Xalq artisti Sona
Hacıyeva haqqında
kitab nəşr olundu
Azərbaycan kinosunun müqtədir aktrisalarından olan Xalq artisti Sona
Hacıyevanın 110 illiyi
ilə bağlı kitab nəşr edilib.
AZƏRTAC xəbər verir ki, "Sona Hacıyeva -110 yubiley" adlı yüksək poliqrafik keyfiyyətlə çap olunan kitabda sənətkarın ömür
yolundan və yaratdığı obrazlar
qalereyasından geniş
söz açılıb.
Kitabın ilk səhifəsi Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının direktoru və bədii rəhbəri olmuş Xalq artisti Şəmsi Bədəlbəylinin kollektiv
adından Sona Hacıyevanın 60 illik yubileyinə ünvanlandığı
təbrik məktubu ilə açılır.
Böyük əhəmiyyətə, biblioqrafik
dəyərə malik
kitabda həm Sona Hacıyevanın həyat və fəaliyyəti, həm də müasirlərinin onun haqqında dedikləri dəyərli fikirlərin əksəriyyəti
dərc edilib. Kitabda o dövrün
afişalarını və
tamaşaları əks
etdirən fotolar da yer alıb.
Kitabı aktrisanın qız
nəvəsi Sona Əhmədova tərtib edib.
Qeyd edək
ki, Sona Hacıyeva 1907-ci ildə Şəkidə anadan olub. Bir yaşında ikən
atası rəhmətə
getdiyindən onu və qardaşını babası Əbdülbağı
Zülalov (böyük
Azərbaycan xanəndəsi
Bülbülcan) himayəsinə
götürüb.
Əslən şuşalı olan Sona xanımın anası Bülbülcanın
qızı, Əməkdar
artist Əzizə Məmmədova
Azərbaycan teatrı
və kinosunun ilk milli, professional aktrisalarından
biri olub. O da Azərbaycan teatrında, kinosunda yaddaqalan obrazlar yaradıb. Məşhur "Görüş" filmində Şövkət
xala obrazı ilə əbədiyaşarlıq
qazanıb. Belə
bir sənətsevər
ailədə tərbiyə
alan S.Hacıyeva
ilk addımlarından böyük
uğurlar qazanıb. Təsadüfi deyil ki o, qüdrətli dramaturq C.Cabbarlının diqqətini
çəkib. C.Cabbarlı
çox böyük səxavətlə bu gənc qız haqqında xoş sözlər deyib: "Azərbaycanlı aktrisalar
içərisində diqqətimi
cəlb edən qüvvətli simalardan biri də Sona
Hacıyevadır... Sovet səhnəsi
bu incə, zərif qızı böyüdüb yaradıcı
bir sənətkara çevirmişdir".
Sona xanımın
yaradıcılığında C.Cabbarlı dramaturgiyası
mühüm rol oynayıb. "Od gəlini"ndə Solmaz,
"Sevil"də Gülüş,
Sevil, "Yaşar"da
Yaqut, "Almaz"da Almaz və o dövrdə səhnələşdirilən
digər tamaşalarda
həm lirik, həm komik rolları böyük məharətlə ifa edib. Teatrda, ümumiyyətlə 150-dən çox
rol oynayan qüdrətli sənətkar,
"Azərbaycanfilm" kinostudiyasında
"Bəxtiyar", "Qızmar
günəş altında",
"O olmasın, bu olsun" kimi filmlərdə yaddaqalan obrazlara imza atıb. O, Hacıməmməd
Qafqazlı, Hüseynqulu
Sarabski, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Münəvvər
Kələntərli, Mərziyyə
Davudova kimi görkəmli aktrisalarla, aktyorlarla tərəf-müqabil
olub, oynadığı
rolları məharətlə
yaradıb, öz möhürünü vurub.
Opera sənətimizin incə səsli Leylisi, Əslisi, Şahsənəmi,
Asyası olan Sona Hacıyeva təbiiliyi, koloritli xalq yumoru, çevik
improvizə bacarığı
ilə realist aktyor məktəbinin səciyyəvi
sənətkarlarından biri
kimi tarixiləşib.
O, öz məlahətli
səsi, oxu texnikası ilə opera və operettalarda ariozoları, kupletləri ürəyəyatımlı tərzdə
oxuyub və yaddaşlarda əbədi iz qoyub.
Sona Hacıyeva
1941-1945-ci illərdə hərbi
xəstəxanalarda, orduda
döyüşən əsgərlər
qarşısında, fabrik
və zavodlarda tez-tez çıxışlar
edib. Fədakar əməyinə görə, o, bir çox orden və medallarla təltif edilib, fəxri fərmanlara layiq görülüb.
1979-cu ildə Bakıda
vəfat edən sənətkarın xatirəsi
əziz və unudulmazdır.
525-ci qəzet 2017.- 20 iyun.- S.7.