"İsa Muğanna yaradıcılığı "İdeal" işığında" əsərinə
baxış
Nizami CƏFƏROV
"Ədəbi döyüşlər
cəngavəri" Mehdi
Hüseyn hələ
ilk əsərlərini yazıb
nəşr etdirdiyi illərdə İsa Hüseynovu zarafatla "etiraf olunmamış dahi" adlandırar, onun ədəbiyyata təsadüfən deyil, xüsusi missiya ilə gəldiyini hiss etdirər, gənc yazıçı isə bundan, təbii ki, məmnunluq duyarmış. Ancaq güman etmək
çətindir ki, Mehdi Hüseyn kimi geniş dünyagörüşlü tənqidçi-
ədəbiyyatşünas belə, İsa Hüseynovun dünyaya İsa Muğanna olaraq yenidən gələcəyini təsəvvür
eləmiş olsun.
"Yanar ürək"dən
"İdeal"a, İsa
Hüseynovdan İsa Muğannaya yüksəlişin
səbəbləri, yəqin
ki, XX əsrin sonu XXI əsrin əvvəlləri
Azərbaycan ədəbi-
ictimai təfəkkürünün
üzərində ən
çox düşündüyü,
ancaq əsaslı bir nəticəyə gələ bilmədiyi mövzulardandır. Və
məsələni daha
da mürəkkəbləşdirən
cəhətlərdən biri,
heç şübhəsiz,
böyük yazıçı-
mütəfəkkirin özünün vaxtaşırı
olaraq söylədiyi mülahizələr
olmuşdur ki, həmin mülahizələrdə
yaradıcılığın bir dövründən digərinə keçmək kimi, əslində, tamamilə təbii (və qanunauyğun) qəbul edilməli olan bir proses xeyli
dərəcədə mistikləşdirilərək
o həddə çatdırılır
ki, guya müəllif "İdeal"dan
başlayaraq "ün"
eşitmiş
və bütün
sonrakı əsərlərini
həmin ilahi "ün"ün diqtəsilə
qələmə almışdır.
Əlbəttə, məsələnin bu
cür qoyuluşuna bizim adət etdiyimiz normativ şüur
(və yaradıcılıq)
təcrübəsi baxımından
interpretasiya vermək,
prinsip etibarilə, mümkün deyil. Ancaq ortada hansı
enerjidən gəlib- gəlməməsindən asılı olmayaraq, yüksək sənətkarlıqla seçilən
mükəmməl yaradıcılıq
məhsulları var...
Və onların adət etdiyimiz metodoloji texnologiyalarla tədqiqi tamamilə
mümkündür.
İsa Muğanna yaradıcılığını
yeni rakursdan - "İdeal" işığında
araşdıran tanınmış
yazıçı, ədəbiyyatşünas
və redaktor- naşir Şəmil Sadıq qarşısına
kifayət qədər
cəsarətli (və
çətin)bir vəzifə qoysa da, fikrimcə, onun öhdəsindən uğurla gəlmiş, hətta demək olar ki, İsa Hüseynov-
Muğanna yaradıcılığı
barədə indiyə
qədər deyilmiş
ən müxtəlif
(çox hallarda isə pərakəndə)
fikirlərin fövqünə
qalxaraq sistemli bir "muğannaşünaslığ"ın
əsaslarını müəyyənləşdirmişdir.
"İsa Muğanna yaradıcılığı" "İdeal" işığında"
müəllifi yazır:
"... İsa Muğanna yaradıcılığı
"İdeal"dan sonra
başladı. Ondan
sonra yazılan bütün
əsərləri "İdeal"
silsiləsinin davamıdır
və təəssüflər
olsun ki, ədəbiyyatşünaslığımız tərəfindən
layiqli qiymətini almamışdır hələ
ki. Ümid edirəm ki, oxucu da, alim
də qorxmadan, çəkinmədən "İsahəqq,
Musahəqq"i, "GurÜn"ü,
"Türfə"ni, "İlan dərəsi"ni,
"Cəhənnəm"i, "Qəbristan"ı əlinə
alacaq, oxuyacaq və münasibətini bildirəcəkdir
bir gün".
Və əlavə edir:
"...
Bu tədqiqat işində
Muğannanın "İdeal"dan
sonra yazdığı
əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr
və müəllifin
əsərlərinə dönə-
dönə qayıtmasının
səbəbləri, İsa
Muğannanın bir
postmodernist yazar kimi, magik realizmin banisi kimi, yeni
ideoloji konsepsiyanın
yaradıcısı kimi,
dinə olan yeni baxışının,
romanlarının poetikasını
araşdırmağı qarşımıza
məqsəd kimi qoyduq".
Göründüyü kimi, miqyas xeyli möhtəşəmdir,
lakin nəzərə
alsaq ki, Şəmil Sadıq uzun illər İsa Muğanna ilə sıx- sıx görüşmüş,
onun nəinki əsərlərinin, bütövlükdə
ruhunun dərinliklərinə
bələd olmuş,
hətta ustadla yaradıcılıq
əməkdaşlığı da etmişdir, onda miqyası bu qədər geniş götürməyə müəllifin
həm mənəvi, həm də peşəkar səlahiyyəti
olduğuna şübhə yeri qalmır.
İsa müəllim həm yazıçı-mütəfəkkir, həm də şəxsiyyət kimi nə qədər yüksək intellektual səviyyədə dayanırdısa,
o qədər də pak, səmimi və ünsiyyətcil bir insan idi, həmsöhbətini
öz geniş (və kifayət qədər mistik) dünyagörüşünə
tabe eləmək fikrindən də uzaqdı. Az- çox ağıllı mülahizə eşidəndə
onun müəllifini layiq olduğundan
da artıq qiymətləndirir, daxildən
(ruhunun lap dərinliklərindən)
gələn bir məhəbbətlə tərifləməkdən
çəkinmirdi. Və
mən heç şübhə etmirəm
ki, bu, İsa
müəllimin mənəvi zənginliyinin
tükənməzliyindən qaynaqlanırdı... "İdeal"a
qədərki yaradıcılığını
hərdən özü
kəskin tənqid edir, "Yanar ürəy"i elə
də dəyərli əsər saymırdı.
Görüşlərin birində
xalq yazıçısı
Anar İsa müəllimə dedi ki, "belə bir fikrim var:
İsanın özünü özündən
müdafiə cəmiyyəti
yaradaq... İmkan vermək olmaz ki, ədəbiyyatımızın
"Yanar ürək"
kimi qiymətli əsəri onun tərəfindən bu
qədər haqsız
tənqidə məruz
qalsın"... Anar müəllimin
haqlı sözü hamının ürəyindən
oldu. Hətta İsa müəllimin də... Bir söz demədi, ancaq
razılıq əlaməti
olaraq ürəkdən
güldü...
Həm İsa Hüseynov, həm də İsa Muğanna haqqında mən də bir sıra
yazılar yazmışam, televiziyalarda,
müxtəlif yığıncaqlarda
çıxışlar eləmişəm.
Ancaq bunların çoxunda elmi təhlil azdır. Sadəcə
olaraq, dərinliyinə lazımi
qədər vara bilmədiyim möhtəşəm
yaradıcılıq qarşısında
heyranlığımı ifadə
etmişəm.
Şəmil Sadıq - mənim keçmiş tələbəm isə bu kitabında İsa Muğanna dünyasının dərinliklərinə enir. O məqamlara (məsələn, mistika, din, magik realizm, postmodernizm və s.) diqqət yetirib geniş (və sözün geniş mənasında müqayisəli!) interpretativ təhlil verir ki, həmin məqamlar yazıçının yaradıcılığını, onun dünyagörüşünün fəlsəfi mahiyyətini, metafizik poetikasını anlamağa əhəmiyyətli kömək göstərir. Müəyyən mübahisəli tərəfləri olsa da, ümumiləşdirmələrinin mütləq əksəriyyəti əsaslıdır. Və ən əsas da odur ki, Şəmil Sadıq İsa Muğanna "mətn"ini həm bir əsər, həm də ümumi yaradıcılığı miqyasında kifayət qədər müfəssəl hiss etdiyinə görə, gəldiyi nəticələr bugünkü ədəbi- tənqidi təfəkkür üçün heç də az səciyyəvi olmayan sxematizmdən uzaqdır.
Müəllif hərdən gileylənir ki, nə oxucular, nə də ədəbi tənqid İsa Muğannanın müasir dövrün qlobal problemlərini dərk etməkdə, doğrudan da, çox faydalı olan əsərlərinə az maraq göstərirlər... Elə bilirəm ki, haqlıdır...
Təsəllimiz isə ondadır ki, əvvəla, böyük əsərlər (və ideyalar) bütün dövrlər və zamanlar üçündür; ikincisi isə bizim günlərdə "İsa Muğanna yaradıcılığı "İdeal" işığında" kimi dəyərli bir əsər meydana çıxırsa, görünür, elə də bədbin olmağa dəyməz...
525-ci qəzet 2017.- 20 iyun.- S.7.