Xatirələrdə yaşayan cəsur
general
GÖRKƏMLİ HƏRBÇİ
VƏ İCTİMAİ XADİM HÜSEYN RƏSULBƏYOVUN
100 İLLİYİNƏ
Azərbaycan tarixində elə işıqlı, görkəmli şəxsiyyətlər var ki, neçə onilliklər keçsə də, o insanların şərəfli ömür yolu, özlərindən sonra qoyub getdikləri nəcib işlər və saysız-hesabsız yetirmələri tarixdə silinməz izlər buraxır, adları xalqımızın milli quruculuq tarixinə qızıl hərflərlə yazılır.
Bu unudulmaz insanlardan biri də artilleriya
general-leytenantı, uzun illər Azərbaycanın rabitə
naziri kimi yüksək vəzifədə
çalışmış Hüseyn Cümşüd oğlu
Rəsulbəyovdur.
Azərbaycanın orta və yaşlı nəsli bu tələbkar,
əsl zabit kimi sərt, lakin bir o qədər də ürəyiyumşaq,
qayğıkeş və ədalətli insan olan Hüseyn Rəsulbəyovu
yaxşı xatırlayır. Ciddi, zəhmətkeş
bir insan olan Hüseyn müəllim, necə deyərlər,
dünyanın hər üzünü görmüşdü.
1917-ci il iyunun 26-da qədim türk
torpağı olan Dərbənddə poçt məmurunun ailəsində
dünyaya göz açmış Hüseyn Rəsulbəyovu
tale haralara aparmadı? 1932 -ci ildə Orconikidze şəhərində
Politexnik Texnikumuna daxil olan gənc burada təhsilini başa
vurduqdan sonra bir müddət Şimali Qafqaz Dəmiryolunun
Mineralnıye Vodı stansiyasında mexanik işləyir. 1936-cı ildə Leninqrad Siqnalizasiya və Rabitə
Mühəndisləri Elektrotexnika İnstitutuna daxil olur.
Bu institutu bitirdikdən sonra isə o, F.Dzerjinski adına
Qızıl Ordu Artilleriya Akademiyasının dinləyicisi
olur. 1941-ci ildə Akademiyada təhsilini başa
vuran Hüseyn Rəsulbəyov Odessa şəhərindəki
Primorsk Qoşunlar Qrupuna göndərilir. Müharibəni
də elə burada Hava Hücumundan Müdafiə
qoşunlarının 15-ci briqadasının mühəndisi
kimi qarşılayır. Müharibənin
sonunda isə gənc zabit Zaqafqaziya cəbhəsinin 99-cu hava
hücumundan müdafiə diviziyasının artilleriya üzrə
rəisi idi. 1960-62-ci illərdə isə
artıq mühəndis-texniki xidməti general-mayoru olan
Hüseyn Rəsulbəyov Bakı Hava Hücumundan Müdafiə
Dairəsi qoşunlarının zenit-artilleriya qoşunları
komandanının müavini, 1966-1975-ci illərdə isə
komandanı vəzifəsində xidmət edir. 1968-ci ildə
nümunəvi xidmətə görə Hüseyn Rəsulbəyova
"artilleriya general-leytenantı" ali hərbi
rütbəsi verilir. 1975-ci ildə ordu sıralarından
ehtiyata buraxılan H. Rəsulbəyov elə həmin il Azərbaycanın rabitə naziri vəzifəsinə
təyin olunur.
Bu vəzifədə döyüş generalının
bir sıra maraqlı idarəetmə xüsusiyyətləri
meydana çıxır. O, insanlarla asanlıqla dil tapır, onların problemlərinə
diqqət yetirir, hər bir işçinin daha da ucalması
üçün şərait yaradır, qayğı göstərir
və onların yüksək vəzifələrə təyin
edilmələri üçün müvafiq strukturlara təqdimatlar
göndərirdi.
Hüseyn
müəllim bu vəzifədə işlədiyi 9 il ərzində burada, demək olar ki, rabitə
işini tam olaraq yenidən qurdu, texnoloji və mənəvi cəhətdən
köhnəlmiş bütün avadanlıqlar yeniləndi,
telefon-teleqraf rabitəsi keyfiyyətcə yeni mərhələyə
qədəm qoydu. Bir çox şəhər və
kəndlər telefonlaşdırıldı, beynəlxalq rabitənin
inkişafı sahəsində yeni istiqamətlər müəyyənləşdirildi.
Kadr məsələlərinə ciddi diqqət
yetirildi, onların sosial vəziyyəti
yaxşılaşdırıldı. Hüseyn
Rəsulbəyovun düzgün kadr siyasətinin nəticəsi
idi ki, onun yetirməsi olan Sirus Abasbəyli sonralar-müstəqillik
illərində ölkəmizin Rabitə Nazirliyinə rəhbərlik
etdi. S.Abasbəyli respublika mətbuatında dərc
edilmiş, Hüseyn Rəsulbəyovun ona göstərdiyi
sonsuz qayğı və etimaddan bəhs edilən məqaləsində
yazırdı: "... O, çox böyük insan idi. Onun rabitə naziri təyin edilməsi rabitə
sistemində dönüş yaratdı. Gənc
mühəndislərə şərait yaradırdı,
onları irəli çəkirdi, vəzifə verirdi və
çox böyük tələblər qoyurdu. 1983-cü
ildə isə mənim də həyatımda çox
mühüm dəyişikliklər baş verdi.
Rəsulbəyovun təqdimatı ilə məni
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə,
nəqliyyat və rabitə şöbəsinə
götürdülər".
1997-ci ildən 2004-cü ilədək Azərbaycanını
rabitə naziri olmuş Nadir Əhmədov da daim Hüseyn Rəsulbəyovun
işçilərə olan diqqət və
qayğısından, onun prinsipiallığından söz
açmışdır.
Hüseyn müəllim hələ orduda olarkən
özünün qayğıkeşliyi, insanlara, xüsusən
də azərbaycanlı kadrlara daimi qayğısı ilə
yadda qalıb.
İstefada olan artilleriya general-polkovniki Tofiq Ağahüseynov
onun bu xarakterindən söz açarkən deyir:
"...General-leytenant Hüseyn Rəsulbəyov Bakı Hava
Hücumundan Müdaiə Dairəsinin zenit-raket
qoşunlarının komandanı idi. O, mənə çox
kömək edib. Rəsulbəyov dairə qərargahında
işləyirdi, komandan idi, mən isə əvvəlcə polk, sonra diviziya və korpus komandiri oldum. Və o, hər zaman məni mümkün xoşagəlməz
hadisələrlə bağlı xəbərdar edir, bu və
ya digər hadisələrdə necə hərəkət etmək
lazım olması barədə məsləhətlər
verirdi. Bunun üçün mən ona
çox minnətdaram".
H.Rəsulbəyov həm də həssas, gözəl
insan, səmimi bir şəxsiyyət idi. Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki Gövhər Baxşəliyeva
Hüseyn müəllimin necə dəqiq müşahidəçi
olmasından və insanlara düzgün qiymət verməsindən
bəhs edərək yazmışdır: "...1970-ci illərdə
Azərbaycanın rabitə naziri olan Hüseyn Rəsulbəyov
(H.Rəsulbəyov həm də general idi) atamla dost idi. Onların ailəvi gediş-gəlişi var idi.
Mən H.Rəsulbəyovdan da Zərifə
Əliyevanın, respublikanın birinci şəxsinin həyat
yoldaşı olmasına baxmayaraq, necə sadə insan
olduğunu dəfələrlə eşitmişdim. O
danışırdı ki, Zərifə xanım işdən
evə gələndə özü mətbəxə keçər,
yeməklər bişirər, ailənin süfrəsini şəxsən
hazırlayardı. Qeyd edirdi ki, Zərifə
xanım çox mədəni, ziyalı, qayğıkeş və
sadə insandır".
Uzun illər
general-leytenant Hüseyn Rəsulbəyovla birlikdə işləmiş
Bakı Hava Hücumundan Müdafiə Dairəsi
Qoşunlarının komandanı, general-polkovnik Fyodor
Akimoviç Olifirov yazırdı: "Bəzən elə olur
ki, hətta böyük rəhbərlər belə passiv
olurlar, vəzifələrinə uyğun təşəbbüs
göstərmək əvəzinə, heç nəyə həvəs
göstərmirlər. Amma Hüseyn
Cümşüdoviç heç vaxt, heç kimdən hər
hansı bir xatırlatma və ya tapşırıq gözləmirdi.
Həmişə irəlidə gedirdi və
hamını da arxasınca çəkib aparırdı.
Onun zenit-raket qoşunlarının komandanı kimi ən
böyük xidməti ölkənin hava hücumundan müdafiə
sistemində əsl istedadlı mühəndis və öz
işinin ustası olması idi"
Artıq 20 ildən çoxdur ki, Azərbaycan
Televiziyası və digər televiziyalar öz verilişlərini
Dağüstü parkın yaxınlığında
ucaldılmış müasir teleqüllə vasitəsi ilə
bütün dünyaya yayır. Bu teleqüllənin
ucaldılması ideyası Hüseyn Rəsulbəyovun olub,
onun reallaşması üçün nazir kimi böyük əziyyət
sərf edib.
Əvvəlcə teleqüllənin o vaxtlar
üçün çox mükəmməl və çox da
bahalı olan bir neçə layihəsi işlənib
hazırlandı. Ümummilli liderimiz Heydər Əliyev
teleqüllənin məhz indi istifadə etdiyimiz
variantını bəyəndi. Ancaq "nədənsə"
Moskva bu layihəni təsdiqləmək istəmirdi. H.Rəsulbəyov bir neçə dəfə Moskvaya
getməsinə baxmayaraq, mərkəz inad göstərirdi.
Belə olan halda H. Rəsulbəyov kömək
üçün Heydər Əliyevə müraciət edir.
Ulu öndər isə dərhal Sov.İKP MK-ya məktub
yazılmasına göstəriş verir. Onun
operativ və prinsipial müdaxiləsindən sonra layihə təsdiq
edildi. 1981-ci ildə teleqüllənin
tikintisi üçün mərkəzdən respublikaya 800 min
rubl vəsait ayrılır. Rabitə naziri
H. Rəsulbəyov özü gecə-gündüz teleqüllənin
tikintisi ilə məşğul olur. Onun səyləri
ilə Dnepropetrovskdan, Rustavidən armatur, SSRİ-nin
ayrı-ayrı regionlarından isə digər zəruri tikinti
materialları gətirildi. Lakin "yenidənqurma"
nəticəsində SSRİ-də baş verən məlum
hadisələrə görə qüllənin tikintisini Azərbaycanın
müstəqillik illərində başa çatdırmaq
mümkün oldu.
Təəssüf ki, teleqülləni görmək ona nəsib
olmadı, amma qədirbilən xalqımız daim şəhərimizə
yaraşıq verən bu möhtəşəm qurğuya
baxdıqca, onu xatırlayır və inanırıq ki, bu minnətdarlıq
və təşəkkürlər Bakımız durduqca daim
davam edəcəkdir.
Təkcə
1975-1980-ci illər ərzində H.Rəsulbəyovun yuxusuz gecələri,
gərgin səyləri hesabına, ölkədə kabel və
radirele xəttində olan şəhərlərarası telefon
xəttlərinin uzunluğu 1,6 dəfə, şəhərlərarası
avtomat-telefon rabitəsi 1,6 dəfə, şəhər
koordinat ATS-lərinin quraşdırılmış tutumu 7,9 dəfə,
kənd koordinat ATS-lərinin quraşdırılmış
tutumu 1,2 dəfə, poçt rabitəsinin həcmi 8,5 isə
dəfə artmışdır.
Sözügedən illərdə Bakıda şəhərlərarası iki telefon və teleqraf rabitəsi stansiyası tikilib istifadəyə verildi ki, onların avadanlıqlarının hamısı keçmiş Yuqoslaviyadan gətirilmişdi. Şirvan, Astara, Mingəçevir, Qusar və Xaçmaz rayonlarında şəhərlərarası avtomat telefon stansiyaları istifadəyə verildi.Və nəhayət, 1980-ci ildə respublikamızın şəhərlərində telefon şəbəkəsinin həcmi 1975-ci ilə nisbətən 1,4 dəfə artdı. Bütün bunlar H.Rəsulbəyovun nazir kimi böyük fəaliyyətinin yalnız bir hissəsi idi.
Ehtiyatda olan general-leytenant H.Rəsulbəyov Azərbaycan SSR rabitə naziri vəzifəsində 9 il işlədi. Gördüyü işlər, qoyub getdiyi yüzlərlə obyekt və nailiyyət və yeniliklərlə ölkə rabitəsinin tarixinə öz adını qızıl hərflərlə yazdı. Onun nazir işlədiyi dövr, haqlı olaraq orta nəsl rabitəçilər tərəfindən "qızıl dövr" kimi dəyərləndirilir.
H.Rəsulbəyovun xidmətləri layiqincə qiymətləndirilmişdir. O, Lenin, II dərəcəli Vətən müharibəsi, Qırmızı Ulduz, Qırmızı Əmək Bayrağı ordenləri və 14 medalla, o cümlədən "Hərbi xidmətlərinə görə", "Odessanın müdafiəsinə görə", "Qafqazın müdafiəsinə görə", "Nöqsansız xidmətə görə" və sair medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin 28 iyul 1966-cı il tarixli Fərmanı ilə ona "Azərbaycan SSR-in əməkdar mühəndisi" fəxri adı verilmişdir. H. Rəsulbəyov VII, VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Azərbayçan KP XXVIII, XXIX və XXX qurultaylarında Azərbayçan KP MK üzvü seçilmişdir.
Hazırda Dərbənd şəhərinin ən böyük və abad prospektlərindən biri general-leytenant H. Rəsulbəyovun adını daşıyır. Bu şəhərdə onun adına park salınmış, doğulduğu evə və təhsil aldığı şəhər 1№-li orta məktəbə xatirə lövhələri vurulmuşdur. Dərbəndin "Döyüş şöhrətli muzeyi"ndə generala ayrıca ekspozisiya həsr edilmiş, onun büstü qoyulmuşdur.
Azərbaycanın sovet dönəminin ilk general-leytenantı Hüseyn Rəsulbəyov tarixilik baxımından az yaşadı, ömrünün 67-ci ilində həyata vida etdi. Bu günlərdə onun 100 illik yubileyi təntənə ilə qeyd olunacaqdır. Hüseyn Rəsulbəyov özündən sonra bir çox xeyirxah işlər, əməllər qoyub getdi və bu xeyirxah əməllər xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq...
Tofiq
SƏDRƏDDİNOĞLU
Bakı Slavyan
Universiteti jurnalistika kafedrasının dosenti, Avropa Təbiət
Elmləri Akademiyasının həqiqi üzvü
525-ci qəzet 2017.- 23 iyun.- S.6.