Milli modernizm ədəbiyyatının gəlişməsində
Afaq Məsudun rolu
NIZAMİ CƏFƏROVUN “AFAQ MƏSUD DÜNYASI” MONOQRAFİYASININ FONUNDA
Nizami Cəfərov
da, mən də cüzi yaş fərqilə Afaq
xanımın az qala həmyaşıdı
olsaq da, biz 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərinin
filoloq tələbələri artıq o illərdə Afaq Məsudun
mətbu hekayələrini oxuyur, 1976-cı ildə
çıxan ilk kitabından danışır, müzakirələr
edirdik.
Çox vaxt da polemik-tənqidi ruhda. Çünki bu hekayələrdə
nəsə bir özgəlik, “xamlıq”, hətta o dövrdə
ədəbi gəncliyin şüurlarına hakim kəsilmiş
İsa Hüseynov, Anar, Ə.Əylisli, Elçin, S.Əhmədli
və digər 60-cıların nəsrindən də fərqli
nələrsə vardı və bu nəsri həzm etməyə,
intixab etməyə bizə mane olurdu. Həmin “şüur
axını”, insanın daxili dünyası, fərd - cəmiyyət
qarşılaşması, fərdin sosial ətrafına
uyuşmaması, müqaviməti, çabaları... Amma
60-cılar nəsrindən fərqli Afaq Məsudun hər hekayəsində
fərdin iç dünyasına girmiş oxucu sanki burda
dolaşıb-qalır, sosial dünyaya qayıtmır,
heç qayıtmaq da istəməyib elə bil daha dərinlərdə,
daha özgə qapılar sorağına düşürdü
və s.
Nizami Cəfərov “Afaq Məsud dünyası”
monoqrafiyasında Afaq Məsud nəsrini zamanı
qabaqlamış hadisə kimi dəyərləndirir və bu mənada
bəlkə də haqlıdır. 1970-1980-ci illərdə Afaq Məsudun
hər hekayəsi modern insan durumunu, müasir milli fərdi,
bütün iç çabaları,
çıxılmazlıq ovqatı ilə təqdim edir, necə
deyərlər, bizi bizə bizdən də artıq
tanıdır, üst qatları qırıb daxili “mən”imizə
nüfuz etməyə sövq edirdi. Bu, şəksiz ki,
modernizm ədəbiyyatı idi və qeyd-şərtsiz
söyləmək olar ki: dünən olduğu kimi, öz
missiyasını bu gün də eynən yerinə yetirir, bizi
bizə izah etməkdə, çox vaxt ətraf dünyaya qalib
gəlib, lakin öz içimizdə dolaşıb
qalmaqlığımızı dəf etməkdə, durultmaqda
köməyini əsirgəmir. Nizami Cəfərovun
məhz bu gün yaranmış monoqrafiyasının bir önəmi
də elə budur. Bircə-bircə: 1970-ci, 1980-ci,
1990-cı və 2000-ci illər hekayələrinin hər
birinin içinə girib Afaq Məsud hekayəsinin
poetikasını açmaqla yanaşı, müəllif burda
həm də kifayət qədər mürəkkəb
müasir insan içinin anatomiyasına nüfuz edir və
adekvat şərhini verir...
Monoqrafiyada Nizami Cəfərov Afaq Məsudun 1970-ci illərdə
ədəbiyyata gəlişini hələ manifestə yozub,
peşəkar yaradıcılığının 1980-ci illərdən
başlandığını iqrar edir. Həqiqətən də, o
illərdə R.Rövşən, V.Səmədoğlu,
M.Süleymanlı, A.Abbas, V.Cəbrayılzadə imzaları ilə
birgə A. Məsud adı da, 1960-cı illər ədəbiyyatının
sadəcə davamçıları olaraq parlamadı; həmçinin,
o zamanlar tənqidçi Aydının fiksə etdiyi kimi desək:
artıq trafaretləşməkdə, şablonlaşmaqda olan
bu ədəbiyyatdan fərqli bir ədəbiyyatın meydanda
olduğunu təsdiqləyə bildi. Problemlə
bağlı bütün yazılarımda mən milli
modernizmin sistemli gəlişməsini başlıca olaraq həmin
adlarla, ədəbiyyatda 70-cilərin adı ilə
bağlayıram. Bu zaman heç də
modern problematika və mündəricə ilə zəngin
60-cıların həmin prosesdə çəkisini
aşağı salmaq niyyəti güdmürəm.
60-cıların hədəfi 1970-1980-ci illərdə daha
çox sosial mühit, milli insanı sıxan səbəblər,
bilavasitə sosializm cəmiyyəti və s. olduğundan
“müqavimət ədəbiyyatı”, “etiraz ədəbiyyatı”
kimi təzahür etməkdə davam edirdi. Özlüyündə
izahını tapa bilməyən sosialçılıq isə
bir qayda olaraq bu ədəbiyyatda dekadans ovqatı doğurur, cəmiyyət
fəlsəfəsi dekadansla əvəzlənirdi (Elçinin
romanlarını, Y.Səmədoğlunun “Qətl
günü”nü, hətta Anarın “Əlaqə”sini yada sala
bilərik).
Belə ki, milli modernizmin doğma övladları - məhz
həmin dekadans durumundan doğulan 70-cilər oldular. Onların
yaradıcılığında nəinki sosrealizmə
(sosrealizmlə 60-cılar çoxdan
üzülüşmüşdülər), “müqavimət”
şəklində olsa belə, heç “sosializm”ə də
yer yox idi. 60-cıların cəmiyyət fəlsəfəsindən,
fərd-cəmiyyət münasibətlərindən birbaşa
fərdin fəlsəfəsinə keçmək məhz onlara
müəssər oldu. Milli və sosial ətrafa
çox da aludə olmayıb, milli fərdi birbaşa dünya
insanı modelində axtardılar və kəşf etdilər.
Ramiz Rövşənin həmin prosesə dair dürüst
qeydləri var, deyir: “Ümumiyyətlə, bir çox ədəbi-fəlsəfi
cərəyanlar, istər-istəməz, bizdən keçərək
qanımıza qarışıb. Məsələn,
modernizmdən təsirlənməsəydik, bugünkü
obrazlar, metaforalar sisteminə yiyələnə bilməzdik.
Amma bizim nəsil köhnə konstruksiyaları,
mətnləri dağıtmayıb. Biz o mətnlərin
yanına keyfiyyətcə onlardan tamam fərqli, yeni mətnlər
yaradıb qoymuşuq...”
Konkret olaraq bu məqam Afaq Məsud nəsrində, N.Cəfərovun
da geniş və təfərrüatlı təhlil etdiyi kimi,
Azərbaycan qadınının timsalında əksini
tapırdı.
Azərbaycan qadını - hər cür
mentallıqlarına rəğmən, ümumən qadın
kimi, fərdi dünyası olan insan kimi. Və
çoxlu tələbə auditoriyalarında həmin məqamı
məxsusən sınaqdan keçirmiş bir tədqiqatçı-müəllim
kimi onu da əlavə edim ki, problem aktuallığını
saxlayır; hətta filoloq qızlarımız A.Məsudun
qadın obrazlarına nüfuz etməkdə bu gün də
çətinlik çəkirlər. Elə
ki, cəhdlər uğurla nəticələnir, tələbələr
A.Məsudu oxumağı öyrənirlər, bax onda həqiqətən
də “milli kəşf”lərdən danışmaq olur.
Amma məsələn, başqa fakt: 1990-cı illərdə
Afaq Məsud nəsri ilə tanış
olan Avstriya tədqiqatçısı Sena Doqan heyrətlənmiş:
“Azərbaycan qadını - o lap müasirdir” - deyə bu
obrazları daha yaxından duymuşdu.
Nizami Cəfərov A.Məsudun bu dövr yaradıcılığının
zirvəsi olaraq “İzdiham” povestini, yaxud bugünkü
yanaşma ilə “roman”ını göstərir. Və təbii
ki, haqlıdır. Milli modernizmin şedevr
nümunələrindən olan bu əsər
yarandığı gündən bir çox yozum və fikirlər
doğurmuşdur və mənimcə, doğurmaqda davam edəcəkdir.
Çünki əsərdə milli fərdin
mövcud duruma konkret reaksiyası kodlaşıb; o durum ki, mətndə
bədii mükəmməlliklə “izdiham” kimi xarakterizə
olunur və mücərrədliyini (bədii gücünü)
saxlaya-saxlaya fərd/oxucu refleksiyasında ən müxtəlif
təfsirlərə də yer qoyur.
1990-cı illərdən milli həyatda qlobal hadisələr
görünməyə başladı və milli varlıq o
zamana qədər bir çox gizli qalmış qatların
çılpaqlığı ilə üz-üzə gəldi. Ədəbiyyatın
bu həqiqətə reaksiyası necə olacaqdı? Mənim yadımdadır, hələ kifayət qədər
ədəbiyyat-sevər, ədəbiyyat-mərkəzçi
toplum necə ədəbiyyatdan cavab gözləyir, cəmiyyətdəki
kataklizmləri, hərb və sülh, olum və ya
ölüm, cinayət və cəza məxrəclərini məhz
hansı yazıçının duruldacağının
intizarında idi. Yazıçılar daha
çox kənarlara, lokal plana meyl edir, milli həqiqətləri
hansı bir görünən tərəfindənsə
müstəviləşdirməyə
çalışırdılar. Məsələn, Anar
milli fərdin ekzistensiyasında israr etməkdə davam edir
(“Otel otağı” və s.-i yada salaq), Elçin absurd-pyeslər
yazır, Sabir Əhmədli aktual Qarabağ müharibəsi
mövzusunu gerçəkləşdirir, ara-sıra
görünməklərini saymasaq Ramiz Rövşən, yaxud
Mövlud Süleymanlı ümumən susmağa
üstünlük verirdilər və s.
Cavab Afaq Məsuddan gəldi; o zamana qədər bilavasitə
ictimai-siyasi mövzulardan uzaq olan yazıçı
Günün baş mövzusuna müraciət etdi -
“Azadlıq” romanını yazdı. Romanın monoqrafiyada ətraflı
təhlili var; önəmini vurğulayan bir-iki cizgi də mən
artırmaq istərdim. Şəksiz ki,
“Azadlıq” modernist roman nümunəsidir, milli
varlığı fərdin (konkret halda milli fərdin) fəlsəfəsi
- nöqteyi-nəzərindən qavramağa, dərk etməyə
çalışır. Bu zaman Afaq Məsud
predmeti (milli varlığı) çöldən və
içdən ehtiva edən maraqlı bir ifadə
uyarlığı tapıb. “Başlanğıc”dan
(qeyd edim ki, romanın ilk hissələrini yazıçı
“Başlanğıc” adı ilə çap etdirmişdi), dərhal
hamıya aid olan, ümumi, toplumsal həqiqətləri fərdin
bilavasitə yaşaması-özününküləşdirməsi-dəyərləndirməsi
çətindir. Bu məqamda romançı
baş verənləri çöldən fiksə edən və
elə bu məxrəcdən də hökmünü verən
“Deyirdilər...” baxış nöqtəsini mətnə
uğurla daxil edir. Əslində, milli fərdi real cərəyan
edənlərdən uzaqlıqda saxlayan, amma eyni zamanda
“yarımçıq” fəlsəfəsini də şərtləndirən
həmin qeyri-müəyyən “deyirdilər” nöqtəsidir
(kimlərsə, hardasa, nədənsə)...
Bu dəfə
romançı milli varlıqda baş verənləri
“iç”dən seyr etməyə qərar verir və mövcud
durumda milli varlığın yükünü
bütövlükdə çəkə bilən fərd kimi
Professor obrazını
aktuallaşdırır. Hadisələr qəhrəmanın
altşüurundan, gerçəklərə müəyyən
mistik qatlar, sirli öncə-yazılar və yozumlar, çin
olan yuxular və s. qatmaqla izlənir. Bu əhvala yuxu əhvalı
demək mümkün isə... 1990-cı illərin milli
varlığını təhdid edən hər cür təqiblər,
təzyiqlər, qlobal hədələr mühiti “gerçək
yuxu”lara adekvat idi və roman poetikası da
həmin “azadlıq” yuxusunu fiksə edə bilir. Qeyd etmək
lazımdır ki, avtoritar cəmiyyətlərdən
“azadlığ”ına adlayan belə
situasiyaların bədii dərki və təsvirini geniş
şəkildə Latın Amerikası romanlarında
görürük və A.Məsudun “Azadlığ”ı da həmin
sıranı zənginləşdirən romanlardandır...
Bu yerdə dünya ədəbiyyatı və milli
modernizm hadisəsi, konkret halda Afaq Məsud münasibətlərindən
danışmaq lazım gəlir. Afaq Məsud nəsrindən
bəhs açanlar burda adətən ya Kafka təsiri, ya da
magik realizmin izlərini arayırlar. Əslində,
bunda bir qəbahət də yoxdur; N.Cəfərov
monoqrafiyasında prosesin mexanizmini doğru açır. Afaq Məsud nəsrində həmin təsirlər
heç də təqlid səviyyəsində deyil. Afaq Məsudun dünya ədəbiyyatından
geniş mütaliəsi, o cümlədən, Kafka
yaradıcılığına sevgisi, yaxud Markesdən tərcümələri
yazıçının özünəxas üslubunda kifayət
qədər həzm olunur və
yaradıcılığında yalnız model şəklində
iştirak edir. N.Cəfərov A.Məsudun
yaradıcılıq laboratoriyasını
yazıçının öz dedikləri, müsahibələri
əsasında araşdırmışdır;
yazıçının qələmi xeyli dərəcədə
avtomatik səciyyədə, bədii təxəyyülə
tabedir. Və elə ki, milli varlığın bədii dərkində
“kafka situasiyaları”na, yaxud magik realizmə
zərurət yaranır, həmin yaradıcı mexanizm də
işləyir, öz müsbət nəticələrini
verir...
Afaq Məsud bu gün də ədəbiyyatımızda
modernizmin ən parlaq simalarından biridir və ən müxtəlif
janrlarda əsərlərində - hekayələr, povestlər,
duyğu imperiyası, esselər, tərcümələrində
milli varlığın dərinlərinə yönəlmiş
ədəbi missiyasını davam etdirməkdədir. 2000-ci illərdən
Afaq xanımın yaradıcılığında daha bir səhifə
açılmışdır; dramaturgiyaya müraciət edən
ədibin pyesləri səhnəyə qoyulmuş, böyük
uğur qazanmışdır. Vaxtilə “Yuğ”
teatrının səhnəsində dramaturqun kifayət qədər
dramatizmlə dolu “Can üstə” pyesini izləsəm də, təəssüf
ki, sonrakı tamaşalarına baxmaq mənə müəssər
olmamışdır. Elə monoqrafiyanın da ən
zəif nöqtəsi Dramaturgiyaya həsr olunmuş sonuncu fəslini
hesab edirəm. A.Məsudun dram əsərlərini
sadəcə şərh etməklə kifayətlənən
müəllif sanki bu məqamda ayrıca bir tədqiqata hacət
olduğunu vurğulamışdır.
Ümumən Afaq Məsud haqqında az yazılmışdır. Bunu mən Tənqid.net jurnalına milli modernizm, o sıradan Afaq xanım haqqında yazılar axtararkən çox duymuşam. 40 ildən artıq yaradıcılıq yolu keçmiş Afaq Məsud haqqında ilk dəfə, həm də ədəbiyyatımızda mötəbər söz sahibi, akademik Nizami Cəfərov tərəfindən belə bir mükəmməl monoqrafiyanın yazılması, təbii ki, hadisədir. Qısqanclığımı müəllifin özünə də demişəm, Nizami Cəfərov monoqrafiyasında şəxsən mənim də bir oxucu kimi duyub, lakin bir tənqidçi kimi yaza bilmədiklərimi də qələmə almışdır. Buna görə ona minnətdaram. Afaq Məsud yaradıcılığı qarşısında suçumu yüngülləşdirmək üçün sözümü bir xatirə ilə bitirmək istərdim.
1990-cı illərin ikinci yarısında ölkəyə Avstriyadan iki xanım doktorant-tədqiqatçı gəlmişdi. Biri teatrla maraqlanırdı, biri nəsrlə. “Yuğ” teatrının yaradıcısı, ölməz sənətkar Vaqif İbrahimoğlu o zaman teatrla maraqlanan xanım-tədqiqatçını öz öhdəsinə götürüb, nəsr tədqiqatçısı Sena Doqanı mənimlə tanış etdi. Dedi ki, ədəbiyyatımızı Avropada tanıtmaq istəyir, kömək etmək lazımdır. Türkcə danışan Sena xanım böyük əzmlə Azərbaycan dilini də öyrənir, hətta kiril əlifbası ilə də oxumaqdan vaz keçmirdi. Mənim də alman dilinə az-çox bələdliyim vardı. Odur ki, kontaktlarımız səmərəli alındı. Post-sovet dövrü ədəbiyyatı ilə maraqlanırdı. Onu öz kitabxanamdan istənilən kitablarla təmin etdim. Ya sosial, ya da qadın mövzusunda yazmaq fikri var idi. Tezliklə qərara gəldi və Afaq Məsuddan yazacağını bəyan etdi. Müasir ədəbiyyat, o sıradan Afaq Məsud nəsri haqqında çox söhbətlərimiz oldu. Hətta onunla “Rezonans” və “Ədəbiyyat” qəzetlərində söhbətlər də təşkil etdim. Nədən Afaq Məsud nəsrini seçdiyini geniş şəkildə açıqladı. Vətənə qayıdıb Afaq Məsud yaradıcılığından dissertasiya müdafiə etdi. Yazıçının Avstriyada təbliğində vasitəçi oldu. Hətta gərək ki, Afaq xanımı da Vyanaya dəvət eləmişdi. Məni də unutmayıb, Avstriyaya dəvət etməsə də, “525-ci qəzet”ə verdiyi müsahibəsində xüsusi alman səliqəsi ilə təşəkkürünü bildirmişdi.
Bu xatirəni ona görə andım ki, Afaq Məsudun
simasında Azərbaycan ədəbiyyatının təbliğində
azacıq da olsa xidmətimdən qürur duyduğumu
bölüşüm. Qətiyyətlə demək olar ki, Afaq
Məsud imzası bu gün bizi Avropada və dünyada
tanıda bilən ünvanlardan biridir.
Əlişanoğlu Tehran
525-ci qəzet.- 2017.- 24 iyun.- S.14.