Parisdə bir gün təbəssüm
olan şair
Ülviyyə HEYDƏROVA
Söz yükü
Sizi bilmirəm, amma mənə
oxuduğum cümlələrə, o cümlələrdə
gizlənən fikirlərə qayıtmaq, yeni məna axtarmaq
zövq verir.
Xeyli vaxt idi ki, Yusif Səmədoğlunun «Deyilənlər
gəldi başa» adlı kitabı yazı masamın
üstündə məğrur dayanmışdı. Kitab dilə gəlsəydi,
yəqin ki: “Oxusan da, oxumasan da, sağ ol”, - söyləyərdi.
Bir gün o tilsim qırıldı və evdə,
metroda, avtobusda, dayanacaqda, bir sözlə, yazmadığım
vaxtlarda onun obrazları ilə söhbət etməyə
başladım. Bu o zaman idi ki, Vaqif Səmədoğlunun
Parisdə keçiriləcək yaradıcılıq gecəsinə
hazırlaşırdım. Hazırlaşırdım
deyəndə ki, viza üçün sənədlər
toplayır, nümayəndə heyətinə kömək
edirdim. Üstəlik işimlə məişət
problemlərim qarışdığından onları bir-birindən
ayırmağa çalışırdım. Bu gərginliyin, narahatçılığın,
yorğunluğun içində səfərə cəmi bir
gün qalmış çamadanı otağın ortasına gətirdim.
Səfər üçün lazım olan əşyaları,
geyimləri ora güclə yerləşdirdim. Sonra Vaqif Səmədoğlunun fransız dilində
çap olunmuş şeirlər toplusunun nüsxələrini
çantama qoydum.
Çamadan hazır olandan sonra yenidən Yusif Səmədoğlunun
sözlərinə qayıtdım. Kitabdan əl çəkə
bilmirdim. Çünki Səməndər Uçqunlu ilə
birgə Moskvaya «uçurdum». Qəribədir,
yazıçının qəhrəmanı da səfərə
yollanırdı, o cümlələri oxuyan oxucu da. Gecə yarıdan xeyli keçmişdi. Artıq vaxt idi deyə taksi çağırdım.
Kitabı örtüb rüqzaqa qoyanda gücümün
çatmadığını hiss etdim. Söz
yükü ağır olur, amma bilməzdim ki, Yusif Səmədoğlunun
«yükü» çiyinlərimi bu qədər əyə bilərmiş.
Təəssüflənsəm də
çıxış yolu tapdım. Yazıçının
qəhrəmanlarını ürəyimə salıb taksiyə
oturdum. Düşündüm ki, Sədi Əfəndinin
ağrıların ağrısı, Şairin sözlərin
sözü, Şahın pislərin pisi, Kirlikirin kirlərin
kiri kimi Parisdə bir gün təbəssüm olmaq haqqı
var. Hələ mən hamının lal-kar bildiyi Səməndəri
demirəm...
Paris Vaqif
Səmədoğlunun obyektivində
Heç ağlıma gətirməzdim ki, Parisə nə
vaxtsa Vaqif Səmədoğlunun fotoaparatı ilə yollanacam. Səfərlə
bağlı müzakirələr edəndə Vaqif müəllimin
xanımı Nüşabə Babayeva-Vəkilova şairin
fotoaparat kolleksiyasından birini götürəcəyini
söylədi. Hətta birlikdə fotoqrafın yanına
gedib, fotoaparatın funksiyası ilə də tanış
olduq. Fotoqraf mənə fotoaparatın
xüsusiyyətini izah edəndə ilk olaraq elə
Nüşabə xanımı çəkdim. Etiraz etdi. Onu anlayırdım.
Axı fotoaparatı həmişə Vaqif müəllimin
əlində görməyə alışmışdı.
O, heç obyektivə də baxa bilmirdi. Xatirələri
sıraya düzülürdü. Buna
baxmayaraq, bütün diqqəti fotoaparatda idi. Onu gözdən qoymasa da sevgilisinin «yadigarını»
səfər müddətində mənə həvalə etdi.
Qəribə
hiss idi. Qürur, məsuliyyət, həyəcan
bir-birinə qarışmışdı. Parisə
sevimli şairimin fotoaparatından, obyektivindən, demək ki,
onun gözündən baxacaqdım. Düzdür,
mobil telefonlar «ağıllılaşandan», anı yaddaşda
saxlamaq asan olsa da, fotoaparatın yerini heç nə vermir.
Üstəlik bu aparat səfərin əsas səbəbkarına
məxsus ola. Şair
baxışlarını sanki o obyektivdə qoymuşdu. Ona görə də fotoaparatla ehtiyatla davranır,
ürəyimin üstündə gəzdirirdim. Lap onun
şeirləri kimi...
Şeirə
bürünənlər
Eyfel qülləsi ürəyimizi açandan sonra
hüquqşünas Səməd Vəkilov və ingilis
jurnalist, Avropa Azərbaycan Cəmiyyətinin mətbuat katibi
Nil Vatsonla birlikdə Seint Mişel metro stansiyasına
yollandıq. Stansiyadan çıxan kimi insanlara
qarışdıq. Burada Sena çayı
boyunca kiçik taxçaların üstündə cürbəcür
nəşrlər, açıqcalar, təqvimlər
satılırdı. Nəinki köhnə,
hətta nadir nüsxələrə də rast gəlmək
olardı. Məsələn, diqqətimi qədim
İran mədəniyyəti, müsəlmanların adət-ənənələri,
misirlilərin dini haqqında fransız dilində kitablar
çəkdi. Nədənsə, Şərqlə
bağlı kitablar rəflərdə deyil, vitrində
qoyulmuşdu. Lap bizim kitab evlərində Qərbə,
Rusiyaya aid kitablar önə çəkilən kimi. Görünür, Qərb üçün Şərq,
Şərq üçün Qərb daha cəlbedicidir.
Sena çayı boyu alıcı da, satıcı da kitab
vərəqləyirdi. Düzdür, suvenirlərə baxanlar da
vardı, amma üstünlük sözdə idi. Hamı sözə qarışmışdı.
Mən də söz içində olsam da, nə
alıcılara, nə satıcılara qoşuldum. Çantamdan Vaqif Səmədoğlunun fransız
dilinə tərcümə olunmuş şeirlər toplusunun
nüsxələrindən bir neçəsini
götürüb, alıcılara, satıcalara hədiyyə
etdim. Düşündüm ki, vərəq
paylamaq yalnız seçki ərəfəsində olmaz ki.
Qoy bu dünya bir-iki gün kağız
üstündə şeir görsün və gördü də.
Axı Vaqif Səmədoğlu əvvəldən
axıra kimi oxunmaq arzusu ilə yaşayırdı. Kiminsə
yadında əzbər qalmaq, bəyənilmək, sevilmək,
şair kimi yox, məhz yaddan çıxmayacaq bir şeir olmaq
istəyirdi...
Kilsə
zəngi, ürək döyüntüsü və dua
Şeirlər bitməmişdi. Onları
götürüb Site adasına keçdik. Uzaqdan məşhur Paris Notr-Dam kilsəsi
görünürdü. Ora
addım-addım yaxınlaşdıqca kilsə öz əzəməti
ilə gözümdə əsr-əsr böyüməyə
başladı. Zarafat deyil, nəhəng
tikili yüzilliklərə meydan oxuyub, Janna d’Arkın məhkəməsinin,
Napoleon Bonapartın tacqoyma mərasiminin, daha neçə-neçə
hadisələrin, toy və dəfnlərin şahidi olub.
Amma nə olsun? Paris Notr-Dam
deyəndə ilk ağla gələn Viktor Hüqodur. Demək ki, əbədi qalmaq üçün təkcə
tarix yaratmamalısan, həm də sözə çevrilməlisən.
Necə ki, Paris Notr-Dam da
yazıçının qələmindən çıxaraq
ürəklərə yol tapıb.
Əsas
ürəkdə yaşamaqdı... Kilsənin ətrafına
dolananda yuxarı hissədə mənşəyi məlum
olmayan heyvan heykəllərinin insanlara acıqla
«baxdığını» görəndə fikrim Qvazimododan
ayrıldı. Bu heykəllər mənə
Yusif Səmədoğlunun Kirlikir obrazını
xatırlatdı. Düşündüm ki,
birdən işdi-şayəd yarısiçan olan Kirlikir Notr
Damda heykəlləşsə, bu naməlum heyvanlarla yola gedərmi,
bir sırada dayanarmı?
Qəfildən çalınan kilsə zəngləri fikrimi
dağıtdı. Zənglər ətrafda əsk-səda
verdikcə ürəyim bərkdən döyünməyə
başladı. O sanki kilsə zəngləri ilə
yarışa çıxdı. Kilsə bir zəng
vuranda, o üç döyüntü ilə
cavablandırdı. Yarışma bir
neçə dəqiqə də davam etsəydi, çox
güman ki, o tab gətirməyəcəkdi. Ürəyimi artıq Notr-Dama
bağışlamağa hazırlaşırdım ki, zənglər
dayandı. Bu dəfə dualar ürəyimi
rahat buraxmadı. Ürəyimi Allaha
boşaltdım. Görəsən, O, məni
eşitdimi?
Sena Xəzərə
axır
Bu misra Vaqif Səmədoğluya məxsusdur. Şeir illər
öncə yazılsa da, o bir gün dolayısı ilə həqiqətə
çevrildi. 2012-ci ildə Heydər
Əliyev Fondunun və Azərbaycanın Fransadakı Səfirliyinin
dəstəyi ilə yaradılan Azərbaycan Mədəniyyət
Mərkəzi elə Sena çayının
yaxınlığındadır. Demək ki, Azərbaycan
- onun zəngin mədəniyyətinin, qədim tarixinin bir
parçası Sena sahillərində, Eyfel qülləsinin
düz yanında məskən salıb və bu da
çayın gölə «qovuşmasından» xəbər
verir. Əgər Eyfelə baxmasan, elə bilərsən
Bakının mərkəzi küçələrinin birindəsən.
Amma başını yana əyəndə
Parisdə olduğunun fərqinə varırsan və istəyirsən
Eyfelin zirvəsindən şəhərə baxan turistlərə
əl eləyib, «bonjour» ya da «salam» deyəsən.
Təbii ki, bu baş vermədi, amma fotoaparat öz
işini gördü. Paris ürəyini açıb obyektivə
tuşladı. Bu obyektivdə
bayrağımız görünəndə isə sevinməyə
bilmirsən. Əksinə sevincini
paylaşmaq istəyirsən. Düzü,
ucu-bucağı bilinməyən Parisdə sevincini gizlətməyə
yer də yoxdur. Bir də axı niyə
gizlədəsən? O kədərdir, peyda olan kimi
özünə hardasa yer tapır...
Tədbirin
keçiriləcəyi məkanı görəndən sonra «Parisdə
Azərbaycan Evi»nin rəhbəri Mirvari Fətəliyeva Azərbaycandan
gələn nümayəndə heyətinə - Səməd
Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilovaya,
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti
Sevil Yusifovaya, Azərbaycan Aləmi Mədəniyyət Mərkəzinin
sədri Şəhla Yusifovaya, hüquqşünas Səməd
Vəkilova, kitabın tərcüməçisi, Bakı
Slavyan Universitetinin baş müəllimi Aliyə Səmədovaya
Mərkəzi ətraflı tanıtdı. Burada
nələr yoxdur? Miniatür,
xalçaçılıq, şəbəkə sənətindən
tutmuş, milli geyimlərimizə, rəngkarlıq nümunələrimizə
kimi. Hətta Mərkəzdə «Parisdə
Azərbaycan Evi» tərəfindən azərbaycanlı
uşaqlara ana dili də öyrədilir. Dili
unutmaq özündən uzaqlaşmaq kimidir. Parisdə Azərbaycan
Mədəniyyət Mərkəzi isə «unutmağa» imkan
vermir...
İnsan-insan
buludlar, bulud-bulud yeməklər
Parisin səması da ürəyi kimi
açıqdır. Buludlar pambıq tarlasına
oxşayırdı, lap əl uzadıb dərmək istəyirdin.
Ona görə də səmaya baxmaqdan boynum
ağrıyırdı. Bu buludlar hətta
uşaqlığımı da yanıma gətirdi. Heç unutmaram. Topa-topa
buludları görənə iştaha gəlirdim (heç yox
idi?!), onu ən dadlı, ləzzətli yemək bilirdim. Odur ki, hər dəfə boşqabı,
bıçağı anama uzadıb deyirdim ki, o buluddan kəs
yeyim. Anam da ürəyimi
sındırmırdı. Stula çıxırdı,
boşqabı, bıçağı səmaya uzadıb deyirdi ki,
bax, görürsən, əlim çatmır...
Vaqif Səmədoğlunun
obyektivindən isə buludlar insana oxşayırdı:
Bu bulud
rəhmətlik nənəmə
oxşayır.
O bulud
qonşu küçədəki
qarayanız suçuya.
İnsanlar
axır
bulud-bulud
göy
üzündə.
Yaxınla,
yadla
doludur
göy
üzü də...
Yelisey
çölləri
«Şarl de Qoll» metro stansiyasından Zəfər
tağına çıxmaq üçün sanki labirintlərdən
keçməli olursan. Nə yaxşı ki, fransızlar da bizim
kimi qonaqpərvərdilər, çıxış yolunu həvəslə
göstərdilər. Napoleon Bonapartdan
yadigar qalan Zəfər tağına baxanda, fransız
xalqının heç də bütün günü kef eləmədiyini,
məğlubiyyətlərinə rəğmən
sınmadığını düşündüm.
Zəfər tağıdan ayrılıb Yelisey
çöllərinə çıxdıq. Bura bizim dillə
desək, Parisin «Tarqovaya» küçəsidir. Prospekt boyu gəzəndə Nüşabə
xanım Parisə ilk səfərini, Vaqif müəllimlə hər
axşam Yelisey çöllərində gəzdiyini
xatırladı.
Nüşabə xanım Yelisey çöllərində
çox gəzə bilmədi, xatirələrini
götürüb taksiylə otelə qayıtdı. Biz isə
Parislə təkbətək qaldıq.
Şairin fotoapatını işə saldım. Xatirələri
çəkdim. Bu həmin gün idi ki, şair 78 il əvvəl dünyaya gəlmişdi. Gəlmişdi
ki, bir gün təbəssüm olsun, Allaha dua yerinə
şeir oxusun...
Monmartr təpəsi
Monmartra gedən yol dualardan başlayır. Uzaqdan görünən
Sakre-kör kilsəsinə can atmaqı üçün gərək
saysız-hesabsız pilləkənləri qət edəsən.
Amma müasir texnologiya dualara gedən yolu da
asanlaşdırdığına görə, funiklyorla iki dəqiqəyə
Monmartr təpəsinə qalxdıq. Yol
boyu ağlıma qəribə bir fikir gəldi. Düşündüm ki, günahlar Sakre-kör kilsəsində,
mədələr isə Monmartr kafelərində yuyulur.
Məşhur Tertr meydanına daxil olduq. Düzü, inana bilmirdim ki,
Vinsent van Qoqun, Amadeo Madilyaninin, Pol Qoqenin, Ogüst Renuarın,
Pol Sezannın, Salvador Dalinin, Pablo Pikassonun, Kamil Pissarronun, Emil
Zolyanın, Dalidanın və daha neçə-neçə sənət
adamlarının sevimli məkanına gəlmişəm. “Dörd gözüm” səkkiz olmuşdu. Elə bilirdim hərəsi bir tərəfdən
çıxacaq. Hətta Pikassonun eynisini
görəndə şaşırdım. Fikirləşdim
ki, yəqin oxşarı olaraq şəkil çəkdirib pul
qazanır. Bir az ona diqqət yetirəndən
sonra satıcı olduğunun fərqinə vardım. O, rəsm
əsərlərin reproduksiyalarını satırdı.
Hava qarışdığına görə küçə
rəssamlarının çəkdikləri yerində dinc
dayanmırdı. Bununla belə onlar pastelləri
qarşılarına töküb portret yaradırdılar.
Mənsə çox sevdiyim Salvador Dalinin sərgisinə
getmək üçün kafelərdən küçəni
soruşurdum. Ünvanı asanlıqla tapdım. Çünki Monmartr o qədər də
böyük yer deyil. Dalini «görəndə»
sevinsəm də, bu o qədər də uzun çəkmədi.
Çünki həmin günü Fransada dini bayrama görə
qeyri-iş günü olduğundan sərgi də işləmirdi.
Kafelərə baxa-baxa Dalini və dini
düşündüm...
Söz
içində kafe
Monmartrın kafeləri o qədər yaxındır ki,
müştərilərin təbəssümü, xoşbəxtliyi,
şərab qoxuları bir-birinə qarışırdı. Al
qırmızıya boyanan «Piano bar» kafesini görəndə
Patrisia Kaası, onun blyüz ifalarını xatırladım.
Çünki müğənninin həmin adda
CD-si var və onu smartfonuma yükləyib, sayını
itirdiyim qədər dinləmişəm. Elə
bil hansısa qüvvə məni maqnit kimi içəri
çəkdi. Yarı qaranlıq kafedə
hərfin hərflə, sözün sözlə, cümlənin
cümləylə qol-boyun olduğunu görəndə
anladım ki, məni bura çəkən qüvvə elə
söz imiş. Tavanda yazılmış bir cümlə
diqqətimi çəkdi: «Live fast, die hard», yəni ki, həyatını
yüngül sür, onsuz da çətin öləcəksən.
Yüküm söz olduğundan mən də «Piano
bar»ı sözsüz qoymadım. Vaqif Səmədoğlunun
fransız dilinə tərcümə olunmuş şeirlər
toplusunun bir neçə nüsxəsini götürüb,
kafedəki sözlərə qonşu etdim. Kafedə
«qalan» şeirlərdən biri bu idi:
Bir
gözəl qadının
yanından ötdüm,
dayanmadım.
Bir
gözəl nəğmə oxuyurdum,
dayanmadım.
Bir
gözəl dünyanın
içində yaşayırdım.
Dayanmadım...
Şairin
doğum gününü Monmartda beləcə qeyd etdim...
Yetim
qalmış şəhər
Gecə xeyli keçəndən sonra, qaldığım
evə qayıtdım. Evdə ölüm sükutu vardı.
Eyvana çıxdım. Hava
soyuq və səssiz idi. Üzbəüz pəncərələrdən
tək-tük işıq yanırdı. Yeddinci mərtəbədən
aşağı boylandım. Heç
küçələrdə avtomobillərini
«çığırdan» avtoşlar, hürüşən itlər,
miyoldaşan pişiklər də yox idi. Mənə
bir anlıq elə gəldi ki, Paris yetim qalıb. Axı bilirəm, şəhərin kimsəsiz
qalması çətin olur.
Elə bunu düşündüyüm anda göy
guruldadı, şimşək çaxdı. Demək ki,
yanılmışam. Paris heç də
kimsəsiz deyildi, şimşəyi, ildırımı,
yağışı vardı.
Yağış
özünü pəncərələrə verdi,
dibçəklərdəki gülləri suladı,
küçələri yudu...
Bir
gün təbəssüm olan şair
Səhəri günü yağış yenə Parisi tək
qoymadı. Günəş verilişlərdəki reklam fasiləsi
kimi iki-üç dəqiqə müddətinə hər
yarım saatdan bir çıxdı. Nüşabə
xanım söylədi ki, bu Vaqif müəllimin
xoşladığı havadı. Demək
ki, şairin yaradıcılıq gününü sevdiyi hava
müşayiət edirdi.
Nüşabə xanım sakit görünsə də həyəcanlı
idi. Tədbirin başlanma vaxtı yaxınlaşdıqca
gərginliyi daha da artırdı. Təbii
ki, o həyəcan bizdə də vardı, amma onun qədər
yox.
Beləcə,
Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Səməd
Vurğun Ev Muzeyinin və Parisdə Azərbaycan Evinin təşkilatçılığı
ilə Azərbaycan Mədəniyyət Mərkəzində
Vaqif Səmədoğlunun fransız dilində çıxan
«Bir gün təbəssüm olmuşdum» adlı
kitabının təqdimat mərasimi günü yetişdi. Şairin fotoaparatını götürüb tədbiri
çəkməyə başladım.
Tədbiri Parisdə Azərbaycan Evinin rəhbəri
Mirvari Fətəliyeva açdı. O, Vaqif Səmədoğlunun Azərbaycan
poeziyasındakı, mədəni-siyasi mühitindəki yerindən
danışdı. Söylədi ki, şair öz yüksək
intellekti, yumoru
ilə avropalı deputatların da
məhəbbətini qazanıb.
Sonra söz Azərbaycanın Fransadakı səfiri
Elçin Əmirbəyova verildi. O, Vaqif Səmədoğlunun bir
şəxsiyyət kimi azad düşüncəli olduğunu,
hələ sovet dövründə azadlıq haqqında fikirlərini
şeirlərində ifadə etməyə cəsarət
tapdığını vurğuladı.
Gecədə
Nüşabə Babayeva-Vəkilova ədibin poeziyasından, dramaturgiyasından
danışdı, Vaqif Səmədoğlunun
yaradıcılığı ilə şəxsiyyətinin
bir-birini tamamladığını söylədi. O, tədbirin
əsas səbəbkarını - şairin «Bir gün təbəssüm
olmuşdum» adlı şeirlər toplusunu fransız dilinə tərcümə
edən Aliyə Səmədovaya, kitabın redaktoru An Mari
Poloya təşəkkürünü bildirdi. Aliyə
Səmədova Vaqif Səmədoğlunun poeziyasındakı
özüməxsusluğundan, unikallığından söz
açdı, məhz buna görə də şeirlərini
sevdiyini və tərcümə etdiyini dilə gətirdi.
Tədbirə Fransanın bir çox incəsənət
xadimləri, şairlər, yazıçı-publisistlər,
musiqiçilər qatılmışdılar. Yazıçı-publisist
Jan Pyer Alali, tarixçi, şair, 25 ildən çox poeziya
haqqında radio verilişin müəllifi Paskal Payen-Appenzeller
Vaqif Səmədoğlu poeziyasından ürək dolusu
danışdılar. Paskal Payen- Appenzeller
çıxışında Vaqif Səmədoğlu
yaradıcılığının dünya ədəbiyyatında
geniş təcrübəyə, maraqlı və həzin dil
üslubu ilə xüsusi çəkiyə malik olduğunu
qeyd etdi. Bildirdi ki, şeirlərinin dili nə
qədər sadədirsə, mənası o qədər dərindir
və zəngin dil üslubu poeziyasının digər dillərə
rahat tərcümə olunmasına imkan verir. O, növbəti verilişini
şairini poeziyasına həsr edəcəyini söylədi.
Gecə Səməd Vurğunun nəticəsi Vurğun Vəkilovun
konserti ilə davam etdi. Fransada musiqi təhsili alan gənc
pianoçu Azərbaycan və dünya klassik bəstəkarlarının
əsərlərini səsləndirdi.
Gecədə təbəssüm yalnız üzlərdə
deyildi, həm də ürəklərdə idi.
Beləcə, tədbir sona çatdı. Azərbaycan Mədəniyyət
Mərkəzindən ayrılanda Səməd Vurğunun Ev Muzeyinin fondu üçün gecənin
afişasından və proqramından bir nüxsə
götürdük.
Yol boyu hər kəsin ürəyində dərin təəssürat
vardı.
Yollar uzun, yollar gödək...
Kim nə deyir desin, bütün hava limanları, dəmir yolu vağzalları, metro stansiyaları, avtobus dayanacaqları belə ayrılıqdı. Hətta tək yola düşəndə belə zamanından ayrılırsan. Parislə də «Şarl de Qoll» hava limanında ayrıldıq. O qədər yorğun idim ki, ona «Merci boku» deməyə taqətim olmadı. Amma beynim öz işində idi. Fikirləşdim ki, görəsən, Vaqif Səmədoğlunun yazılmamış şeirlərinin yuxusuna nə girir? Bir də ürəyimdə gətirdiyim Yusif Səmədoğlunun qəhrəmanlarını - Sədi Əfəndini, Şahı, Şairi, Səməndəri düşündüm. Görəsən, Şah Parisdə yaradıcılıq gecəsi keçirilən şairə baxıb, nə fikirləşdi? Ürəyimdə Kirlikiri axtardım, tapa bilmədim. O deyəsən, elə Paris Notr-Dam kilsəsində qalmışdı.
P.S. Tədbirin afişası harda qeyb oldu, bilmədik. Onu hava limanına gətirməyim dəqiq yadımdadı. Sonrasını nə mən, nə Nüşabə xanım, nə də Səməd müəllim xatırlayır. Afişa yoxa çıxdı, lap bəxt üzüyü kimi...
04 - 15 iyun, Paris-Bakı.
525-ci qəzet 2017.- 21 iyun.- S.7.