"Bitməmiş son": adi əhvalatlardakı
mühüm həqiqətlər
Bəzi kitablar var ki, bir qədər oxuduqdan sonra yorulub kənara itələyirsən, bəzi kitablar olur ki, onu böyük həvəslə axıra kimi oxuyursan.
Bəzi kitablar da vardır ki, oxuduqdan sonra səndə
söz demək ehtiyacı yaranır. Seymurun bir povest və
üç hekayəsindən ibarət "Bitməmiş
son" kitabı kimi. "Bitməmiş
son" kitabında müəllif adi əhvalatlardakı
böyük həqiqətləri, sadə, "kiçik"
adamların mənəvi əxlaqi dəyərlərini, təbii
və səmimi hisslərini bədii boyalarla əks
etdirmişdir. Hesab edirik ki, Seymurun
haqqında bəhs açdığımız bu kitabı həyat
həqiqətlərinin bədii təqdimatıdır. Əsərdəki fəlsəfi-psixoloji səhnələr
povestin həyatiliyini bir qədər də artırır.
Seymur istər poeziyasında (təəssüf ki, hələ
onlar kitab halında oxucu ilə görüşə gəlməyib),
istərsə də prozasında ədəbiyyatdan həyata gəlmir,
əksinə, deyərdim ki, həyatı ədəbiyyata, bədii
düşüncənin təmiz mühitinə gətirir. Bir qədər
də obrazlı desək, Seymur həyat həqiqətlərinə,
məişət hadisələrinə özünün
yazıçı təfəkkürü və
yazıçı fəhmi ilə bədii nəfəs verir.
İctimai həyatdakı adamları yaxından
tanımaq, onlarla səmimi ünsiyyət qurmağı bacarmaq
ədibin bədii obrazlarının xarakterinin
açılmasında köməyinə gəlmişdir.
Müəllif
povesti bu sözlərlə başlayır: "Gecədən
xeyli keçmiş qəfil telefon zəngindən dik
atıldı. Bir az yerinin içində
oturdu ki, bəlkə, kimsə səhv düşüb. Lakin telefon aramsız zəng çalırdı.
Arvadı Gülgəz yerinin içində qurcalanıb
yuxulu-yuxulu dedi:
- Deyəsən,
rayon zənginə oxşayır. Götürsənə.
- Allah
xeyir eləsin. Görən, kim olar bu
vaxtı?
Yavaş-yavaş telefona yaxınlaşdı. İçində
özünə də məlum olmayan bir təlaş var idi.
Nə isə bir bəd xəbər eşidəcəyindən
qorxaraq telefonun dəstəyini qaldırmaq istəmədi.
Lakin arvadının artıq neçə illərdir
beyninə düşən o cır səsini bir də eşitməmək
üçün dəstəyi qaldırdı".
Kənddən gələn bu telefon zəngi əsərin
qəhrəmanı Rüstəmi sözün müstəqim mənasında
yalnız yuxudan ayıltmır, həm də həyatın ona
verdiyi dərslərdən nəticə çıxarmağa
çağırır. Kənddən gələn zəng Rüstəmin
əbədi yuxuya getmiş anası Qəmər xala ilə
görüşə dəvətdir. Bir
sözlə, zəng povestdə ayıltmağın,
özünüdərkin və özünütanımanın
simvolu kimi çıxış edən obrazdır.
Anası ilə görüşə gedən Rüstəmin
avtobusdakı fikir və düşüncələri
yaşantıdan daha çox hesabatdır, bir gəncin
özünün özünə hesabatı!
"Bitməmiş son" povestinin qəhrəmanı
Rüstəm həyatda və cəmiyyətdə yeri səhv
düşən, kənd mühitindən gələrək
şəhər mühitində baş çıxara bilməyən
və sonda faciə qəhrəmanına çevrilən bir
çox gənclərin ümumiləşdirilmiş
obrazıdır. İlk baxışdan onu tənha
qalmış faciə qəhrəmanı da adlandırmaq olar.
Lakin insan yanındakıları deyil, içindəkiləri
itirəndə tənha olur. Tənhalığın
faciəsini də elə bu zaman yaşayır. Rüstəm nə yanındakıları, nə də
içindəkiləri itirən qəhrəman deyil. İçindəkiləri itirmək
üçün ilk öncə vicdanını itirməlisən.
Rüstəm vicdanını itirməyib, əgər
itirsəydi, axıradək vicdan əzabı çəkməzdi.
Uzun müddətdir ki, Rüstəm doğulduğu,
anasını, sevgisini, doğmalarını qoyub gəldiyi kəndə
getmir. O,
bütün bunları unutqanlığına görə deyil,
utandığına, abrına, həyasına
qısıldığına görə edir. Ucqar bir kənddə
orta məktəbi bitirdikdən sonra, Bakıda ali
məktəbə daxil olan Rüstəm kirayədə
qaldığı evin boşanıb gəlmiş qızı
Gülgəzin xahişi ilə onların mənzilindəki
şifonerin yerini dəyişmək üçün ikinci mərtəbəyə
qalxır. Gülgəzin
açıq-saçıq geyimi və ehtiraslı
davranışları şifonerin yerini, Rüstəmin isə
taleyini dəyişir. Beləliklə də,
Rüstəm Gülgəzin toruna düşür, pak sevgisinə
və məsum sevgilisinə xəyanət edir.
Rüstəmin anası Qəmər xala nəinki,
Gülgəzi istəmək üçün elçiliyə
getmir, hətta bir dəfə də olsun, gəlinim deyib, onu kəndə
gətirmir. Əslində, Qəmər xala Gülgəzi yox,
Gülgəzdəki əxlaqı kəndə buraxmır.
Buna Qəmər xalanın öz əxlaqı da
yol vermir. Əgər o, Gülgəzə gəlinim,
deyib, kəndə buraxsaydı, onda ən azı Rüstəmin
sevgilisi Fidana etdiyi xəyanətə şərik
çıxardı.
Rüstəm Fidanı sevir, lakin tale onu Gülgəzlə
qovuşdurur.
Əslində nə Gülgəz, nə də
Rüstəm bir-birini sevmir. Onları
düşdüyü durum bir evdə yaşamağa məcbur
edir. Belə demək mümkünsə,
tale Rüstəmi içində Fidanı, yanında (evində)
Gülgəzi yaşatmaq məcburiyyəti ilə üz-üzə
qoyur. Taleyin məcburən nigah masasında
əyləşdirdiyi Rüstəmin kəbin (nigah)
kağızına atdığı imza, həm də
özünün qara günlərinə, bədbəxt taleyinə
atdığı imza idi. Yalnız Gülgəzi
sevindirən bu imza heç onu da xoşbəxt edə bilmir.
Sonda o da dərk edir ki, tora saldığı
Rüstəmdən övladları olsa da, xoşbəxt ailəsi
yoxdu. Çünki bu ailə
qaynağını sevgidən, pak məhəbbətdən
deyil, hiylə və məkrdən almışdır.
Rüstəmin kənddə qoyub gəldiyi sevgisinə və
sevgilisinə etdiyi xəyanət onu öz dünyasından
qoparıb ayrı mühitə salır. Beləliklə də,
Rüstəm iki bir-birinə əks qütbün arasında
dayanır və o, bu qütbləri birləşdirmək, eləcə
də ayırmaq iqtidarında olmadığından təklənmiş
adam təsiri bağışlayır.
Seymurun təqdim etdiyi obrazlar biri-birinə bənzəmir,
biri-birini təkrarlamır. Onlar ustalıqla
ayrı-ayrı fərdlər və şəxsiyyətlər
kimi təqdim edilir. Gülgəzin
anasına valideynləri Zeynəbxanım adı versələr
də, o, axıradək bu adın
daşıyıcısına çevrilə bilmir. Daha doğrusu, Gülgəzə və
oğlanlarına verdiyi tərbiyəyə, eləcə də
özünün davranış tərzinə görə
adamlar onun adının sonundakı "xanım"
sözünü işlətmir. Beləliklə
də o, Zeynəbxanımdan Zeynəbə çevrilir.
Əgər Zeynəbxanım onu tanıyanların
gözündə Zeynəb arvaddan qabağa getmir və bəzən,
etka xatirinə, eləcə də yaşına görə
"xala" deyə müraciət edilirsə, Rüstəmin
anası Qəmərə isə Zeynəbin tam əksinə
olaraq hamı xala deyə müraciət edir. Kəndin
bütün xeyir-şərinə yarayan və xeyirxahlıq
mücəssiməsi olan Qəmərin adına əlavə
edilən "xala" ifadəsi müraciət
formasını itirərək qohumluq, məlhəmlik,
doğmalıq statusu qazanır. Xala bir ifadə
kimi ictimai məzmun daşıyaraq Qəməri bir ailənin
ağbirçəyindən kəndin ağbirçəyinə
çevrildiyinin göstəricisi kimi çıxış
edir. Məhz bu səbəbdəndir ki, Qəmər
xalanın ölümü yalnız Rüstəmin itkisi kimi
anılmır, bütövlükdə kəndin itkisi və
ağrısı təsiri bağışlayır. Maraqlıdır ki, Qəmər xala müəllif tərəfindən
bir obraz kimi o qədər ustalıqla və yaradıcı
şəkildə işlənmişdir ki, hətta oxucu da ona Qəmər
xala deyə müraciət edir.
Povestdə diqqətçəkən obrazlardan biri də
müdrikliyi və təmkini ilə seçilən, bir qədər
də "Tütək səsi"ndəki İsbəndiyar
kişini xatırladan Mirpaşa əmidir. Seymurun böyük
ustalıqla yaratdığı Mirpaşa əmi surət deyil,
obraz deyil, tip deyil, xarakterdi. Bəlkə də
belə demək daha doğru olar; Mirpaşa əmi xarakter
bütövlüyü ilə seçilən el
ağsaqqalıdır. Bir qədər
obrazlı desək, Mirpaşa əmi
ağsaqqallığın simvoludur.
Mirpaşa əmi ilə Rüstəmin mağardakı (Qəmər
xalanın yas mərasimindəki) söhbəti olduqca ibrətamiz
səhnədir. Böyük dünyagörüşünə və həyat
təcrübəsinə malik olan, heç bir ali
təhsil görməyən Mirpaşa əmi Rüstəmin əməllərindən
xəbərdar olsa da, onu ittiham etmir, dar ağacına çəkmir.
Bir müdrik el ağsaqqalı kimi onun itkisinə
şərik olur. Rüstəm Bakıdan kəndə
gələnə kimi yas mərasiminə aid olan bütün təşkilati
işləri həyata keçirir. Hətta
kənd camaatının Qəmər xalanın yas mərasiminə
göstərdiyi maddi-mənəvi yardımla Rüstəmi məlumatlandırır.
Adi kənd adamlarından biri olan Qəmər xalanın
yas mərasimindəki dialoq və düşüncələr
yalnız Rüstəmi deyil, yalnız əsərdəki
personajları deyil, bütün insanları özünü və
dünyanı dərkə dəvət aktıdır. Kənddən
uzaq düşən Rüstəmlə kəndə, torpağa
bağlı olan Mirpaşa əminin dialoqu isə bu dəvət
aktının pik nöqtəsi, zirvə məqamıdır.
" -
... Bilirsən oğul, deməyə çəkinirəm, amma
soruşmalıyam da. Sənin kəndə
qayıtmaq fikrin varmı?
- Bilmirəm.
Heç mənim sonum necə olacaq, onu da bilmirəm.
- Əgər gəlmiyəcəksənsə onda bu evi
niyə bağlı saxlayasan? Baxımsız ev
uçulub tökülər. İstəyən
olsa, onu da satarsan, qalan mal-qaranı da.
- Onsuz da
məni bu kəndə bağlayan heç nə qalmayıb. Bir də ki, kənddə kimdi evə pul verən?
- Niyə,
elə demə. Elə mən Cövdəti evləndirməyəcəm
bəyəm? Ona ev lazım deyil ki? Mən alaram, kəndə gəlmək istəyəndə
də öz evin kimi gəlib qalarsan.
-
Mirpaşa əmi, bu evi Cövdətə
bağışlayıram, mal-qaranı da satırsan sat, ehsana
xərclə, satmırsansa özünə götür. Halal xoşun olsun. Bir də ki,
Cövdət məndən daha yaxşı baxıb anama.
Məndən çox oğul adı ona
yaraşır".
Birmənalı şəkildə demək olar ki, oxucunun
da müsbət qarşıladığı, evin Cövdətə
verilməsi qərarı Rüstəmin həyatda
atdığı ən doğru addımlardan biridir.
Seymurun "Bitməmiş son" povesti kimi hekayələri
də hazır stereotip, şablon və qəlib tanımır,
onun qəlibi içində yaşadığı həyat həqiqətləri,
nasirin bədii dili və olduqca səmimi
duyğularıdır. Müəllifin ədəbiyyata gətirdiyi
adi adamlar həyatın dibindən gələn, sadəliyi, təbii
yumoru ilə seçilən, bu günün, eləcə də
yaxın keçmişin gənc tələbələri və
müdrik şəxsiyyətlərdir. Bütün
bunlar əsas verir deyək ki, Seymur ədəbiyyatdan həyata
deyil, həyatdan ədəbiyyata gəlir.
Seymur Şeydayev istər povestində, istərsə də
hekayələrində həyat hadisələri ilə, təbiət
hadisələri arasında bir harmoniya, bir uyarlıq
olduğunu inandırıcı bədii boyalarla verə bilir. Cəsarətlə
demək olar ki, bu hekayələri oxuyan hər bir kəs
müəyyən situasiyalarda bu və ya digər cəhətdən
özünü və ya öz prototipini görə bilər.
Seymurun bədii nəsrində həyat və ədəbiyyat
ayrı-ayrı komponentlər kimi çıxış etmir, əksinə
biri-birini tamamlayan vahid orqanizm kimi çıxış edir.
Onun hekayələri həyatın yüksək
peşəkarlıqla və sözlə çəkilmiş
portretidir.
Yazıçının hekayə qəhrəmanlarının
böyük əksəriyyəti sadə insanlar arasından
çıxan aydın mənəviyyata, təmiz əxlaqa,
işıqlı təfəkkürə malik obrazlardır. "Uduş"
hekayəsinin qəhrəmanı Bəşir kişinin
qızının udduğu lotereya bu ailənin problemlərini
həll etmir, hətta bir qədər də dərinə
salır.
"Bir yeşik alma" hekayəsinin qəhramanı Rəşid də ziyalılığının ağrılarını yaşayır. "Fil Tahir" hekayəsi Seymurun tələbə həyatını, tələbə dünyasını, onların mənəvi-psixoloji aləmini, duzlu-məzəli yataqxana zarafatlarını bütün reallıqları və incəlikləri ilə görmək və göstərmək gücünü açıq-aşkar nümayiş etdirir.
Çoxillik yaradıcılıq təcrübəsinə malik olan, lakin çap olunmağa, tanınmağa bir qədər qısqanclıqla yanaşan müəllifin qəhrəmanları yüksək insani dəyərlərə malik obrazlardır. Maraqlıdır ki, müəllifin bir çox qəhrəmanları ilə özü arasında da müəyyən oxşar cəhətləri (bəzən isə eyniyyəti) görməmək mümkün deyil. Bu mənada Seymurun bəzi hekayələri avtobioqrafik hekayələrdir. Məsələn, "Bir yeşik alma" hekayəsindəki Rəşid müəllimin həyatdakı prototipi elə müəllifin özüdür.
"Bitməmiş son" Seymur Şeydayevin yalnız povestinin yox, elə həm də işıq üzü görən, artıq ədəbi dövriyyəyə buraxılan ilk kitabının adıdır. İnanırıq ki, Seymurun "Bitməmiş son" kitabı onun bio və biblioqrafiyasında, yaradıcılıq statistikasında da bitmiş yox, bitməmiş son olaraq qalacaq. O, özünün yeni bədii, elmi-publisistik əsərləri ilə geniş oxucu auditoriyasını sevindirəcək və ədəbi-elmi dünyamızı həyatın özündən qaynaqlanan məntiqli fikir və düşüncələri ilə bir qədər də zənginləşdirəcəkdir. Bu qədirşünaslıq işində müəllifə uğurlar diləyirik.
Cəlal QASIMOV
Filologiya elmləri
doktoru, professor
525-ci qəzet 2017.- 23 iyun.- S.7.