Görkəmli mollanəsrəddinçi
Əliqulu Qəmküsar və müasirləri
Fərman XƏLİLOV
"Molla Nəsrəddin"
ədəbi məktəbinin
görkəmli nümayəndəsi
Əliqulu Qəmküsar
(1880-1919) XX əsr Azərbaycan
ictimai-bədii fikir və mədəniyyət
tarixinə istedadlı
satirik şair, jurnalist və aktyor kimi daxil
olan məşhur şəxsiyyətlərdən biridir.
Onun həyat və yaradıcılıq yolu haqqında az
yazılmayıb. Müxtəlif
illərdə mətbuat
səhifələrində şair
haqqında bir sıra irili-xırdalı
məqalə və oçerklər çap edilmiş, dosent Lətif Hüseynzadə
1949-cu ildə "Əliqulu
Qəmküsarın həyat
və yaradıcılığı"
mövzusunda namizədlik
dissertasiyası müdafiə
edib, 1976-cı ildə
İslam Ağayevin
"Əliqulu Qəmküsar",
2012-ci ildə isə Fərqanə Kazımovanın
"Azərbaycan ədəbiyyatının
"Cüvəllağı"sı"
adlı monoqrafiyaları çap olunub.
Yuxarıda göstərilən mənbələrdə
"Qəmküsar və
müasirləri" mövzusu
da diqqətdən kənarda qalmayıb. Lakin müəlliflər
həmin mövzunu ətraflı şəkildə
şərh etmək məqsədində olmadıqlarından
bu haqda ötəri yazıb keçmişlər.
"Qəmküsar və
müasirləri" mövzusu
çox əhatəlidir. Biz burada yalnız onun ədəbi irsinin və çoxşaxəli fəaliyyətinin
müasirləri tərəfindən
dəyərləndirilməsi və bəzi müasirləri ilə qarşılıqlı münasibətləri
və ədəbi mübarizələri məsələlərinin
üzərində dayanacağıq.
Ə.Qəmküsar haqqında aparılan tədqiqatlar sübut edib ki, şair "Molla Nəsrəddin" jurnalınadək "Şərqi-Rus",
"İrşad" qəzetlərində
"tarixi nöqteyi-nəzərdən
əhəmiyyətli olan
publisist yazılarla çıxış etmiş"
və bir qələm sahibi kimi müasirləri arasında tanınmağa
başlayıb.
1906-cı ildə nəşrə
başlayan "Molla Nəsrəddin" jurnalı
bütün Şərqə
səs salıb "yatanları oyadarkən"
digər məslək
dostları kimi Ə.Qəmküsar üçün
də böyük imkanlar yaranır.
Professor İ.Ağayevin qənaətinə görə,
Ə.Qəmküsar 1906-cı ildən etibarən "Molla Nəsrəddin" jurnalında öz yazılarını dərc
etdirməyə başlamışdır. Alim yuxarıda adını çəkdiyimiz monoqrafiyasının
sonuna əlavə etdiyi "Əliqulu Qəmküsarın çap
olunmuş əsərlərinin
biblioqrafiyası"na "Molla Nəsrəddin" jurnalının 1906-1907-ci il
nömrələrində biri
imzasız, biri "Ləbləbi", biri
"Xadimi-millət" və
ikisi "Sevdayi" imzası ilə dərc olunan şeir və publisistik yazıları daxil etməklə bu əsərlərin Ə.Qəmküsara məxsusluğunu
iddia etmişdir (Ağayev İ. Əliqulu Qəmküsar. Bakı:
Elm, 1976, s. 105). Başqa müəlliflərin də həmin yazılardan bəzisinin Ə.Qəmküsara aid olması
haqqında fikirləri
vardır. Bizim fikrimizcə,
bütün bunlar səhv qənaətlərdir.
Çünki jurnalın
redaktoru C.Məmmədquluzadə
yazır ki: "Əliqulu Qəmküsar bizim məxsusi qələm yoldaşımızdır.
Belə ki, "Molla Nəsrəddin"in üçüncü
ilindən, yəni
1908-ci sənədən başlayaraq
Qəmküsarın mənzum
və mənsur əsərlərinə rast
gəlmək olur".
"Ə.Qəmküsar "Molla
Nəsrəddin"də hələ
onun ilk nömrələrindən
iştirak etməyə
başlamışdır" yazan İ.Ağayev isə öz iddiasını "şair
Əli Razi Şamçızadənin 1906-cı ilin axırlarında Ə.Qəmküsarı "Molla
Nəsrəddin" idarəsində
görməsini xatırlaması"na əsaslanmaqla sübut etməyə çalışır. Yox!
Bu, kifayətləndirici əsas deyil. Çünki sual oluna bilər ki, nə üçün Ə.Qəmküsarın "Molla
Nəsrəddin"də dərc
olunan ilk yazıları
haqqında jurnalın
redaktoru C.Məmmədquluzadənin
"Molla Nəsrəddin"in
"üçüncü nömrəsindən, yəni
1908-ci ildən başlayaraq
Qəmküsarın mənzum
və mənsur əsərlərinə rast
gəlmək olur"
sözlərini kənara
qoyub, Ə.R.Şamçızadənin
1906-cı ildə Ə.Qəmküsarı
"Molla Nəsrəddin"in
redaksiyada görməsinə
əsaslanmalıyıq? Bu, nə dərəcədə
məntiqə uyğundur?
İkincisi, tutaq ki, kimsə Abbas Səhhəti də həmin redaksiyada görüb. Bu, o anlama gəlirmi ki, A.Səhhət də "Molla Nəsrəddin"də yazılar
dərc etdirib? Başqa bir fakt da
Ə.Qəmküsarın 1906-1907-ci illərdə "Molla Nəsrəddin"də yazılar
dərc etdirməsi haqqındakı iddiaların
əsassızlığını göstərir. O da bundan ibarətdir ki, Ə.Qəmküsar
1904-cü ildən, yəni
mətbuata qədəm
qoyduğu ilk ildən
1909-cu ilədək müxtəlif
qəzet və jurnallarda həmişə
açıq imza ilə, ya da
ad və soyadının
ilk hərflərini ("Əliqulu
Nəcəfov", "Ə.Q.N., Ə.Q.)
göstərməklə çıxış
etmişdir. "Molla Nəsrəddin"in
1906-1907-ci il nömrələrində
dərc olunan və Ə.Qəmküsara
aid edilən yazılar
isə imzasız və müxtəlif gizli imzalarla çap olunmuşdur.
Bizim qənaətimizə görə,
Ə.Qəmküsarın "Molla Nəsrəddin"də
dərc olunan ilk yazısı jurnalın
1908-ci ilin 44-cü nömrəsindəki
"Xəlqə demiş
Şeyx Məhəmmədrəhim" misrası
ilə başlayan şeiridir. Maraqlıdır ki, bu şeir də şairin ənənəsinə
uyğun olaraq açıq imza ilə, yəni "Əliqulu" imzası ilə dərc olunmuşdur. Bundan sonra
yenə də jurnala yazılar göndərən Ə.Qəmküsarın
istedadı C.Məmmədquluzadənin
diqqətindən yayınmamış,
ədib gənc şairin yaradıcılığına
həssaslıqla yanaşaraq
onu yazıb-yaratmağa
həvəsləndirmişdir. Elə götürək C.Məmmədquluzadənin jurnalın
1909-cu il tarixli 13-cü nömrəsində
ona ünvanladığı
sözlərini: "Culfada
"O taylı" imzası
ilə yazana: Elə şeyləri indiki vaxtda yaza
bilməzik".
"Molla Nəsrəddin" jurnalının 1909-cu il tarixli 46-cı nömrəsində isə
"Poçt qutusu"nda
ona məsləhət
verərək yazır:
"Culfada Qəmküsar
cənablarına! Yazdığınız şeirlər çox gözəldir. Lakin heyif
ki, "Molla Nəsrəddin"sayağı yazmayıbsınız. Çox
ciddidir... Ümidvarıq ki, bundan sonrakı şerlərinizi
"Molla Nəsrəddin"sayağı
yazarsınız. Özgə şerlərinizi
gözləyirik".
İndi
sual olunur: Əgər İ.Ağayevin
iddia etdiyi kimi, Ə.Qəmküsar
1906-1907-ci illərdə "Molla Nəsrəddin"də
çıxış etmişdisə,
nə üçün
C.Məmmədquluzadə həmin
illərdə ona öz tövsiyələrini
verməmiş, bu işi 1909-cu ilə saxlamışdır? Deməli, Ə.Qəmküsarın
"Molla Nəsrəddin"də
ilk yazısının dərc
edilmə tarixini
1908-ci ilə aid etmək
daha ağılabatandır.
İ.Ağayevin fikrincə, "C.Məmmədquluzadənin
Ə.Qəmküsar yaradıcılığına
göstərdiyi bu qayğı səmərəsiz qalmır.
1910-1911-ci illər Ə.Qəmküsarın
əsərlərində satira
və yumor ünsürləri hiss ediləcək
dərəcədə güclənir.
Elə buna görə də vaxtilə onu həvəsləndirib istiqamətləndirən
"ağsaqqal qələm
dostu" C.Məmmədquluzadə
etiraf edir ki: "Nə qədər ki, məcmuəmizin adı söylənir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq
sırasında əziz
yoldaşımız Əliqulu
Qəmküsarın adı
həmişə "zindəbad"
alqışları ilə
zikr olunacaqdır.
Ə.Qəmküsarın məqalə, şer və felyetonları o dövrdə
Bakıda çıxan
"Tərəqqi", "Yeni füyuzat", "Zənbur", "Günəş",
"Hürriyyət", "Kəlniyyət" kimi qəzet və jurnallarda da dərc olunurdu. Bu mətbuat orqanlarında Ə.Qəmküsarın yazıları
ilə tanış
olan müasirləri onun istedadlı bir qələm sahibi olduğunu müşahidə edirdilər.
İstər dövri mətbuat,
istərsə də müasirləri hələ
öz sağlığında
Ə.Qəmküsarın şairlik, jurnalistlik
və aktyorluq bacarığına yüksək
qiymət vermişlər.
Məsələn, 1913-cü ildə Ə.Qəmküsarın
"Molla Nəsrəddin"
jurnalına ikinci redaktor təyin edilməsini oxuculara xəbər verən "Kaspi" qəzeti həmin ilin 3 mart tarixli nömrəsində
yazırdı: "Bu adam (Ə.Qəmküsar
- F.X.) uzun müddət
tatar (Azərbaycanın
- F.X.) qəzetlərində işləmiş və
"Molla Nəsrəddin"
jurnalında da əməkdaşlıq etmişdir.
Ümid etmək olar ki, Əliqulu Qəmküsar Nəcəfovun
redaktorluğa gəlməsi
həm jurnala, həm də xalqa daha çox
xeyir vermiş olar".
Yaxud
"Açıq söz"
qəzeti 1916-cı il 2 may tarixli nömrəsində yazırdı:
"Şeyx rolunun (C.Məmmədquluzadənin "Ölülər" əsərindəki
Şeyx Nəsrullah nəzərdə tutulur -
F.X.) ancaq Mirzə Əliqulu Nəcəfzadə
oynaya bilər. O qondarma ərəbiləri,
o ibrətli farsiləri
və səngin vəziyyətli şeyx ədasını elə nəzərə gətirir
ki".
Müasirləri Ə.Qəmküsarın bədii yaradıcılığı
haqqında yüksək
fikirdə olmalarına
baxmayaraq, bu barədə onun öz
sağlığında olduqca
az yazmışlar. Biz
Ə.Qəmküsarın müasirlərindən
olan Cəlil Məmmədquluzadə, Əbdürrəhim
bəy Haqverdiyev,
Məmməd Səid Ordubadi, Əli Nəzmi, Salman Mümtaz, Əmin Abid, Rzaqulu Nəcəfov, Əziz Şərif, Hüseyn Minasazov, Rza Təhmasib, Mirzağa Əliyev, Mustafa
Mərdanov, Əli Səbri, Əliheydər Qarayev, Əli Tağızadə və başqalarının onun yaradıcılığına verdikləri
yüksək qiymətlə
ancaq 1919-cu ildən, yəni Ə.Qəmküsarın
qətl edildiyi ildən etibarən yazdıqları
xeyli məqalə və xatirələr vasitəsilə tanış
oluruq. Bu məqalə
və xatirələrdən
bəzi cümlələri
oxuculara xatırlatmaq yerinə düşər.
Cəlil Məmmədquluzadə: “Əliqulu Qəmküsar "fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı".
Əliheydər Qarayev: "Əliqulu "Molla Nəsrəddin"in ikinci "Hop-hop"u hesab olunurdu. Həqiqətən Sabir öldükdən sonra onun yerini ancaq Əliqulu tuta bilərdi. O, həmişə gülməli şeirlərində acı həqiqəti göstərirdi".
Əbdürrəhim bəy Haqverdiyev: "Nəcəfzadə (Ə. Qəmküsar - F. X.) qabil, mövzu təbli, dərin ittilaatlı və son dərəcə hafizəli idi".
Əziz Şərif: "Kim bu mərhumun "Molla Nəsrəddin" jurnalında "Cüvəllağı" və "Cüvəllağı bəy" imzaları ilə yazdığı gözəl və abidar şeirlərini oxumayıb? Kim onun qəribə-qəribə məzhəkəli şeirlərindən gülüb-ağlamayıb?"
(Ardı var)
525-ci qəzet 2017.- 20 iyun.- S.6.