Kim bilirsə söz qədrini... - Portret oçerk

 

Tofiq HÜSEYN

Əməkdar jurnalist

 

Lap cavanlıqdan məclislərdə şeir deyən olmamışam. Hətta şairlikdə tanınmağın, reklamın - məclislərdə söz alıb şeir demək, bu yolla diqqət cəlb etməyin vacib şərtlərdən olduğunu bilsəm də...

 

Ya utanmışam, ya da təbiətimdəki təvazökarlıqdan irəli gəlib, deməmişəm. Həmin gün yaxın dostlardan biri üz vurdu, keçə bilmədim. Ayağa qalxıb könülsüz halda köhnə şeirlərdən birini deməyə başladım. Adam çox deyildi, xudmani məclis olsa da dinləyicilərin tərkibi kifayət qədər belə deyək, xeyli zəngin idi; hüquqşünas, ticarət işçisi, hətta filologiya elmləri doktoru, professor... Yəqin hamının başına gəlib, şeir dediyin anlarda məclisin reaksiyası istər-istəməz diqqəti cəlb edir və bu halda dediyin şeiri xüsusi şövqlə məclisə çatdıra , yaxud əksinə, sonrakı bəndləri qatıb qarışdıra da bilərsən.

 

Və həmin anda gözüm ona sataşdı. Bütün diqqəti məndə idi. Dediyim şeirdə hər bəndin sonunu gözləyir, bənddəki mənanı tutmağa çalışır və tutur, başının işarəsindən, tərpənişindən- dediklərimin ürəyindən olduğunu görürdüm. Başqaları qulaq asırdı-asmırdı, deyə bilmərəm. Bu məclisdə cəmisi iki nəfər bir şeirin misraları ilə yaşayırdı, o və mən... Aman Allah, adama cani-dildən qulaq asmaq, dinləmək nə gözəl şeydir. Dinləmək, qulaq asmaq bacarığı isə hər adama müəssər olmur. Bu, daxili mədəniyyətdən, intellektdən, bir az uzağa getsək, hətta ailə tərbiyəsindən irəli gəlir.

 

Məndən daha xahiş etmək lazım gəlmədi, ikinci-üçüncü şeiri də dedim. Təkcə onun, mənə qulaq asan bir nəfərin xatirinə... İllər keçəcək, mən o bir nəfərlə yaxın dost olacam, hətta ona şeir də həsr edəcəm: "Mənə bir yasəmən budağı göndər". Amma bunlar bir az sonra olacaq. O gün bizim Vaqif Qurbanovla tanışlığımız demək mümkünsə, bir qədər rəsmi xarakter daşıdı, yəni şair-dinləyici çərçivəsində. Söz qədrini bilən söz adamının yadından çıxmır. Bir az yekəxanalıq kimi alınmasa, bir vaxtlar babamız Füzuli də "Hər kim bilsə söz qədrini" deyərək belə adamlara xüsusi məhəbbət nümayiş etdirib. Aradan nə qədər vaxt keçdiyi yadımda deyil. 90-cı illərin əvvəllərində indiki kimi "müxbir kütləsi" peyda olmamışdı və bu kütlə hələ indiki kimi tüğyan eləmirdi. Çalışdığım redaksiyanın bölgə müxbiri kimi onun uzun illər boyu rəhbərlik etdiyi idarədən-Sabirabad rayonundakı "Muğansutikinti" Trestindən (o vaxt belə adlanırdı) yolumu salmaq qərarına gəldim. Qərarımda zərrə qədər maddi istək yox, başqa maraq var idi. "Həmin adam görəsən məni necə qarşılayacaq?” Özümə söz vermişdim, məni gördüyü halda tanımasa, yaxud özünü tanımamazlığa vursa, maşınıma əyləşib idarəni tərk edəcəkdim. Beləliklə, səhər tezdən, iş vaxtı yenicə başlamış Trestin həyətinə toplaşan mühəndislərə, fəhlələrə qoşulub onu gözləməyə başladım. Qara "Qaz-24"dən, rəis maşınından düşüb toplaşanlara göz gəzdirdi. Məni görəndə ani olaraq fikrə getdi, iti addımlarla mənə yaxınlaşdı, iri, güclü əli ilə əl tutdu. Əziz bir adamını görürmüş kimi "Səndən nə əcəb"deyib qoluma girdi, ikinci mərtəbəyə-kabinetinə apardı. Bu, o idi. Neçə illər bundan əvvəl şeirimə qulaq assa da, məni yaddan çıxartmayan adam.

 

Bir halda ki, söhbət-sözə qulaq asıb sözə dəyər verməkdən düşdü, bu yerdə bir hadisəni də xatırlayib başqa mətləblərə keçirəm.

 

Vaqif müəllimlə tanışlığımız dostluğa çevrildi. Birgə gəzintilərə, səfərlərə çıxdıq. Buradaca deyim ki, SÖZ həmişə təkcə şeirdən, məclislərdə deyilən uzun-uzadı sağlıqlardan, boğazdan yuxarı, yaxud boğazdan aşağı təriflərdən ibarət olmur. SÖZÜN acı, qurdlu, qəfil atılan atmaca tərəfləri də var. Azərbaycanın pullu-paralı, gətir-götür, Gürcüstanın isə iqtisadi cəhətdən kasıb vaxtlarında qonşu respublikanın Borjomi şəhərinə səfər etdik. Şəhərdə soraqlaşıb ən bahalı otellərdən birində yerləşdik. Otel xidmətçiləri ilə tanış olarkən qəribə mənzərə ilə qarşılaşdıq. Xidmət işçilərinin demək olar ki, hamısı ali təhsilli adamlar idi. Sovet dövründə yüksək vəzifələrdə işləmişdilər. İşsizlik böhranı onları aşağı işlərdə bir parça çörək qazanmağa vadar etmişdi. Təbii ki, Bakıdan bura istirahətə gələn pullu adamlara ev sahibləri bir elə məhəbbət nümayiş etdirə bilməzdilər. Gürcülərdə yaranan qısqanclıq hissini başa düşsək də, özümüzü o yerə qoymadıq. Hətta Vaqif müəllimin təklifi ilə otel işçilərini səfər yoldaşlarımızdan birinin ad gününə dəvət etdik. Məclisi Vaqif müəllim aparırdı. Sağlıqlar deyilir, ənənə xatirinə iki qardaş xalqın şərəfinə badə qaldırılırdı. Elə bu vaxt gürcülərdən biri necə oldusa, dövlətimizin ünvanına aşağılayıcı ifadə işlətdi. Biz bu ifadəni tuta bilmədik. Amma hamıya hər vaxt diqqətlə qulaq asan, daha dəqiq desək, qulaq asmağı bacaran Vaqif müəllim dərhal təmiz rus dilində, faktlarla, məntiqlə gürcünün səhvini tərəf- müqabilinə izah edib başa saldı. Belə demək mümkünsə, yersiz söz sahibinin öz sözünü özünə yedirtdi.

 

Yenə balaca bir haşiyəyə çıxım; olur ki, Vaqif müəllim bir elə xoşu gəlmədiyi adamla məclisə düşür. Həmin adamın söhbətinə də son dərəcə səbrlə, təmkinlə qulaq asır. Sonra soruşuram; "Bu adama sənin münasibətin mənə bəllidir. Nə əcəb ona diqqətlə qulaq asırdın?Cavab verir: "Adətim belədir, indi bir nəfərdən ötrü adətimi dəyişə bilmərəm"...

 

Dünya sözlə var olub. Sözün qədrini bilənlər dünyanın hikmətini anlayıb, həyatın gözəlliklərini duyub, başa düşüb, öz ömürlərini mənalı yaşayıblar. Vaqif müəllimə Allah Təala belə bir duyum xoşbəxtliyi bəxş edib. İmkanlı ailədə böyüyüb. Atası Ağayar Qurbanov Sovet dövründə uzun illər kolxoz sədri işləyib, ölkənin ən yüksək dairələrində yer tutub. Belə ailələrdə ərsəyə gələn cavanları çoxumuz xatırlayırıq. Əksəriyyəti atadan pul-para qazanmaq yollarını, var-dövlət sahibi olmaq vərdişlərini əxz etməyə çalışıblar. Vaqif isə son dərəcə alicənab, zəhmətkeş atanın imkanlarını tamam başqa məcraya-insanlıq, mədəniyyət, xeyirxahlıq, səxavətlilik, kiməsə əl tutmaq, kiminsə qolundan yapışıb ayağa qaldırmaq məcrasına yönəldib. Bu adamın ürəyində paxıllıq hissi yoxdur. Biri pul qazanıb özünə ev-eşik, gün-güzəran düzəldirsə, qəlbən sevinir, üstəlik "maşallah" da deyir. Dostları onun ən qiymətli varidatıdır. Dostları ilə fəxr edir, dostlarının ən kiçik uğurları ona sevinc-fərəh gətirir. Ondan ötrü ürək qızdırdığı insanlara sosial ayrı-seçkilik barədə söhbət ola bilməz. Dostluğa qəbul edibsə, onunla axıra qədər var. Yenə yadıma düşmüşkən deyim ki, dörd il bundan əvvəl dövlət başçımız mənə fəxri ad verdi. Yessentukidə istirahət edirdim. Bir də gördüm telefon zəngləri bir-birinə ara vermir. Başa düşdüm ki, Vaqif müəllim dostları xəbərdar eləyib, onları da sevincinə şərik edib. O, tək mənə yox, bütün dostlara belə diqqətlidir.

 

Bir dəfə mənə Fərrux haqqında danışdı. İnstitutda bir yerdə oxuyublar. İndi Göygol, ya Samux tərəflərdə yaşayır. "Məni oğlunun toyuna çağırıb”-, dedi. - “Gəl bir yerdə gedək. Məni görüb sevinəcək, hələ üstəlik özümlə şair gətirdiyimdən uçmağa qanad axtaracaq". Doğrudan da belə oldu. Gəlişimizlə Fərruxa sanki dünyanı bağışladıq. Toyda o ki var rəqs elədik, şeir dedik. Oğul atasının sevinci hədsiz idi. Aradan xeyli keçib. Fərrux indi də Vaqifə telefon açanda toyda iştirakımıza görə ona təşəkkürünü bildirir. Vaqif bu sayaq insanlara sevinc hissi bəxş edə bilirsə, o, sadəcə olaraq bundan ləzzət alır. Bir dəfə maşınımda akkumlyatorun nasazlığından danışıb onun ucbatından yolda qala biləcəyimi dedim. Başqa biri bu narahatlığı bir az da artıra, yaxşı halda, məsələn, "çalış tez dəyiş", pis halda "dəyişməsən, o biri hissələri də vurub sıradan çıxardacaq" deyə bilərdi. Vaqif müəllimin savabı isə başqa cür oldu:"Narahat olma”,- dedi,- “həmin hissədən ötrü maşın adamı yolda qoymur, elə həyətdə motor işə düşmür, çarəni də yolda yox, həyətdə axtarırsan". Düz deyirmiş. Səhərlərin birində həyətdə ikən akkumlyator motoru işə salmadı, nasaz hissəni yenisi ilə əvəz etdim.

 

Hər il dekabr ayının 30-da dostlarını başına toplayır, təzə ilin gəlişi münasibəti ilə bizə qonaqlıq verir. İlk sözü də bu olur: "Allah qismət eləsin gələn ilin bu vaxtı yenə görüşək". Və neçə illərdir şükürlər olsun ki, görüşürük.

 

Sözün və dostlarının qədrini bilməyi haqqında danışdıq. Mənim yaxşı mənada həsəd apardığım yeganə adamdır ki, həm də əlahəzrət vaxtın qədrini bilir. İdmanla məşğul olur, müalicəsinin qayğısına qalır, sosial şəbəkədən informasiyalar alır, ailəsi ilə teatra, konsertlərə gedir. Ötən illərin birində Ramiz Rövşən Şirvanda mənim qonağım olacaqdı. Vaqifi dəvət elədim. İstirahət günü olmasına baxmayaraq, Bakıdan yaxın dostu Binnət Məmmədovla şairlərin - Ramiz Rövşənin, Əjdər Olun, Rəşad Məcidin iştirak etdiyi məclicə gəldi. Lap bu yaxınlarda Musa Yaqub bizi - Vaqif müəllimi, məni, uzun illər ölkənin məhkəmə və prokurorluq sistemində ləyaqətlə xidmət etmiş, o cümlədən, İsmayıllıda prokuror olarkən Musanın dostu və xeyirxahı olmuş Adil Mikayılovu İsmayıllıya, özünün 80 illik yubileyinə dəvət eləmişdi. Adil müəllim - Vaqifin qudası, həm də yaxın dostu, şeir-sənət vurğunudur. Bizim hər üçümüzü İsmayıllıya çəkib aparan da yenə Söz idi, Musa Yaqub sözünün işığı, hərarəti idi.

 

... Vaqif Qurbanov məşhur meliorator- mühəndisdir. Uzun illərdir Sabirabad rayonundakı "Muğansutikinti"ASC-yə rəhbərlik edir. Ölkədə aparılan ən mühüm meliorasiya lahiyələrinin icrası başqaları ilə yanaşı, həm də onun rəhbərlik etdiyi kollektiv tərəfindən həyata keçirilir. Jurnalist həmkarlarım ona çoxdan obrazlı dillə "Torpağa şirinlik gətirən adam" adı veriblər. Burası da əladır ki, el-obaya, dostlarına yaxşı olan bu adam dövlətimizin də nəzər-diqqətindən yayınmır. Bu yaxınlarda Prezidentin sərəncamı ilə Vaqif Ağayar oğlu Qurbanov Respublikanın Əməkdar Mühəndisi fəxri adına layiq görülüb. Bir vaxt dostlar məni necə təbrik etmişdisə, bu dəfə mən də həmin dostlara qoşulub Vaqifi ürəkdən təbrik etmək sevincini yaşamışam.

 

525-ci qəzet  2017.- 21 iyun.- S.6.