Niyaz Rəhimli: "Rəqsi bu qədər sevəcəyim heç ağlıma gəlməzdi"

 

"RƏQSLƏ MƏŞĞUL OLMAQ VƏ ONU BAŞQALARINA ÖYRƏTMƏK TAMAM FƏRQLİ ZÖVQLƏRDİR"

 

Rəqs Azərbaycan mədəniyyətinin ən qədim növlərindən biridir. Heç təsadüfi deyil ki, qədim Qobustan qayaüstü rəsmlərində də ən qədim rəqs növümüz "Yallı" təsvir olunub.

 

Müasir dövrdə bu incəsənət sahəsiylə layiqincə məşğul olan, milli rəqslərimizin dünyada təbliği ilə məşğul olan gənclərimizin sayı heç də az deyil. Onlardan biri də müsahibim - rəqqas Niyaz Rəhimlidir.

 

Niyaz Rəhimli, gənc yaşına baxmayaraq, bir sıra rəqs qruplarında çalışmaqla bərabər, müəllim kimi də fəaliyyət göstərir. Elə söhbətimiz də onun bu fəaliyyətilə bağlıdır.

 

- Niyaz bəy, rəqslə nə vaxtdan məşğul olursunuz?

 

- 2012-ci ildən məşğul olmağa başlamışam. Heç bir özəl səbəb və ya hadisə olmayıb. Sadəcə əvvəllər həvəskar kimi yaxşı rəqs edə bilmək istəyirdim. Bunun üçün də fərdi olaraq müəllim yanına getdim. Cəmi 1 ay müəllimlə məşğul oldum. Sonra isə özüm tək davam etdim. Tanınmış müəllimlərim olmayıb. Əlbəttə, çox istərdim ki, tanınmış, bu sənətdə öz sözünü demiş rəqqaslardan dərs alım, onların tərcübələrindən yararlanım, ancaq heyif ki, bu, mümkün olmayıb.

 

- Müəllim kimi fəaliyyət göstərirsiniz. Daha çox hansı yaş qrupu ilə işləyirsiniz?

 

- İki növbədə işləyirəm: səhər azyaşlılarla, axşam isə böyüklərlə. Ən çox oğlanlarla işləyirəm. Qızlarla işləmək çox zaman alınmır, ya da mənim ürəyimcə olmur. Oğlanlarla işləmək daha asan və rahatdır.

 

- Bəs, qızların daha çox həvəsi var rəqsə, yoxsa oğlanların?

 

- Adətən, insanların çoxu ətrafından seçilmək, toylarda daha yaxşı oynamaq üçün rəqsə gəlirlər. Bunu daha çox qızlarda görürəm. Həvəs isə insanın özündən və rəqsə münasibətindən asılıdır.

 

- Balacalarla işləmək çətinlik yaratmır ki?

 

- Əgər sənətini sevirsənsə, həvəslisənsə, o zaman heç bir çətinlik olmur. Bəli, ilk gələndə, qrupu yaradanda çətin gəlir insana. Düşünürsən ki, nədən başlayım, necə başlayım. Çünki tələbələr arasında 4-5 yaşlılar da var. Onlar qorxurlar, çəkinirlər, analarının üstünə qaçırlar. Sən bir müəllim olaraq, onları ələ ala bilməli və saat yarım, iki saat müddətində o zalda saxlamağı, onlara nəsə öyrətməyi bacarmalısan. Ancaq elə ki zala girdin, qrupa nəzər yetirdin və ilk hərəkəti göstərdin, hər şey öz axarına düşür, ortada heç bir çətinlik qalmır.

 

- Sənətiniz sizə nə qazandırıb?

 

- Rəqs mənə məni qazandırıb. Rəqsə qarşı çox böyük bir sevgim var. Mənim bu sənətdəki ən böyük uğurum elə bu sənətlə məşğul olmağımdır. Mən əsəbi, yorğun, yaxud narahat olanda rəqslə sakitləşirəm, ondan zövq alıram. Rəqslə məşğul olmaq və onu başqalarına öyrətmək tamam fərqli zövqlərdir. Mən xoşbəxtəm ki, mən bu zövqlərdən məhrum deyiləm.

 

- Hansısa rəqs qrupunda çıxış edirsinizmi?

 

- "Azəri", "Xan", "Naxış" rəqs qrupu ilə işləyirəm. Əsas isə "Azəri" rəqs qrupunun tərkibində fəaliyyət göstərirəm.

 

- Ekranlara çıxır, toylara gedirsiniz?

 

- Bəli. Elə həmin qruplarla birgə televiziya verilişlərinə də dəvət alırıq, toylara, şənliklərə, tədbirlərə də gedirik.

 

- Daha çox hansı rəqslərə üstünlük verirsiniz?

 

- Əlbəttə ki, əsasən milli rəqsləri sevirəm və onlarla da məşğul oluram. Sevindirici haldır ki, indi zaman keçdikcə insanlarda da milli rəqslərimizə maraq getdikcə artmaqdadır. Əvvəl toylarda bizdən adi nağara ifasında rəqs istəyirdilərsə, indi quruluş verilmiş, səhnəsi olan hansısa milli rəqsləri istəyirlər. Biz də təbii ki, bunu daha böyük zövqlə ifa edirik.

 

- Hər bir rəqsin hekayəsi var, deyirlər...

 

- Təbii ki, hər bir rəqsin ayrı-ayrılıqda hekayəsi olur. Rəqs başdan sona qədər hansısa əhvalatı, hansısa mənanı çatdırır. Biz rəqqalar da rəqslərə quruluş verərkən çalışırıq ki, o məna itməsin, tamaşaçı izləyərkən söhbətin nədən getdiyini, bu rəqsdə ifaçının nəyi demək istədiyini anlasın.

 

- Rəqsi ancaq ifa etmək və ya tələbələrinizə öyrətmək üçün öyrənirsiniz, yoxsa onun tarixi, yaranması, ilk ifaçısı haqqında da maraqlanırsınız?

 

- Tələbələrimi bacardığım qədər dərindən öyrətməyə, məlumatlandırmağa çalışıram. Çünki onlar da artıq indidən nəyi öyrəndiklərini, nəyi ifa etdiklərini və mədəniyyətini öyrənməlidirlər. Sabah mən onların yanında olmaya bilərəm, amma mənim öyrətdiklərim onların yaddaşında və həyatının hansısa mərhələsində olacaqdır. Rəqsin tarixini, mənasını, bayaq dediyimiz kimi, hekayəsini həm öyrənirəm, həm də öyrədirəm.

 

- Hansı peşəkar rəqqasları izləyir, hansılardan bəhrələnirsiniz?

 

- Əməkdar artist Elnur Süleymanovun sənətinə çox böyük sevgim və hörmətim var. Çünki o, sənətinin bilicisi, vurğunu və layiqli ifaçısıdır. Dövlətimiz tərəfindən təltif olunduğu Əməkdar artist adına ən layiqli rəqqaslarımızdan birisidir. Rəqqas Akif Kərimlinin, Əməkdar artist Xanlar Bəşirovun da adlarını çəkə bilərəm ki, peşəkar və öz sənətinin mahir ifaçılarındandırlar. Bu siyahını daha da uzatmaq olar.

 

- Rəqs zəngin xəyal, fantaziya tələb edir. Bu illər ərzində xəyallarınızda nə kimi fərqlər var?

 

- Fərqlər çox böyükdür. Mən əvvəllər rəqsə adi maraq və həvəs olaraq başlamışdım. Sadəcə toyda yaxşı oynayım, musiqi çalınanda utanmayım. Rəqsi bu qədər sevəcəyim heç ağlıma gəlməzdi. Amma bu sevgini mən özüm özümdə yaratdım. Rəqsə başladıqdan sonra mən kəşf etdim ki, sən demə, mənim içimdəki boşluq məhz bu imiş. Özümdən böyük, bayaq adlarını çəkdiyim və çəkmədiyim sənətkarlara baxa-baxa öyrəndim.

 

- Üzdə olan rəqqasların rəqs sənətini təbliğ etmələrindən razısınızmı?

 

- Hamısını deyə bilmərəm, amma bəzilərindən razıyam. Onlar bu sənətə yalnız pul mənbəyi, maddi təminat kimi baxmırlar, sırf mədəniyyətimizin, incəsənətimizin inkişafı, təbliğatı ilə məşğuldurlar. Biz tez-tez tədbirlərdə iştirak edirik. Orada xarici millətlərin nümayəndələri də olur. Yad millət, əlbəttə ki, bizim mədəniyyətimizdən, incəsəntimizdən, rəqsimizdən xəbərsizdir. Onlara bunu biz tanıtmalıyıq. Həm də yüksək səviyyədə. Əsas məsələ də məhz budur.

 

- Bəs rəqsin şoulaşdırılmasına necə baxırsınız?

 

- Bunu bəzən qınasam da, əslində, hardasa təbii də baxmaq olar. Bu, əsasən xanım rəqqasələrimizdə var. O da özünü elə təqdim edə bilir. Bəzən bu sərfəli yol da olur. Çünki təəssüflə deməliyəm ki, cəmiyyətimizin əksəriyyəti də məhz şouya meyl edir.

 

- Milli rəqslərimizə olunan improvizələrə, sintezlərə münasibətiniz necədir?

 

- Müasirlik hər zaman yaxşıdır. Ancaq biz çalışmalıyıq ki, kökə sadiqliyimizi itirməyək. Doğrudur, zaman keçdikcə hansısa dəyişiklik baş verir, rəqs də ilkin variantını itirir. Müasir dövrümüzdə daha asan və daha rahatdır hər şey. Əvvəllər rəqs sənətinə 10 nəfərdən 1-i gedərdisə, indi 9-u gedir. Bu mənada yaxşıdır. Musiqilərin inkişafı da gözəldir, musiqi rəqs etmək, rəqs qurmaq üçün insana ayrıca stimul verir.

 

- Özünüz də rəqslər qurursunuzmu?

 

- Bəli, zaman-zaman xoşladığım musiqilərə, mahnılara rəqslər qurmuşam. Ya da hansısa rəqsimizi tələbələrim üçün onların ifasına uyğun qurmuşam. Məsələn, bu yaxınlarda bir tədbirdə tələbələrimin ifa etdiyi "Uzundərə", "İgidlər" və başqa rəqslər var idi ki, onlara quruluşu mən vermişdim. Rəqs qurarkən ən çox rəqsin o mənanı tam şəkildə çatdırmasına fikir verirəm.

 

- Bildiyim qədərilə, hind rəqslərində hər hərəkət bir sözü ifadə edir. Bizim rəqslərdə necədir bu?

 

- Mən bunu dəqiqliklə deyə bilmərəm, çünki həm təcrübəm, həm yaşım ona imkan vermir. Rəqs geniş bir ümmandır, biz hələ də öyrənirik. Amma mən belə bilirəm ki, bizim rəqslərdə belə bir şey yoxdur. Hər hərəkətin sözü ola bilməz. Rəqs ümumilikdən hansısa mənanı, fikri ifa edir. Sinxron hərəkətlər bir-birinin ardıyca gələrsə, o zaman tamaşaçı ssenarini, mənanı tuta bilər.

 

- Qarşıdakı hədəfiniz nədir?

 

- Sevdiyim bu rəqs sənətini hörmətim olan peşəkar rəqqaslarla, bayaq da adlarını çəkdiyim Xalq artisti Rüfət Xəlilzadə, Əməkdar artist Xanlar Bəşirovla birgə davam və inkişaf etdirmək! Eyni zamanda, sənətimlə xalqın sevgisini qazanmaq, dövlətimizin adını dünyada təmsil etmək, bayrağımızı ucaltmaq da əsas hədəflərimdəndir.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet  2017.- 21 may.- S.8.