"Dünyaya ürəyi dolu gəlmişdim..." - Nizami Göydərəlinin 60 yaşına

 

Şairlər yerdə doğulan göy adamlarıdır, həqiqi istedadların "pasportu" məhz uca Allah tərəfindən əta olunub, talantlarının boyuna görə mirzələr -mələklər tərəfindən onlara ötürülüb.

 

Bu, məcazdı, sözgəlişidi, bilmirəm, amma deyilən fikrin bir real görüntüsü mövcuddur ki, dərhal idrakda tərpəniş yaradır, duyğuları hərəkətə gətirir. İri nəzm parçaları gərək deyil, şair bircə dəqiq ifadəsiylə, bitkin misrasıyla, bəndiylə şairdi və ürəklərdə, yaddaşlarda iz buraxır. Az qala orta məktəb illərindən tanıdığım Nizami Göydərəli bütün ərsəyə gətirdikləri, ortaya qoyduqları ilə təsdiq edib ki, şairdi: özü də yaxşılarından, istedadlılarından, Tanrının "pasport" göndərdiyi talantlılarından. Lerikdə "Zuvand nahiyyəsi" adlanan saf, büllur sərhədyanı məkanda (İranla - müəllif), ucqar dağ kəndində istedad baxımından varlı-karlı doğulmaq təəccüblü deyil, çünki bu yerlərin təbiəti buna qadirdir. Nizami imzasının (əgər Nizami Gəncəvi varsa - müəllif) ağırlığını üstündə hiss edib şairlik eşqinə  düşmək, şeir yazmaq elə ikiqat məsuliyyətdir. Əlbəttə, ad şərtidir, Allah-Təala insanın xəmirini necə yoğurubsa, ona nə veribsə, ondan da yapışmaq lazımdır. Bu gün Nizami Göydərəli imzası çağdaş poeziyamızda kifayət qədər tanınmış, bərkimiş, püxtələşmiş imzadır və heç bir sələf-xələf bağlılığı onun üstündən kölgə salmır, xətt çəkmir.

 

Dünyaya ürəyi dolu gəlmişdim,

Özüm yeridiyim yolu gəlmişdim,

Şeirin, sənətin qulu gəlmişdim,

Məni qoymadılar şair olmağa.

 

Xoşbəxtlikdən Nizami yaşının bu vədəsində belə sinəsinə döymür, bir neçə uğurlu şeirindən sonra "dahilik" eşqinə düşmür, "mən filankəsəm, filan şeylər yazıb-yaratmışam". Həqiqi şair üçün də təvazökarlıq xasdır və nə yaxşı, "Azərbaycan", "Ulduz", "Mars" dərgilərinin qapılarını vaxtilə ürkək-ürkək, utana-utana, çəkinə-çəkinə döyən, həmişə qarşısında yaşıl işıq görən bu dağlar oğlu "ağır oturub, batman gəlməyi" hələ yenə saxlayıb. Redaksiyalara nadir hallarda yolunu salır. Bəzi ortabab şeirbazlar kimi qapıdan qovanda, pəncərədən girmir. Hərdən bu sətirlərin müəllifi "Nizami, o gün mənə yolladığın şeirlərin əksəriyyəti yaxşıydı, çapa layiq idi. Niyə jurnallara, saytlara, lap elə hamımızın həvəslə oxuduğu, bəyəndiyi "525-ci qəzet"ə göndərmirsən, çap üzü görsün?" - sorğusuyla müraciət edəndə, "vallah, lap özüm gedib aparardım, utanıram ey, bu yaşda" deyib susur. Utanmağa isə heç bir səbəb yoxdur. Nizami Göydərəlinin ənənəvi heca vəznində qələmə aldığı nümunələr bəsitlikdən uzaqdır, poetik cəhətdən dolğundur, bütövdür, qəlbəyatımlıdır, göz oxşayandır. Onda mövzuya münasibət obrazlıdır, özünəməxsusluğu ilə seçilir, diqqət cəlb eləyir:

 

... Mən səni görəndə yollarım üstə,

Yasəmən, bənövşə, nərgiz görürəm.

Mən səni görəndə, səni sevəndə,

Bütöv bir dünyanı dəniz görürəm,

Bütöv bir dünyanı təmiz görürəm.

 

... Yarısı örtülü, yarısı açıq,

O yaxa təzəmi, o yaxa tərmi?

O cür sinələrdən süd əmən uşaq,

Vətənin əsgəri ola bilərmi?

 

Məzmunca bir-birinə yaxın iki şeirdən - "Mən səni görəndə" və "Qoruyun yaxaları"ndan gətirdiyim bu misallar fərqli mənzərə, fərqli ovqat yaradır. Birinci poetik nümunə göründüyü kimi, gənclik dövrünün, ikinci hikmətli parça isə müdrik dövrünün məhsullarıdır. Yasəmən-bənövşə qoxulu, nərgiz ətirli ömrün yaz fəslini kim həyəcanla, köks ötürə-ötürə xatırlamır ki? O da ki, ola sevən-sevilən şair ürəyi. "Qoruyun yaxaları" şeiri abır-ismət pərdəsini yırtan, açıq-saçıq geyinib yüngül həyat tərzi yaşayanlara sərt şair iradı, bir ata ittihamıdır. Nizami zabit paqonu çiynində gəzdirsə də, hökm vermir, sadəcə şairanə etirazını bildirir ki, o dəb azərbaycanlı mentalitetinə yaddır, axı, namus, qeyrət, ilk növbədə ana südü ilə balalarımızın damarına axır, onları ruhən böyüdür, mənən formalaşdırır. Kim radikallıqda qınasa da, mən şeirdə ifadə olunan məzmunun tam tərəfkeşiyəm.

 

Ümumiyyətlə, Nizami Göydərəlinin yaradıcılığında lirizm ayrıca kövrək xətdir və təəssüf ki, şairin bu istiqamətdə xeyli sayda şeiri ədəbi tənqidin diqqətindən kənarda qalıb. Doğrudur, Vaqif Yusifli, Allahverdi Eminov kimi ədəbiyyatşünaslar haqqında bəhs elədiyimiz müəllifdən dolğun məqalələr yazıblar, şeirlərini təhlil obyektinə çəkiblər. Bu, bəlkə də çağdaş dövrümüzün paradoksudur: nə Nizami diqqət göstərib, əsərlərini lazımi ünvana çatdırmayıb, nə də bədii məhsullar ədəbi orqanlarda dərc olunmayıb, necə deyərlər, kimlərinsə hədəfinə tuş gəlsin. Eyni dərəcədə bəstəkarlar da həmin həzin, lirik parçalara yaxşı musiqi yaza bilərdilər. Bu məqamda şairin "Sənin gözlərin" adlı şeiri yada düşür. Vaxtilə Lənkəran Dövlət Dram Teatrının aktyoru, əməkdar artist, bənzərsiz qiraətçi və əvəzsiz dost Əli Salahlı Nizaminin şeirlərini bülbül avazıyla, şövqlə oxuyurdu və bu məftunluq, vurğunluq dinləyicinin də içini işıqla, nurla doldururdu.

 

Sənin gözlərinə baxa bilmərəm,

Sənin gözlərinin dəli vaxtıdır.

Sənin saçlarına əl uzatmaram,

Sənin saçlarının zəli vaxtıdır.

 

Və yaxud "Üzümün dönən vaxtında" nümunəsinin iki bəndinə diqqət yetirək:

 

Üzümə yağışlar yağmır,

Üzümün dönən vaxtında.

Üzümə küləklər əsmir,

Üzümün dönən vaxtında.

 

...Budaqda quşlar da ölür,

Dostlar, qardaşlar da ölür.

Üzümə düşmənlər gülür,

Üzümün dönən vaxtında.

 

Dünyanın bütün ayrılıqlarını, ölüm-itimlərini sitəmlərini, iztirablarını, səfa və cəfalarını, uçqunlarını, sevgilərini hər yaxşı qələm adamı özündən keçirə-keçirə yazır. Ən böyük süzgəc, ən həssas ələk şair ürəyidir. Çünki sözün xası ordan süzülür, sözün təmizi ələkdən keçir. Qalır şairin fəhlə işi, yəni sözləri muncuq kimi ipə-sapa, varaqlara düzməyə. Əlbəttə, yaşadığımız həyat, mühit xoş tərəfləri ilə bahəm, namərdliklərdən, əclaflıqlardan da xali deyil, Nizaminin "Dostlar, unutmayın məni bu gecə" şeirinin bir bəndində məzmununu tapdığı kimi:

 

Nə gələn, nə gedən, nə zəng çalan var,

Nə könül küsdürən, nə də alan var,

İçimdə elə bil əfi ilan var,

Bağrımın başını deşir gizlicə,

Dostlar unudublar məni bu gecə.

 

Şair cismani ömrünü itirə-itirə bitirir. Təkcə söz adamı üçün yox, bəlkə də hamı üçün ən dəhşətli an ata-ana itkisidir. Yalnız valideynin vəfatından sonra hiss edirsən arxan boşalıb. Qələm adamının mənəvi ömrü isə yaratdıqlarında, yazdıqlarındadır ki, yaxşı kəlamın, ilahi sözün ölümü olmur. Nizami Göydərəlinin mərhum atası, ömrü boyu Lerikin ucqar dağ kəndlərində müəllim işləmiş Balaca Salmanova bir neçə şeiri var. Müəllif ata ölümündən nə qədər sarsılırsa, bədbinlik, ruh düşkünlüyü ürəyini sıxırsa, sonda təsəllini yenə adına qoşduğu, ona həsr etdiyi nəğmələrdə tapır. Yenə başa düşür, şairin son sığındığı məkan söz meydanıdı.

 

Nizaminin yaxınlarda dünyasını dəyişdiyi anasına yazdığı "Yuxumda uçuram anama sarı" şeiri də sızıltıdan, iniltidən uzaqdır. O, kənddə-kəsəkdə hansı əşyaya əl vurur, anasını xatırladır, həyət-bacada kimi görür, ona anasından danışır.

 

Yuxumda uçuram anama sarı,

Külək pıçıldayır: anan ölməyib.

Özüm əllərimlə qoydum məzara,

Ürək pıçıldayır: anan ölməyib.

 

Heca şeiri nə qədər ənənəvi şeir kökümüz sayılsa da, bu janrda yazmaq asan görünsə də, çətinliyi, mürəkkəbliyi daha çoxdur. Bəli, söhbət yaxşı şeirdən, əla nümunədən gedir, basmaqəliblərin poeziyaya əsla dəxli yoxdur. Nizami Göydərəlinin şeirlərinin mayası da ana dilimizin alt, dərin qatlarından baş götürüb gəlir. Hər bir xalqın dilinin alt qatları isə münbit, şirəli qatlarıdır və tapdağdan uzaqdır. Zərb-məsəlimiz isə əbəs yerə yaranmayıb: "bulaq gərək dibindən qaynaya". Bədii söz, mətləb həmişə mənbədən mənsəbə doğru durula-durula, arıtlana-arıtlana, təmizlənə-təmizlənə yol başlayıb. 

 

Nizami Göydərəli xeyli müddətdir k i, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, "Durna harayı" (1987), "Mən bir payız mahnısıyam" (2003), "Mən də uçacağam Tanrıya sarı" (2007) və s. adda şeir kitablarının, bir sıra publisistik nəşrlərin, eləcə də tərcümələrin müəllifi kimi tanınır. Ancaq təkrar qeyd eləməyi lazım bilirəm, o qədər təvazökar insandır, bir dəfə belə üzvü olduğu birliyin qapısını şəxsi məqsədi naminə döyməyib.

 

Halbuki yazarlar var, Natəvan klubunda tədbir üçün sino gedir, növbəyə durur, bir-birlərinə badalaq gəlməkdən çəkinmirlər. Bəli, məhz yaradıcılıq yolu təvazödən, əxlaqdan, tərbiyədən, mədəniyyətdən keçir ki, bu da Nizaminin qanında-canında var, yetişdiyi coğrafi mühit uşaqlıqdan onda bu cəhətləri formalaşdırıb.

 

Lerikdə dağın bir tərəfində mənim doğulduğum kənddi, o biri üzündə Nizamini yetirən Göydərə. Göydərədən çıxan xeyli ziyalı tanıyıram, onlar mənim dostlarım, şair Nizami Göydərəlinin qohumları, pərəstişkarlarıdır.

 

Eləcə də o eldə-obada qohumlarım var. Həmişə Zuvanda baş çəkərkən Göydərəni seyr eləməyi unutmuram, çılpaq dağ yamaclarından Savalana, Ərbədilə baxmağı yaddan çıxarmıram. Bir də Nizaminin nurani əmisi vardı, mərhum Hacıbaba müəllim, aləm kişiydi, şeir-sənət vurğunu. Eyni zamanda sadə, qonaqpərvər, alicənab. Heç bilmirəm, o cür kişilərin indi ardıcılları o kəndlərdə qalıb, ya yox? Onu bilirəm ki, zuvandlılar ədəbiyyatı, şeiri sevirlər. Axı, onların yaşı gəlib 60-a çatmış Nizami Göydərəlisi var. Şair pasportunu Tanrı vermiş şairi...

 

Ağacəfər HƏSƏNLİ

525-ci qəzet  2017.- 23 iyun.- S.8.