Din və məhəbbət - faciələrə aparan ziddiyyət

 

 

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Eloizanın Abelyara birinci məktubu

 

Bu məktubu Eloiza öz Ağasına, atasına, ərinə, qardaşına onun nökəri,arvadı, bacısı kimi bütünlüklə özünün ehtiram bəslədiyi və sevdiyi Abelyara öz itaətini ifadə etmək üçün yazır.

 

Sənin dostuna təskinlik üçün yazdığın məktub ondan bir neçə gün sonra mənim əlimə düşdü. Yazılanı bilmək üçün və əlimdəki həmin məktub bir məhəbbət nişanəsi olduğundan məndə ona maraq oyandı. Çatdığım azadlığa haqq qazandırmaq naminə səndən gələn hər şey üzərində mütləq imtiyaza malik olmağıma görə qürur hissi duydum. Əsla yaxşı tərbiyə qaydalarını pozmaq yolu ilə hərəkət etməyi deyil, sadəcə Abelyardan gələn xəbərləri eşitmək istədim. Lakin mənim marağım necə də baha başa gəldi! Mən məktubun bizim bədbəxtliyimizlə əlaqədar olan təfsilatlarla və melanxoliya (depressiya, tibdə kədərli, məyus əhval-ruhiyyə - tərcüməçi) ilə dolu olduğunu gördükdə təəccübləndim! Mən öz adıma yüz dəfələrlə rast gəldim. Mən onları heç vaxt qorxu hiss etmədən görmədim, axı bu adı daim bir sıra ağır bədbəxtliklər müşayiət etmişdir. Mən, həmçinin səni də bərabər qaydada bədbəxt gördüm. Bu kədərli, lakin əziz olan xatirələr mənim ürəyimi elə güclü döyünməyə məcbur etdi ki, mən düşündüm ki, onlar sənin öz dostuna, az da olsa ruhi rahatlıq vermək üçündür, lakin belə qeyri-adilik həm də bizim əzablarımızın və inqilabımızın timsalı mənasını verir.

 

Mən bütün olanları təzədən qiymətləndirməyə başladım və özümün səfil olmağıma qədəm qoymağımı kədər yükünün təzyiqi ilə başa düşdüm. Zaman məsafəsinin uzunluğu mənim yaralarımı bağlamağa borclu olduğu halda, ancaq sənin öz əlinlə yazdıqlarını təsadüfən görməyim, onların hamısının qərtməyini qoparmaqla, təzədən qanaması üçün kifayət idi. Hətta sənin yazdıqlarında ifadə olunan özünü müdafiə naminə əzab çəkməyin də mənim xatirəmə heç də ləkə sala bilməz. Qəddar əmim və təhqir olunmuş sevgilim daim ağrı çəkən nəzərim qarşısında dayanmalıdır. Mən sənin bilik verdiyin düşmənlərini və şöhrətinlə əlaqədar sənə qarşı yönəlmiş paxıllığı unutmayacağam. Mən heç vaxt sənin haqq yolu ilə qazandığın nüfuzunun xırda hissələrə parçalandığını unutmayacağam. Sənin İlahinin haqqında traktatın ( “İlahiyyat” kitabı və “Üçlük” barədə Abelyarın təlimini nəzərdə tutur - tərcüməçi)  yandırılmağa məhkum edilmədimi? Səni daim həbs cəzası ilə qorxutmadılarmı? Düşmənlərinin sənin nəzərdə tutduqlarından tam fərqli olan öz rəylərini sənin üstünə yıxmalarına qarşı sən də müdafiə olunmağında əbəs yerə inadkarlıq göstərirsən. Əbəs yerə sən onların rəylərini məhkum edirsən; onların hamısı sənin haqq qazanmağın üçün heç bir effekt vermədi, onlar sənin yeretik (dinsiz) olmağın barədə qərara gəldilər. Satqın rahibələr, sən onlara şərəf göstərib, qardaş adlandırdığın halda, sənə qarşı necə bir tufan qaldırdılar. Bizim bədbəxtliklərimizin bu tarixi, həqiqətən olanlarla o qədər əlaqədardır ki, ürəyimin qan axıtmasına səbəb olur. Mən göz yaşlarımı saxlaya bilmirəm, onlar sənin məktubunun üzərinə tökülüb, yarısını pozmuşdur. Sənin bu məktubunu qısa müddətə də olsa, özümdə saxlamaqdan məmnunluq duyacağam, lakin o, çox tezliklə məndən geri alınacaqdır.

 

Etiraf etməliyəm ki, sənin məktubunu oxuyandan əvvəl ağlım xeyli yüngülləşmişdi. Yəqin ki, sevgililərin bədbəxtlikləri onlara gözlər vasitəsilə çatdırılır. Sənin məktubunu oxuyanda mən hiss edirəm ki, bütün olanlar təzələnir, mən kədərlərimi uzun müddət ifadə etmədiyimə görə özümü məzəmmət edirəm. Bu vaxt isə bizim düşmənlərimizin qəzəbi belə quduzcasına od saçır. Onlar sənin ləyaqətinə daim hücum edəcəklərini, hətta sən qəbirdə sığınacaq tapana qədər səni təqib edəcəklərini bəyan edirlər və güman ki, o vaxt hətta sənin külünə də rahat uyumağa imkan verməyəcəklər. Qoy mən sənin bədbəxtliklərin barədə daim düşünüm, qoy dərc edib bütün dünyaya onları agah edim, əgər bu mümkündürsə, sənin qiymətini bilməyən dövrün özünü də biabır edim (Eloizanın bu sözləri böyük Roma filosofu Tsitseronun Milonun müdafiəsinə həsr olunmuş nitqindəki məşhur “O tempera, o mores” - “Ar olsun bizim dövrümüzə və onun qaydalarına” sözlərini yada salır - tərcüməçi).

 

Təəssüf ki, mənim yaddaşım ötüb-keçən bədbəxtliklərin xatirələri ilə doludur. Mənim Abelyarımı nə vaxtsa göz yaşları axıtmadan xatırlaya bilməyəcəyəmmi? Onun əziz adını nə vaxtsa ah çəkmədən söyləyə bilməyəcəyəmmi? Yalvarıram sənə, məni necə bədbəxt şəraitə gətirib çıxardığına nəzər yetir. Əgər bu, sənsizlikdirsə, deməli, kədərli, əzab verən, heç bir rahatlıq imkanı olmayan bir şəraitdir. Onda sən qəddar olma, məni inkar etmə, səndən xahiş edirəm, yalnız sən bu azacıq yüngüllüyü mənə verə bilərsən. Qoy sədaqətlilik hesabına mən sənə aid olan hər şeydən hali olum. Mən hər şeyi, hətta uğurlu olmayanı belə, biləcəyəm. Yəqin ki, səninlə birlikdə çəkdiyim ahlar məni az əzab çəkməyə sövq edəcəkdir. Çünki deyirlər ki, bütün dərdlər yarı bölünəndə xeyli yüngülləşir.

 

Mənə de ki, hansı bir vasitə ilə sən mənim göz yaşlarıma aman verəcəksən. Qadının göz yaşları melanxoliya anında dayanır və aman bilməyən tövbəyə həsr olunur. Xoşbəxtlik nadir hallarda xeyirxah adamların ünvanını seçir. Tale o qədər kordur ki, kütlə içərisində təkcə bir müdrik və igid adam vardırsa, o, heç də gözləməməlidir ki, tale onu başqalarından ayıracaqdır. Vaxtı ötürmədən mənə yaz və heç də möcüzə gözləmə, o çox nadir hallarda baş verir və biz özümüz isə xoşbəxtliyin qayıdıb gəlməsini gözləmək xatirinə bədbəxtliklərə daha çox adət etmişik. Mən səndən bir məktub alan kimi biləcəyəm ki, sən hələ də məni xatırlayırsan. Seneka (Qədim Roma filosofu - tərcüməçi) nəzərdə tuturdu ki, bu növ həzz üçün çox hissiyyatlı olmaq lazımdır. O, stoik olmasına baxmayaraq, bu növ həzlərə həssas idi, dostu Lutsilidən hər bir məktubu alanda o, təxəyyül edirdi ki, onunla söhbət etdikləri vaxtdakı sevinci yenə də hiss edir.

 

Otağımda sənin şəklin vardır. Mən heç vaxt dayanıb ona baxmadan yanından keçmirəm. Və elə bil ki, sən hələ də mənimsən, gözlərimi ona nadir hallarda dikirəm. Məgər bu dilsiz şəkil məktubların ilhamlandıra biləcəyi həzzi verə bilərmi? Məktublar könülə malikdir, onlar danışa bilirlər, onlar ürəyin nəql etdiklərini ifadə etmək gücünə, ehtiraslarımızın bütün alovuna malikdir. Biz bir-birimizə yaza bilərik, belə günahsız həzz bizdən yan keçə bilməz. Qoy, yeganə bir xoşbəxtlik hansısa laqeydlik hesabına bizi tərk etməsin və bu, yeganə şeydir ki, onun vasitəsi ilə düşmənlərimizin qəzəbi heç vaxt bizə görə sevinə bilməz. Sənin mənim ərim olduğunu oxuyacaq, sənsə mənim sənin arvadın olmağımın əlamətini görəcəksən. Bütün bədbəxtliklərimizin əksinə, sən öz məktubundan həzz ala bilərsən. Məktublar ilk dəfə mənim kimi bədbəxtlərin təskinliyi üçün icad edilmişdir. Səni görmək və sənə malik olmaq həzlərini itirsəm də, müəyyən ölçülərdə bu itkinin əvəzini sənin yazılarında tapmaqla məmnun olacağam, onlarda sənin ən müqəddəs fikirlərini oxuyacağam. Mən məktubları həmişə özümdə saxlayacaq, hər an onları öpəcəyəm. Mən beynimin diktələrindən daha çox ürəyimin diktələrini oxuyuram. Mənim indiyədək sevmədiyini desən, mən yaşaya bilmərəm. Dostunla melanxolik yazışmağında mənim bütün kədərlərimi oyatdın, həm də bu məktub sənin dəyişməyən sevginin bəzi nişanələrini göstərdi.

 

Sən hər şeyi həmin dostundan daha çox bizə borclu olduğuna görə etmisən, axı sənin dostluğun nə vaxtsa belə yaxın olmuşdumu? Biz özümüzü (həm də rahibələri nəzərdə tutur-tərcüməçi) sənin bacıların, sənin uşaqların adlandırırıq və güman edirik ki, bu əziz olan bir münasibətin əlaməti olduğunu ifadə edir. Əgər biz nankor olmağı bacarsaydıq, bizə məlum olanları sənə, bu kilsəyə, bu mehrablara, bu divarlara danışa bilməzdik. Sən bu binanın bünövrəsini yeganə qoyansan, bu, bütünlüklə sənin işindir (Paraklet monastırının əsasını qoyduğuna işarə edir - tərcüməçi). Sən burada yaşamasan da, əvvəllər quldurları, qatilləri ilə tanınan bu yerə belə şöhrət və müqəddəslik verməzdin. Bizim xidmət etdiyimiz Allah burada yerləşdirdiyi ziyansız rahibələrdən başqa heç nəyi görmür. Bu cavan üzümlük ancaq sənə borcludur, sən onu becərməyə və yaxşılaşdırmağa tam qayğı göstərirsən. Bu, sənin həyatının ən vacib işlərindən biri olmağa borcludur. Bizim müqəddəslikdən təcrid olunmağımıza baxmayaraq, andlarımız və həyat tərzimiz bizi bütün şirnikləmələrdən, azmalardan qoruyur. Bizdəki ləyaqət təbiətə və qadına bəxş edilmiş bir şeydir. Allahın üzümlüyünü salmaq heç də kiçik zəhmətin işi deyildir. Allahın mərhəməti, həmin kilsə üçün adamların daimi duaları hər ikisinin işini bəhrəli etməlidir.

 

Sən bu dünyanın yaxşı şeyləri ilə dolu olanlarla və yerin piyi ilə qidalananlarla danışanda İncilin kəhrəbalarını donuzun qabağına səpələdin (“Yeni Vəsiyyət”dəki pritçaynı yada salır - tərcüməçi) və sən günahsız qoyunlara laqeydlik göstərdin.

 

Sən mənə yazanda, məhz öz arvadına yazacaqsan, nikah belə məktublaşmanı qanuni etmişdir və sən ən kiçik hay-küyə də yol vermədən məni məmnun edəcəksən. Mən öz əmimdən qorxmuram. Burada sənin də qorxmağın üçün heç nə yoxdur. Sən məni görə bilərsən, mənim çəkdiyim ahları eşidə bilərsən və heç bir təhlükə hiss etmədən bütün dərdlərimin şahidi ola bilərsən. Beləliklə, sən yalnız göz yaşları və sözlərlə mənim ağrımı yüngülləşdirə bilərsən. Mənim bəzi bədbəxtliklərimə sən səbəb olmusansa, mənim bütün rahatlığım üçün də bir alət olmalısan.

 

Sən xatırlamaya bilməzsən ki (çünki sevgililər yaddan çıxara bilməzlər), sənin mülahizəni dinlədiyim bütün günlərdə mən həzz fazasını yaşamışam. Sən olmayanda mən özümü hamıdan gizlətdim ki, sənə məktub yazım. Məktubun sənin əlinə düşməsi o qədər də asan məsələ deyildir.

 

Mən özümə nifrət edirəm ki, səni sevə bilmişdim. Mən özümü daim həbsxana şəraitində əzdim, bu, səni sakit və yüngül bir şəraitdə yaşada bilər. Qüsur heç vaxt heç nəyi bu qaydada ilhamlandırmır, bu, bədəni əsir etmək üçün olduqca çoxdur. Mənim qəddar əmim heç də sevdiyim bir adam deyildir. Lakin o, heç bir səbəb olmadan da təqsirkar idi. Mən səni həmişə olduğundan artıq sevirəm. Ona olan mənim qisasım da məhz belədir. Ömrümün sonuna qədər səni sevəcəyəm. Əgər keçmişdə sənə heyranlığım elə saf deyildisə, indiki dövrdə mənim ağlım və bədənim səni sevir. Digər hansısa bir xoşbəxtliyə nisbətən, sənin ürəyinə sahib olmaqdan daha çox həzz duyurdum və səndə həm də bir ləyaqətli adamı qiymətləndirirdim.

 

Müstəsna qaydada bunu istəməsəm də, sizə ərə getməyimə razılıq verdim, baxmayaraq ki, bilirdim ki, kiminsə arvadı olmaq adı dünyada şərəfli, dində isə müqəddəs sayılır. Ancaq sənin məşuqən olmaq adı daha böyük lətafətə malikdir, çünki məşuqə daha sərbəstdir. Mən kiminsə arvadı olmaq adına nifrət edirəm, ona görə də məşuqə sifətində daha xoşbəxt yaşa bilərəm. Mən Abelyarla onun məşuqəsi kimi yaşamağı dünyanın digər bir imperatriçəsindən daha yüksək səviyyə hesab edirəm. Mən Yer üzünün Kralının qanuni arvadı olmaqdansa, sənə itaət göstərməyimlə daha xoşbəxt idim. Var-dövlət və dəbdəbə isə heç də məhəbbətin lətafəti deyildir.

 

Məhəbbət deyil, ancaq var-dövlətə sahib olmaq arzusu qadını əfəllərin ağuşuna atır. Heyranlıq deyil, yalnız ambitsiya belə nikahları meydana gətirir. Mən inanıram ki, onlar həqiqətən də bu yolu seçməklə müəyyən şərəf və fayda əldə edirlər, lakin heç vaxt düşünə bilmərəm ki, bu yol vurğunluq ittifaqının həzlərinə malik olmaq yoludur, uzun müddət ayrı şəkildə mövcud olmuş ürəklərin axırda birləşməsi vaxtı onların zərif və heyranedici sevincləri hiss etmələridir. Belə nikah şəhidləri daim böyük talelərə malik olmağı istədikləri halda, onu itirdiklərini düşünərək vərəmləyirlər, solurlar. Arvad görür ki, ər onun malik olduğundan daha varlıdır və ər isə arvadın ondan daha yaxşı paya sahib olduğu qənaətinə gəlir. Məhz muzdluya xas olan andları onların peşmançılığına səbəb olur və bu peşmançılıq da nifrət yaradır. Tezliklə onlar ayrılırlar və ya bunu arzu etməyə başlayırlar. Qızıl üçün narahat istək və işgəncə verən ehtiras məhəbbətin özündən deyil, saxta məhəbbət yolu ilə digər fayda əldə etmək məqsədini güddüyünə görə onları cəzalandırır.

 

Mən inandırılmışam ki, bir-birlərini sevən iki fərdin ittifaqı əsl azadlıqdır, onlar gizli meyilləri ilə birləşmişlər və biri digərinin ləyaqətlərindən məmnundur. Onların ürəkləri doludur və başqa bir ehtiras üçün burada yer yoxdur: onlar sevinc həzzinə görə daim sakit yaşayırlar.

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2017.- 24 iyun.- S.22.