Azərbaycan-Türkiyə
qardaşlığının möhtəşəm səhnə
təcəssümü
RƏFAİL OĞUZTÜRK DAĞLININ “NARGİN FACİƏSİ” ƏSƏRİ BAKI BƏLƏDİYYƏ TEATRINDA TURAL BAXIŞIN REJİSSORLUĞU İLƏ TAMAŞAYA QOYULUB
Qorxma,
sönməz bu şəfəqlərdə üzən al sancaq;
Sönmədən yurdumun üstündə tütən ən
son ocaq.
O mənim
millətimin ulduzudur, parlayacaq;
O mənimdir,
o mənim millətimindir ancaq!
Böyük türk şairi Mehmet Akif Ersoyun, kimliyindən
asılı olmadan, hər bir türkün damarlarında
qanını coşdurub ürəyinə tökülən bu
misraları dünən Bakı Bələdiyyə
Teatrının səhnəsindən bütün dünyaya
meydan oxurcasına səsləndi. İyirmi beş
illik həyatımda neçə yüzüncü dəfə
eşitdiyimi bilmədiyim “İstiqlal marşı” aktyor Tural
Əhmədin ifasında elə hərarətlə oxunurdu ki,
sanki həmin an bütün dünya sükuta qərq olub məhz
bu ifanı dinləyirdi. O dəqiqələrdə
dünyanın ən uca zirvəsi yerdən cəmi bir metr
hündürlükdə olan həmin səhnə idi.
Tamaşaçıların coşğun və davamlı
alqışları isə türkün qarşısında
qorxuya düşmüş yağının ürək
döyüntülərini xatırladırdı...
Söhbət Bakı Bələdiyyə Teatrında
yazıçı Rəfail Oğuztürk Dağlının
“Nargin faciəsi” əsəri əsasında Tural
Baxışın rejissorluğu ilə hazırlanmış
eyniadlı tamaşadan gedir. Hələ tarixdən,
tarix kitablarından az-çox məlumatımız olan
“Sarıqamış” rus-türk savaşı və həmin
savaşda əsir düşən yaralı türk əsgərlərinin
Nargin adasındakı əsir düşərgəsində
acınacaqlı həyatı bu tamaşada daha qabarıq şəkildə
öz əksini tapmışdı. Teatrın
bədii rəhbəri və direktoru, Xalq artisti Amaliya Pənahova
ilə söhbətimizdə məlum olur ki, tamaşadakı
adların heç biri dəyişdirilməyib, həmin
insanlar həqiqətən də tarixdə yaşamış,
o savaşlarda iştirak etmiş qəhrəmanlardır.
Azərbaycan-Türkiyə qardaşlığını
özündə əks etdirən “türkün türkdən
başqa dostu yoxdur”, “bir millət - iki dövlət” kəlamlarının
mahiyyətini əvvəllər o qədər də dərindən
dərk etmirdim, verilən izahatlar da yetərli olmurdu. Düşünürdüm
ki, bu cümlələrdəki həyəcan, enerji o qədər
güclüdür, onları sözlə tam ifadə etmək
olmaz. Bu, nədirsə, onu yaşamaq, hiss
etmək lazım idi. Böyüdükcə
yaşadıqlarım, gördüklərim, öyrəndiklərim
sayəsində bu qardaşlığın müqəddəsliyini
daha yaxşı dərk etməyə, türklüyü
beynimdə, şüurumda deyil, damarlarımda, ürəyimin ən
dərin qatlarında hiss etməyə başladım. Ona görə də bu tamaşada Nargin adasında əsir
türk qardaşlarının azadlığı
üçün özünü fəda edən Dağlı
Ələsgər Məmmədovu, Əjdər Aşurbəyovu,
Sona Hacıyevanı çox gözəl başa
düşürdüm.
Tamaşa sözügedən döyüş haqqında
video-çarxla başladı. Videoda həmin
döyüşün dəhşəti, qurbanların çarəsizliyi
ən ağır şəkildə öz əksini
tapmışdı. Artıq insan bu
görüntülərlə söhbətin nədən
getdiyini anlayır və 1914-1915-ci illərin dekabr-yanvar
sazağını iyunun 20-si günü bürkülü
teatr zalında iliklərinə qədər hiss edir. Daha sonra səhnəyə adlarını çəkdiyim
fədakar soydaşlarımız çıxır. Onların söhbətlərindən anlayırıq
ki, “Sarıqamış” döyüşündə yaralanaraq
düşmənə əsir düşmüş türk
qardaşlarımız Nargin adasında rusların və ermənilərin
nəzarəti altında çox ağır şəraitdə
saxlanılır. Təbii ki, Bakının yerli əhalisi
bu qədər böyük bir fəlakətə göz yuma bilməzdi. Dini bir, dili bir
qardaşlarının soyubilinməz erməni
dığalarının əsarəti altında zülüm
görməsi xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin başçılıq etdiyi “Müsəlman
Xeyriyyə Cəmiyyəti”nin üzvləri
Ələsgər bəyi, Əjdər bəyi, Sona
xanımı və onlarla bərabər digər
yurddaşlarımızı da narahat edir, ağrıdır. Nə olursa olsun, əsirlərin heç olmasa, bir
hissəsinin azadlığı uğrunda mübarizə
başlayır.
Hər həftə əsirlərə ərzaq, paltar kimi
yardımlar aparan Sona xanım dostları və düşərgənin
komendantı rus ordusunun zabiti polkovnik Poltaratskinin də
yardımı ilə 8 nəfər əsiri
qaçırmağa nail olur. Daha sonra yüzə
yaxın türk əsgəri bu yolla əsirlikdən xilas olur.
Rus ordusunun zabitləri Qusakov, Rudenko, erməni
Akopovun cəhdləri heç bir işə yaramır.
Bu işdə günahkar bilinərək iki dostu ilə birgə
həbsə alınan Ələsgər bəy heç bir
şey demir, nəticədə əlində onları
günahlandırmağa sübut olmayan rus zabitləri tərəfindən
gizlicə öldürülür. Ancaq bu, hər
şeyin sonu deyil. Onun silahdaşları bu
mübarizədən dönmür. Nəhayət,
böyük bir amal uğrunda çarpışan və elə
həmin amal uğrunda da həyatını itirib şəhidlik
zirvəsinə ucalan bu mərd insanın arzusu həyata
keçir. Türk ordusu qələbə qazanır!
İnsanı lərzəyə salan fakt isə budur ki,
bakılıların əsirlikdən qaçırıb
İstanbula göndərdikləri həmin əsgər və
zabitlər üç il sonra 1918-ci ilin
sentyabrında Bakını ruslardan xilas etmək
üçün Nuri Paşanın ordusunda geri
qayıdırlar!
Bax, budur
tarix! Budur qələbə! Budur qardaşlıq!
Ən
sonda türk yüzbaşı Fərqat Tursun rolunu
canlandıran aktyor Tural Əhmədin ifasında “İstiqlal
marşı”, Türkiyə və Azərbaycan
bayraqlarının dalğalandırılması bu birliyə həsəd
aparan, hər zaman bunu sarsıtmağa çalışan mənfur
düşmənlərin gözlərinə
sancılmış ox idi.
Tamaşa boyunca bir neçə dəfə aktyorların
sözlərini eşitməz edən, sonda isə bütün
zalın ayaq üstə gurultulu alqışları
tamaşanın oxu doğru hədəfə yönəltdiyinin
göstəricisi idi.
Əsər həm də uğurlu aktyor işi kimi yadda
qaldı. Tərkibi əsasən gənclərdən ibarət
olan aktyor heyəti tamaşaya tam mənası ilə
hazırlıqlı idilər, əsərin mahiyyətini və
məğzini hiss etmişdilər. Sona
Hacıyeva rolunun ifaçısı aktrisa Zülfiyyə
Qurbanova ilə söhbətimizdən aydın olur ki, artıq
üç aya yaxın bir məşq prossesindən sonra ərsəyə
gəlmiş tamaşanın ən çətin və məsuliyyətli
tərəfi tarixi olduğu kimi, tarixi şəxsiyyətləri
də öz adları ilə əks etdirməsidir. Quruluşçu rejissor Tural Baxışın əsərdən
əlavə həmin dövrün tarixini də dərindən
araşdırdığı, öyrəndiyi tamaşadan bəlli
idi. Rejissorun özünün,
aktyorların sözləri də bu fikrimizi təsdiqlədi.
Əfqan
Soltanov, Namiq Cavadov, İsmayıl Atakişiyev, Toğrul Rza,
Tural Əhməd, Zülfiyyə Qurbanova kimi aktyorların bu tamaşada
yer alması həm teatrın direktoru A.Pənahovanın, həm
də rejissor T.Baxışın əsərə
yanaşmadakı ciddiyyətindən xəbər verirdi. Doğrudur, bəzi məqamlarda aktyorların hisslərin,
emosiyaların təsiri ilə gərəksiz pafoslara yer verdiyi
də olurdu. Ancaq bu pafoslar insanı yormur,
səhnədən ayırmırdı. Artıq
ilk dəqiqələrdən onlarla birgə fəlakət
yuvası Nargin adasının məngənəsində həbs
olmuş tamaşaçı bu pafosu, xırda
yanlışları görmür, ya da təbii
qarşılayır.
Xalq artisti Amaliya Pənahova bu tamaşanın Türkiyə-Azərbaycan dostuluğunun tarixi köklərinə işıq saldığını dedi: "Bu tamaşada məqsədimiz türkün birliyini göstərmək, ziyalılarımızın adı ilə bağlı olan tarixi günlərimizə öz töhfəmizi vermək və tarixi şəxsiyyətlərimizi unudulmağa qoymamaqdır. Keçən əsrin əvvəllərində yaşamış xeyriyyəçilərimiz, ziyalılarımız, qəhrəman oğullarımız bu türk qardaşlığının məhv olmaması, unudulmaması üçün böyük mübarizələr aparıblar. Onları xatırlamamaq ən azından hamımız üçün günah, utanc olardı. Bu il 25 illiyini qeyd edən Bakı Bələdiyyə Teatrı həm də "döyüşən teatr" adlanır. Biz hər zaman öz repertuarımızda vətənpərvərlik ruhlu tamaşalara yer veririk, vaxtaşırı cəbhə bölgəsindəki qəhrəman əsgərlərimizlə görüşlər təşkil edirik, çalışırıq torpağımızın azadlığı uğrunda düşmənlə üz-üzə dayanan igidlərimizə tək olmaqdılarını hiss etdirək, sözümüzlə, dualarımızla dəstək olaq. Tarix boyu iki türk dövləti arasına nifaq salmağa çalışanlar, bu birliyə xələl gətirməyə cəhd edənlər çox olub. Ancaq bu, onlarda heç zaman alınmayıb. Çünki hər birimiz öz sahəmizdə bu dostluğu təbliğ edirik, edəcəyik də".
Burada öyrəndik ki, əsərin baş qəhrəmanlarından biri, sonda mərdliklə şəhid olan Ələsgər Məmmədovun nəvəsi, nəticəsi də tamaşaçılar arasında imiş. Ancaq onlar babalarının adına layiq təvazökarlıqla hər kəs kimi səssizcə tamaşanı seyr etməyi seçdilər, kim olduqlarını, bu əsərin onlar üçün mahiyyətini kimsəyə bildirmədən...
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın xanımı Meltem Özoral da tamaşaçılar arasında idi. Əsər bitdikdən sonra kulisdə aktyorlarla, yaradıcı heyətlə görüşən Meltem xanımın heyrəti, sevinci sözlərindən əvvəl gözlərində, çöhrəsində əks olunmuşdu. "Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan da hər zaman Türkiyənin yanında olub" - deyən M.Özoral belə bir tarixi faktları unudulmağa qoymadıqları üçün, başda A.Pənahova olmaqla, hər kəsə öz təşəkkürünü bildirdi, qeyd etdi ki, bu tamaşa yalnız Azərbaycanda deyil, Türkiyədə də göstərilməlidir. Bunun üçün lazım olan şəraiti yaradacaqlarına da söz verdi.
Bugünlərdə iki ölkənin dostluğundan, qardaşlığından harda söz açılırsa, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, şair və alim İrfan Çiftçinin orada özünəməxsus yeri və rolu olur. Vaxt tapıb İrfan Çiftçi ilə də tamaşa haqqında söhbət etdik: "Bu əsərin müəllifi Rafael bəy özü də bir əsgər olaraq Qarabağ müharibəsi veteranıdır. Hətta iki il Türkiyədə də hərbi xidmət keçib. Bu əsərlə bağlı hazırlıqlar gedərkən elə gözlənilməz hadisələr olurdu ki, insanı duyğulandırırdı. İşlərin daha asan başa gəlməsi, qarşımıza çıxan çətinliklərin rahatlıqla həll olması məndə o fikri yaradırdı ki, bəlkə də bu tamaşanın həyata keçməsi üçün həmin şəhidlərimizin ruhu bizə kömək edir. Nargin hadisələri ortaq tariximizdəki ən böyük faciələrdəndir, insanlıq dramıdır. Bu faciəni törədənlərin, gec də olsa, bütün insanlıqdan üzr istəməsi lazımdır. Yüz il keçməsinə baxmayaraq, belə bir tarixin yenidən bir sənət əsəri kimi gündəmə gətirilməsi çox önəmli hadisədir".
Artıq tamaşa bitmiş, hər kəs zalı tərk etmişdi. Mənimsə gözlərim önündə hələ də bir əsgərin əlində iki türk bayrağı dalğalanır, dalğalandıqca toxunan ucları ilə ən çətin zamanlarda belə bir-birinin əlini buraxmayan qardaşları xatırladırdı.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 24 iyun.- S.17.