Görkəmli mollanəsrəddinçi
Əliqulu Qəmküsar və müasirləri
Fərman XƏLİLOV
AMEA Naxçıvan
Bölməsi Əlyazmalar
Fondunun direktoru, filologiya üzrə elmlər doktoru
(Əvvəli ötən sayımızda)
Əliqulu Qəmküsarın
həmyerlisi və müasiri olan Molla Mahmud Çakərlə
(1871-1933) münasibəti isə
bir qədər başqa xarakterdə idi.
Əsasən mərsiyyə şairi kimi tanınan, lakin ziddiyyətli bir yaradıcılıq yolu keçən, bəzi naqis hərəkətləri ilə
müasirləri arasında
narazılıqlara səbəb
olan Molla Mahmud Çakər qalmaqallı
bir həyat yolu keçmişdir. Onun prinsipsizliyi və mürtəce mahiyyətli
fikirləri "Molla Nəsrəddin" jurnalında
dəfələrlə tənqid
olunmuş, hətta mollanəsrəddinçilərlə əməlli-başlı yola
getməyən yazıçı-jurnalist
Haşım bəy Vəzirov da "İttifaq" qəzetinin
19 mart 1909-cu il tarixli
62-ci nömrəsində dərc
etdirdiyi "Birinci qurd Naxçıvanda"
adlı məqaləsində
onların mövqeyindən
çıxış edərək
Çakəri qəzet
və jurnalları satıb pulunu mənimsədiyi üçün
kəskin şəkildə
ifşa etmişdir. Ə.Qəmküsar da Çakərin
bu mövqeyi ilə barışa bilmədiyi üçün
onunla istər şifahi, istərsə də mətbuat səhifərində qızğın
mübahisələrə girişirdi.
Onların arasındakı bu
mübahisə və münaqişə 1909-1911-ci illərdə
daha kəskin xarakter almışdı.
Məsələn, Ə.Qəmküsar
"Molla Nəsrəddin"
jurnalının hələ
1909-cu il 12-ci nömrəsində
dərc etdirdiyi "Dərd əhli" imzalı "Naxçıvandan"
başlıqlı kiçik
yazısında "Molla
əmi, vallah, billah Molla Mahmud Çakərin səfər
ayında eylədiyi gözəl moizələrə
and olsun" sözləri
ilə onu məsxərəyə qoyurdusa,
1911-ci il 45-ci nömrəsində
çap olunan "Sinəzən" şerində
isə qəzəblə
yazırdı:
Doldur cibini, Çakəri lap eylə qudurğan,
Nə din tanısın,
yol, nə də ki anlasın
insan.
Söysün sizi hər yerdə, desin min cürə hədyan.
Ə.Qəmküsar 1909-1911-ci illərdə
"Molla Nəsrəddin"də
dərc etdirdiyi "Ədəbiyyat", "Ələ
düşməz", "Nəzirə", “Yahu keçər" və
"Sinəzən" adlı
şeirlərində də
Çakərin mürtəce
dini fəaliyyətini,
mərsiyəxanlıqdan uzağa
getməyən şairliyini
və bəzi yaramaz əməllərini
tənqid və ifşa hədəfinə
çevirmişdir. Bir
neçə nümunəyə
diqqət edək:
Mənim
ey naxçıvanlı
şairə heyran olan könlüm,
Yazan lətayilatə
matü sərgərdan
olan könlüm.
Həya
qılma, açıq
söylə, cahanda sən görübsənmi
Həmi şair, həmi molla, həmi şeytan olan, könlüm?
("Molla Nəsrəddin"
1910, ¹ 7).
Çakər ola məresiyəxani-səhih,
Qövlü qələt, feli
tamamən qəbih
("Molla Nəsrəddin"
1911, ¹ 3).
Ver Çakərə yüz-yüz
ki, yesin, qarnı toxalsın,
Hər il boşasın
arvadını, tazəsin
alsın,
Övladını dansın, evinə
vəlvələ salsın,
Vicdanını seyr et, belə vicdan ələ düşməz
("Molla Nəsrəddin"
1911, ¹ 6).
Necə
Çakər usanmır,
ey xuda,
Bu nəzirədən, o nəzirədən.
Nə də kim
yazanlar edir həya
Bu nəzirədən, o nəzirədən
("Molla Nəsrəddin"
1911, ¹ 18).
"Molla Nəsrəddin"nin
27 yanvar 1912-ci il tarixli 4-cü nömrəsində
"Cüvəllağı bəy" imzası ilə dərc etdirdiyi "Dübbə"
adlı felyetonundakı
"Mən xırda vaxtlarımda ki, Təbrizə gedirdim, həmişə görərdim
ki, bir qonaqlıqda,
ya toyda və ya təziyədə
camaat durhadur əyləşib və bir nəfər boynuyoğun da oturub yuxarıda hey cəfəng-cəfəng (Çakər
danışan sözlərdən)
danışır" yazmasından
isə aydın olur ki, Ə.Qəmküsar
1912-ci ilin əvvəllərində
də hələ Çakərin yaxasını
əlindən buraxmamışdı.
Çakər də öz növbəsində Ə.Qəmküsara
həcvlər yağdırır,
onu xalq arasında nüfuzdan salmağa çalışırdı:
Etmə
məzəmmət bu
it oğlu itu,
Moskov ara, fot
olub Məmmədqulu,
Burda da hər iş
görür Cəfərqulu,
Utangınan, a yekdəst Əliqulu!
Cakərə məxsus olan bu misraları bizə 1973-cü ildə Naxçıvan şəhərinin
sakini 78 yaşlı Heydər Təhməzbəyov
söyləmişdir.
İkinci və üçüncü
misralarda adları çəkilən Məmmədqulu
və Cəfərqulu
Ə.Qəmküsarın kiçik
qardaşlarıdır (Salamzadə
Q. Kiçik pəncərədən
görünən dünya. Bakı:
Azərnəşr, 1990, 42). "Moskov ara,
fot olub Məmmədqulu" misrasına
gəlincə isə burada Məmmədqulunun Moskvada çayda çimərkən boğulmasına
işarə edilir.
Ə.Qəmküsarın qızı
Qəmər xanımın
da yazdığına
görə, həqiqətən
belə bir bədbəxt hadisə olmuşdur: "Atamın kiçik qardaşı Məmmədqulu Moskvada çayda çimərkən
boğulub".
Dördüncü misrada işlədilən
"yekdəst" sözünün
izahı isə qəmküsarşünaslığa yeni bir fakt
əlavə etmək baxımından maraqlı
və əhəmiyyətlidir. H.Təhməzbəyovun dediyinə görə, Əliqulu Qəmküsarın
bir qolu o birindən qısa olduğu üçün
bəziləri ona
"Yekdəst" ("Bir
qol", "Birqollu")
deyərmişlər. Ə.Qəmküsara "Yekdəst" deyilməsini biz keçən
əsrin 70-ci illərində
Naxçıvan Muxtar
Respublikasının Əməkdar
artisti, o vaxt 80-ə yaxın yaşı olan Rza İsfəndiyarlıdan
da eşitmişik.
Vaxtilə Ə.Qəmküsar
haqqında bəhs edərkən Əbdürrəhim
bəy Haqverdiyevin
"şikəst Azərbaycan
mühərriri" (diqqət
edin: "şikəst!")
sözlərini işlətməsi
də (Haqverdiyev
Ə. Seçilmiş əsərləri.
İki cilddə. II c., Bakı: Lider Nəşriyyat, 2005, s. 331) H.Təhməzbəyov
və R.İsfəndiyarlının
dediklərinin həqiqətə
uyğun olduğunu göstərir.
H.Təhməzbəyovun dediyinə görə, Çakər həcmcə
böyük olan bu şeiri ayrı-ayrı
vərəqlərə yazılmış
şəkildə dostu,
bəlkə də qohumu Həmid Mahmudov adlı bir şəxsə vermiş, o isə bu vərəqləri Naxçıvanda müxtəlif
divarlara yapışdırmışdır.
H.Təhməzbəyov Ə.Qəmküsarla
Çakərin münasibətləri
haqqında bizə belə bir maraqlı
məlumat da vermişdir: "Əmim Hacı Ələkbər
o vaxt (söhbət XX
əsrin əvvəllərindən
gedir - F.X.) Naxçıvanda bəzzazlıq edərdi.
Mən onun dilindən Ə. Qəmküsar
haqqında bu sözləri eşitmişəm:
"Naxçıvanlı molla
Çakərlə Ə.Qəmküsar
arasında möhkəm
çəkişmə var
idi. Hər ikisi bir-birinə
kəskin həcvlər
yazırdılar. Bir
gün Ə.Qəmküsarı
yanıma çağırıb
dedim ki, hər ikiniz savadlı, nüfuzlu adamlarsınız. Ayıbdır,
bir-birinizi az
həcv edin. Başınızı aşağı salıb
mərsiyə yazın.
Ə.Qəmküsar cavab verdi ki,
"baş üstə"
və məndən kağız alıb böyük bir mərsiyə yazdı.
Həmin
mərsiyədən H.Təhməzbəyovun
yadında qalan aşağıdakı misralardır:
Ey cəmaət, Kərbəlada
zülm bipəyan olub,
Əhli-beyti-Mustafa ətşani-sərgərdan
olub.
Kufəyə getməzdi hərgiz
ol şəhi-ləbi-təşnəgan,
Minlər ilə namə yazmış dəvət etmiş Kufiyan.
Qoymamış məqsudinin icrasına
olsun rəvan,
Neynəva dəştində axırda
susuz qurban olub.
Elmisiz islah olunmaz bizlərin
bu adəti,
Qeyrətü namusuna aləm bütün heyran olub".
Axırıncı beytdən açıq-aşkar
hiss olunur ki, Ə.Qəmküsar Hacı
Ələkbərin nəsihətlərinə
baxmayaraq, Çakərlə
barışmamış, əksinə,
dolayısı ilə
yenə də ona sataşmadan keçməməşdir. Başqa
cür də ola bilməzdi.
Çünki bu, ideya mübarizəsi idi. Lakin əldə olan bəzi məlumatlardan aydın olur ki, Çakər
Ə.Qəmküsarın vəfatından
təxminən on il sonra etiraf etmişdir ki: "Kaş indi Əliqulu Qəmküsar da sağ olaydı, o, Şeyx Nəsrullah, mən isə Şeyx Əhməd rolunda oynayaydıq. Axı mollalığın daşını
atmaqda Qəmküsarın
mənə çox təsiri olub" (Tarverdiyev M. Minbərdən
səhnəyə. "Ədəbiyyat və incəsənət" qəz., 21 fevral 1970,).
Ə.Qəmküsarın M.S.Ordubadi ilə münasibəti məsələsi
də çox maraqlıdır. Onlar gənc yaşlarından
birinci İran inqilabının iştirakçıları,
bolşevik "Hümmət"
təşkilatının fəal
üzvlərindən olmuşlar.
Elmi ədəbiyyatda verilən
məlumatdan da aydın olur ki, Ordubadi və
Qəmküsar birinci İran inqilabı illərində birgə siyasi fəaliyyətdə
olmuşlar. XX əsrin əvvəllərində
İran inqilabçılarına
"Yardım Komitəsinin
göndərdiyi vəsait
Culfaya Şeyxovun (Ə.Qəmküsarın dayısı,
məşhur inqilabçı
Mirzə Nəsrullah Şeyxov - F.X.) vasitəsilə
Təbrizə çatdırılırdı.
M.S.Ordubadi, Əliqulu, Abdulla və Kərbəlayi Tağı da Şeyxovun köməkçiləri
idilər" (İbrahimov
T.A. (Şahin).
İran Kommunist Partiyasının yaradılması. Bakı: EA-nın nəşriyyatı,
1963, s. 81). Bu barədə Ordubadinin
"Dumanlı Təbriz"
romanında da məlumat vardır: "Qəmküsar Miss Hannaya ithaf etdiyi azərbaycanca
qəzəlini oxudu. Qəmküsar həmin qəzəli
süfrə başında
yazmışdı. Ondan
ancaq iki misrası yadımda qalmışdır:
Süzgün baxışlarında bir ahəngi-dilnəvaz,
Zülfün səhab qəmzədir, ey asimani-naz".
1904-cü ildə "Şərqi-Rus" qəzeti nəşrə başlayanda hər iki sənətkar ilk yazıları ilə bu qəzetdə, "Molla Nəsrəddin" nəşrə başlayandan sonra isə həmin jurnalın səhifələrində çıxış edirdilər. Hər iki sənətkar öz ilk şeir və felyetonlarında maarifi və mədəniyyəti təbliğ edir, ictimai yaramazlıqları isə tənqid atəşinə tuturdular. O da maraqlıdır ki, Ordubadi İrəvanda çıxan "Lək-lək" jurnalının 26 may 1914-cü il 8-ci nömrəsində "Hərdəmxəyal" imzası ilə dərc etdirdiyi "Ədəbiyyat" sərlövhəli şeirində Qəmküsarın "qəhrəmanı" Çakəri də "yad etmişdir":
Basmış qübari-matəm ağbaşlı rövzəxanı,
Bəlkə qalıb pulsuz, hər dəmdə Çakər ağlar.
1913-cü ildə bu sənətkarların arasında kiçik bir narazılıq olur.
(Ardı var)
525-ci qəzet 2017.- 21 iyun.- S.6.