Əbülfət Mədətoğlunun poeziyası: hecayla sərbəstin qovuşuğunda

 

 

Əbülfət Mədətoğlunun misralarındakı, bəndlərindəki poetik biçimlər, fikri ifadə tərzi özünəməxsus konstruksiyada olub, çeynənmiş deyil. Çünki Əbülfət həyata da, şeiriyyətə öz səsi, öz nəfəsi, öz orijinal dəst-xətti ilə gəlib, özü kimi görünməyə çalışıb.

 

İndiyə qədər araya-ərsəyə gətirdiyi kitablarında oxucularla öz dili ilə danışmağı bacarıb, düzə düz olmaqla, haqqı nahaqqa qurban verməyib, sevdiyi insanlarla baş-başa olmağı hər şeydən üstün tutub. Onun yaradıcılığının bu cəhətini bütün yazdıqlarından, xüsusən “Allah, məni unutmakitabında,  yer almış  nümunələrdə qırmızı xətt kimi keçir elə buna görə -

 

Dünyamız o qədər kiçik ki, dar ki,

Taleyin o qədər oyunu var ki,

Sən məni özünlə götür apar ki,

Həmişə gözünün önündə olum -

 

deyə özü ilə onu istəyənlər arasında ülfət yaradır. 

 

Əbülfət ömür söz qarşısında özünü məsul etmiş şairlərimizdəndir:

 

Mənə heç kim söz deməsin,

Qalmışam sözün altında.

Ömrümü girov qoymuşam -

Mən qaşla-gözün altında.

 

Əbülfət poetik sözü oynadanda elə maraqlı kalamburlardan istifadə edir ki, onları sənətkarın poetik tapıntısı kimi dəyərləndirmək olar. Nümunə gətirdiyimiz bu şeirin başqa bir bəndində görün şair bunu necə təqdim edir: 

 

Hər bəxtə düşmür ki, yatır

Yatır üstündə dərd yatır,

Bilmək olmur nələr batır -

Hər fərdin, özün altında.

 

Əbülfət dərdi içində yaşadıb, onu lənətləməyi bacaran fikir daşıyıcısıdır. O, dərdlə vuruşlardadır, əlbəyaxadır, lakin heç bir halda dərdə təslim olmaq fikrində deyil.

 

Qəribədi, indicə

dərdlə

əlbəyaxaydım

Vuruşurdum,

yaxamı

əlindən qoparmağa

(Dərddə güc göstərirdi

özüylə aparmağa).

 

Lakin elə hallar da olur ki, o, dərd əlindən bezar olub, “artıq adamolmayıbyığışıb köçübgetmək istəyir bu dünyadan. Çünki başqalarınadərd danışa bilmədi”yindən belə qərar verməyi üstün tutur.Deməyin ki...” şeiri bu tezisi yaxşı təsdiqləyir:

 

Mən heç kimlə görüşüb

dərd danışa bilmədim.

Boğdum dərdi içimdə,

Bərk danışa bilmədim

Qaldım dərdlə başbaşa,

Şərt danışa bilmədim. 

 

Görürsünüz, şair dərdi içində necə yaşadır, bu dərd onu cəzanə gətirsə , o, bundan usanmayıb dərdləri içinə yığır. Allahı göydə, dərdi canda görür. Dərdlə doğmalığından, tanışlığından söhbət açır -

 

Bu qapıdan kim keçəcək içəri

Dərdə tanış, dərdə doğma tək mənəm.

Ay atını tumarlayan köçəri,

Mən dərdinin örüş yeri, təknənəm - deyir.

 

Bəzən isə şair insanlardan bir az kənarlaşmağa, gen durmağa, dəryalara baş vurmağa üz qoysa da, onun bu şücaəti layiqincə dəyərləndirilmir:

 

Günah gəzməyin izimdə

hər şey yazılıb üzümdə.

Qalmışam dərya üzündə -

Kənardan üzmək sayılıb.

 

Əbülfətin içində indiki zamandan gələcəyə ürəklə getmək istəyi var. O, bununçün -

 

Vaxtı döyə-döyə

Sıxmışdım küncə

Ölçüb-biçmişdim

hər anı

İndi isə elə bil

vaxtı qoymuşam dincə

Xəzəl tək

dörd tərəfə

səpirəm mən zamanı! - deyir. 

 

Əbülfət vaxtı döyə-döyə ona görə küncə sıxır ki, qocalmağa gecikmək istəyir. Bunun özünəməxsus naxışlarıGecikim qocalmağaşeirində uğurlu vurulub:

 

Başın qarışsın hər an,

Yaddan çıxsın qəm, kədər

Sənlə birgə olmağa

Vaxt qazanım bir qədər -

Gecikim qocalmağa...! 

 

Əbülfət Mədətoğlunun şeirlərindən gətirdiyimiz nümunələr nəinki şairin yaradıcılığı, onun mövzuları, həm sənətkarın fərdi poetikmən”i haqqında təsəvvürlər yaradır. Şairin qələmə aldıqlarında duyğusallıq, təbii hisslər, real həyat hadisələrinin lövhələri görümlü yaradılır:

 

İçimdəki dərdin

dişi kütləşib

tay sancmır...

ürəyimlə -

ayaq-baş yatıb,

bəxtəvərdi ürəyim.

Vurulubdu dərdimə -

Əvvəlki tək

ondan tay qaçmır.

Deyəsən,

Arzusuna çatıb

ürəyim! - deyir.   

 

Əbülfət Mədətoğlunun yaradıcılığına ümumi kontekstdə nəzər saldıqda, onun şairlik stixiyasının özəl xətlərinin yalnız xalq şeiri ənənələrini ardıcıl davam etdirən sənətkarlardan olduğunu görmərik. Çünki Əbülfətin öz üslubu, öz poetik ölçüləri, sözü öz ülügüsüylə biçmə mənalandırma bacarığı var. Çünki şairi mətnaltı ibarələr, ifadələr daha çox düşündürür. O, ənənənin əsəri deyil, novasiyanı isə başqalarının qəlblərindəki kimi ortaya qoymağa səy göstərmir, fərdi təfəkkürünün künc-bucağında olanların köməyi ilə  öz poetik fikrini reallaşdırmağa çalışır:

 

Məndən inciməyin

mən bu şəhərdə

sıra nəfəriyəm, bəlkə

heç kiməm.

Sözüm evimdə keçir,

Günüm veyillənməkdə...

Məndən inciməyin

Məni bu şəhərdə

bir dilənçilər tanıyır,

bir

qələmlə işləyənlər...

Birincilər

Ərklə yolumu kəsir,

ikincilər

işləri düşəndə...  

 

Əbülfətin şeirlərində hər şey təbii, öz axarında bir az da özəl biçimlidir. BunuOlmadışeirindən gətirəcəyimiz parça da yaxşı sübut edir:

 

Özümə bəsdi öz dərdim,

Ömrüm uzunu söz dərdim.

Hamıya kömək göstərdim,

Özümün odam olmadı. 

 

Əbülfətin “Allah, məni unutmakitabında təqdim olunmuş əsərlərində çağdaş Azərbaycan şeirinin mənzərəsi aydın görünür. Bütün qeyd etdiklərimiz sübut edir ki, Əbülfət Mədətoğlu ədəbi tənqidimizin diqqətini öz mövzuları ilə daha çox cəlb etməyə yönlü şairlərimizdəndir. Çünki yazdıqlarına nəzər salıb, onları təhlillər çəkdikdə Əbülfətin təqliddən kənar olub, öz yolunu seçmək istəyində bulunduğu görünür. Əbülfət Mədətoğlu yaradıcılığından danışdıqda onun fərdi, şəxsi cizgilərini yaradıcı ampluası ilə eyni kontekstdə götürmək zəruridir. Hər şeydən əvvəl o, əsərlərinə özünün abır-həyasını hopdurur özünün xarakterik xüsusiyyətlərini fərdi cizgilərini əsərlərinin mahiyyətinə qarışdırır. Əbülfətin bir fərqli keyfiyyəti haqqında da danışmaq da zəruridir ki, o, öz yaradıcılığını hiperbolalaşdırmağa, gözə soxmağa meyilli deyil. O, özünü ənənəçi, novator, modernist, postmodernist, sürrealist, neorealist hesab edir.

 

Poeziyamızdakı vəznlərdən imkanları daxilində səmərəli yararlanır. Elə buna görə onun hecada sərbəst vəzndə yazdıqları da kifayət qədər təbii alınır. Sözün, fikrin zorlanmasını qafiyə, rədif xatirinə məqbul saymır, öz yolu ilə gedir, uğurları da göz qabağındadır.

 

Sərbəst düzüm üçün səciyyəvi olan ritm, intonasiya, ahəng və melodiyaestetika şairin poetik tonunun ifadəçisi kimi çıxış etməkdədir. Əbülfət, ümumiyyətlə, qəzəl, qoşma havasında pərvazlansa da (çünki onun böyüyüb boya, başa çatdığı Qarabağımızda bu vəznlər daim işlək və mükəmməl olmuşdu), o, sərbəst vəznə özünün içindən gələn səsi ilə ilham vermişdi və elə uğur da özünü çox gözlətməmişdir. Biz Əbülfət Mədətoğlunu sərbəst vəzndə nə qədər sərbəst görürüksə, qoşmada da onun qələmindən çıxanların ülgüsü diqqət çəkəndir. Yuxarıda adını çəkdiyimiz kitabda şairin bu vəzndə xeyli nümunələri təqdim olunmuşdur. Bu baxımdan onun “Baxıb qəhərlənmə, biraz mətin ol”, “Tər tökdüm bu uzaq yolu”, “Özün şeytan, dilin bal”, “Bəxtəvərlik göydən yağır”, “Nahaq sevdin sən məni”, “Mənə heç kim söz deməsin”, “Olmuşam”, “Quzu kəsim”, “Baxmır”, “Qoşma”, “Məndən başqa”, “Gedəcəyəm”, “Hayındayam”, “Tanrım”, “Gəlmir”, “Bircə xöşbəxtlik”, “Üzü bəri”, “Nəyim qalar”, “Ondan sonra” və s. şeirləri səciyyəvi və diqqətə layiqdir. “Olmuşam” qoşmasından nümunəyə baxaq:

 

Təntiyib nəfəsim, əsir dodağım,

Nisgilli ünvandır çadır otağım.

Dərdini daşıyır canım o dağın -

Bu dağa tor basmış yolaq olmuşam.

Demərəm mən buna heç vədə qismət,

Dərd tanımıram dərdimə nisbət.

Bir fərqi var, mənfi, ya müsbət

Hələlik neytral zolaq olmuşam

 

Əbülfətin bu tipli şeirlərində xalq poeziyasından rişə alıb kükrəmə şairin, ona fərdi bucaqdan yanaşması özünü göstərməkdədir. “Allah, məni unutma” kitabında təqdim olunmuş şeirlər sənətkarın uğurlu duyum tərzini, diqqət mərkəzinə çəkdiyini mövzunu fəlsəfi, psixolojiestetik rakurslardan doğru-düzgün mənalandırma ustalığını ortaya qoymaqdadır. Bütün bunlar hiss və duyğularını yığcam və lakonik şəkildə çatdırmağı bacaran müəllifin indən belə də oxucularla uğurlu görüşlərinin şahidi olmaq ümidimizi daha çox közərtməkdədir. 

 

 

Nizami TAĞISOY

Professor

nizami.mamedov@mail.ru

 

525-ci qəzet.- 2017.- 24 iyun.- S.23.