Gürcü türkoloqun
kitabı Azərbaycanda nəşr olundu
Görkəmli gürcü alimi akademik Elizbar Cavalidzenin "Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı" kitabı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (AMEA) tərəfindən Azərbaycanda ilk dəfə nəşr edilib.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli kitaba "Akademik Elizbar Cavalidzenin Füzulinaməsinə" adlı esse janrında ön söz yazıb. Akademik İsa Həbibbəyli ənənəvi ön söz formatından fərqli şəkildə, poetik üslubda Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin dünəni, müasir inkişafı, əsas simaları və gələcək perspektivlərini səciyyələndirib.
Xatırladaq ki, akademik Elizbar Cavalidze Şərq ədəbiyyatının Gürcüstanda əsas tədqiqatçılarından biridir. Bu vaxta qədər o, "Cəlaləddin Rumi", "Yunus Əmrə", "Ruhi Bağdadi" adlı monoqrafik tədqiqatlar hazırlayıb nəşr etdirib. Görkəmli alimin "Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı" kitabı qüdrətli Azərbaycan şairinin yaradıcılığına kənardan baxışı ifadə edən əhəmiyyətli elmi əsərdir. Bu kitabın ölkəmizdə nəşri qarşılıqlı ədəbi əlaqələrimizin inkişafı baxımından əhəmiyyət daşıyır və orta əsr Azərbaycan ədəbiyyatının tədqiqatçıları üçün dəyərli mənbə rolunu oynayır.
Kitab professor Bədirxan Əhmədovun elmi redaktorluğu və Mirzə Məmmədoğlunun tərcüməsində oxuculara təqdim edilib.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin inkişafı sahəsindəki xidmətlərinə görə akademik Elizbar Cavelidze "Azərbaycanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Akademik Elizbar
Cavelidze Azərbaycan Milli
Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun İmadəddin
Nəsiminin vəfatının 600 illiyi ilə
əlaqədar beynəlxalq elmi
konfransında iştirak etmək üçün hazırda Akademiyanın dəvətlisi
kimi ölkəmizdədir.
525-ci qəzet 2017.- 23 iyun.- S.7.