"Beklenen dolunay" təqdim olundu
Dünən "Kitabevim.az" kitab mağazasında AMEA-nın Naxçıvan Bölməsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Nərgiz İsmayılovanın - Nargisin "Beklenen dolunay" kitabının təqdimat mərasimi keçirilib.
Təqdimatda tanınmış yazarlar,
ziyalılar, oxucular və media nümayəndələri
iştirak ediblər.
Kitabın naşiri, yazıçı
Müşfiq Xan N.İsmayılovanın imzası
ilə tanışlığından
söz açıb, onun müasir ədəbiyyatda özünəməxsus
yazı tərzi ilə seçildiyini vurğulayıb: "Nərgiz
xanımın imzası
ilə "Hədəf
nəşrləri"nin təşkil
etdiyi "Anamın kitabı" pyes müsabiqəsindən tanışam.
Orada o, Xurşidbanu Natəvanla bağlı pyes yazmışdı. Ondan sonra
imzasını mütəmadi
izləyirdim. Bu, Nərgiz xanımın ilk
romanıdır. Romanın naşiri
olduğum üçün
bölüm-bölüm oxumuşam.
Qorxu, fantastik janrda olan roman istər mövzusu, istərsə də quruluşu baxımından fərqli əsərdir. Burada müəllifin
dinlərə özünəməxsus
baxış bucağı
nəzərə çarpır.
Kitab fərqli dildə yazılsa da, uğurlu alınıb.
Çünki redaktor Ahmet
Yıldız məmnun
qaldığını və
redaktə prosesində
əziyyət çəkmədiyini
demişdi. Orijinalının bu dildə yazılması
müsbət haldır,
çünki türkdilli
xalqlar onu orijinaldan oxuya biləcəklər".
Tənqidçi Əsəd Cahangir
kitabın Türkiyə
türkcəsində yazılmasına
münasibət göstərərək
bunun müsbət və lazımlı bir addım olduğunu vurğulayıb:
"Mən Nərgiz xanımın imzası ilə ilk dəfə
"Ədəbiyyat qəzeti"ndə
çap edilən gənc yazarların yaradıcılığı ilə
bağlı qısa həcmli analitik yazıları vasitəsilə
tanış olmuşam.
Roman yazdığını
bilmirdim. Kitabla tanış olandan sonra fikirlərimi
daha geniş deyə bilərəm. Bu kitabın Türkiyə
türkcəsində yazılması
diqqətimi çəkdi.
Düşünürəm ki, bunu müəllifə irad tutmaq olmaz. Əksinə,
ortaq türk dilinin yaradılması və kitabın geniş auditoriyaya təqdimatı üçün
bu, müsbət bir addımdır. Əlbəttə, bu o demək
deyil ki, hamı türk dilində yazsın. Ancaq ümumi şəkildə
Nərgiz xanımın
bu seçimini dilçilik, siyasi, ideoloji baxımdan təhlükəli hesab etmirəm".
Daha sonra Elxan Yurdoğlu, Rza Rzalı və başqaları çıxış edərək
fikirlərini bölüşüb,
müəllifə yeni
yaradıcılıq uğurları
diləyiblər.
N.İsmayılova kitabın türk
dilində yazılmasına
aydınlıq gətirib:
"Mən türkdilli
liseyi bitirmişəm,
təhsilim bu dildə olub. Əvvəlki üç kitabım
Azərbaycan dilində
idi. Bu dəfə
istədim ki, bu dildə də
yazı tərzimi, fikirlərimi oxucularla bölüşüm".
Sonda müəllif
tədbirdə iştirak
edən hər kəsə öz təşəkkürünü bildirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet 2017.- 23 iyun.- S.7.