Otuz il
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
Düz
otuz il bundan qabaq - 1987-ci il iyunun 18-də Azərbaycan
Yazıçılar İttifaqı İdarə Heyətinin
Plenumunda mən bu təşkilatın rəhbəri (Birinci
katibi) seçildim.
Mən vəzifəyə Partiyanın təyinatı və
təlimatı ilə deyil, yazıçıların öz
istəyi, öz təşəbbüsü və öz təklifiylə
seçilmiş ilk və bu günə qədər yeganə
şəxsəm. Bununla qürur duyduğumu açıq
deməliyəm.
İkinci. Mənə qədər heç kəs bu
vəzifədəbeləuzun müddətdə işləməyib.
Məndən əvvəl olan 9 sədrdən ən
çox müddət bu vəzifəni tutan Mirzə
İbrahimov olub. Mirzə müəllim müxtəlif
vaxtlarda 1947-1956, 1965-1976, 1981-1986-cı illərdə
Yazıçılar İttifaqına rəhbərlik edib və
bu illəri üst-üstə gələndə belə, 25 il çıxır. Deyə bilmərəm
ki, bu vəzifəni ardıcıl olaraq hamıdan artıq
tutduğumla da qürur duyuram, amma hər halda bu da faktdır və
bunu da sadəcə fakt kimi qəbul etmək lazımdır.
Arada
sırada - gündəlik cari işlərdən, min cürə
qayğılardan, min bir problemdən başım
açılanda düşünürəm - bu otuz il mənim həyatımda nə idi? İtirilmiş illər? Ya
qazancım? Yaradıcılığa, ailəmə,
səhhətimin qeydinə qalacağım, ya sadəcə elə
özümçün yaşaya biləcəyim Zamanın nəyəsə
qurban verilməsi? Yaxud hansı ilahi
qüvvəyləsə boynuma yüklənmiş və
daşımalı olduğum missiya? Taleyin
lütfü, ya taleyin oyunu, şıltağı? Vacib həyat məktəbi, ya bəraətsiz, əfvsiz
cəza müddəti?
Məcburi güzəştlər dərsi ya müqavimətə,
əngəllərə, hər növ fitnə-fəsadlara sinə
gərərək iradə, dözüm, dönməzlik
sınaqları? Düşmən qazanmaq şansı, dost itirmək səbəbi,
xeyirxahlıq təşəbbüsləri, ya narazılıq
zəmini? İnsanların daha çox müsbət
cəhətlərini görmək sevinci, ya daha çox
yüz sifətə düşənləri
tanımağın acısı? Bütün
bu və neçə-neçə bu sayaq sualların
cavabını hələ də bilmirəm.
Doğrudanmı dünyada sual çoxdur, cavab az?
İlk dəfə
mənim bu təşkilata rəhbər vəzifəyə gətiriləcəyim
haqqında söz söhbət bu fikrin gerçəkləşməsindən
hələ neçə il əvvəl
-1981-ci ildə ortaya atılmışdı - həyatımın
ən ağır ilində. O il aprelin 1 də
atamı itirmişdim.Yüz gün sonra -iyulun 10 da anam
dünyasını dəyişdi. Atamın
ölümündən iyirmi gün sonra Yazıçılar
İttifaqının o vaxtkı sədri İmran Qasımov vəfat
etdi. Yazıçıların bu arada
keçirilməsi nəzərdə tutulan qurultayında yeni sədr
seçilməliydi. Qurultay ərəfəsində
Şüvəlan Yaradıcılıq evində Mərkəzi
Komitənin Birinci katibi Heydər Əliyevin
yazıçılarla görüşü keçirildi.
Bu görüşün təfərrüatı haqqında Ulu
Öndərə həsr etdiyim “Unudulmaz görüşlər”
kitabında yazmışam və deyilənləri təkrar etmək
istəmirəm. Qorbaçovun başladığı və hər
şeyi kökündən dəyişən yenidənqurmaya hələ
neçə il qalırdı və təbii,
həmişə olduğu kimi, Yazıçılar
İttifaqının rəhbəri də yüksək partiya
orqanlarının tövsiyyəsi ilə seçilməli idi.
Əvvəlcə ucundan qulağından
eşitmişdim ki, namizədlər sırasında mənim də
adım hallanır. Sonra o vaxt Mərkəzi Komitənin
ideoloji katibi Həsən Həsənovun dəvətiylə
onunla görüşlərimizdə bu məsələ bir az da konkretləşmişdi sanki. Həsən
Həsənovla hələ o, Kirovabadda katib işlədiyi
zamanlardan xoş münasibətlərimiz vardı və onun Gəncədə
mədəniyyət sahəsində gördüyü
önəmli işlər
haqqında “Qədim Gəncə - Yeni Gəncə” adlı
oçerk yazmışdım
(Yeri gəlmişkən, nüfuzlu partiya qəzeti bu adda
oçerki buraxmadı ki, burda Kirovabad sözünün
üstündən qələm çəkilir), Allah Şamil
Xurşidə rəhmət eləsin,
“Azərbaycan gəncləri”nin redaktoru kimi o, oçerki
qəzetin bir neçə nömrəsində dərc etdi.
Mətləbdən yayındım. Həsən müəllim mənimlə
bir neçə dəfə iş saatları bitəndən
sonra Mərkəzi Komitədə görüşüb uzun
söhbətlər aparırdı, mənim müasir ədəbiyyatımıza,
ayrı-ayrı yazıçılarla
münasibətlərimə aid suallar verirdi. Bu
söhbətlər bəzən saatlarla, gecə
yarısına qədər çəkirdi. Söhbətin
nədən getdiyini zənn etdiyimçün bir dəfə Həsən
müəllimdən: -Yaxşı, Heydər Əliyeviç
kimi nəzərdə tutur? - deyə
soruşdum, Həsənov çox sərrast cavab verdi: -bunu
bilsəydim, daha səninlə belə uzun-uzadı söhbətlər
etməzdim ki...
Başa düşdüm ki, bu söhbətlərimizin məğzini
Heydər Əliyevə çatdırır. Son qərarı
əlbəttə, o verməli idi. Bir də
xatırladım ki, təqvimdə 1981-ci il
idi. Desəm ki, bu məsələyə tam biganə
idim - riyakarlıq olar. Əlbəttə, bu məni də
düşündürürdü, amma bu itkilər ili mənimçün çox ağır
keçirdi, həm də belə dözülməz şəraitdə
Şuşada “Üzeyir ömrü” filminin çəkilişləriylə
məşğul idim. Odur ki, tamamilə səmimi deyirəm, bu
vəzifə məsələsi mənim üçün
çox arxa planda idi...
Axır ki, Qurultayın vədəsi tamam oldu. Mən də
çıxış etdim və
çıxışımı bu sözlərlə bitirdim:
- Mən
sözümü yazıçıların bütün
qurultaylarında iştirak etmiş və bu qurultayda iştirak
edə bilməyən şairin sözləriylə
tamamlayıram:
Mübarizə
bu gün də var, yarın da
mən
də onun ən ön sıralarında.
Bu sözlər uzun sürən gurultulu alqışlarla
qarşılandı.
O vaxtki
Dzerjinski (indi Şəhriyar) klubunda keçirilən qurultayda
seçkilərdən qabaq Heydər Əliyev bir neçə
yazıçını ayrı-ayrılıqda qəbul edirdi.
Sonunculardan birində məni
çağırdılar yanına. Mənimçün
çox önəmli olan bu söhbətimiz haqqında “Unudulmaz görüşlər”də
ətraflı yazmışam. Burda yalnız bir məqamı
təkrar xatırlatmaq istəyirəm, Heydər Əliyev mənimlə
son dərəcə nəzakətlə, hörmətlə və
bir ata qayğıkeşliyiylə danışırdı.
Söhbət etdiyi yazıçıların da
mənim haqqımda yaxşı fikirdə olduğunu qeyd
edirdi, amma onu da deyirdi ki, mənim yazılarımda həyatımızı
çox qara, tünd boylarla təsvir olunduğunu
çatdırırlarmış ona. “Əlbəttə həyatımızda
mənfi hallar çoxdur və biz onlarla mübarizə
aparırıq, amma hər halda işıqlı tərəflər
də az deyil axı, onları da görmək lazımdır və
mən sizə (mənimlə o görüşdə “sizlə”
danışırdı) bir ata kimi məsləhət
görürəm ki, işıqlı tərəflərdən
də yazasınız”.
İclas başlandı və Həsən Həsənov
Mərkəzi Komitənin adından Mirzə İbrahimovu sədr
və İsmayıl Şıxlını Birinci katib vəşifəsinə
seçilməsini təklif etdi. Təbii ki, yekdilliklə
seçildilər. Mən də ilk dəfə
olaraq Rəyasət heyətinə üzv seçildim. Həsən
Həsənova etirazımı bildirdim: “Qobustan”
Yazıçılar İttifaqının orqanı deyil, məni
niyə Rəyasət heyətinə seçdirdiniz? - dedim. Sonralar Həsən Həsənov
danışırdı ki, mənim əleyhimə əsasən
yaşlı və orta nəsil yazıçıları
olublar. Əsas arqumertləri dəideloji cəhətdən
yabançı mövqedə durmağım olub. “Odur ki səni sədr seçmək mümkün
olmadı. O ki qaldı Birinci katib məsələsinə,
onu da Mirzə müəllimin istəyiylə həll etdik”.
Mirzə İbrahimovla xoş münasibətlərimiz
vardı. Mirzə
müəllim bir ara əvvəlki vəzifələrindən
uzaqlaşdırılıb təklənəndə “Literaturnaya
qazeta”da ona həsr etdiyim “Yaradıcılıq meridianları”
adlı məqaləmi dərc etdirmişdim. Elçinin
dediyinə görə, Mirzə müəllim bu yazıdan
çox razı qalıb, riqqətlənibmiş. Sonrakı illərdə Mirzə müəllimin
“Şəhərin yay günləri”, “Təhminə və
Zaur” tamaşaları haqqında xoş məramlı məqalələri
çıxdı. Mirzə müəllimin
Birinci katib vəzifəsinə məni təklif etmədiyinə
görə də ona çox minnətdaram. Mən
heç bir vəzifədə ikinci adam
kimi işləyə bilmərəm. Qoy, lap ən
kiçik vəzifə olsun, amma öz başımın
ağası olum. Özümdən xəbərsiz (və
öz istəyimin əleyhinə bir müddət işlədiyim)
Teatr Cəmiyyəti sədrinin ictimai əsaslarla(yəni
maaşsız) Birinci müavini vəzifəsinə təyin
olunmağımı çox böyük narazılıqla
qarşıladım və narazılığımı Mərkəzi
Komitənin Mədəniyyət şöbəsinin o vaxtkı
müdiri Azad Şərifova da bildirdim:
- Bilirdim
ki, adamları özlərindən xəbərsiz vəzifədən
çıxarırlar, amma bilmirdim ki, özündən xəbərsiz
vəzifəyə təyin etmək də olurmuş.
Baxmayaraq
ki, eyni zamanda, Teatr Cəmiyyətinin sədri seçilmiş
Şəmsi Bədəlbəyliyəböyük hörmət
bəsləyirdim və insafən birgə işlədiyimiz
müddətdə o, heç vaxt mənimlə “sədr-müavin”
ierarxiyasına (tabeçiliyinə) yol vermədi.
1981-ci il Qurultayından sonra isə xəstəxənada
ölüm yatağında yatan anam seçilmədiyimi biləndə
yastığının altından üç manat
çıxarıb mənə uzatdı ki dilənçilərə
payla, nəzir eləmişdim səni bu vəzifəyə
seçməsinlər. Yazıq anam mənim altı il sonrakı həyatımı sanki öncəgörənliklə
duymuşdu. Axı o, bu vəzifənin
tarixçəsini də yaxşı bilirdi. Məhz bu vəzifəni tutan ilk iki şəxs Kazım
Ələkbərli və Seyfulla Şamilov repressiya
qurbanları olmuşdular. İş
otağında, iclas zamanı, yazı masasının
arxasında Mehdi Hüseynin ürəyini
partlatmışdılar. İmran
Qasımov bu vəzifədə çərrədilib xərçəng
xəstəliyinə düçar oldu.
Qorbaçovun ölkə rəhbəri seçiməsiylə
hər şey kökündən dəyişdi. Sonda SSRİ-nin
dağılması və respublikaların, o cümlədən,
Azərbaycanın da müstəqilliyini bərpa etməsiylə
nəticələnən bu prosesin nə məqsədlə və
nə üçün həyata keçirilməsinin sirlərini
ola bilsin ki, tarix açacaq.Yaxud da bu sirr
heç vaxt açılmayacaq. Amma hər halda
ilk mərhələdə bu yenidənqurma və
aşkarlıq siyasəti yaradıcı təşkilatlara və
yaradıcı adamlara müəyyən sərbəstlik
vermişdi. O illərdə Moskvada üç
Ümumittifaq qurultayda nümayəndə kimi iştirak etdim -
Yazıçıların, Kinematoqrafçıların və
Teatr xadimlərinin qurultaylarında. Keçən
illərin rəsmiyyətindən, şablon
çıxışlarından uzaq, azad düşüncə,
cəsarətli fikirlər, yeni ab-hava, yeni ruh yeni bir eranın
başlanğıcından xəbər verirdi. Elə o illərdə Moskvanın “Sovetskaya kultura” qəzetində
dərc etdirdiyim “Pora nadejd” (“Ümidlər zamanı”) adlı
yazımda mən də bu dəyişikliklərə,
keçmişin qalıqlarından və qəliblərindən
xilas olacağımıza ümidlərimi ifadə etmişdim.
Heyhat!Qarşıda bizi hansı faciələrin
gözlədiyini haradan biləydik?
O vaxt bu
baxımdan bizim Yazıçılar təşkilatında da
yeni ab-havaya ehtiyac duyulurdu. Bu təmayüllər
çıxışlarda da üzə
çıxırdı, mətbuata da süzülürdü.
Mirzə İbrahimov könüllü şəkildə
İttifaqın Sədri vəzifəsindən istefa etdikdən
sonra təşkilata rəhbərliyi Birinci katib İsmayıl
Şıxlı edirdi. Sabir Azərinin “Sovetskya kultura” qəzetində
dərc olunmuş məqaləsində Azərbaycan
Yazıçılar İttifaqının ünvanına tənqid
səslənmişdi. Bu bir qaydadır ki, təşkilatın
rəhbəri kim olur olsun, ondan hökman
narazı qalanlar da meydana çıxacaq.
Yazıçılar
İttifaqına müstəqil rəhbərlik etdiyi bir il ərzinlə İsmayıl müəllimin də
şəkər xəstəliyi şiddətlənmişdi və
o da könüllü surətdə ərizə verib işdən
azad olunmasını istəmişdi.
Bu məsələni
həll etməkçün 1987-ci il, iyunun
18-nə Plenum təyin olunmuşdu. Plenumdan əvvəl
Sədrin otağında Rəyasət heyətinin iclası
keçirildi və İsmayıl müəllimin ərizəsi
müzakirə edildi. Mən də çıxış
edərək onun işdə qalmasını təklif etdim,
dedim ki, məsələ İttifaqın rəhbərliyinin dəyişdirilməsində
deyil, iş metodunun dəyişdirilməsində, yeni
dövrün verdiyi imkanlara uyğun qurulmasındadır. Rəyasət
Heyətinin toplantısında da, bir saat sonra Natavən klubuna
başlanan Plenumun işində də Mərkəzi Komitənin
ideoloji işlər üzrə katibi Ramiz Mehdiyev və Mədəniyyət
şöbəsinin müdiri Vəfa Quluzadə iştirak etsələr
də, çıxış etmədilər.
Dediyim kimi, dövr dəyişmişdi və Mərkəzi
Komitə bilavasitə Yaradıcılıq təşkilatlarının
işinə qarışa bilmirdi.
Amma bir həqiqəti də deməsəm olmaz ki, o vaxt Mərkəzi
Komitənin Birinci katibi Kamran Bağırov mənim seçilməyimi
istəyirdi. Çox illər sonra bir “sirri” açmağın da
zamanı yetişib. Plenum ərəfəsi MK nın başqa bir katibi Həsən Həsənov
mənə: sədr seçmək məsələsi ortaya
çıxsa sənin namizədliyini yazıçılardan
kim təklif edə bilər? - deyə
soruşdu. Bir an da tərəddüd etmədən: -Əkrəm Əylisli
- dedim, Həsən müəllim Əkrəm Əylisliyə
telefon etdi, məsələdən agah etdi və soruşdu: səncə
İsmayıl müəllimin ərizəsinə Plenum razılıq
versə, onun yerinə kim namizəd ola bilər? O biri telefonla
Həsən müəllim mənimlə əlaqə
yaratmışdı və Əkrəmin cavabını
başqa telefondan eşitdim: - Əlbəttə Anar - dedi
Əkrəm. Bunu unutmuram, amma bir az komik məqam da yadımda
qalıb. Bu cavabdan dərhal sonra Əkrəm Həsən
müəllimdən xahiş etdi ki, onun Əylisdə tikdirdiyi
evə bir maşın daş
göndərmək lazımdır. Həsən müəllim
sevincək:-Əşşi bu asan məsələdir,-dedi-sən
bu təklifi plenumda ver.
Doğrudan da, Plenumda bu təklifi ilk olaraq Əkrəm səsləndirdi,
sonra Tofiq Bayram, İsi Məlikzadə, İsa İsmayılzadə
namizədliyimi dəstəklədilər.
Mən də, İsmayıl müəllim də Natavan
klubunda arxa sırada əyləşmişdik. Bir cavan yazıçı
elə hey: İsmayıl müəllim, ərizənizi geri
götürün - desə də, İ.Şıxlı ona məhəl
qoymurdu. Mənim yanımda o vaxt çox gənc
olan qadın yazıçı əyləşmişdi. Məsələnin partiya işçilərinin
birbaşa müdaxiləsi olmadan yazıçılar tərəfindən
həll olunduğunu görüb Qorbaçova dua edirdi.
Qorbaçovun sonrakı əməllərindən nə xəbəri
vardı ki...Onun da, mənim də, hamımızın da... Xanım yay sarafanında idi.
- Bilsəydim
belə olacaq, ayrı paltarda gəlib mən də
çıxış edərdim - deyirdi. Bu
paltarla kürsüyə çıxmaq istəmirdi.
Otuz il
keçib o gündən, çox şey dəyişib, ədəbi-ictimai həyatda
da, insan münasibətlərində də...
Nəhayət,
İsmayıl müəllimin çıxışı məsələyə
son nöqtə qoydu:- Səhhətimlə
bağlı ərizəmdə israr edirəm- dedi-mən də
Anarın namizədliyini dəstəkləyirəm.
Yekdilliklə seçildim və
çıxışımda ilk növbədə
İsmayıl müəllimə minnətdarlığımı
bildirdim.
Pis bir vərdiş var, biri başqasının yerinə
gələndə ya təzə gələn köhnənin
işlərini yamanlıyır, ya da köhnə təzə gələnin
fəaliyyətini burunlayır. Mən təşkilata
rəhbər seçiləndən İsmayıl müəllimin
son gününə qədər aramızda səmimi rəğbət
və hörmət hisslərini qoruyub saxlaya bildik. O da,
ağ saqqallardan Mirzə İbrahimov da, Süleyman Rüstəm
də, Bayram Bayramov da Rəyasət
heyətinin üzvləri kimi keçirdiyimiz bütün
iclaslarda mütləq iştirak edirdilər, onlardan xeyli cavan
olduğuma baxmayaraq, mənə həmişə böyük
ehtiramla yanaşırdılar, məsləhətlər verirdilər.
Mən də təbii ki, daima onların hörmətini
saxlayırdım. Bakıda və Qazaxda
İsmayıl Şıxlının yubileyini təntənəylə
keçirdik.
Seçildiyim gün keçirdiyim fərəh hissini
danmaq istəmirəm. Çox böyük niyyətlərim,
planlarım vardı. Onları həyata
keçirəcəyimə umidim də çox idi, həvəsim,
enerjim də. O günün unudulmaz hadisələrindən
biri də Mərkəzi Komitənin Birinci katibi Kamran
Bağırovla görüşüm oldu. Seçiləndən
dərhal sonra zəng vurub məni onun yanına
çağırdılar. Təbrik etdi və heç
gözləmədiyim sözləri dedi: “Sənin seçilməyini
istəyirdik, amma bilirsən müdaxilə elə bilməzdik,
bütün gecəni yatmamışam ki, görəsən
Plenum necə keçəcək”.
Bu sözləri də heç vaxt unutmuram.
Səhərisi gün - iyunun 19 da oğlum Turalla Sevincin
toyu olmalıydı. O vaxtkı “Moskva” mehmanxanasının restoranında yer
almışdıq, qonaqlar dəvət olunmuşdu. 19-da səhər acı bir xəbər gəldi -
böyük bibim Sarə xanım rəhmətə gedib.
Qonaqlara bir-bir zəng edib toyun təxirə
salındığını dedik. Abbas Zamanovun sözləri
yadımda qalıb: bu ailənin bəxti belədir, bir gözləri
güləndə, o biri ağlayır. Turalgilin
səfər biletləri də çox qabaqcadan
alınmışdı. Bibimin yeddisi
çıxandan sonra - ayın 26-da toyları oldu. Toyun səhərisi
bildim ki, dünən başqa bir yaxın qohumumuz - Ənvər
Məmmədxanlının bacısı Həbibə
xanımın və rəssam Tağı Tağıyevin
böyük oğulları, özü də rəssam olan
Namiq vəfat edib, toyu pozmamaqçün bizə deməyiblər.
Namiq çox yapışıqlı oğlan
idi, mən də onu çox istəyirdim. Səhərisi
gün onu dəfn etdik, mən isə səhər Moskvaya
uçmalıydım, ilk dəfə Yazıçılar
İttifaqının rəhbəri statusunda Moskvada ədəbi
tədbirdə çıxış etməliydim. O gecə
məsuliyyətli bir çıxışı nə halda, nə
vəziyyətdə, nə ovqatda yazdığımı
xatırlayanda bir az
təəccüblənirəm.
Üç nəfər getməliydik. İki
müxtəlif səpgili şairlər olan Fikrət Qocaya və
Məmməd İsmayıla getməyi təklif etdim. Yeri gəlmişkən, bilirdim ki, bir çox
yazıçıların, o cümlədən, Məmməd
İsmayılın mənzil şəraiti ağırdır.
Mirzə İbrahimov Üzeyir Hacıbəyov
küçəsindəki mənzilini, Elçin də yeni evə
köçdüyünə görə Hüsü Hacıyev
küçəsindəki mənzilini təhvil vermişdilər.
İttifaqda işə başladığım
elə birinci ayda Mirzə müəllimin dörd otaqlı mənzilini
Məmməd İsmayıla, Elçinin üç otaqlı
mənzilini İsi Məlikzadəyə verdik.
Seçiləndən
təxminən bir ay sonra - iyulun 24-də Yazıçılar
İttifaqının Plenumu çağrıldı və mən
geniş məruzəylə - bir növ proqram məramnaməylə
çıxış etdim. Plenumda Ramiz Mehdiyev, Vəfa Quluzadə,
Dövlət Nəşriyyat Komitəsinin sədri Nazim
İbrahimov, Radio və televiziya Komitəsinin sədri Elşad
Quliyev, Moskvadan və başqa respublikalardan qonaqlar da iştirak
edirdi. Bu məruzəm “Aşkarlıq
işığında” adı altında kitabımda dərc
edilib. Amma iş prinsiplərimin hansı əsaslarla
qurulacağı haqqında müəyyən təsəvvür
yaratmaqçün həmin məruzədən bəzi
parçaları burda gətirirəm:
“50-ci illərin axırı və 60-cıların əvvələrini
xatırlamalı oluram. Şeir baş vermiş acı səhvlərə
və sosializm qanunçuluğunun pozulmasına qarşı
kükrək bir ehtirasla öz qəzəb səsini
ucaldırdı, nəsr illər boyu məzəmmət
olunmuş temalara, illər boyu sənət hədəfi kimi
lüzumsüz görünən, sadə adi adamlara (onları
nədənsə kiçik adamlar adlandırırdılar)
üz tuturdu. Azərbaycan ədəbiyyatının bəlkə
dəbəzi başqa qardaş ədəbiyyatlardan fərqləndirən
o idi ki, bu proses bir-iki şair və nasirin yox, çox
geniş ədəbi pleyadanı əhatə edirdi və
bütün nəsillərə-yaşlı nəslə-ağsaqqallara,
orta nəslə və ən gənc nəslə mənsub olan
bir sıra istedadların ümumi səyləri, ümumi
hümməti və qeyrəti sayəsində meydana gəlirdi.
Bir də təkrar edirəm - bu heç də müəyyən
nəslin deyək ki, yalnız 60-cı illərdə ədəbiyata
gələn nəslin xidməti deyildi.Bu nəsil həmin illərin
ədəbi prosesində mühüm rol oynasa da, ədəbiyyatın
ümumi mənzərəsində daha əvvəlki nəsillərin
xidmətlərini və zəhmətlərini unutmaq nankorluq
olardı...
... Sinli adam həqiqətin haçan və nə dərəcədə
tam deyilib - deyilməməsinə müəyyən müdrik təmkinlə
yanaşı bilirsə, gənclik daha maksimalistdir və
yarımçıq həqiqət, çərək həqiqət
onunçün yalandan betərdir.
Gəncləri
qandıranda ki, 1937-ci il olmayıb, otuz
altıncı ildən sonra birbaşa otuz səkkizinci il gəlib,
onda bütün başqa iddialarımıza, sözlərimizə
də şübhəylə yanaşmağa
başlayırlar...
Burda mən
bir məsələni də qaldırmaq istərdim...Tərcümə
və ədəbi əlaqələr mərkəzi məsələsini...
Əvvəllər belə bir mərkəzin
yaradılması yalnız maraqlı bir təşəbbüs
sayıla bilərdisə, hazırkı vəziyyətdə
günün ən vacib və təxirəsalınmaz tələblərindəndir.
Əhəmiyyətli olan bu təşkilatın
yaxın bir zamanda yaranması, tərcümə işindəki
müəyyən pərakəndəliyə son qoyması,
vacib beynəlmiləlçi rolu olan prosesi düzgün
yönəltməsidir. Biz dilimizə nə
təsadüfi müəlliflərin təsadüfi əsərlərini
çevirməliyik, nə də Azərbaycan ədəbiyyatı
adı altında sönük, zəif əsərlərin
başqa dillərdə ədəbiyyatımızı gözdən
salmasına imkan yaratmalıyıq. Gürcüstandakı
Tərcümə və ədəbi əlaqələr mərkəzi
işə başlayarkən yalnız 50 nəfər
işçisi olub, indi işçilərinin sayı iki
yüz nəfərdən artıqdır və onlar ensiklopediya
işçiləri statusuna bərabərləşdirilmişlər.
Biz də belə bir mərkəzi tez bir zamanda yaratmalı və
onun səmərəli işləməsi üçün hər
bir şərait düzəltməliyik...
...
Yazıçılar İttifaqı Mədəniyyət
Nazirliyinin imkanları daxilində ədəbi muzeylərin,
yazıçıların muzeylərinin yaranmasına kömək
göstərməyə hazırdır, Cəlil Məmmədquluzadənin,
Ordubadinin, Cavidin Bakıdakı ev muzeylərinin taleyinə ədəbi
ictimaiyyətimiz biganə qala bilməz. Əlli beş
ildən bəri yurdsuz-yuvasız yaşayan Teatr muzeyinin aqibəti
də bizi düşündürməyə bilməz...
...Yazıçılar
İttifaqı Maarif Nazirliyiylə sıx iş birliyi şəraitində
əlifba və Ana dili kitablarının, ədəbiyyat dərsliklərinin
və proqramlarının daha dolğun, daha
səviyyəli və obyektiv olması sayəsində iş
görməlidir. Uşaqlarımızın ilk oxuduqları əlifba,
Ana dili kitablarından tutmuş, yuxarı sinif şagirdlərinin
dərsliklərinə qədər bütün bu kitablar Azərbaycan
ədəbiyyatının bütün zənginliyini, əlvanlığını,
çoxcəhətliyini əks etdirən, dilimizin
saflığını numayiş etdirən bir örnək
olsun, balalarımız bayatılarla və nağıllarla,
Koroğlu və Aşıq Ələsgər
qoşmalarıyla, Vaqif və Sabir şeirləriylə, Cəfər
Cabbarlı və Səməd Vurğun əsərləriylə
dilə yiyələnsinlər. Dərslik müəlliflərinin,
nəşriyyat redaktorlarının öz şeirlərini,
yazılarını oxumağa hələ vaxtları çox
olacaq...
... Mən
arzulardım ki, Yazıçılar İttifaqının
qapısından içəri girən hər bir
yazıçı-cavanı da, yaşlısı da burdan incik
halda, pisikmiş halda getməsin, bir məsələ onun istədiyi
kimi həll olunmadıqda belə, bunun məhz ədalət
naminə belə həll olunduğuna sidq ürəklə
inansın...
... Tənqid
kifayət qədər sərt və kəskin ola
bilər. Amma heç vəchlə kobud və
qaba olmamalıdır. Tənqidçi zəif
hesab elədiyi hər hansı əsər haqqında ən kəsərli
və inandırıcı iradlarını söyləyə
bilər, amma o, heç kəsin mənliyinə, heysiyyətinə
toxunan sözlər, ibarələr işlətməməlidir.
Heç kəsi sancmamalıdır. Bunu
özünə rəva bilən tənqidçilərə mən
ən elementar və insani bir dəlillə xitab etmək istəyirəm:
təsəvvür edin ki, sizin ələ
saldığınız, rişxənd və kinayəylə
damğaladığınız və doğrudan da, zəif əsər
yazmış müəllifin ailəsi, övladları var,
yazını onların gözüylə oxuyun.Tənqidlə,
ən kəskin tənqidlə razılaşmaq olar, təhqirlə,
kinayəylə, atmacalarla heç bir vaxt
barışmamalıyıq...
... Bizim ədəbiyyatımızda
ögey-doğmalıq məsələsinə birdəfəlik
son qoymaq lazımdır. Bizi nə yerliçilik təəssübü
ayırmalıdır, nə müxtəlif nəsillərə
mənsubiyyətimiz, nə bir-birindən fərqli sənət
zövqlərimiz, üslub növlərimiz... Hələ də
katibliyə bəzi redaksiyalardan şikayətlər gəlir
ki, orada məsələn, şeirin ideya-bədii keyfiyyətinə
baxmadan, o, yəni şeir, elə ancaq şəklinə(vəzninə)
görə qapıdan geri qaytarılır... Şeir -
şeirdir, istərsən heca vəznində yaz, istərsən
sərbəst vəzndə, istərsən əruzun
mütaqarib bəhrində...Qeyr-şeir də qeyri şeirdir,
yenə də istəyirsən qafiyəsiz yaz, istəyirsən
qafiyəli...Bu ögey-doğmalıq söhbətinə ədəbiyyat
naminə, ədəbi vicdanımız naminə, nəhayət
gəncliyimiz və gələcəyimiz naminə son
qoymalıyıq...
... Bu gün ədəbiyyatımızda
öz fikri, öz sözü olan heç bir yaradıcı
qüvvə ədəbi prosesdən kənarda
qalmamalıdır. Biz “Ədəbiyyat və incəsənət”
qəzeti səhifələrində Vaqif Səmədoğlunun,
Firuzə Məmmədlinin, Ələkbər Salahzadənin,
Ramiz Rövşənin,Vaqif Cəbrayılzadənin, Dilsuzun
şeirlərini də oxumaq istəyirik, Əkrəm
Əylislini, Vaqif Nəsibin, Ağamalı Sadiqin hekayələrini
də, Kamil Vəliyevin, Aydın Məmmədovun məqalələrini
də... Mən başqa adlar da çəkə
bilərəm, qəsdən bu qəzetdə nadir çap
olunan, ya heç çap olunmayanlardan bir neçəsinin
adını çəkirəm. Yeri gəlmişkən,
A. Məmmədovun “Drujba narodov” jurnalının 7-ci nömrəsində
dərc olunmuş maraqlı məqaləsinə diqqətinizi
çəkmək istəyirəm. Müasir nəsrimiz
haqqında dəqiq müşahidələrlə zəngin
olan bu məqalədə bir sıra mübahisəli cəhətlər
də var. “Qətl günü” romanını tamamilə
haqlı olaraq yüksək qiymətləndirən tənqidçi
bu gözəl əsərin yaranmasını Yusif Səmədoğlunun
“Ulduz”un redaktoru kimi təşkilatçılıq fəaliyyətiylə
əlaqələndirir. Y.Səmədoğlunun
redaktorluq işini təqdir etsək də, bu işin “Qətl
günü” romanının yaranmasında nə kimi rol
oynadığını anlamaq çətindir. Məqalənin
başqa bir yerində A.Məmmədov yazır: “Belə bir
hiss doğur ki “Beşmərtəbəli evin altıncı mərtəbəsində”
Anar, “Mahmud və Məryəm”də Elçin məxsusi olaraq
“oxunaqlı-məhəbbət” xəttini daxil edirlər ki,
öz yazılarını daha cəlbedici etsinlər”.
Adları çəkilən hər iki əsər məhəbbət
mövzusundadır. Bu mövzunun nə dərəcədə uğurlu
işlənib-işlənməməsi haqqında müxtəlif
rəylər ola bilər, amma mən onu
başa düşə bilmirəm ki, elə binədən məhəbbət
mövzusunda yazılmış əsərlərə məhəbbət
mövzusunu nə sayaq daxil etmək olar. Bunları
deməklə bərabər mən səmimi bir arzumu da bildirmək
istəyirəm. Arzu edirəm ki A.Məmmədovun
həmin məqaləsi tərcümə edilsin (ya azərbaycanca
yazılıbsa, orijinalda) “Ədəbiyyat və incəsənət”
qəzetində dərc olunsun. Birinci ona
görə ki, həmin qəzetdə istedadlı tənqidçimizin
imzası görünsün. İkinci ona görə ki,
məqalədə mübahisəyə səbəb olacaq yerlər
varsa da, bu dəyərli məqalədir və belə
sağlam mübahisələrin də ədəbiyyata ancaq
xeyri var. Üçüncü də ona görə ki, həmin
məqalənin Azərbaycan Yazıçılar
İttifaqının
orqanınıda çap olunması lazımlı bir
faktı nümayiş etdirmiş olar: bütün başqa
yazıçılar kimi, İttifaqın katibləri də
toxunulmaz və tənqidolunmaz deyillər.
Bir arzumu da bildirmək istəyirəm. “Ədəbiyyat
və incəsənət” qəzetinin səhifələrindədə,
“Azərbaycan” və “Ulduz” jurnalları səhifələrində
də çoxdan rast gəlmədiyimiz bir imzaya, maraqlı tənqidçilərimizdən
olan Asif Əfəndiyevin imzasına rast gəlmək istərdik.
Bu məsələni bir az xırdalamaq istəyirəm.
Bilirsiniz ki, vaxtilə Asif Əfəndiyev məni
də, bir çox başqa
yazıçılarımızı da kəskin tənqid edib.
Mən bu tənqidlə əsasən onda da
razılaşmırdım, indi də mübahisə etməyə
hazıram. Amma Asif Əfəndiyevin ədəbiyyata
öz baxışları var. O, öz mövqeyi olan və bu
mövqeyini ifadə edə bilən bir tənqidçidir, onun
ədəbi prosesdən, mətbuat səhifələrindən
kənarda qalması düzgün deyil. Mən
istərdim ki, məni düzgün başa düşəsiniz.
Kimsə düşünə bilər ki, bu
misalları çəkməklə mən özümü
yaxşı qələmə vermək, qəlbimin geniş
olmasını nümayiş etdirmək istəyirəm. İnanın ki, belə deyil. Mən başqa
bir məqsəd güdürəm: demokratikləşmə,
aşkarlıq şəraitində biz hər cür ədəbi
mülahizəni, hətta razılaşmadığımız
mülahizəni belə dinləməyə və bu mülahizələrlə
sakit, ədəb-ərkan dairəsində mübahisə etməyə
alışmalıyıq. Biz razı
olmadığımız qənaətlərlə
açıq fikir yarışına, fikir toqquşmasına
hazır olmalıyıq. Demokratiya dərsləri məhz
bundan başlanır...
Bu işdə hamımıza böyük uğurlar diləyək”.
Otuz il bundan qabaq səslənmiş bu məruzədən
belə iri fraqmentlər gətirməkdə məqsədim
odur ki, burda qoyulan məsələlərdən bir neçəsinin
aradan keçən müddətdə həyata keçməsinə
diqqət çəkim.
1991-ci il martın
18-19-da Azərbaycan Yazıçılarının Doqquzuncu qurultayı keçirildi,
Qurultayda təşkilatımızın Birlik adlanması
haqqında qərar qəbul edildi və mən yekdilliklə
Yazıçılar Birliyinin sədri seçildim. 1997-ci il oktyabın 28-də Azərbaycan
yazıçılarının Onuncu (müstəqillik
dövründə Birinci) Qurultayı, 2004-cü il mayın
21-də On Birinci Qurultayı, 2014-cü ildə On İkinci
qurultaylarında açıq səsvermələrdə
yekdilliklə yenidən Sədr seçildim.
Bu illərdə
otuz il qabaq məruzədə
qaldırılan məsələrdən çoxu həllini
tapdı. Bəzi dövrlərdə təşkilatımızda
hökm sürən yerliçilik, regionçuluq təmayüllərinə
birdəfəlik son qoyuldu. İstedadlı
gənclərə sözdə yox, işdə qayğı
göstərildi. Birliyin gənclərlə iş üzrə
katibi vəzifəsi yaradıldı və bu vəzifəyə
Rəşad Məcid seçildi. “Ulduz”
jurnalı bütünlüklə gənclərin ixtiyarına
verildi. Birlikdə Gənclər
şurası və Gənc ədiblər məktəbi
yaradıldı. Gənclər İdarə
heyətinə, jurnal və qəzet redaksiyalarına üzv
seçildilər. Mutəmadiən yeni
kitablarının təqdimatları və imza günləri
keçirilir, xarici ölkələrə
yaradıcılıq ezamiyyətlərinə göndərilirlər,
mükafatlara layiq görülürlər. Hər il yaşı otuz beşə qədər olan gənclərdən
iyirmi nəfəri Prezident təqaüdü alır
(Xatırladım ki, hər il
yaşlılardan əlli nəfəri də Prezident təqaüdü
alır). Yazıçılar Birliyində guya
ki, nəsillər arasında nifaq, yaşlılarla cavanlar
arasında ziddiyyyət olması haqqında kimlər tərəfindənsə
qərəzlə uydurulmuş mif, həqiqətə heç
bir aidiyyəti olmayan mif kimi dəqaldı.
İsrarlı təkidlə Tərcümə və
Ədəbi əlaqələr Mərkəzi yarada bildik. Onun ilk sədri
mərhum Aydın Məmmədov idi. Aydının
faciəvi şəkildə həlak olmasından sonra Mərkəzin
sədrliyinə Afaq Məsudu təsdiq etdik. Mədəniyyət
Nazirliyiylə birgə orqanımız olan “Ədəbiyyat və
incəsənət” qəzeti ancaq Yazıçılar
Birliyinin nəşri kimi “Ədəbiyyat qəzeti” adıyla
çıxmağa başladı. Mədəniyyət
nazirliyinin nəşri olan “Qobustan” toplusu da Nazirlikdən
Birliyimizə verildi. Bundan əlavə “Oğuz eli” adlı aylıq qəzet buraxmağa başladıq,
sonralar bu qəzetin zəminində ayrı-ayrı klassik və
çağdaş yazıçılara həsr olunmuş
xüsusi buraxılışlar nəşr olunmağa
başladı. Ədəbiyyatımızı
daha geniş təbliğ etməkçün rus dilində
aylıq “Mir literaturı” qəzeti buraxmağa başladıq.
“Dünya Ədəbiyyatı” və “Ulu
Çinar” adlı toplularamız da nəşr olunur.
Sover dönəmində Yazıçılar
İttifaqının rayonlarda dörd bölməsi vardısa,
indi müxtəlif
rayonlarda yaratdığımız on bir bölmə
bütün Azərbaycan ərazisini əhatə edir və bəzilərinin
öz mətbu orqanları da var.
Bundan başqa, Moskvada, Gürcüstanda,
Türkiyədə, İsraildə də Azərbaycan
Yazıçılar Birliyinin bölmələri fəaliyyət
göstərir. Bəzi başqa ölkələrin
yazıçılar təşkilatlarıyla, ilk növbədə
qardaş Türkiyənin bir neçə yazıçı
qurumlarıyla sıx əlaqələrimiz,
qarşılıqlı kitab nəşrləri haqqında
müqavilələrimiz var, İrandakı
soydaşlarımızla da ədəbi əlaqələr
saxlayırıq, qarşılıqlı kitab nəşrləri
üçün çalışırıq.
Otuz il
bundan əvvəlki məruzəmdən bir məqamı da
xatırlatmaq istəyirəm, Məruzədə bəzi
redaksiyalarda şeir vəznlərinə münasibətdə
ögey doğmalıq haqqında irad da var. İndi
böyük əksəriyyəti sərbəst vəzndə
yazan gənc və çox da gənc olmayan şairlərimiz bəlkə
heç təsəvvür də edə bilmirlər ki, bir
vaxtlar bu vəzndə yazanlar çıxdaş edilir, mətbuata çətinliklə yol
tapırdılar. Ya heç tapmırdılar.
İndi poeziyamızın iftixarı sayılan Əli Kərim,
Fikrət Qoca, Vaqif Səmədoğlu, İsa İsmayılzadə,
Ələkbər Salahzadə və başqalarının ədəbi və qeyri-ədəbi
mətbuat səhifələrində (o cümlədən,
partiya orqanlarında) necə cahil, təhqiramiz rişxəndli
yazılarla pisikdirilmələrindən bəlkə də
indiki oxucular xəbərsizdilər. Hələ
mənim haqqımda yazılan danosları demirəm ki, onlar bu
günə qədər, müstəqillik və söz
azadlığı dövründə daha kobud şəkildə
davam edir.
Otuz il
bundan qabaqkı məruzəmdə adlarını çəkdiklərimin
çoxusu (bu gün nə qədər inanılmaz
görünsə də!),Yazıçılar
İttifaqına və onun mətbuat orqanlarına yaxın
buraxılmırdılar. Bu süni tilsimi
qıra bildik. Mən elə həmin məruzəmdə,
hətta vaxtilə bizə qarşı yazı yazanları da ədəbi
orqanlarımıza cəlb etməyi məsləhət bildim. Rəhmətlik
Asif Əfəndiyev mənə səmimi təşəkkür
məktubu da yazmışdı. Bu gün də
Yazıçılar Birliyinin ədəbi orqanlarına
münasibətimizdə bu yolu davam etdiririk, eyni
dözümlülüyü, tolerantlığı qoruyub
saxlamağa çalışırıq. Yəni
Birliyin əleyhinə yazanları da, Birlik rəhbərliyinə
qarşı olanları da gen bol çap olunmasına, bol-bol təriflənməsinə
heç bir maneçilik törətmirik. Elə “Ədəbiyyat
qəzeti”mizin hər hansı nömrəsinə nəzər
atan adam bu sözlərin doğru
olduğunu təsdiq edər. Qəzet səhifələrində
postmodernizmdən tutmuş, dostmodernizmə, tostmodernizmə qədər
hər növ maraqlı yazılarla tanış
olmaq mümkündür. Düzdü, bəzi
müəlliflər bir fəndə də əl atırlar.
Görürsən neçə-neçə
az-çox uğurlu əsəri çap olunur, bir zəif
yazısı qaytarılanda, “hə, yəqin bunu çap etməyi
Anar, ya Fikrət Qoca sizə qadağan edib” deyə
redaktorları şantaj edirlər. Doğrusu,
bir yandan belələrini də başa düşürəm.
Hərə öz arşınıyla
ölçür axı...Onlar yerimizdə olsaydılar, bizə
qarşı məhz bu cür rəftar edərdilər.
Moskvanın və bir çox respublikaların
Yazıçı təşkilatlarından fərqli olaraq
bizim Birliyimiz dağılmadı, parçalanmadı,
binamızı da, jurnal qəzetlərimizi də saxlaya bildik. Bunun
başlıca səbəbi Ulu Öndərimizin hakimiyyətə
qayıtmasından sonra ədəbiyyata və
Yazıçılar Birliyinə göstərdiyi diqqət idi.
Məhz o, mənim müraciətimlə həm
Yazıçılar Biriyini, həm də onun ədəbi
orqanlarını Dövlət büdcəsinə
saldırdı. Hörmətli Prezidentimiz İlham
Əliyev də Tərcümə və ədəbi əlaqələr
Mərkəzimizi dövlət büdcəsindən maliyyələşdirdi.
Bəzi bəsit
düşüncəli adamlar dövlət
qayğısını qəyyumluq kimi yozur, guya ki,
Yazıçılar Birliyinin dövlətdən asılı
vəziyyətə salındığını iddia edirlər.
Kökündən yanlış fikirdir. Heç bir vaxt heç bir yuxarı instansiyadan
heç bir göstəriş almamışıq, heç bir
təzyiq və təsirə məruz qalmamışıq.
Əksinə, biz özümüz hər dəfə
yazıçıların məişət, mənzil, fəxri
ad, təqaüd, kitab nəşri, yubiley məsələləriylə
bağlı dövlət və hökumət orqanlarına
müraciət edirik. Bəziləri
başa düşmür ki, ədəbiyyata qayğı
dövlətin sədəqəsi yox, borcudur. Dövlətin səhiyyəyə, təhsilə, mədəniyyətə,
idmana vəsait ayırdığı kimi ədəbiyyata da vəsait
ayırması tamamilə təbiidir.
Yazıçılar
Birliyimizin dağılmamasının,
parçalanmamasının vacib səbəbi dövlətin
yaratdığı imkanlardısa, ikinci səbəb burda müxtəlif fikir
və mövqe ayrılıqlarına yol verilməsidir. Moskvada olduğu kimi nə əmlak üstündə,
nə ədəbi-siyasi baxışların müxtəlifliyi
ucbatından təşkilatımızın
parçalanmasına yol vermədik. Demokratik
cəmiyyətdə hər kəsin siyasi baxışı onun
şəxsi işidir. Yazıçılar Birliyi isə
yaradıcılıq
təşkilatıdır və burda
hamımızın vəzifəsi ilk növbədəƏdəbiyyata,
Sözə xidmət etməkdir.
Əlbəttə, xalqımızın, vətənimizin
taleyüklu problemləri üzə çıxanda təşkilatımız
həmişə öz sözünü deyib və çox
vaxt hamıdan qabaq deyib.
Vətəndaş mövqeyimizi açıq ifadə etməyimiz
sərhədlərimizdən kənardakı düşmənlərimizi
də qəzəbləndirir, hələ sovet vaxtında
haqqımızda Moskvaya danoslar yazırdılar. Nə
yazıq ki, bu danoslara bəzən öz içimizdəki
manqurtlar da züy tuturlar. Dözümlülük,
toleranslığımız müqabilində haqsız
iradlarla, böhtanlarla, təhqirlərlə, yalanlarla və
siyasi danoslarla qarşılaşdıq və
qarşılaşırıq.
Ömür
boyu heç kəsə pislik etməmişəm, bir adam deyə bilməz ki mən ona qarşı
haqsızlıq etmişəm. Doğrudur,
çox adama yaxşılıq etməyə də imkanım
olmayıb, ya fürsət düşməyib. Amma yaxşılıq etdiyim adamlar qat-qat çoxdur,
ən qəribəsi də odur ki, heç bir pisliyim ya
yaxşılığın keçməmiş adamlar yox, məhz
yaxşılıq etdiklərimdən bəziləri
üzü dönük çıxıblar. Çörəkləri dizlərinin üstündə
olanların siyahısı çox uzun olardı, amma yuxusuz gecələrimin
birində onları gözüm qarşısında
canlandıranda nədənsə ancaq on bir şəxsin
üstündə qəti dayana bildim. Lap
futbol komandası kimi - “Nankorlar” komandası. İndi futbolu yalnız kişilər yox, qadınlar
da oynadıqlarına görə bu komanda ya hər iki cinsdən
nankorlar daxildir. Əlbəttə, ehtiyatda
olanlar da var və nankorlardan biri peşman olub üzrxahlıq
edəndə onu ehtiyatda olanlardan biriylə əvəz etmək
də mümkündür. Şübhəsiz, bu
komandanın məşqçisi, ya məşqçiləri
də var, varlı-karlı sponsorları da... Çingiz
Abdullayev deyir ki, bizimkilər pas verməyi bacarmırlar -nə
futbolda, nə həyatda. Bu doğru sözlərə onu
əlavə edə bilərəm ki, bəzən öz
qapımıza top vurmağı da xoşlayırıq. Nə
isə... Kimsə yaxşı deyib ki, sizə qarşı olan
pislikləri unudun getsin, amma pislik edənlərin ad-famillərini
yaddan çıxarmayın..
Bu
xoşagəlməz haşiyədən çıxaraq, burda
işlədiyim müddətdə rastlaşdığım və
indi də çiyin-çiyinə işlədiyim etibarlı
insanları da minnətdarlıq hissiylə qeyd etmək istərdim.. Dünyasını dəyişənləri
xüsusi hörmətlə anıram.
1993-cü ildə Memar Sinan Universitetinin dəvətiylə
yeddi ay İstanbulda dərs deməyə getmişdim. Nə qədər
yazıçımız, alimimiz, müəllimimiz illərlə
xarici ölkələrdə işləyirlər, mənim
yeddi aylıq ezamiyyətim mətbuatda bir mərəkə
qopardı, gəl görəsən. Mən
İstanbulda dərs deməkdən başqa, Türkiyə mətbuatında,
TV kanallarında, ayrı-ayrı tədbirlərdə də
Qarabağ problemindən danışdığım zamanlarda
Bakıda mənim vəzifədən
çıxarıldığımı bəyan edirdilər.
Birliyin Birinci katibi Yusif Səmədoğlu bunu mətbuat səhifələrində
təkzib etməli olmuşdu. Yusif o vaxt hakimiyyətdə
olan Xalq cəbhəsinin nüfuzlu fəallarından idi. Mənim bir müddət ölkədə
olmadığımı əsas götirərək Plenum
çağırıb Birliyin rəhbəri vəşifəsinə
seçilsəydi buna heç kəs etiraz etməzdi, nə
hakimiyyət, nə yazıçılar, nə də mən
özüm. Amma Yusif bunu etmədi, çünki
gözü tox adam idi, təpədən
dırnağa kübar və ziyalı idi və bilirdi ki, şəxsi
dostluq, etibar anlayışları hər hansı karyera
şanslarından dəfə-dəfə üstündür.
Birliyin katibi seçiləndən sonra bura-yeni bir ab-hava
gətirmiş Arif Əmrahoğlunu da ən xoş hisslərlə
anıram, illər boyu bir yerdə qarşılıqlı
anlaşıq, hörmət şəraitində işlədiyim
həmkarlarıma da sədaqətləri, etibarları
üçün dərin minnətdarlığımı
bildirirəm.
Şübhəsiz ki, bu illər ərzində Birlikdə daha çox faydalı işlər görmək olardı. Amma mən sədr seçiləndən bir neçə ay sonra Qarabağ məsələləri başladı və bundan sonrakıfəaliyyətimizdə, özəlliklə ilk dövrlərdə ədəbi problemlərlə yanaşı, siyasi məsələlər də böyük yer tutdu. Bu məsələ ortaya atılanda Azərbaycanda hələ Kommunist partiyasından başqa heç bir siyasi partiya yox idi. Kommunist partiyasına isə xalqda inam qalmamışdı. Hamı dərd səriylə axın-axın Yazıçılar Birliyinə gəlirdi və biz də imkanımız daxilində kömək etməyə çalışırdıq.Yazıçıların Şüvəlandakı Yaradıcılıq evində qaçqınları yerləşdirdik, hələ də orda qalırlar, onlara yardımçün “Qayğı” və “Qarabağ” təşkilatlarını yaratdıq. Qarabağ problemiylə bağlı Qorbaçova ilk məktublar Yazıçılar Birliyindən göndərildi. O vaxt MK-nın İkinci katibi Konovalov mənə zəng vurub dedi ki, Qorbaçov məktubumuzu alıb və Azərbaycan yazıçılarına bildirmək istəyir ki, heç bir sərhəd dəyişikliyindən söhbət gedə bilməz. Növbəti riyakarlıq imiş bu. Eyni sözü dəfə-dəfə təkrar edərək işğalçıların qabağını heç nəylə ala bilmədi, ya almaq istəmədi. Qara yanvar müsibəti haqqında Moskva mətbuatında, “Pravda” qəzetinin müxbirləriylə söhbətdə ilk məlumatı mən verdim, Xocalı facisəsi haqqında ilk xəbər “İzvestiya” qəzetində Yazıçılar Birliyinin məktubunda verilmişdi. SSRİ Xalq Deputatı olduğum zaman Qorbaçovla görüşlərdə də bu məsələləri ona çatdırmağa çalışırdıq.
Ömrümün heç bir anı üçün peşmançılıq hissi keçirmirəm. Başqa bir dövrdə, başqa bir ölkədə yaşasaydım, həyatımın necə olması barədə də düşünmürəm.Nə varsa odur, nə olubsa, olub. Bəlkə otuz illik təcrübəmdən çıxardığım ən vacib nəticə odur ki, insan yalnız özü üçün yaşamamalıdır.Və bir də Yazıçılar Birliyinin gələcək rəhbərlərinə bir ismarış da çatdırmaq istərdim: İnanın ki, bu vəzifənin əziyyəti məziyyətindən qat-qat çoxdur.
İyun 2017
525-ci qəzet 2017.- 17 iyun.- S.10;12.