
görür. Moskva Dövlət
Universitetində böyük rus tarixçisi Sergey Solovyovla
çox yaxın münasibətləri yaranmışdı və
Həsən bəy dəfələrlə onun evində qonaq
olmuşdu. Onunla Solovyovun qızı
arasında bir eşq macərası da
yaşanmışdı, amma Həsən bəy bir müsəlman
olaraq xristian qızı almaqla özünü xalqdan və
xalqı özündən uzaqlaşdırmaq istəmirdi.
Bu, onun ideallarına zidd idi. Müəllif
onların arasında yaranmış munis hissləri o qədər
zərif üslubda qələmə alır ki, oxucu bu labüd
ayrılıqdan mütəəssir olmaya bilmir. Həsən bəy təhsilini bitirib vətənə
qayıdanda da həyatında belə bir xoş təsadüflə
üzləşir. Bu dəfə Taclıbəyim
adlı bir qızın saf, məsum hissləriylə
üz-üzə qalır. Amma Həsən
bəy hələ yolun başlanğıcında idi,
arzuları hələ gerçəkləşməmişdi.
Evlənmək, ev, ailə
qayğılarıyla yüklənmək onu bu ali məqsədlərdən
uzaq sala bilərdi. Bu məqsədlər
uğrunda o, şəxsi hislərindən də vaz keçməliydi,
çünki o amallar xalqının işıqlı gələcəyini
təmin edəcəkdi, onu cəhalət
bataqlığından xilas edəcəkdi.
Həsən bəy bu sevgini də içində
boğmağı bacardı və uzun bir yola
çıxdı. O, millətin kasıb balalarının təhsil
almasını təmin etmək üçün xeyriyyə cəmiyyəti
yaratmağı düşünürdü və Azərbaycanı
qarış-qarış gəzərək bütün
imkanlı, nüfuzlu bəyləri, mülkədarları bu
müqəddəs işə cəlb etmək istəyirdi. Bu səyahət boyunca qarşımıza Azərbaycanın
ictimai, ədəbi-bədii, fəlsəfi fikir tarixində
müstəsna rol oynamış parlaq simalar çıxır.
Ümumiyyətlə, romanda XIX əsrin
sonları, XX əsrin əvvəllərində Azərbaycanın
maarifçilik hərəkatında iştirak etmiş bir
çox şəxsiyyətlərin parlaq obrazları
yaradılıb. Həsən bəyin şagirdləri və
daha sonra davamçıları olmuş Nəcəf bəy Vəzirov,
Əsgərağa Adıgözəlov (Gorani), özündən
sonra gələn nəsilləri öz ədəbi məfkurə
bayrağı altında birləşdirən Mirzə Fətəli
Axundzadə, Seyid Əzim Şirvani, Xurşudbanu Natəvan, Məhəmmədağa
Şahtaxtlı, Əlimərdan bəy Topçubaşov,
Hacı Zeynalabdin Tağıyev və daha kimlər, kimlər...
Roman müəllifi hadisələri real və
irreal sintezdə təqdim edir, Həsən bəyin mütəmadi
olaraq eyni yuxunu cüzi fərqlərlə görməsi paralel
olaraq onun tale marşrutunu müəyyənləşdirir.
Bu missiyanın obrazlı təqdimi əsərin
ideya və məzmunca zənginləşməsinə xidmət
edir.
Romanda daha bir məqam diqqəti çəkir. Müəllif Həsən bəyi
el-el, oba-oba gəzdirdikcə bu yurd yerlərinin hər birinin
tarixi, etnoqrafiyası haqqında müfəssəl bilgi verir və
bu cənnət guşələri (Şamaxı, Gəncə,
İrəvan, Naxçıvan, Şuşa)
sonsuz bir məhəbbətlə təsvir edir. Yazıçı
coğrafi məkandan kənara çıxır, bu şəhərlərin
ruhuna xitab edir, bu şəhərlərin qəlbini mənəviyyat,
sənət, estetika, elm vasitəsilə fəth edir.
Ən ürək göynədən məqamlar isə Həsən
bəyin bu müqəddəs missiyasının uğursuzluqla
nəticələnməsi idi. Getdiyi bütün
şəhərlərdə iki-üç maarif xadimindən
başqa heç kəs onun yaratdığı cəmiyyətə
cüzi miqdarda da olsun, maddi yardım etmək istəmir. Hərəsi bir bəhanə ilə pul verməkdən
boyun qaçırır. Onlar kasıb
balalarının onların övladları ilə eyni məktəbdə
təhsil almasını qəbul edə bilmirdilər. Həsən bəy tək qalmışdı,
yığılan pul isə uşaqların uzun müddətli
təhsili üçün yetərli deyildi. Hənifə xanım öz ömür-gün
yoldaşını ruhdan düşməyə qoymur,
çiyin-çiyinə verib öz evlərində imkansız
uşaqlara dərslər keçirlər. Hənifə
xanım uşaqlar üçün qış geyimləri
tikir, onları yedizdirib-içizdirir, öz övladlarından
ayırmır. Həsən bəyin
sarsılmaz iradəsi, millət sevgisi olmasaydı,
başladığı işlər də yarımçıq
qalacaqdı, Hənifə xanımın dözümü, səbri,
fədakarlığı olmasaydı, Həsən bəy bu
ağır missiyanı çiyinlərində təkbaşına
daşıya bilməyəcəkdi. Romanda Həsən bəyin
“Əkinçi”nin nəşri
üçün qatlaşdığı əzablar, narahat
günlər, aylar, Zərdabda qaragüruhla mübarizəsi,
Dövlət Dumasındakı qaynar fəaliyyəti dolğun
və əhatəli şəkildə, prozaik dillə qələmə
alınıb.
Milli teatrımızın və mətbuatımızın banisi Həsən bəy Zərdabinin irsi zaman-zaman araşdırılıb, haqqında monoqrafiyalar, tədqiqat əsərləri, kitablar yazılıb. “İşığa gedən yol” isə Azərbaycan ədəbiyyatında Həsən bəy Zərdabidən bəhs edən ilk romandır. Düşünürəm ki, gələcəyini jurnalistika, yazı sənəti ilə bağlamaq istəyən hər bir gənc bu romanı oxumalıdır.
Həsən bəyin maarif yolunda yorulmaz mübarizəsi, millət sevgisi bu kitabın hər səhifəsində, hər cümləsində işıq saçır. Ürəyimiz növbəti səhifəni əlimizdən tez açmaq istəyir. İşığa gedən yol heç zaman tükənmir. Sələflərin yolunu xələflər davam etdirməlidir ki, gələcəyimizin yolları həmişə işıqlı olsun.
İşığa gedən yol həm də bu
kitabdan keçir.
525-ci qəzet 2017.- 17 iyun.- S.15.