Əhməd Ağaoğlu-Əlimərdan
bəy Topçubaşov: problemli dostluq
1920-ci
ilin başlanğıcında ingilislərin Malta əsarətindən
xilas olmaq üçün yollar axtaran Əhməd
Ağaoğluna həyat yoldaşı Sitarə xanım və
bacısı Humay mümkün ip uclarından biri kimi Azərbaycan
Cümhuriyyətinin Parisdə, Versal Sülh
konfransındakı Nümayəndə heyətinin
başçısı, həmkarı və köhnə dostu
Əlimərdan bəy Topçubaşovun ünvanını
göndərmişdilər.
Suda boğulan saman çöpündən
yapışar-deyirlər. Böyük güclərin meydan
suladıqları Versalda özlərini dünya ağaları
sayan harın, iddialı britaniyalıların Əlimərdan bəyin
sözünə qulaq asacaqları ehtimalı son dərəcə
cüzi idi. Lakin ailə
başçısının bir an əvvəl
geri dönüb evinə, övladlarına sahib
durmasını istəyən köməksiz qadınlar bu
cüzi imkanı da sınaqdan çıxarmağı zəruri
saymışdılar. Əvəzində isə heç
gözləmədikləri halda Əhməd bəydən tənəli,
tikanlı sözlər eşitmişdilər:
"Topçubaşovun ünvanını
yazmısınız. Ona məktub göndərməkdən
vaz keçdim. Əbəs yerə minnətdar
olmaq istəmirəm. Hər kəsi
tanıdıq, öyrəndik. Getsinlər,
zövq və səfalarını sürsünlər".
Məktub Malta adasından 1920-ci il
fevralın 28-də yola salınıb.
Bu tarixi yadda saxlayaq.
Əhməd
bəyin 20 ildən çox tanıdığı
böyük ziyalının, Rusiya türklərinin qürur
duyduqları görkəmli ictimai-siyasi xadimin, əməl və
mübarizə yoldaşının ünvanına şəxsi
xarakterli məktubunda da olsa, gizlətmək istəmədiyi kəskin
hiddət Ağoğlu-Topçubaşov münasibətləri
üzərində daha ciddi düşünməyə vadar
edir.
Şübhəsiz, Əlimərdan bəyi zövq və
səfa sürməkdə ittiham edən Əhməd
Ağaoğlu tamamilə haqsız idi. Yəqin ki, özü
də bunu başa düşürdü. Amma
ilk baxışdan, məsələlərin pərdə
arxasından xəbərsiz olanların nəzərində haqlı
da görünə bilərdi. Çünki
birinci Parisdə, dünyanın görkəmli siyasətçiləri
arasında idi, qurucularından biri olduğu dövlətin
tanınması uğrunda mübarizə aparırdı, ikinci
isə Malta adasında, ingilis əsirliyində zillət
çəkirdi. Birinci ailəsini də
yanına gətirmişdi, sonralar ehtiyacın, məhrumiyyətlərin
hər üzü ilə görsə də, ilk vaxtlar
üçün az-çox düzənli həyat qurmuşdu.
İkinci isə özündən çox
İstanbulda imkansız, vəsaitsiz qoyub gəldiyi
xanımının və uşaqlarının dərd-səri
ilə yaşayırdı. Birincinin dövlət başçısı
kimi“zati-aliləri” çağırıldığı,
hörmət-izzət gördüyü, Parisin Yelisey
çöllərində, lüks “Klaric” otelində
yaşadığı müddətdə ikinci faşist həbs düşərgələrindəki
kimi 2706 nömrəsi altında
ingilislərin əsirlərini yolüstü
saxladıqları Limni adasında bir neçə gecəni hətta soyuq dəmir sisterna
içərisində keçirməli olmuşdu. Paralelləri
yenə də
davam etdirmək mümkündür.
Bakını fərqli vaxtlarda tərk etsələr də
son məqsəd Paris idi. Ə.Topçubaşov Fransa paytaxtına, Versal
Sülh konfransına Azərbaycan
Cümhuriyyəti nümayəndə heyətinin sədri,
Ə. Ağayev isə başqa iki millət vəkili ilə
birlikdə üzv kimi yollanırdı. 25 illik ayrılıqdan
sonra yenidən Mars çölündə gəzmək,
Latın məhəlləsində dolaşmaq, rus təbəəsi
sifətində şiə-İran düşüncəsi ilə
gəlib əqidəli türkçü kimi tərk etdiyi
Sorbonna divarları arasında tələbəlik illərini
xatırlamaq, ehtiyac, məhrumiyyət gördüyü Parisə
indi azad millətinin və müstəqil dövlətinin təmsilçisi
kimi ayaq basmağın
qürurunu yaşamaq –yəqin ki, o günlərdə Əhməd
bəyin xəyalına hakim kəsilən düşüncələrin
axarı təxminən belə ola bilərdi.
Lakin Parisə gedən yolu İstanbulda
qırılmışdı. Şəhərdə
ağalıq edən Britaniya işğal qüvvətləri
ermənilərin fitnəsi ilə onu həbs etmişdilər.
Nümayəndə
heyətinin başçısı kimi İstanbuldan Azərbaycan
Cümhuriyyəti Nazirlər Şurasının sədrinə
göndərdiyi 4-5 mart tarixli məlumatda
Ə.Topçubaşov Antanta güclərinin Azərbaycan heyətini
Versal Sülh konfransına buraxmamaq üçün
çeşidli bəhanələrə əl
atdıqlarını qeyd edərək yazırdı:
“Belə cəhətlərdən biri kimi ingilislər və
fransızlar nümayəndə heyətimizin tərkibində
Əhməd bəy Ağayevin (Əhməd bəy 1909-cu ildən
sonra daha çox Ağaoğlu soyadı ilə
tanınmışdı. Lakin Azərbaycan hökumətinin rəsmi
sənədlərində və “Kaspi” qəzetində
“Ağayev” kimi qeyd edildiyinə görə mən də orijinalın
mətninə sadiq qalmağa üstünlük verdim – V.Q.)
olmasını irad tuturlar. Məsələ
burdadır ki, az qala
gəlişimizin ertəsi günü yerli mətbuatın
əsasən fransız dilində çıxan bir qismi,
xüsusən də “Renaissence” adlı fransızdilli erməni
qəzeti Əhməd bəy Ağayevin əleyhinə
amansız kampaniya başladı. Qəzet onu
ittihadçıların (İttihad və Tərəqqi
partiyası nəzərdə tutulur. – V.Q) lideri, türk
Parlamentində və mətbuatında
ittihadçıların alovlu təmsilçisi və fəal
nümayəndəsi, müttəfiq dövlətlərin əleyhdarı kimi qələmə
verir. İttihad və Tərəqqi
partiyasının, xüsusən də Tələt-Ənvər
kabinəsinin bütün günahları Əhməd bəyin
ayağına yazılır.
Onun haqqında təhqiqat başlanıb. İki dəfə
məni də sorğu-suala tutdular. Nəhayət
elan etdilər ki, Azərbaycan Nümayəndə heyəti
Əhməd bəy Ağayevi özü ilə
aparmamalıdır. “Bu bizim məsləhətimizdir.
O, türk jurnalisti və türk Parlamentinin üzvü kimi,
daim əleyhimizə danışan və yazan bir adam kimi arzuolunmaz şəxsdir”. Mənim
Əhməd bəyin əslən Qarabağdan olması, Azərbaycan
Parlamentinə üzv seçilməsi, Nümayəndə heyəti
üçün son dərəcə zəruri şəxs
hesab edilməsi ilə bağlı bəyanatlarım
şübhələri dağıda bilmədi. General Tomsonun Əhməd
bəy Ağayevə verdiyi zəmanət məktubu da heç
bir rol oynamadı”.
Əhməd
bəy İstanbula çatan kimi ağır xəstələndiyindən
Ə.Topçubaşov və Azərbaycan heyətinin digər üzvləri
bir neçə dəfə evində ona baş çəkmiş
və işğal qüvvələri komandanlığı ilə
çətin danışıqlar barədə məlumat
vermişdilər. Lakin görünür
yaranmış incikliyi aradan qaldırmaq mümkün
olmamışdı.
1919-cu il
aprelin sonlarında Nümayəndə heyəti min bir məşəqqətdən
sonra viza alıb yunan gəmisi ilə İtaliya üzərindən
Parisə yola düşəndə Əhməd bəy
Ağayev - Əhməd Ağaoğlu artıq həbs olunaraq
Osmanlı imperiyasının bir çox tanınmış
şəxsləri ilə birlikdə hərbi qışlada - Bəkir
ağa bölüyündə saxlanırdı.
Burada Əlimərdan bəyin bir günahı
vardımı?
Əksinə, o mükəmməl fransızcası, asan
kontakta girmək qabiliyyəti, parlaq publisist qələmi,
ehtiraslı polemika bacarığı, tribunluğu, Fransa
paytaxtındakı köhnə əlaqələri ilə
Nümayəndə heyətinin az qala yarısının
işini görə biləcək Əhməd bəyin Parisə
gedə bilməməsinin nə qədər ağır itki
olduğunu hamıdan yaxşı başa
düşürdü. Başa düşür
və təəssüflənirdi.
Lakin nəyisə dəyişmək qüdrətinə
malik deyildi. Belə məqamda köhnə
dostdan, əqidə yoldaşından inciməyə dəyərdimi?
Amma Əhməd bəy incimişdi. Və bunu gizlətməyi
lazım bilməmişdi.
İndi
isə yenə Əhməd bəyin Ə.Topşubaşovun
guya Parisdə zövq-səfa sürməsindən bəhs edən
28 fevral 1920-ci il tarixli məktubuna
qayıdaq.
Həmin məktubdan təxminən 40 gün əvvəl
və Versal Sülh konfransında Azərbaycan Cümhuriyyəti
dövlətinin de-fakto tanınmasından 9 gün sonra (!)-1920-ci il yanvarın 20-də Əlimərdan
bəy Nümayəndə heyətinin başqa bir əməkdaşına
- sirdaş bildiyi, dərdlərini
bölüşdüyü
Ceyhun bəy Hacıbəyliyə yazırdı: “Maddi vəziyyətimiz
son dərəcə acınacaqlıdır. Gürcüstandan
borc aldığımız 100 min frank artıq qurtarıb. Fevralı bir təhər başa vuracağıq.
Sonra isə biabırçılıqdır”
Bu insanlar aslanlar arasından tacı-dünyanın
böyük güclərindən Azərbaycan dövlətinin
faktiki mövcudluğunun tanınması haqqındakı tarixi
sənədi hətta öz dövlətlərindən halal
maaşlarını ala bilmədikləri, borca
yaşadıqları bir şəraitdə qoparmağı
bacarmışdılar.
Belədə hansı zövq-səfadan söhbət gedə
bilərdi?
Başqa bir sənəd də var.
Əhməd
bəyin 18 yaşlı qızı Sürəyya
Ağaoğlunun İstanbuldan Maltaya göndərdiyi 5 mart
1921-ci il tarixli məktub. Həmin
məktubda gənc Sürəyya xanım Parisdən, Əlimərdan
bəydən pul alqıqlarını, həmin puldan atasına
15 funt-sterling göndərdiklərini,
tapşırdığı adamların hamısı ilə
görüşdüyünü bildirirdi.
Bu elə bir dövr idi ki, Ə.Topçubaşov
özü də heç bir yerdən maliyyə yardımı
ala bilməyən, heç bir disporaya, zəngin, səxavətli
soydaşa güvənmək imkanı olmayan fərəhsiz
mühacir həyatı sürürdü. Lakin son sent də qurtarana qədər
Nümayəndə heyətinin sərəncamındakı vəsaiti
hər ay maaş kimi üzvlər
arasında bölüşdürürdü. (Əhməd
bəy Parisə gələ bilməsə də rəsmən
Nümayəndə heyətinin tərkibində sayılır
və aylıq məvacibini alırdı).
Amma bu yüksək centlmenlik nümunəsinə
baxmayaraq arada yenə də soyuluq, inciklik vardı. İncikliyin
kökləri isə daha əvvələ - “Kaspi”
redaksiyasında birgə çalışdıqları vaxta
gedib çıxırdı. İkisi də
nisbətən gənc və iddialı idi.
Bacarıqlarına da söz ola bilməzdi.
Biz indi nə qədər yüksək dostluq və həmkarlıq
münasibətlərindən danışsaq da, aralarında
gizli “birincilik” savaşının getməsi təbii və
gözlənilən idi. El arasında deyildiyi kimi “iki
qoçun başı” sindromu...
***
1898-ci
ilin iyulunda Ə.Topçubaşov Hacı Zeynalabdin
Tağıyevin mətbəəsi ilə birlikdə satın
alıb Azərbaycan ziyalılarının sərəncamına
verdiyi “Kaspi”nin
baş redaktoru kimi fəaliyyətə
başladı. Şübhəsiz, bu
ağır, məsul yükün altına girərkən
güvəndiyi qələm sahiblərindən biri, bəlkə
də birincisi Əhməd bəy idi. 1898-ci
ilə qədər “Kaspi”də ara-sıra imzası
görünən Ə.Ağayevin adı yeni baş redaktorun gəlişi
ilə qəzetin yazarları sırasında yer
almışdı. Adı hər ilin sonunda
fərqləndirilən əsas müəlliflərin
siyahısında yer almışdı. Bu,
sadəcə gəlişi gözəl sözlər deyildi.
“Öz qəzetinin” – “Həyat”ın nəşrə
başladığı 1905-ci ilə qədər Əhməd
bəy lokomotiv kimi yorulmadan “Kaspi”ni çəkib
arxasınca aparırdı.
Sabirin
epiqramlarının birində Bakı qəzetlərində
“mabədi var” qeydi ilə uzun-uzadı məqalələr yazan
Molla Ərəszadə (akademik Həmid Araslının
atası – V.Q.) haqqında işlətdiyi “Gündə
çıxan qəzetənin bircəsi boş getməyir”
misrasını yaxşı mənada Əhməd bəyə
də şamil etmək mümkün idi. Amma onun
yazıları uzun deyildi, lakonikliyi və ifadəliliyi, daim hədəfə
sərrast tuşlanması, ağrılı məsələləri
ictimai fikrin diqqət mərkəzinə gətirməsi ilə
seçilirdi.
Bir az da statistika. 1898-ci ilin iyunundan sonra -39, 1899-cu
il -71, 1900-cu il – 77, 1901-ci il – 58, 1902-ci il -77, 1903-cü il – 142,
1904-cü il – 101, 1905-ci ilin aprelinə qədər -21. Bunlar
“tez və asan yazmağı bacaran Əhməd bəyin” (Yusif
Akçura) “Kaspi”nin
əsas müəllifi kimi çalışdığı illərdə
qəzetdə çap olunan məqalə, publisist yazı,
oçerk, felyeton və zarisovkalarının sayıdır. Təbii ki, gündılik redaktə xarakterli işlər,
redaksiyanın tapşırığı ilə hazırlanan xəbərlər
və s. yuxarıda
gətirdiyim saya daxil deyildi. Bu
yazıların tam siyahısına əsaslanaraq əminliklə
demək olar ki, işıqlandırdıqları mövzular
üzrə qruplaşdırmaqla (islam dini, Avropa
maarifçiliyi, çağdaş dünya siyasəti, rus ədəbiyyatı,
“erməni məsələsi”, islam dünyasının tarixi,
XX əsrin əvvəlləri Azərbaycanın mədəni-mənəvi
həyatı və s.) onları bir neçə cilddə, həm
də ictimai-siyasi və ədəbi fikir tariximizə
işıq salan cilddə birləşdirmək
mümkündür.
Şübhəsiz, Əhməd bəy Ağayev “Kaspi”
üçün əvəzedilməz əməkdaş idi. Hər şey
barədə vaxtında, operativ, ən başlıcası isə
yüksək peşəkarlıqla yazmağı
bacarırdı. Gündəlik nəşrin
redaktoru kimi Əlimərdan bəy bunu hamıdan yaxşı
başa düşür və yüksək qiymətləndirirdi.
Ona görə də xarakterinin impulsiv cəhətləri ilə
seçilən, tez hövsələdən çıxan qələm
dostunun
şıltaqlıqlarına da dözürdü. Hələ
1902-ci ilin oktyabrda Əhməd bəy özünə şöhrət
qazandıracaq əsərlərin çoxunu ortaya
qoymadığı bir vaxtda F.Köçərlinin “Azərbaycan
tatarlarının ədəbiyyatı” kitabına
yazdığı resenziyada Əlimərdan bəy səmimiyyət
və ürək açıqlığı ilə dostunun da
artıq milli ədəbi fikrin tarixində yer tutduğunu
xüsusi vurğulayırdı.
Yaxud yenə
həmin 1904-cü ildə “Şərqi-rus”la “Kaspi”, Məhəmməd
ağa Şahtaxtlı ilə Əhməd Ağayev arasında
qızışan və zaman-zaman etika hüdudlarını
aşan polemika zamanı Əlimərdan bəy “Şərqi-rus”
naşirinin özünə daxili senzura tətbiq etmədiyini
yaxşı bildiyi halda, yaxasını kənara çəkməmişdi.
Əksinə, müdafiəyə ehtiyacı olmasa da,
açıq şəkildə Əhməd bəyin tərəfində
dayanmışdı, onu çağdaş jurnalistika etalonu
kimi özünü çətin və mürəkkəb qəzetçilik
fəaliyyətinə qədəm qoyan hər kəsə
örnək göstərmişdi: “Kaspi” oxucuları cənab
Ağayevi yaxşı tanıyırlar. Həm də
publisist fəaliyyəti ilə o qədər yaxından
tanışdırlar ki, burada əlavə məlumat verməyə
heç bir lüzum qalmır.
Onun dərin biliyi, işinə məhəbbəti,
müdafiəsində durduğu mütərəqqi ideyalarla
bağlı diri və canlı qələmi tatar dilindəki
yeni qəzetin müsəlmanların maarifi və tərəqqisi
yolunda əzmlə irəliləyəcəyi, onlar
üçün yaşadıqları həqiqi həyatın
– bütün tələbləri və
çatışmazlıqları, bütün sevincləri və
kədərləri ilə mövcudluğun güzgüsü
olacağının sarsılmaz təminatıdır”.
Lakin bu
yüksək etimada baxmayaraq prinsipial və tələbkar
Əlimərdan bəyin fikrincə, həmkarının vəzifəsini
layiqincə yerinə
yetirmədiyi, öz eqosunu ümumi işdən, cəmiyyətin
maraqlarından üstün tutduğu məqamlar da olmuşdu.
Əlimərdan
bəy 14 sentyabr 1904-cü ildə aralarında baş verən
kiçik bir münaqişə ilə bağlı hər
ikisinin müştərək və müdrik dostu kimi tanınan Əli bəy
Hüseynzadəyə yazırdı: “Həsən bəy də
(gələcək Azərbaycan Cümhuriyyəti Parlamentinin
faktiki sədri, doktor Həsən bəy Ağayev nəzərdə
tutulur – V.Q.) bizdən ayrılacaq. Qalan ümumi
tanışlarımız öz yuvalarına çəkiliblər
və qışı bağlarda keçirməyi qərara
alıblar. Müsəlmanların çoxu
(burada azərbaycanlılar mənasında işlənmişdir
- V.Q.) hələ şəhərə qayıtmayıblar.
Ümumiyyətlə, indiki zamanda bizimkilər
özlərini son dərəcə ləyaqətsiz,
qorxaqcasına aparırlar. Əməkdaşımız
Əhməd Ağayev elə qorxuya düşüb ki, nəticədə
əsəb xəstəliyinə tutulub, ailəsi ilə birlikdə
buradan tamam çıxıb getmək istəyir.
Baxmayaraq ki, cəmisi dörd gün qabaq qayıdıb”. Burada müəyyən izahata ehtiyac var.
Xatirimdədir
ki, bir neçə il bundan əvvəl ciddi tarixçi kimi dərin
hörmət bəslədiyim Aydın Balayevin rəhbərlik etdiyi ann. az
saytında məsələnin mahiyyətinə varılmadan
sitat gətirdiyim məktub təxminən “Əlimərdan bəy
Topçubaşov Əhməd Ağayevə “qorxaq” dedi” tipli
sensasiyon görünəcək çığırğan
başlıq altında verilmişdi. Əslində
isə hər şey başqa cür olmuşdu.
1904-cü ilin iyul ayında Bakıda vəba
epidemiyası yayılmağa başlamışdı. İnfeksiyanın ilk
daşıyıcısı bir müddət qabaq Vyatka
quberniyasından Bakıya köçüb neft mədənlərində
arabaçılıq edən Stepan Reşetnikov adlı rus olsa
da, xəstəlik tezliklə şəhərin antisanitariya
girdabında boğulan kasıb
rayonlarına, ilk növbədə isə müsəlman məhəllələrinə
sıçramışdı. Əlimərdan bəyin
də üzvləri sırasında yer aldığı şəhər
idarəsinin bütün səylərinə baxmayaraq təhlükəli
epidemiyanı lokallaşdırmaq və qısa zaman ərzində
qarşısını almaq mümkün olmamışdı.
“Kaspi”nin
baş redaktoru və böyük nüfuza malik ziyalı kimi ölüm
saçan xəstəliyin tüğyan etdiyi günlərdə
Əlimərdan bəy həqiqi insanlıq və fədakarlıq
nümunəsi göstərmişdi. Qəzetin 1904-cü il 29
iyul tarixli sayında onun həyəcan təbili xarakteri daşıyan “Bakıda
vəba xəstəliyinin ilk təzahürü haqqında”
adlı məqaləsi çıxmışdı. Sonrakı
günlərdə Ə.Topçubaşov şəhər
Dumasında hər gün keçirilən iclaslarda fəal
iştirakla, vəziyyətlə yerində
tanışlıqla,
şəhərin üzdə olan azərbaycanlılarını
maddi və mənəvi cəhətdən mübarizəyə
səfərbər etməklə bir sırada tibbi
maarifçilik fəaliyyətini də əsla
dayandırmamışdı. Həmin günlərdə biri-birinin ardınca
“Kaspi”də “Sanitar qeydləri” ümumi başlığı
altında 6 yazıdan ibarət silsilə məqalələri
çap olunmuşdu. “Sahə
(şəhərin yaşayış ərazisi nəzərdə
tutulur –V.Q) himayəçiləri” (8 sentyabr), “Sahə himayədarlığı”
(11 sentyabr), “İctimai xeyriyyəçilik” (12 sentyabr),” “Həkimlər”
(19 sentyabr), “Əsas rəhbər”
(22 sentyabr”), “Əhalinin münasibəti” (23 sentyabr) adlı bu
yazılarda Bakını xəstəliyə təslim edən
rus və erməni idarəçilərin laqeydliyindən,
bürokratik şirma arxasında gizlənmələrindən,
imkanlı və nüfuzlu azərbaycanlıların yalnız
öz canlarnın hayına qalmalarından, xalqı
düşünmələrindən qəzəblə söz
açılırdı. Əlimərdan bəy
kasıb, imkansız soydaşlarından hər gün 40-50 nəfərin
ölməsinə seyrçi münasibət bəsləyən
həmvətənləri və dindaşları birliyə, həmrəyliyə
çağırırdı.
Əhməd Ağayevə gəldikdə isə o, məzuniyyət
hüququndan yararlanaraq hələ epidemiya
yayılmamışdan - iyulun 20-dən avqustun 23-nə qədər
ailəsi ilə birlikdə Qarabağda, Şuşada
olmuşdu. Geri qayıtdıqdan sonra qəzetdə ilk
yazısı avqustun 25-də (“Sultan Muradın
ölümü”) işıq üzü
görmüşdü. Bundan sonrakı günlərdə
redaksiyada ənənəvi məhsuldar fəaliyyətini davam etdirmiş,
biri-birinin ardınca “Səciyyəvi polemika” (16 avqust), “Tənbəllik
mikrobu” (28 avqust), “Müsəlman xeyriyyəçilər diqqətinə”
– çağırış xarakterli bu yazı vəba
epidemiyası ilə bağlı idi –V.Q; 2 sentyabr), “Yuxu, yuxsa
ölüm? (4 sentyabr), “Fars hökumətinin bəyanatı”
(10 sentyabr), “Müharibə ətrafında” (12 sentyabr),
“Dostlara məktublardan” (14 sentyabr) kimi günün tələbləri
ilə səsləşən yazıları
çıxmışdı.
Epidemiyanın səngimək əvəzinə daha da
şiddətləndiyini görəndə isə yenidən iki həftəlik məzuniyyət
götürərək ailəsini daha təhlükəsiz yerə
-Şuşaya aparmaq qərarına gəlmişdi. Sentyabrın
sonlarında şəxsi problemini həll edib redaksiyadakı
işinin başına qayıtmış, qəzetdə əvvəlki
intensivliklə çap olunmağa başlamış, (“Müsəlman
söhbətləri”, məqaləsi sentyabrın 30-da
çıxmışdı), epidemiynın hələ də səngimədiyi
oktyabr ayında isə Bakıdan kənara ümumiyyətlə,
ayaq basmamışdı.
1904-cü
ildə Əhməd Ağayevin ilk övladının –
qızı, gələcəyin ilk türk qadın
hüquqşünası Süəryyanın (Sürəyya Ağaoğlu, 1903-1989) bir
yaşı vardı. Ömrü boyu Qarabağda
yaşamış xanımı Bakıya bələd deyildi.
Təbii ki, həyəcanlı günlərdə hər bir valideyn kimi Əhməd
bəy də ailəsinin taleyi
ilə bağlı narahatlıq keçirirdi, onları
mümkün qədər tezliklə qorxusuz yerə aparmağa
can atırdı. Yeri gəlmişkən, özü təhlükə
ilə üz-üzə qalmasına baxmayaraq, Əlimərdan bəy
də xanımını və uşaqlarını Mangilisə
göndərmişdi, yenə Mangilisdə olan ümumi
dostları Əli bəy Hüseynzadəyə isə epidemiya
qurtarana kimi Bakıya gəlməməyi, Salyanda, yaxud
Şamaxıda gözləməyi məsləhət
görmüşdü. Əlbəttə, belə
olan təqdirdə yalnız Əhməd bəyə xüsusi
tələbkarlıqla yanaşmaq, fədakarlığı
yalnız ondan tələb etmək o qədər də ədalətli
görünməyə bilərdi. (Hərçənd
baş redaktor özü belə nümunə göstərirdi).
Təsəvvür
etmək olar ki, hər gün onlarla can alan
vəba xofunun qarşısında ailəsini bir an öncə
şəhərdən çıxarmaq istəyən Əhməd
bəy dostunun redaksiyada qalmaq, gündəlik işi ilə məşğul
olmaq təklifindən necə hiddətlənmişdi! Sadəcə, yazını gecikdirdiyinə görə
Əli bəyin üstünə kətil çəkən
Əhməd Ağayevin ortada xanımının, kiçik
qızının taleyi olan məqamda necə hərəkət
edəcəyini göz önünə gətirmək çətin
deyil. Məncə, onun həmin andakı hərəkəti
qorxaqlıqdan deyil, yaxınları qarşısında məsuliyyət
və cavabdehlik hissinin dərkindən irəli gəlirdi.
Əslində ictimai borca münasibətdən qaynaqlanan
bu kiçik münaqişə “Həyat” qəzetində birgə
çalışdıqları dövrdə daha da dərinləşmişdi. “Həyat”ın
sahibi-imtiyazı H.Z.Tağıyev, naşiri
Ə.Topçubaşov, redaktorları isə Ə.Ağayevlə
Ə.Hüseynzadə idi. Nisbətən
azad yaradıcı adamlar olan, üzərlərinə hər
hansı mühüm təhəddüd götürməyən
iki dostu ilə müqayisədə Əlimərdan bəy daha
çox məsuliyyət daşıyır və redaksiyada
“Tağıyevin adamı” kimi tanınırdı. Əslində də belə idi və təbii ki,
“millət atası” önündəki cavabdehlik üzərinə
bir sıra ciddi vəzifələr qoyurdu. O, təkcə qəzeti deyil,
xeyirxahları olan Hacının təmiz adını, hökumətlə
münasibətlərini qorumağı da özünə borc
sayırdı. Buna görə də bir sıra hallarda əslində
istədiyindən daha liberal mövqe tutur, ehtiyatlı davranmağı məqbul
sayırdı. Qısa müddət ərzində
“Həyat”ı erməni millətçiləri ilə ideoloji
mübarizənin tribunasına çevirən
çılğın təbiətli Əhməd bəy isə
belə yanaşma ilə razılaşmırdı. Münaqişə də
buradan doğurdu.
1905-ci
ilin oktyabrında dincəlmək üçün bir neçə
günlüyə getdiyi Mərdəkan kəndindən Əli bəy Hüseynzadəyə
(zavallı Əli bəy! İki dostun
arasında qalmışdı.) fransız
dilində (!) məktubunda Əhməd bəy bir tərəfdən
imtiyaz sahibi, o biri tərəfdən isə naşirlə
aralarında yaranan fikir ayrılıqlarına toxunaraq
yazırdı: "Qəzetin
dünənki sayı məni üzmüşdü. Bu günkü sayı isə o qədər razı
saldı.
Məni dəstəklədiyin üçün çox
təşəkkür edirəm. Bu, şəxsi bir
sevgi nümayişi deyil. Xeyr! Bütün
məsələ sərvət, sərmayə, yaxud başqa
yolla, bir sözlə, pul hesabına güc sahibinə
çevrilmək istəyən qaba bir adamla azad və müstəqil
olmağa can atan bilikli, bacarıqlı insan arasındakı
uçurumdadır. Azad, sərbəst
olmamız lazımdır.
Hələ dünənə qədər ticarətlə
uğraşan və bu gün ancaq bir bank sahibi ruhuna malik bir
insanın mayasında duyğu və düşüncə
dayanan belə böyük, müqəddəs davaya
qarışmasına göz yummamalıyıq”.
“Dünənə qədər ticarətlə
uğraşan”, “bank sahibi ruhuna malik insan” təyinləri
heç şübhəsiz, Hacı Zeynalabdin barəsindədir. Pulu ödəyənin
musiqini də sifariş vermək haqqına malik olması
prinsipini qəbul etməyən Əhməd bəy,
göründüyü kimi, Hacının qəzetçilik fəaliyyətinə,
nəşrin işinə hər hansı şəkildə
müdaxiləsinin əleyhinə idi. Burada
ideya və peşə təəssübü göstərilən
xeyirxahlığa da üstün gəlmişdi. Təfərrüatını bilmədiyimiz mövqe
toqquşması başlanğıcda Əli bəylə
Əhməd Ağayevin (bəlkə də daha çox
ikincinin!) üstünlüyü ilə nəticələnmişdi.
Yaradıcılıq azadlığını hər şeydən
üstün tutan, xarakter etibarı ilə həlim təbiətli
dostunu da buna səsləyən Əhməd bəy daha sonra
yazırdı:
“İlk zəfərimizi belə qazandıq. Möhkəm dayansaq, daha neçələrini də qazanacağımıza əminəm. Sabah həmin adam (ad çəkilməsə də söhbətin Ə. Topçubaşovdan getdiyi aydındır - V.Q.) burada olacaq. Hacının qarşısında şiddətli bir çarpışma yaşayacağıq. Çünki mən bu adamın heç bir işə qarışmasını istəmirəm. Əvvəl Hacı da mənə qarşı çıxırdı. Lakin fikirlərimdə qərarlı olduğumu görüb vaz keçdi. Sən də güclü və qərarlı ol. Kimsənin sənsiz bir iş görməsinə izin vermə”.
Təbii ki, Əhməd bəy milli mədəniyyətə böyük qayğısına görə xeyirxah Hacıya minnətdar idi. Eyni zamanda Əlimərdan bəyə də böyük hörmət bəsləyirdi. Hər ikisinin "Həyat"ın ərsəyə gəlməsindəki rol və xidmətinə yaxşı bələd idi. Lakin bununla bir sırada ictimai fikirdə sərvət sahibinin deyil, ziyalının aparıcı qüvvə olmasını mühüm amil sayırdı. Qəzetin pul verənin deyil, dövrün və zamanın istəyinə güzgü tutmasını jurnalist fəaliyyətinin ümdə prinsiplərindən biri kimi qəbul və müdafiə edirdi. Əlimərdan bəyin bilərəkdən bir sıra hallarda bu prinsipdən vaz keçməsi ilə barışa bilmirdi. Ona görə də, mövqelərindən çəkilməmək, “Həyat”ı öz istədikləri şəkildə çıxarmaq üçün bundan sonra da Əli bəylə birgə olmalarının, eyni mövqedə dayanmalarının zəruriliyini vurğulayırdı:
“Müsəlman camaata ağlın qaba qüvvət qarşısında əzildiyini göstərən örnək deyil, əksinə, hətta heç nəyə sahib olmadığı halda müstəqillik və sərbəstliyin qalib gəldiyini sübuta yetirən bir nümunə verməliyik. Bu da ancaq birlikdə və bir-birimizə inanıb hərəkət etdiyimiz, biri-birimizə qarşılıqlı dəstək verdiyimiz halda mümkün olacaq”. Göründüyü kimi, Əhməd bəy Ə.Hüseynzadə ilə özünü barrikadanın bir, Hacı ilə Ə.Topçubaçovu isə başqa tərəfində görürdü. Lakin, görünür, özünə etibarlı müttəfiq saydığı Əli bəy müqavimət qarşısında duruş gətirə bilmədiyindən tezliklə yollar ayrılmışdı - Ə.Ağayev 101-ci sayından etibarən həqiqətən də ürəkdən bağlandığı “Həyat”la vidalaşaraq milyonçu M.Muxtarovun maddi vəsaiti hesabına “İrşad” qəzetini nəşr etməyə başlamışdı.
Açıq müstəviyə keçməsə, mətbuat səhifələrinə çıxmasa da, aralarındakı soyuqluq, münasibətlərindəki gərginlik yəqin ki, artıq çoxlarına sirr deyildi. Bunu qayınanası, Həsən bəy Zərdabinin dul xanımı, Bakıda rus-müsəlman qız məktəbinin müdirəsi Hənifə xanım Məlikova - Abayevanın 1908-ci ilin aprelin 13-də, III Dövlət Duması Müsəlman fraksiyası Bürosunun sədri kimi Peterburqda olan Əlimərdan bəyə yazdığı aşağıdakı sətirlərdən də sezmək mümkündür: “Ah, sizi necə tezliklə burada görmək istərdik. Sizin işiniz haqqında fikirləşəndə ürəyim partlamağa gəlir, qan beynimə vurur. Axı bu həqiqətən də bir titan əməyidir.
Əhməd Ağayev “İrşad”ı atıb Misirə getmək istəyir. O, hər məsələdə sizi ittiham edir, tanınmadığına görə sizi günahkar sayır. Psixopatın biridir. Qalan ziyalılar haqqında isə danışmağa dəyməz. Sadəcə, ölüdürlər”
Budapeşt
(Ardı var)
Vilayət
QULİYEV
525-ci qəzet.- 2017.- 24 iyun.- S.18-19.