Görkəmli mollanəsrəddinçi
Əliqulu Qəmküsar və müasirləri
Fərman XƏLİLOV
AMEA Naxçıvan
Bölməsi Əlyazmalar
Fondunun direktoru, filologiya üzrə elmlər doktoru
(Əvvəli ötən sayımızda)
1913-cü ildə
Ordubadi ilə Qəmküsarın arasında
kiçik bir narazılıq olur.
Belə
ki, Qəmküsar
"Molla Nəsrəddin"in
5 aprel 1913-cü il tarixli 11-ci nömrəsində "Sarsaqqulu bəy" imzası ilə dərc etdirdiyi "Əliyüngüllük"
adlı felyetonunda M.S.Ordubadini "Qafqazda ikincidərəcəli ədib"
adlandırır və
onun "Qanlı sənələr"
adlı əsərinə
tənqidi münasibətini
bildirir. Ordubadi isə "Sədayi-həqq"
qəzetinin 1913-cü il 17 dekabr 289-cu nömrəsində "Bizdə
tənqid" adlı
məqaləsində istehza
və bir qədər də qeyri-təvazökarlıqla Qəmküsara
cavab verərək yazır: "Yeni müdirimiz, bəndənin
"Qanlı sənələr"
namında əsərimi
tənqid etmişdiniz.
Haqqımda böyük
mərhəmət olduğu
üçün şadlığımdan
təşəkkürə belə qadir ola bilmədim.
Tənqidiniz haqlı idi.
Zira o qədər savadınız vardır ki, türki bir şey oxuyub
baş çıxarırsınız...Bizim kimi yarımçıqlara
tənqid gözəl
bir dərs olduğu üçün
biz əbədən bu
təhsildən qaçası
deyiliz..."
Həmin
yazının əvvəlində
isə Ordubadi Qəmküsarı başqa
bir məsələdə
ittiham edir: "Molla Nəsrəddin" jurnalının təzə
müdiri o möhtərəm
ədibi-fazilimiz Nəcəfov
cənablarından qabaqca
bir sual etməliyiz: Cənab, sizin həmişə insaniyyətə xidmət
etməyinizi yazırlar,
yainki yazırsınız.
Sizin o insaniyyətə
qəsəm verirəm,
qərəzsiz bir kəlmə cavab veriniz! Nə qədər Mirməhəmmədkərim
"Üzrayi-Qüreyş"i tərcümə etməmişdi,
siz cənab o kitabın adını belə eşidmişdinizmi?
Yainki sizdə bir elə mahiyyət, bir elə iqtidar
vardır ki, ərəbi ibarə bir kitabı Mirməhəmmədkərimimiz kimi deyil, ondan
da alçaq tərcümə etməyə
qadir olaydınız?"
M.S.Ordubadi ərəb yazıçısı
Cürci Zeydaninin
"Üzrayi-Qüreyş" əsərinin tərcüməçisi
Mirməhəmmədkərimin Qəmküsar tərəfindən
tənqid edilməsindən
danışarkən yenə
də "Əliyüngüllük"
felyetonunu (bu felyetonda Qəmküsar adı çəkilən
əsərin tərcüməçisini
də lağa qoymuşdu) və çox ehtimal ki, "Molla Nəsrəddin" jurnalının 1913-cü il
27 fevral tarixli 7-ci nömrəsinin üzqabığında
verilən karikaturanı
nəzərdə tutmuşdur.
Karikaturanın aşağısında
rişxəndlə yazılmışdır:
"Mütərcim Fazili-yeganə,
əllameyi-fəhhamə Axund
Mir Mehdi Kərimulhac Mircəfərzadə Ələvi
Hüseyni Əl Musəviyyul Bakuyi, sədri-qubernski məclis və qaziyi-vilayəti-Baku və nəvahi".
M.S.Ordubadinin "Bizdə tənqid"
məqaləsinin dərcindən
14 gün sonra Ə.Qəmküsar "Molla
Nəsrəddin"in 30 dekabr
1913-cü il tarixli nömrəsində
ona iki bəndlik
şeirlə belə cavab verir:
Bir mühərrir ki, eybü nöqsanı
Yazdığı cümlədə pədid
olsun.
Qanmasın bir sösün
həqiqətini,
Anlamaq şəninə
bədid olsun.
Saxlasın Mirmuxammedin tərəfin,
Canü dildən ona mürid olsun.
Əcəba, böylə bir
şəqavət ilə
Yaraşarmı adı Səid olsun?
Bizcə,
"Sədayi-həqq"in 1913-cü il 5 may tarixli
101-ci nömrəsində "M" imzası ilə dərc edilən aşağıdakı şeirin
müəllifi isə
M.S.Ordubadidir:
Hər nə isə "Molla Nəsrəddin" yazan sahib qələm,
Özgə eybin milçək olsa, yazmağa fil axtarır.
Bəs nədəndir, naxçıvanlı
şairi-ziiqtidar,
Öz gözündə
tiri görmür, özgədə qıl axtarır.
Şeirdə "naxçıvanlı şairi-ziiqtidar"
sözləri tədqiqatçı
Qulam Məmmədlinin
də təsdiq etdiyi kimi Ə.Qəmküsara
edilən işarədir.
Qəmküsarla Ordubadi arasında yaranan bu anlaşılmazlıq
və narazılıq
daha xoşagəlməz
bir nöqtəyə gəlib çatır. Belə
ki, Qəmküsar
"Molla Nəsrəddin"
jurnalının 1914-cü il
12 fevral tarixli 5-ci nömrəsində M.S.Ordubadiyə
işarə ilə bir karikatura verir və "Sarsaqqulu bəy" imzası ilə "Asari-tərəqqi" adlı
bir felyeton çap etdirir. Felyetonun bir yerində müəllif yazır: "Culfada 2 fevral gecəsi "Anqliya" mehmanxanasında
bir ədib və iki nəfər
tacir keflənib sazandalar ilə bir naməhrəmi oynadırmışlar. Nagah ədibin
saxlaması Marusya qəflətən qapıdan
girib şərab butulkasını çırpıb
ədibin başına".
Qəmküsarın yazdıqlarını
əks etdirən İ.Rotterin çəkdiyi
həmin karikaturanın
altında bu sözlər yazılmışdır:
"Ax! Nainsaf Kablayı
Məhəmməd Şəfi!
Sən ki könlünü özgəyə bağlayacaq
idin, niyə məni neçə aylarla bənd edib saxlamısan? İndi çək əməlinin
cəzasını". Başına
butulka vurulan şəxsin sifəti M.S.Ordubadinin sifətinin eynidir. Tədqiqatçı Q.Məmmədli də
bu karikaturanın M.S.Ordubadiyə işarə
ilə çəkildiyini
təsdiq etmişdir.
Bizcə, Ordubadi ilə Qəmküsar arasında yaranan narazılığın
iki səbəbi vardır. Bunlardan birincisi yuxarıda qeyd edildiyi kimi,
"Qanlı sənələr"
əsəri haqqında
Qəmküsarın tənqidi
qeydlərinin Ordubadini
narazı salması, digəri isə Ordubadinin "Molla Nəsrəddin" məcmuəsinin
mövqeyinə bəzən
düzgün qiymət
verə bilməməsidir.
Məsələn, o, "Tazə
həyat" qəzetinin
1907-ci il tarixli 48-ci nömrəsində
"Səid" imzası
ilə çap etdirdiyi "Ordubad" başlıqlı məqaləsində
ruhaniləri tənqid
edən "Molla Nəsrəddin" jurnalının
ifrata vardığını
əbəs yerə tənqid edirdi. Yaxud, yenə həmin qəzetin 1908-ci il tarixli
10-cu nömrəsində o, "Molla Nəsrəddin" babaya açıq məktub" adlı yazısında əsassız
olaraq jurnalı məsuliyyətsizlikdə günahlandırırdı.
Ordubadi ilə Qəmküsar arasında olan bu narazılıq
ideya ixtilafı deyildi. Məhz buna görə
də həmin narazılıq sonralar inkişaf edib dərinləşmədi. Başqa cür də ola
bilməzdi. Çünki hər iki sənətkar "qələmin
müqəddəs vəzifəsini
xalqa xidmət etməkdə" görürdülər.
Ə.Qəmküsarın vəfatının beş illiyi münasibətilə
M.S.Ordubadinin "Kommunist"
qəzetində (14 mart 1924) dərc etdirdiyi xoş sözləri isə böyük ədibin vaxtilə aralarında olan narazılığı unutduğunu
göstərir.
Onu da qeyd edək ki, yuxarıda M.S.Ordubadiyə məxsus olduğunu iddia etdiyimiz şeir parçasının "Öz
gözündə tiri
görmür, özgədə
qıl axtarır"
misrasında müəyyən
həqiqət də vardır. Faktlara müraciət edək.
1912-ci ildə Qəmküsarın
doğma qardaşı
jurnalist Rzaqulu Nəcəfovun belə bir etirafı var: "Dadaşım (Əliqulu
Qəmküsar - F.X.) Naxçıvanda
qalır, işi yox, gücü yox... Başlayıb piyaniskalığa. Əgər başı bir işə məşğul
olsa, əl çəkər".
1913-cü
ildə "Molla Nəsrəddin"in İrəvan
müxbiri Cabbar Əsgərzadə isə
Məmmədəli Sidqiyə
yazdığı məktubunun
bir yerində qeyd edirdi ki,
"...cənab Sidqi, təəssüf ki, Mirzə Əliqulu işləyir (Ə.Qəmküsarın
"Molla Nəsrəddin"də redaktor işləməsi nəzərdə
tutulur - F.X.), "Molla
Nəsrəddin" gözəl
jurnaldır və Mirzə Əliqulu demirəm başarmaz və müqtədirdir də. Amma onun hərəkətləri
İrəvan əhlini
rəncidə etmişdir.
Ta hal bir nəfər abunə yazdıra bilmirəm. Biri deyir... piyaniskadır,
xalqı ələ salır..."
Bu barədə professor Əziz
Şərifin "Gündəliy"inin
1913-cü il 17 mart tarixində yazdığı
belə bir qeydi də vardır:
"Sonra Əliqulu gəldi. Bərk sərxoş idi".
Göründüyü kimi, Qəmküsarın qardaşı
və qələm dostları onun içkiyə aludə olduğunu narahatlıqla
qeyd etmişlər. Şübhəsiz ki, Ordubadi də "Öz gözündə tiri görmür, özgədə
qıl axtarır"
deyərkən məhz
Qəmküsarın belə
hərəkətlərini nəzərdə
tutmuşdur.
Qəmküsarın içkiyə aludə olması səbəbsiz deyildi. Məlumdur ki, 1912-ci ilin
əvvəllərində şairin
həyat yoldaşı
Xəndan xanım vəfat edir. Həyat yoldaşını itirmək
şairə ağır
mənəvi zərbə
vurmuşdur. Bu hadisələr ona ömrü boyu gərgin ruhi əzablar vermiş və o, 1912-1913-cü illərdə
içkiyə meyil etmişdir.
Şairin
qızı Qəmər
xanımın xatırladıqları
da bu fikri
təsdiq edir: "Atam Əliqulunun ömrünün ən çətin və fəlakətli vaxtlarında
içkiyə meyil göstərdiyinin şahidi
olmuşam. Anamın vəfatından sonra bir müddət evə gələndə məni qucağına alıb öpmək istədikdə hiss edirdim ki, o içib".
Ə.Qəmküsarın içkiyə aludə olmasının digər bir səbəbi isə bizcə, yaşadığı cəmiyyətdə rastlaşdığı bir çox ictimai eybəcərliklərin onun yükək ideallarına uyğun gəlməməsi idi. Məlumdur ki, məhz bu səbəb üzündən Qəmküsarın bəzi müasirləri də məyus və naümid olaraq içkiyə qurşanmışdılar. Belələrindən Cümşüd bəy Sultanov, Mirzə Cəlil Şürbi, Şahbaz ağa Kəngərli və başqalarının adlarını çəkmək olar. Müasirlərinin dediyinə görə, bu adamlar C.Məmmədquluzadənin məşhur "Ölülər" əsərinin baş qəhrəmanı kefli İsgəndərin prototipləridir. Qəmküsara gəldikdə isə o, yaxın dostları və müasirlərinin qayğısı və köməkliyi ilə, düşdüyü ümidsizlik torundan xilas ola bilmişdir.
Nəhayət, deyilənlərdən belə nəticəyə gəlmək olar ki, "Qəmküsar və müasirləri" mövzusunda araşdırmaların aparılması oxucularda şairin qısa və mənalı həyatı, şəxsiyyəti, istedadı, ədəbiyyat tariximizdəki rolu və mövqeyi haqqında daha canlı, aydın və geniş təsəvvür yaratmaq üçün çox əhəmiyyətlidir. Bu mövzuda daha xüsusi elmi araşdırmaların aparılmasına ehtiyac vardır.
525-ci qəzet.-2017.-22 iyun.-S.4.