Qum saatı
"Səhər-səhər"
rubrikasında
Dilimizdə
belə bir ifadə var: alt-üst olmaq. Hərfi
mənası tarmar olmaq, darmadağın olmaq, yerlə bir
olmaq, yerlə yeksan olmaqdır. Amma bu ifadənin
içində məcazi bir məna da gizlənib: Altın
Üstə çıxması, Üstün Alta düşməsi.
Vaxtilə
Kommunislərin (uzun illər SSRİ-nin də Dövlət
himni olan) “İnternasional”ında belə misralar vardı:
“Dünyanı
təməlinəcən dağıdacayıq,
Heç nə olmayan kəs hər şey olacaq”.
Doğrudan da sovet dönəmində bu məram əsas
etibariylə yerinə yetirildi.
Amma tarix
- qum saatı kimidir. Qum
saatını görmüsünüz şübhəsiz.
Belə incəbelli bir şüşədir, yuxarı hissəsindən
aşağı hissəsinə qum
süzülür. Qumu ora tökəndə elə dəqiq
hesablayıblar ki, düz bir saat tamam olanda son qum dənəsi
aşağı süzülür, şüşə tərsinə
çevrilir, Alt Üst, Üst Alt olur. Yeni saat ərzində qum yenidən yuxarıdan aşağı
tökülməyə başlayır. Vaxtilə rəhmətlik
Aydın Məmmədovla “Ulduz” jurnalında çap
olunmuş söhbətimizdə mən bu bənzətməni
işlətmişdim. O vaxt da qum saatı
çevrilmişdi, yeni dövr başlanırdı.
Amma XXI əsrdə
Qum saatının tərsinə çevrilməsi tamamilə
yeni bir tarixi mərhələnin, təzə zaman
keçidinin başlancığından xəbər verdi. Yeni əsr, üçüncü minillik
2001-ci il yanvarın 1-də deyil, sentyabrın 11-də başladı. Ölüm
sürücüləri - təyyarə pilotları silah
daşıyan təyyarəni yox, özü silaha
çevrilmiş uçağı Nyu-Yorkun iki göydələn
binasına yönəldib dağıtdıqları an dünya yeni bir dövrə qədəm
basdı...
Fikrimcə,
üçüncü dünya müharibəsi də elə o
gün başladı, XX əsrin iki cahan hərbindən daha
uzun sürən bu savaş, eyni zamanda dünyanın dörd
qitəsində - Amerikada, Avropada, Afrikada, Asiyada gedirsə, bu
cahan müharibəsi deyil nədir?
Qum
saatındakı kimi
hər şey alt-üst olandan sonra bu müharibə
də əvvəlki savaşlara
bənzəyə bilməzdi...
Bu müharibə hansısa ölkənin ordusuna, əsgərlərinə
qarşı deyil, dinc əhalisinə - günahsız və
silahsız insanlara - kişilərə və
qadınlara, qocalara və uşaqlara, əlillərə və
şikəstlərə, sağlamlara və xəstələrə
qarşı aparılır. Qətliama məruz
qalanlar da onlardır - əsgərlər yox. Kütləvi qırılanlar alaylar və
takımlar deyil, teatr tamaşaçılarıdır, konsertə
gələnlərdir, gəzintiyə çıxanlardır,
metroda yol gedənlərdir. Silahlar da tank,
top, raket deyil, bəzən adicə avtomobildi. Sür onu qalabalığa - başlarının
üstünü almış təhlükədən xəbərsiz
gəzib dolaşan insanların üstünə cum,
hamsını qır-çat, özün də məhv ol.
Bu müharibənin ən dəhşətli və
qarşısı alınmaz silahı da elə budur - canlı
bomba-insanlar. Tarixdəki bütün müharibələr -
Birinci cahan hərbi də daxil -
yer üstündə - torpaq
üzərində və dənizdə gedirdi. İkinci
dünya müharibəsində savaş göylərə
qalxdı. Yadıma gəlir, faşist Almaniyası üzərində
qələbəyə sevinirdik, amma böyüklərimiz həm
də danışırdılar ki, yaponlarla müharibə daha
dəhşətli olacaq. Onların kamikadzeləri
- təyyarə pilotları düşmən gəmilərinin,
hərbi bazaların üzərinə
şığıyıb özləri də həlak olurlar.
Amma axı,
kamikadze təyyarələrini hədəfinə
çatmamış vurub yerə düşürmək də
olardı.
Üçüncü dünya müharibəsi yerdə,
suda, havada deyil, insan şüurunda gedir. Zombiləşdirilmiş,
manqurtlaşdırılmış insan beyninin içində...
Sənin
kimi, mənim kimi, hamımız kimi adi bir adam
aramızda gəzib-dolaşırsa və birdən-birə bu
insan öz həyatına da qıyaraq dəhşətli bir
silaha çevrilirsə, bu canlı-bombanın
qarşısını nəylə almaq olar? Heç
nəylə. Bütün insanları ucdantutma rentgenə
salıb yoxlamaq mümkün deyil - görək bu şəhidlik kəməri
taxmış terroristdir, ya yox.
Bu məsələdə
irqin, millətin, dinin də bir o qədər önəmi
yoxdu, İrlandiya, bask, erməni terrorçuları ki müsəlman deyillər...
Adada uşaqları qıran İsveç terroristi də islam fanatiki deyildi. Bir vaxtlar Ben Ladendən əvvəl dünyada
bir nömrəli terrorist Karlos İliç sayılırdı...
Bu silah-insanı nəylə qorxuzmaq, əməlindən
çəkindirmək olar? Cəza təhdidiylə?
Ölüm hökmündən ağır cəza yoxdur...
Terroristin də edam qorxusu yoxdur,
edamını o, özü könüllü seçib.
Bəs çağdaş dünyanın bu ən
müdhiş təhlükəsinin qarşısını nəylə
almaq olar? İlk öncə bu yeni müharibənin şərtlərini
və səbəblərini anlamağa
çalışmalıyıq. Əgər
əvvəlki vaxtlarda sinfi ziddiyət bir xalqın, bir ölkənin
içindəydisə, cəmiyyət varlılara və
kasıblara bölünürdüsə, indi bu ziddiyyət məmləkətlər,
millətlər arasındadır. Zənginliklərindən
harınlamış ölkələr və acından ulayan
xalqlar. Tox, uzun illər huzur içində
yaşayan Qərb təmin olunmuş rahat
yaşayışının bədəlini ödəyir.
İkili standarlarla yaşayan aristokrat dövlətlər
qulların üsyanıyla qarşılaşır.
Əsrlər boyu Afrikada, Asiyada
ağalıq edən
Britaniya, Fransa, Portegiz, Belçika imperiyaları tarixin
hökmü ilə dağıldıqdan sonra zəiflərə qarşı insafsız rəftarların, törətdikləri qəddarlığın dəhşətli və qorxunc sifətini
öz sakit, dinc şəhərlərində görməli
oldular. Terrora heç bir səbəblə, heç bir vəchlə
haqq qazandırmaq olmaz, amma onun səbəblərini araşdırmağa
ehtiyac var.
Tarixin
zülmətlərindən gələn müstəmləkəçilik,
istismarçılıq səbələrindən başqa bunlardan doğan bir vacib səbəb də
var - mənəvi dəyərlərin aşınması. Qum
saatı çevriləndə - Alt Üst,Üst
Alt olanda bəşəriyyətin min illər boyu riayət
etdiyi bütün əxlaq meyarları da alt üst olur, tərsinə
dönür. Öldürmə yox, öldür! Aldatma yox,
aldat! Vicdan yox, vicdansızlıq! Gözəlilk yox, eybəcərlik!
Böyüyə hörmət yox, yaşlının
aşağılanması, alçaldılması, təhqir
edilməsi, həqiqət yox yalan, böhtan, iftira! Çirkin məqsədlərə
çatmaqçün bütün yolların, üsulların
məqbulluğu.
Belə
olanda, təbii ki ədəbiyyat,
sənət də Allahın yox, İblisin tərəfində
dayanır, Şərə xidmət edir.
Heç vaxt “Sənət
- sənət
üçündür” prinsipini qəbul etmədiyim kimi, heç vədə
“sənət ictimai-siyasi ideyaların təbliğatçısı
olmalıdır” teziziylə də razılaşmamışam.
Ədəbiyyat - İnsan
üçündür. İnsanın özü
özünü dərk etməsi, özü özünü
anlaması, özü özünə ayıq gözlə
baxıb qiymət verməsi üçündür...
Xalq - ayrı-ayrı insanlardan ibarətdir. Millət tək-tək fərdlərdən
başlanır. Bu fikri başqa cür də ifadə etmək
olar: Xalqın ümumi ovqatı, dəyərlərə
münasibəti necədirsə, ona mənsub olan şəxslərin
də əksəriyyəti bu ruhla yaşayır. Kimsə
xalqın adından “Bizim xalq bütün xalqlardan
üstündür” deyə
qürrələnirsə hər bir vətəndaş da özündən
müştəbeh olmağa alışır, ləyaqət
bir şeydir, lovğalıq başqa şey.
Bu
baxımdan xalqımızın həqiqətən də
iftixar etdiyi bir məqam - iki yüz ildən bəri ədəbiyyatımızda
satirik, tənqidi, ayıq ədəbiyyatın aparıcı cərəyan
olmasıdır, Mirzə Fətəli Axundzadə, Həsən
bəy Zərdabi, Mirzə Cəlil Məmmədquluzadə,
Mirzə ƏIəkbər Sabirin mənəviyyat dərsləri
son iki əsrdə milləttimin
aldığı ən vacib dərslərdir. Odur ki bu
gün bəzi TV kanallarında Sabirə, Mirzə Cəlilə
az qala yasaq qoyulması, onları məktəb
dərsliklərindən çıxarmaq kimi nadan təkliflər
ancaq bu millətin taleyinə biganə olanlar tərəfindən
irəli sürülə bilər. Həkim -
yalnız xəstələr üçün deyil, sağlam
adamların da həkimə, dava-dərmana ehtiyacı var.
Milli ləyaqət məziyyətdir, milli lovğalıq
- qəbahət. Kəmlik kompleksiylə Üstünlük
kompleksi ekiz qardaşdırlar. Özü
özünü dahi, birinci, hamıdan üstün
tutanların üstünlük kompleksi varlıqlarının
dərinliklərində gizlənmiş kəmlik kompleksindən,
özünə inamsızlıqdan və bunun nəticəsi
olaraq öncə özünü inandırmaq ehtiyacından
doğur.
Dünyanın
qlobal problemlərinin üst qatından çağdaş ədəbiyyatımızın
lokal alt qatına
endikdə - burda da həmin
modeli - Qum saatını
görürəm.
Vaxtilə “Qobustan” toplusunda Əli bəy Hüseynzadənin
adını ilk rəssamlarımızdan birisi kimi çəkdiyimə
görə məni pantürküsizmi təbliğ etməkdə
suçlamışdılar. Sovet dönəmində Əli bəy
də, Əhməd
bəy Ağaoğlu da mənfi anlamda qatı millətçilər,
pantürkçülər, mürtəce burjua ideoloqlar kimi
damğalanırdılar. Bu gün adları da əsərləri
kimi büs-bütün unudulmuş bəzi müəllifləri
isə zirvələrə ucaldırdılar.
Ümumiyyətlə,
sovet
dövründə yazılmış ədəbiyyat
tarixlərimiz - miflər tarixidir. İdealogiyanın
başqa sahələrində olduğu kimi, ədəbiyyat, sənət
aləmində də sovet dövrünün öz mifləri və
mifologi personajları - şairləri, nasirləri, sənətçiləri
vardı. Onları dünya şöhrətli
sənətkar adlandırırdılar. Ola
bilsin beləydi, amma məsələ ondaydı ki,
dünyanın bundan xəbəri yoxdu.
İllər keçdi, Zaman kəllə mayallaq
aşdı, Qum saatı dəyişdi və bu gün o vaxtlar
adları yasaq, ya bədnam olanları ədəbiyyatımızın
fəxri, millətimizin fədailəri
sayırıq.
Haqlı olaraq belə hesab edirik. Əli bəyin,
Əhməd bəyin böyük xidmətlərini iftixarla və minnətdarlıqla
yad edirik. Amma bu o deməkdirmi ki, bu adları
tariximizə qaytarmaqla, layiq olduqları yüksək yerdə bərqərar
etməklə, Mirzə Cəlili, Sabiri o uca məqamlarından
endirməliyik, onların irsinə istər-istəməz
kölgə salmalı, tərəddüdlə
yanaşmalıyıq? Əli bəyin və onun nəşr
etdiyi “Füyuzat” jurnalının ədəbiyyat, mətbuat
tariximizdə yerini layiqincə dəyərləndirməliyik,
amma bu gün biri çıxıb deyəndə ki, biz “Molla Nəsrəddin”,
Mirzə Cəlil dilində deyil, “Füyuzat” dilində
yazıb-yaratmalıyq, bu, narahat
etməyə bilməz. Həmin o növcavana sual verirəm, əgər
siz ərəb, ya fars dili mütəxəssisi deyilsinizsə, “Füyuzat”ın
bircə səhifəsini lüğətsiz oxuyub anlaya bilərsinizmi
ki, hamımızı bu dildə yaşamağa
çağırırsınız? Ərəb-fraras izafətləriylə
aşıb-daşan Osmanlı dili Türkiyənin
özündə belə, tarixin arxivinə verilirsə, biz bu
gün Mirzə Fətəli komediyalarında, Mirzə Cəlil əsərlərində
formalaşmış, cilalanmış, diri xalq
danışığının bütün şəhd-şəkərini,
şirəsini içinə çəkən doğma dilimizdən
imtina etməlyik? Niyə? Nə
səbəbdən? Ancaq Qum saatının
Altı Üstə, Üstü Alta çevirdiyinə görəmi?
Qoyun Qum saatı sadəcə,
vaxtı ölçün,
Zamanın gedişini diqtə etməsin, vaxtın dəyişməsindən
xəbər versin, əxlaq meyarlarımızı, mənəviyyat
ölçülərimizi, illərin sınağından
çıxmış əbədi
dəyərlərimizi tərsinə çevirməsin.
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2017.- 24 iyun.- S.11.