“Söylədiyim Azərbaycan dilidir”, yaxud "hər şeyin var, nəyin yoxdur, Azərbaycan!.."
XIX əsrin sonu, XX əsrin əvvəllərində Qazax
mahalından böyük
bir ziyalı çıxdı... Hacı
Kərim Sanılı... 1878- ci ildə Çaylı- Kəsəmən kəndində
doğuldu, 1937- ci ildə isə məlum repressiyanın qurbanı oldu.
Hacıkərim (Hajkərim) Sanıyev
(Sanılı) 1919-cu ildə
Azərbaycan aşiqlərinə
həsr etdiyi “Yeni şərqilər” kitabını
nəşr etdirəndə Azərbaycan Cümhuriyyəti Parlamentinin
üzvü idi. Və həmin kitabın ilk şeiri “Qabaq sözü” belə başlayır:
Söylədiyim Azərbaycan dilidir,
Mən dərdiyim
vətənimin gülüdür.
Bu çaldığım el sazının
telidir,
Gərək səsi ürəkləri
oynada.
Aşıq bunu çalacaqdır
ellərdə,
Çoban-çoluq oxuyacaq çöllərdə,
İnandığım budur, gəzə dillərdə,
Çağıralar onu bağda-bağçada.
Türk dillərindən biri olan Azərbaycan dilinin necə adlandırılması uzun
müddət mübahisəli
olmuşdur. Hətta bu şeirin çap olunduğu ildə Azərbaycan dili Hacı Kərim
Sanılının üzvü
olduğu Cümhuriyyət
Parlamentində də rəsmi olaraq “türk dili” adlanırdı. “Yeni şərqilər”in müəllifi
isə Məhəmməd
ağa Şahtaxtlı,
Cəlil Məmmədquluzadə
kimi müasirlərinə
qoşulub ana dilini “Azərbaycan dili” adlandırır. Və söhbət
o dildən gedir ki:
Mən bilirəm, eşidəndə
bu dili
Çırpınacaq Azərbaycan bülbülü,
Dindirəcək öz dilində
o gülü,
Açılacaq şirin söhbət ortada.
Gah ərəbin, gah da farsın dilində,
Gah onların, gah da rusun dilində,
Danışanda özgəsinin dilində
Öz dilini yanılmışdı dünyada.
Bundan belə təzə yollar açılar,
O yollara əlvan çiçək saçılar,
Özgə şivə, özgə
sözdən qaçılar,
Daha bir də biz uymarıq hər yada.
Hacı Kərim Sanılı xalq içindən çıxmışdı, Qori
seminariyasında təhsil
almışdı, Azərbaycanın
müxtəlif yerlərində
müəllim işləmişdi. Və həmyerlisi Səmədağa
Ağamalıoğlu ilə
birlikdə gəlib Azərbaycan parlamentinin üzvü olmuşdu... Hər ikisi eyni partiyadan - “Hümmət”dən... Ancaq
Səmədağa Ağamalıoğlundan
fərqli olaraq, Hacı Kərim Sanılı siyasət adamı deyildi, milli demokrat idi...
XX əsrin əvvəllərinin
Azərbaycanı himnlərlə
yaşayırdı, deyilən
hər sözün musiqisi, hər fikrin meydanı, tribunası vardı. Və “Azərbaycan” sözünü
nə qədər təkrar edirdilərsə,
o qədər siyasi- ictimai effekt doğurur, o qədər mənalı səslənirdi...
İlk
“Azərbaycan” şeirini
Hacı Kərim Sanılı yazdı!.. Özü də necə!..
Dağlarının başı qarlı,
Sinəsi
yaşıl ormanlı,
Dərələri şirin narlı,
Azərbaycan, Azərbaycan!
Səməd Vurğunun “Azərbaycan”
şeirini həm ondan əvvəl, həm də ondan sonra yazılmış
“Azərbaycan” şeirlərilə
nə ideya- məzmun, nə də forma-struktur mükəmməlliyi baxımından
müqayisə etmək,
yəqin ki, mümkün olmazdı. Ancaq bir məsələ
var ki, dahi
şair-mütəfəkkir özündən əvvəlki
“Azərbaycan”lardan, xüsusilə
bilavasitə yerlisi Hacı
Kərim Sanılının
“Yeni şərqilər”
kitabında çıxmış
“Azərbaycan”ından xəbərdar
olmaya bilməzdi.
“Sanılı dünyası”
(Bakı, 2015) kitabının
müəllifi, gənc
tədqiqatçı Könül
Məhərrəmova yazır:
“Yeni şərqilər”in
ikinci şərqisi məşhur “Azərbaycan”
şeiridir. Lakin bu şeir professor Əli Saləddin tərəfindən Əhməd
Cavadın əsəri
hesab olunaraq Ə.Cavadın əsərləri
sırasına daxil edilmişdir... Professor Ə.Saləddin Ə.Cavadın
əsərlərini toplayarkən
“Azərbaycan” şeirinin
ona Tovuzda Ə.Cavadın əsəri
kimi təqdim edildiyini qeyd etmişdir.
Bu şeir Qazax rayonunda da dillər
əzbəri olmuşdur. Müəllifi isə doğru olaraq, hər kəsə H.K.Sanılı
kimi məlum olmuşdur”.
Bu isə o deməkdir ki, Səməd Vurğun H.K.Sanılının
“Azərbaycan”ını həm
“Yeni şərqilər”dən
oxuya, həm də 20- ci, 30- cu illərdə xalqın dilindən eşidə bilərdi.
Məsələnin mahiyyəti isə
bundadır ki, Səməd Vurğunun “Azərbaycan”ı öz istedadlı (və kifayət qədər məşhur) sələfinin eyniadlı
şeirinə o qədər
oxşayır ki, bunu təsadüfi sayıb üstündən
keçmək heç
cür mümkün deyil...
Səhrəların sünbüllüdür,
İl müdam üstü güllüdür,
Bağçaların bülbüllüdür,
Azərbaycan, Azərbaycan!
Durna gözlü bulaqların,
Cənnət kimi yaylaqların,
Geniş-geniş otlaqların,
Azərbaycan, Azərbaycan!
Ormanında maral böyrür,
Çöllərində ceyran ürkür,
Göllərində qazlar üzür,
Azərbaycan, Azərbaycan!
Hacı Kərim Sanılı mənsub olduğu xalqı, məmləkəti
təmmənnasız bir
məhəbbətlə sevirdi. Və xalqdan,
məmləkətdən çox,
bu sevginin övladı idi. Ona görə də yazırdı:
İlxında ayğır kişnəşir,
Naxırda buğac güləşir,
Süründə əmlik mələşir,
Azərbaycan, Azərbaycan!
Qayaların əlvan mərmər,
Belində var qızıl
kəmər,
Bir yanında bəhri-Xəzər,
Azərbaycan, Azərbaycan!
Sənbək odu şölə
salır,
Dünya
səndən işıq
alır,
Verməyəndə xapan qalır,
Azərbaycan, Azərbaycan!
Təsəvvür edəndə ki
bu şeiri yalnız xalq içərisindən çıxmış
istedadlı bir şair deyil, yeni yaranmış müstəqil dövlətin
parlamentinin fəal bir üzvü yazıb, onda təəccüb etməyə
bilmirsən ki, o illərdə də bu millətin nə qədər böyük (və təbii!) özünütəsdiq
enerjisi varmış...
İpək, pambıq, yunun
çoxdur,
Arpa, buğda, dügün çoxdur,
Hər şeyin var, nəyin yoxdur,
Azərbaycan, Azərbaycan!
Yer üzündə yoxdur tayın,
Gur- gur axar sənin
çayın,
Bol veribdir fələk payın,
Azərbaycan, Azərbaycan!
Laçının var, tərlanın
var,
Çoxlu şirin, qaplanın
var,
Qorxun yoxdur, düşmanın var,
Azərbaycan, Azərbaycan!
Və bu şeirdən təxminən on beş
il sonra dahi Səməd Vurğun üzdə “mən nə Sanılıyam, nə də Cavadam, onlara düşmənəm,
onlara yadam” desə də, eyni intonasiya, eyni ritmlə eyni sözü (ancaq daha yüksəkdən!) dedi:
El bilir ki, sən
mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan!..
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2017.- 24 iyun.- S.15.