"Savaşçı"nın təqdimatı oldu

 

NİGAR İSMAYILQIZININ BU KİTABI APREL ŞƏHİDİ ƏBDÜLMƏCİD AXUNDOVUN XATİRƏSİNƏ HƏSR EDİLİB

 

Ötən gün Atatürk Mərkəzində jurnalist Nigar İsmayılqızının 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun xatirəsinə həsr etdiyi "Savaşçı (aprelin izi ilə...)" kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid açaraq müəllif haqda məlumat verib: "Nigar Türkiyədə jurnalist kimi fəaliyyət göstərir. Yazıçılar Birliyinin üzvüdür. Məqalələri ilə mətbuatda fəal çıxış edir. O, zəhmətkeş, vətənpərvər, həssas bir qələm adamıdır. Ən əsası, ədəbiyyata ürəkdən bağlıdır. Bu yolda ona uğurlar arzulayıram. Mən bu kitabı oxuduqca həm Əbdülməcidin, həm digər qəhrəmanlarımızın şücaətinin sanki əyani şahidi oldum. Ümid edirəm ki, "Savaşçı" geniş ictimai marağa səbəb olacaq, gənclərimiz, yeni nəsil Əbdülməcidə, onun kimi qəhrəmanlara ehtiram məhəbbət ruhunda yetişəcək, eyni zamanda, bu kitab şəhidlərimizin ruhunu ehtiramla anmaqda bir vasitəyə çevriləcək".

 

Müəllifi yeni kitabı münasibətilə təbrik edən tədbirin aparıcısı, yazıçı Elçin Hüseynbəyli nəşrin təbliğinin əhəmiyyətindən söz açıb: "Bu kitab, əslində şəhidimiz Əbdülməcid Axundova həsr olunub. Ancaq bununla bərabər aprel şəhidlərinə, Qarabağ savaşına və bu savaşda şəhid olmuş digər qəhrəmanlarımızın xatirəsinə ithaf edilib. Bu mənada mən həm Əbdülməcidin anası Ceyran xanıma, həm də kitabı hazırlayan Nigar xanıma təşəkkürümü bildirirəm. Söz adamları olaraq, cəbhə bölgələrinə növbəti səfərlərimizdə "Savaşçı"nı, eləcə də oxşar məzmunda digər nəşrləri də oraya aparmağı, tanıtmağı düşünürük".

 

Millət vəkili, yazıçı Aqil Abbas da fikirlərini bölüşüb: "Nigar xanım gözəl bir kitab ərsəyə gətirib. O, Türkiyədə Azərbaycanı layiqli bir şəkildə təbliğ edir. Bacarıqlı, istedadlı bir jurnalistdir. Qeyd edim ki, Aprel döyüşləri bizim ölməkdə olan ümidlərimizi dirçəltdi, ruh yüksəkliyi yaratdı. Bu kitab həmin döyüşlərin qəhrəmanlarının adına, xatirəsinə layiqli ehtiram nümunəsidir".

 

Şəhid Əbdülməcid Axundovun müəllimləri çıxış edərək məktəblərdə bu cür kitabların təqdim olunmasının, şagirdlərimizin Milli qəhrəmanlarımızı və şəhidlərimizi yaxşı tanımasının vacibliyini bildiriblər.

 

Sonra şəhid anası Ceyran Axundovaya söz verilib. O, kitabın təkcə oğlu Əbdülməcidə həsr olunmuş materiallardan ibarət olmadığını, kitabda Azərbaycan xalqının vətənpərvərliyinə, qəhrəmanlq tarixinə də yer ayrıldığını deyib. C. Axundova şəhid ailələrinin yalnız maddi köməyə yox, mənəvi dəstəyə də ehtiyac duyduqlarını vurğulayıb.

 

Xalq rəssamı Arif Hüseynov, şairlər Qulu Ağsəs, İbrahim İlyaslı, Fəxrəddin Meydanlı, jurnalistlər Söhrab Səfiyev, Qurban Cəbrayıl və başqaları da çıxış edərək şəhidliyə dinimizdə də yüksək qiymət verildiyini deyib, şəhidliyi vətənə və millətə məhəbbətin ali ifadəsi kimi səciyyələndiriblər.

 

Sonda N. İsmayılqızı söz alaraq kitabın ərsəyə gəlməsində əməyi keçən və bu işdə dəstək verənlərə minnətdarlıq edib. "Savaşçı"nın Türkiyədə də təqdimatının keçirilməsi nəzərdə tutulur.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet  2017.- 30 iyun.- S.4.