Böyük insan, nümunəvi vətəndaş

 

MAYIN 13-də DÜNYASINI DƏYİŞMİŞ TARİX ELMLƏR NAMİZƏDİ, ŞƏRQŞUNAS, TƏDQİQATÇI- ALİM, AZƏRBAYCAN VƏ RUSİYA YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ ƏBDÜL HÜSEYNOVUN ƏZİZ XATİRƏSİNƏ

 

Əbdül Ənbiya oğlu Hüseynov 1925-ci ildə Bakının Əmircan kəndində doğulub.

 

Tarix elmlər namizədi, şərqşunas alim, gözəl qələm sahibi, tədqiqat əsərlərinin, bir neçə kitabın müəllifidir.

Böyük Vətən Müharibəsi iştirakçısı, müharibə və əmək veteranı olan Əbdül Hüseynov xidmətlərinə görə orden və medallarla, fəxri fərmanlarla təltif olunub. İki övladı, üç nəvəsi var. Oğlu Ənvər Kanada vətəndaşıdır, biznes sahəsində işləyir. Qızı Viktoriya Moskvada yaşayır. Bir nəvəsi Amerikada jurnalist kimi çalışır.

 

...1990-cı ilin sonlarında əvvəlcə rus, sonra beş xarici dildə nəşr olunacaq "Panorama Azərbaydjana" qəzetinin çap və yayım məsələlərini həll etmək üçün Moskvaya ezamiyyətə göndərilmişdim. Altı ay ondan əvvəl nəşrə başlamalı qəzetin nəşrini ermənilərin havadarı, SSRİ Dövlət Mətbuat Komitəsinin sədri Poltoranin əngəlləyirdi. Qəzeti "Pravda" nəşriyyatında çap etməyi qərara aldıq. Nəşriyyatın direktor müavini Əli Novruzovun köməyilə məsələ həll olundu. "Soyuzpeçatn rəhbərliyində təmsil olunan ermənilər bizimlə müqavilə bağlamağa imkan vermirdilər. Nəşriyyatdan səfirliyə qayıdanda yazıçı kimi tanıdığım Əbdül Hüseynov, kinorejissor Əjdər İbrahimov və Diaqnostik Tədqiqatlar Mərkəzinin rəhbəri Vaqif Nağıyevlə rastlaşdım. Əbdül müəllim məndən qayğılı görünməyimin səbəbini soruşdu. Məsələdən xəbər tutanda "axşam bizə gələrsən"- dedi. Həmin axşam Əbdül müəllim SSRİ Rabitə Nazirinin I müavininin köməkçisinə zəng vurdu. Ertəsi gün nazir müavini məsələni həll etdi. Moskvada çalışdığım il yarım ərzində tez-tez Əbdül müəllimin qonağı olur, tədbirlərdə görüşürdük. Onun təkcə soydaşlarımızla deyil, eləcə də rus, yəhudi, qəraim, tatar, digər millətlərin ziyalıları, yüksək vəzifə sahibləri ilə yaxın münasibətləri vardı.

 

Aşqabad, Mosvka, İran və Türkiyə...

 

...Müharibədən əvvəl valideynlərini itirən Əbdül Türkmənistanın Marı şəhərinə gedir. Burada kinomexanik işləyir və az sonra Aşqabad Dövlət Universitetinin tarix-hüquq fakültəsinə daxil olur. Tələbə Əbdül Hüseynovu rayon kino birliyinə direktor təyin edirlər. Müharibə başlayır, Əbdül orduya çağırılır, zabit rütbəsi alır. Müharibədən sonra təhsilini başa vuran Əbdül Hüseynov Türkmənistan mədəniyyət nazirinin müavini olur. Günlərin bir günü Aşqabadda keçirilən ittifaqmiqyaslı tədbirdə Moskvadan gələn Nelya adlı qızla tanış olur və ...paytaxta dəvət alır. Nelyanın anası SSRİ Təhsil Nazirinin müavini, atası diplomat idi.. SSRİ paytaxtında ona Moskva şəhər kinopokaz idarəsinə rəhbərlik etmək tapşırılır.  Ə.Hüseynov 10 ildən çox Tehranda SSRİ Kinematoqrafiya İttifaqı nümayəndəliyinin rəhbəri kimi çalışır. İdarənin büdcəsi SSRİ-nin İrandakı səfirliyinin büdcəsindən iki dəfə çox idi. Əbdül Hüseynov SSRİ-nin burdakı rəsmi təmsilçisi olmaqla yanaşı, həm də bir azərbaycanlı kimi böyük hörmətə malik idi. Şahın xanımı Fərəh Pəhləvi ilə səmimi münasibət quran Ə.Hüseynov Tehranda keçirilən rəsmi və qeyri-rəsmi tədbirlərdə mədəniyyət və kino işçisi kimi iştirak edirdi. Beləliklə, Əbdül müəllimin şahın evinə yolu açılır. O, SSRİ və dünya kinostudiyalarının istehsalı olan yeni filmləri şahın ailəsinə hədiyyə edirmiş. Özünün dediyinə görə, İranda işləyərkən onu iki dəfə Azərbaycan KP MK-ya dəvət edirlər. Əbdül müəllim İrandan sonra 10 ildən çox Türkiyədə çalışıb. O, həmin dövrdə Azərbaycan kinosunu ilk dəfə Beynəlxalq Kino Festivalına çıxarmağa nail olur. Rəhmətlik o günlərdə baş vermiş bir hadisəni belə xatırlayırdı: "Günlərin bir günü Adil İskəndərov və Mehdi Məmmədov İstanbul Hava limanında təyyarədən aşağı endilər. Ədil İskəndərov trapdan enən kimi torpağa diz çökərək yeri öpdü, səcdəyə getdi. O, dizi üstə ikən əllərini göyə qaldırıb göz yaşları içində - "Şükür Sənə İlahi! Mənə bu şəhəri ziyarət etməyi, bu torpağı öpməyi qismət elədin!"-dedi".

 

Məhsuldar yaradıcılıq dövrü

 

Türkiyə dövrü Ə.Hüseynov üçün çox məhsuldar olur və o, burada apardığı tədqiqatları əsasında "Türkiyədə Həmkarlar İttifaqları", "Mətbuat vasitələri Türkiyənin ictimai-siyasi həyatında", "Türk kinosu - tarix və müasir problemlər", "Həyat və qəhrəmanlıq", "Möhsün Ərtoğrul teatrda və kinoda",  "Yılmaz Güney" kimi əsərlərini qələmə alır.

 

Əbdül müəllimin yaradıcılığında Şərq motivləri xüsusi yer tutur. Müəllifin "Səlahəddin" - tarixi romanını xüsusi qeyd etmək lazımdır. İri həcmli, amma olduqca maraqlı roman bir nəfəsə oxunur. I Pyotrun Qafqazı istila etməsindən danışan "Brosok na yuq" ("Cənuba yürüş") kitabını tərcümə edir və əsər "Hərbi nəşriyyatnda çap olunur. Ardınca Şirvanşah I İbrahimin həyatından bəhs edən "Zemlyapaşets na trone" ("Əkinçi taxtda"), "Sokrovişa Mustafa xana" ( "Mustafa xanın xəzinəsi") əsərlərini də dilimizə tərcümə edir. Xaqani Şirvaninin ömür və yaradıcılığına həsr olunmuş "Piliqrim iz Şirvana" əsəri Moskvadasyankar şair" adı ilə tərcümə və çap olunur. O, "Nizami Gəncəvi: - "Meçtı Mudretsa",  "Tri dastana o lubvi" iki cildliyini nəfis şəkildə çap etdirir, "Lubov i peçal Baxrama Qura" kitabı isə ayrıca nəşr olunur.

 

...1994-cü ildə Ə.Hüseynov "Hərbi nəşriyyattəzəcə yaratmışdı. Telefonda mənə bunları söylədi: "Dünən bir erməni mənim kefimi yaman pozub. Moskva meri Lujkov veteranları görüşə dəvət etmişdi. Fasilədə bir erməni kitab paylamağa başladı. Birini də mənə verəndə -  "sizdə də belə adamlar varmı?"- deyə ironiya ilə soruşdu. Bu, "XX əsrin 100 görkəmli ermənisi" kitabı idi. Səhərə qədər yata bilməmişəm. Əgər bizimkilər belə bir kitab yazıblarsa, ondan mənə göndər. Onu burda həm tərcümə, həm də çap edim. Yoxdursa, onda materialları toplamaqda kömək eləsən, kitabı yazıb öz vəsaitimlə çap edərəm".

 

Bakıya dəvət elədim, iki ay burda qaldı. Milli Elmlər Akademiyasında, Tarix İnstitutunda, Milli Enskopediyada oldu. Onun Azərbaycanın tanınmış ziyalıları, elm xadimləri ilə görüşlərini təşkil etdim. İki ay sonra Bakıya bir də qayıtdı. Həmin kitab 10 min tirajla rus dilində, sonra mənim tərcüməmdə Azərbaycan dilində çap olundu.

 

"Azerbaydjantsı v istori Rossi"

 

Ə.Hüseynovun tərtib və nəşr etdirdiyi 560 səhifəlik "Azerbaydjantsı v istori Rossi" kitabı fundamental və çox əhəmiyyətli tədqiqat əsəridir. Bu kitabda Rusiyanın dövlətçilik tarixində xidmətləri olan 550-dən artıq azərbaycanlıdan söhbət açılır. Oxucu soydaşlarımızın Vətəndən kənardakı xidmətlərilə tanış olur, orada hansı xarüqələri yaratdıqlarının şahidi olur. Kitab bu, günkü gənclik üçün xüsusi əhəmiyyətə malikdir.  Rusiyanın yaxın keçmişində general-leytenant rürtbəli milli qəhrəman, sualtı gəmilər istehsal edən "Severatommaş" zavodunun prezidenti, Rusiya prezidentinin bu sahə üzrə müşaviri olmuş David Hüseynovun, digər ixtiraçılarımızın, alimlərimizin adlarını görəndə qürur hissi duyursan.

 

Ə. Hüseynov Abbasqulu ağa Bakıxanov haqqında çox danışardı. Məndən xahiş etmişdi ki, Abbasqulu ağa haqqında mövcud olan materialları toplayım. A.Bakıxanovla bağlı rus və Azərbaycan dillərində məqalə və kitabları əldə etdim, yerli rəssama illüstrasiyalar çəkdirib ona göndərdim. Üstündən bir il keçəndən sonra "Smert v araviskoy pustıne" kitabının 10 nüsxəsini Bakıya göndərdi. Sonuncu arzusu Gəncə üsyanı və onun başçısı Cahangir Kazımbəyli haqqında kitab yazmaq idi. Əlində olan materiallar kitab üçün kifayət etmirdi.  "Mest", "Xodjalinskaya tragediya" kitabları son nəşrlərindən idi. 1992-ci ildə hərbi operator Seyidağa Mövsümovun lentə aldığı 45 dəqiqəlik sənədli "Xocalı faciəsi" filmini Azərbaycanın Rusiyadakı səfirliyində nümayiş olunanda Əbdül müəllim də orda idi. O, yaxın günlərdə Kanadaya, oradan Amerikaya gedəcəyini, Vaşinqtonda,  Nyu-Yorkda olacağını dedi və kasetin bir nüsxəsini istədi. Bir kaset və iki bayrağı ona verdim. Üstündən az müddət keçmiş zəng vurub bildirdi ki, filmi Torontoda, Vaşinqtonda və Nyu Yorkda nümayiş etdirib. Bütün bunlardan başqa, Əbdül müəllim əslən Şuşadan olub təhsil almaq üçün Parisə gedən əslilzadənin qəhrəmanlığından danışan "Ofitser liçnoy qvardii Napaleona", "Ot Abşerona do Ontario" kimi əsərlərin müəllifidir. Ə.Hüseynovun əsərləri rus, ingilis, ispan, alman, fransız və digər dillərə tərcümə olunub, Rusiyada, Bolqarıstanda, Almaniyada, İsraildə, İranda, Kanadada, Monqolustanda, Türkmənistanda, Türkiyədə və ərəb ölkələrində dəfələrlə nəşr edilib.

 

Əmircanlı vətənpərvər

 

Əbdül Hüseynov Vətənini canından artıq sevirdi. Hər dəfə doğma kəndinə- Əmircana  gələndə əvvəlcə ata və anasının, sonra dahi sənətkar Səttar Bəhlulzadənin, Tofiq Bayramın qəbrlərini, Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edər, Qobustan qoruq muzeyinə, Suraxanıdakı "Atəşgah"a, "Mir Möhsüm Ağa" ziyarətgahına baş çəkərdi.

 

Türkiyədən qayıtdıqdan sonra Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında mühüm vəzifədə çalışdı. Sonnralar yenidən "Soyuzkinovidioeksopta" baş redaktor göndərilən Əbdül müəllim ömrünün sonunadək Moskva Dövlət Universitetində və UİHİMŞ-ın ali məktəbində dərs deyirdi. Moskvanın ictimai həyatında daim fəallıq göstərirdi. Onun SSRİ dağılmaq ərəfəsində Azərbaycan diasporasının yaranmasında xüsusi xidmətləri olmuş, rəsmi qurumlarda çalışanların həll edə bilmədiyi məsələləri şəxsi münasibətdə olduğu adamlara sadəcə zəng etməklə yoluna qoyurdu. Bir dəfə Müdafiə Nazirliyindən bir sıra texniki və satışa verilməyən hərbi xarakterli nəşrləri əldə etməyi xahiş eləmişdilər. Əbdül müəllimə müraciət etdim. O, vaxtilə Moskva Hərbi Dairəsinin komandanı olmuş general-polkovnik rütbəli dostuna müraciət edərək, həmin ədəbiyyatı tapıb mənə göndərdi. O kitablar Müdafiə Nazirliyinə təhvil verildi, ordumuz bu gün də onlardan bəhrələnir.

 

Hacı Mehman FƏRZULLAYEV

525-ci qəzet  2017.- 14 iyun.- S.4.