İrəvan Dövlət Azərbaycan Teatrı: 1882 -
1927-ci illərdə
Teatr - 135
3-cü məqalə
Uilyam Şekspirin dramaturgiyası, ilk növbədə faciələrindəki hadisələrin möhtəşəm miqyaslı inkişafı, konfliktin bəşəri xarakteri, obrazların kükrəyən ehtirasları, mənəviyyatların ehtiraslı toqquşmaları Azərbaycan teatrlarını həmişə cəlb etmişdir.
Maraqlıdır ki, milli səhnəmizdə dahi ingilis dramaturqunun "Otello" faciəsinə müraciət daha çox olmuşdur.
Düzdür, istər ayrı-ayrı truppaların, istərsə
də dövlət teatrlarının müraciətlərinin hamısı uğurlu alınmamışdır. Lakin bütövlükdə
Şekspir faciələri və ilk növbədə
"Otello" əsəri neçə-neçə rejissor və
aktyorun yaradıcılığına möhtəşəm sənət
töhfələri bəxş etmişdir. Şərq psixoloji
düşüncə tərzinə, şərq
ehtiraslarına daha yaxın olan "Otello" faciəsinin
İərvan teatrında 1938-ci il və
1944-cü il quruluşları sənət ocağının
yaradıcılıq iqlimində dönüş kimi dəyərləndirilmişdir.
Hər iki tamaşa bədii-estetik məziyyətlərinə
və müxtəlif aktyor ifalarına görə teatrın
nailiyyətlərinə çevrilib.
1938-ci ilin mayın 4-də
oynanılmış "Otello"da rejissor faciənin estetik səhnə
təcəssümü prinsiplərini realist planda
açmağa səy göstərmişdi. Aktyorlar da əsas konfliktlə bağlı
mövzu-xətləri canlı realizm mürəkkəbliyi ilə
ifa edirdilər. Tamaşada Otello - Yaqo konflikti mənfi və
müsbət obraz ölçüləri ilə deyil, münaqişənin
özəyində duran sırf
iki əks qütblü fəlsəfi konsepsiyanın
poetik-dramatik səhənə təqdimi kimi realizə
edilmişdi. Belə rejissor yozumunda nəinki əsas rolları
ifa edən İsmayıl Dağıstanlı (Otello) və
Əli Zeynalov (Yaqo), hətta ikinci dərəcəli obrazlarda
çıxış edən aktyorlar Adriq Dərzaqova (Emiliya),
Yunis Nuri (Qratsiano), Züleyxa Babayeva (Bianko), Həsən Mirzəyev
(Kassio), Əhməd Səfayi (Brabansio), Əziz Süleymanov
(Rodriqo) da realist oyun üsubuna üstünlük verirdilər.
Zariq Teryan isə Dezdemona rolunda lirik-dramatik ifadə
vasitələrindən daha çox və yaradıcı tərzdə
istifadə edirdi.
Əli Zeynalov daxilən
güclü və mübariz, uzaqgörən və tədbirli
olan, xaraktercə insanlardan şübhələnən, öz
mənafeyi üçün başqalarının
qürurlarını tapdalayan mürəkkəb insan xarakteri
oynayırdı. Aktyor qüdrətli sərkərdə, nəcib
mavr Otelloya qarşı Yaqonun özünün məkrli
planlarını həyata keçirməsində tədbirli və
təmkinli insan obrazı canlandırırdı. Otellonu oynayan İsmayıl Dağıstanlıdan
daha böyük nailiyyət qazanırdı. Onun Şekspir obrazı daha canlı, daha həyati və
daha real təsir bağışlayırdı.
Teatrın həyatında Üzeyir bəy
Hacıbəylinin "Arşın mal alan"
operettasını musiqisiz oynamaq cəhdləri olub. Bu operettanı yazıldığı kimi,
bütün musiqi zənginliyi və təravəti ilə
tamaşaçılara təqdim etmək baxımından
teatrın daha uğurlu işi 1938-ci ildə rejissor Əli
Şahsabahlının quruluşunda oynanılan
tamaşadır. Dekabr ayının 12-də
premyerası göstərilən operetta musiqinin peşəkarcasına
səhnə həlli, məişət məzhəkəsinin səmimi
yumoru, ifaçıların sadə və real oyunları ilə
tamaşaçıların ürəyinə yol
tapmışdı. Nübar
Əlixanovanın Gülçöhrə rolundakı vokal
bacarığı və məlahətli ifası aktrisanın
yeni yaradıcılıq imkanlarını açmaqla
yanaşı, səhnə əsərinə təravət
aşılayırdı. "Arşın mal alan" operettasının tamaşası
rejissor Əli Şahsabahlının İrəvan teatrında
ilk işlərindən, özü də uğurlu
yaradıcılıq səylərindən biri idi. Teatr bu tamaşanın premyerasına ciddi
hazırlaşmışdı. Tamaşanın
uzunömürlülüyü bunu bir daha təsdiqləyir.
Rəssam Rza Məmmədov səhnədə
çox koloritli, cazibəli və ürəkaçan bir məkan
yaratmışdı. Əsgərin
partiyasını tamaşanın rejissoru Əli
Şahsabahlı özü oxuyurdu.
Quruluşçu rejissor Yusif Yulduzun
orijinal səhnə təfsiri verdiyi və 24 sentyabrda göstərilən
"Platon Kreçet" ("Polad Qartal". Aleksandr
Korneyçuk) tamaşası bədii məziyyətlərinə,
realist teart estetikasının parlaq təcəssümünə
baxmayaraq repertuarda çox qalmadı. 1936-cı
ildə Baxşı Qələndərli bu pyesin təbdilini
tamaşaya hazırlamışdı. Yusif
Yulduz isə əsərin tərcüməsinə
üstünlük vermişdi. Ona görə
də obrazların adları orijinaldakı kimi
qalmışdı. Yusif Yulduzun
quruluşundakı tamaşada İsfəndiyar Hüseynov
(Berest) və Əli Zeynalov (Arkadi) daha maraqlı oyun
nümayiş etdirirdilər. Qabriel Sundukyan adına Ermənistan Dövlət Dram
Teatrının aktyoru Raçya Nersesov bir neçə dəfə
İrəvan Azərbaycan teatrının tamaşasında
Platon Kreçet rolunu ifa etdi.
Milli peşəkar
dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin
anadan olmasının 125 illiyi münasibətilə teatr ədibin
"Hacı Qara" komediyasına müraciət etdi. Komediyanı
tamaşaya Baxşı Qələndərli
hazırlamışdı. Tamaşanın
premyera günü (7 aprel 1938) Hacı Qara rolunu Əhməd Səfayi
ifa etdi. İkinci və sonrakı
tamaşaların əksəriyyətini Yunis Nuri oynadı.
Hacı Qara rolu aktyorların İrəvan
teatrında yaratdıqları daha samballı səhnə surətlərindən
biridir. Əziz Süleymanov (Kərəməli),
Əli Zeynalov (Arakel) və Zakir Şahbazov (Mkrtıç)
epizod komik surətlərdə gözlənilməz olsalar da, səmimi,
koloritli və məzəli baxılırdılar.
"Həyat"ın
quruluşçu rejissoru Baxşı Qələndərlinin
diktəsi ilə rəssam Azərbaycan məişətinin
xzarakterik səciyyələrini tərtibatın bütün
elementlərində saxlamağa
çalışmışdı. Rekvizit və butafor əşyaları,
geyimlər koloritli idi. İlk tamaşa
oktyabrın 27-də göstərildi. Quruluşçu
rejissorun fikir genişliyi bəzi epizodlarda alınmasa da, əsasən
ifaçı aktyorların istifadə etdikləri ifadə
vasitələrində həssaslıqla təcəssüm
tapmışdı. Rolları Adriq Dərzaqova (Həyat),
Əli Zeynalov (Süleyman), Əşrəf Quliyev (Rauf),
İsfəndiyar Hüseynov (Abbas), Əsəd Xəlilov (Həsənov),
Əli Şahsabaşlı (Məşədi Hüseyn), Dilarə
Məmmədova (Rəşxəndə), Zakir Şahbazov (Pardon
Qurbanəli), Cəmil Əliyev (Camal kişi), Ağakərim Səlimov
(Qurban kişi) oynayırdılar.
Tənqid Mirzə Fətəli
Axundzadənin "Lənkəran xanının vəziri"
komediyasının tamaşasına (7 dekabr 1939) böyük
diqqət yetirmişdi. İlk növbədə quruluşçu
rejissor Əli Şahsabahlının yaradıcılıq
axtarışları, onun əsərə verdiyi səhnə təfsirinin
estetik dəyərləri təqdir olunurdu. Müəyyən rejissor qüsurlarına, əlavə
olunmuş mətnlərin səthiliyinə, aktyor
oyunlarının zəif cəhətlərinə baxmayaraq,
"Lənkəran xanının vəziri"
komediyasının tamaşası teatrı iki-üç illik
repertuar ətalətindən çıxmağa can atması
baxımından qiymətli və dəyərli idi. Bütövlükdə tamaşada aktyor ansamblı
pis alınmamışdı. Müəyyən
qüsurlarına baxmayaraq, Nübar Əlixanova (Ziba xanım),
Züleyxa Babayeva (Pəri xanım), Dilarə Məmmədova və
Həlimə Şükürova (Nisə xanım), Məmməd
Sadıqov (Ağabəşir), Cəmil Əliyev (Səlim bəy),
Əziz Hacıyev (Heydər bəy), İbrahim Məcidov (Səməd
bəy) canlı və komik, real və dramatik səhnə
obrazları oynamağa çalışırdılar.
1939 -1940-cı il
teatr mövsümündə quruluşçu rejissor
Baxşı Qələndərli 1935-ci ildə
hazrladığı "1905-ci ildə" (Cəfər
Cabbarlı) tamaşanı bərpa etdi. İrəvan
teatrının vətənpərvərlik mövzusunda
maraqlı yaradıcılıq işlərindən biri Georgi
Mdivaninin "Vətən namusu" dramının
tamaşası idi. "Vətən namusu"
tamaşasında əsas rolları Əli Zeynalov (Yaqor), Məmmədbağır
Qaraxanov (Sardion), Nübar Əlixanova (Natella), Əziz
Süleymanov (Nadir) ifa edirdilər.
Teatr 1939-cu ildə
özünün dövlət təsisatına keçməsinin
on illik yubileyindən sonra böyük sənət məsuliyyəti
və bir növ siyasi sayıqlıqla
hazırladığı əsərlər Cəfər
Cabbarlının "Aydın" (10 oktyabr 1940) və Səməd
Vurğunun "Xanlar" (4 dekabr 1940) dramlarının
tamaşaları oldu. "Aydın" tamaşasının
quruluşçu rejissoru Əli Şahsabahlı aktyorlarla diqqətlə
işləmişdi. Mizanların verilməsində
və hadisələrin inkişaf xəttində Aydın
(Əli Zeynalov), Dövlət bəy (Həsən Mirzəyev),
Surxay (Həsən Hüseynov) obrazları daha qabarıq
verilmişdi. Pyesdəki "proletar
mübarizliyini" qabarıq göstərmək
üçün bilavasitə rejissorun təkidi ilə, Pirqulu
(Adil Məmmədov) və Səlim (Zakir Şahbazov)
personajları süni şəkildə bir sıra dramatik hadisələrə
daxil edilmişdilər. Rejissorun
çalışqanlığı və aktyorların obraz
üzərində axtarışlarına işgüzar və
yaradıcı münasibətləri sayəsində epizod
rolların ifaçıları da səhnədə təbii və
real görünürdülər.
"Xanlar"
tamaşası üçün məxsusi geyimlər
sifariş verilmişdi. Rəssam Rza Məmmədov tamaşa
üçün monumental səpkidə səhnə tərtibatı
işləyirdi. Ancaq kollektiv
tamaşanı təhvil verməyə tələsmirdi. Payız mövsümündə məşqlər
yeni vüsət aldı. Tamaşanın rəssamı
Rza Məmmədov uğurlu axtarışlarına baxmayaraq,
Vasili Vartanovla əvəz olundu. "Xanlar"
tamaşasının premyerası uğurlu keçdi. Tamaşada əksər tarxi obrazlar deklorativ, quru
çıxsalar da, aktyorlar səylə oynayırdılar.
Stalin rolunda Əli Zeynalovun və Abbasqulu
Tağıyevin istifadə etdikləri ifadə vasitələrində
maraqlı tapıntılar daha qabarıq tərzdə təcəssüm
tapmışdı. Tipik xarakterli rollarda
çıxış edən Zakir Şahbazovun (Aslan), Nübar
Əlixanovanın (Qızyetər), Adil Məmmədovun (Vanya),
Məmmədbağır Qaraxanovun (Mamuliya), Cəmil
Əliyevin (Araq Şəmistan) ifaları daha canlı və təbii
təsir bağışlayırdı.
Teatra daim pyes yazan yerli müəllif
yox idi. Aktual
və problematik
çağdaş mövzularda pyes sifariş vermək
imkanı olmayan teatr erməni dramaturqlarının əsərlərinə
müraciət etmək məcburiyyətində qalırdı.
Yaxud da teatr direktorun və ya kollektivin üzvlərindən
kiminsə yazdığı pyesi hazırlamalı olurdu.
"Daşqın" əsəri də tamaşaya belə hazırlanmışdı
(9 yanvar 1940). Sənət
ocağının aparıcı aktyorlarından olan Əli
Zeynalovun yazdığı "Daşqın" dramı o qədər
də bitkin səhnə əsəri deyildi. Mövzu aktyal və maraqlı olsa da, konflikt əsaslı
deyildi, əsas surətlər və yardımçı
personajlar zəif çıxmışdılar.
Teatr 1940-cı ildə Əli
Şahsabahlının quruluşunda Jan Batist Molyerin "Jorj
Danden" ( 26 fevral), Əbdürrəhim bəy
Haqverdiyevin "Pəri cadu" (18 mart), Baxşı Qələndərlinin
rejissorluğu ilə Aleksandr Ostrovskinin "Günahsız
müqəssirlər" (2 may), Sabit Rəhmanın
"Toy" (7 sentyabr), Süleyman Sani Axundovun "Eşq və
intiqam" (19 noyabr) əsərlərinin
tamaşalarını da repertuara daxil edib. "Günahsız
müqəssirlər"də Neznamov, Kruçinina və
Şmaqa kimi mürəkkəb dramaturji obrazlar Əli Zeynalova,
Nübar Əlixanovaya və Zakir Şahbazova
tapşırılmışdı. Tamaşanın
enerji nüvəsi də onların üzərində qərar
tapmışdı. Aktyorlar ifa etdikləri
obrazları psixoloji cəhətdən əsaslandırmaq səyindəydilər.
Əli Zeynalovun daxili ehtirası və səhnə
temperamenti bəzi səhnələrdə çox
görünsə də, onun Neznamovu səmimi, həyat
burulğanlarında ləyaqətini itirməməyə
çalışan fədakar insan təsiri
bağışlayırdı. Zakir
Şahbazovun Şmaqası təkəbbürlü, iddialı
olduğu qədər də sadə, yumor hissini saxlayan xalis rus
tipi idi.
Tərcümə əsəri
kimi Jan Batist Molyerin "Jorj Danden" komediyasının
tamaşası daha uğurlu alınmışdı. Tamaşaçıların
maraqla qarşıladıqları komediyada Həsən
Hüseynov (Lyuben), Əziz Hacıyev (Kolen), Əziz
Süleymanov (Klitandra), Gülzar Rəhimova (Klodina), Nübar
Əlixanova (Anjelika), İsfəndiyar Hüseynov (Sotanvil)
maraqlı və məzəli, şən ovqat doğuran oyun
nümayiş etdirirdilər. "Pəri
cadu" isə nisbətən uğurlu
alınmışdı. Pəri rolunda aktrisa Nübar
Əlixanovanın nailiyyətləri daha çox hiss olunurdu.
1941-cı illərdə janr
axtarışlarını gücləndirən İrəvan
teatrı xalq qəhrəmanlıq tamaşalarını
oynamağa daha inamlı cəhd göstərirdi. Bu baxımdan milli müəlliflərdən
Süleyman Rüstəmin "Qaçaq Nəbi" (14 mart),
Səməd Vurğunun "Vaqif" (1 iyun), Mirzə Fətəli
Axundzadə "Müsyö Jordan və dərviş Məstəlişah"
(29 oktyabr), gürcü dramaturqu Sandro Şanşiaşvilinin
"Anzor" (16
dekabr), osmanlı ədibi Şəmsəddin Saminin "Dəmirçi
Gavə" pyeslərinin tamaşalarını teatrın səmərəli
yaradıcılıq nailiyyətləri sırasına daxil etmək
olar.
"Qaçaq Nəbi"
İrəvan teatrının romantik-monumental səpkidə
işlənmiş uğurlu yaradıcılıq
axtarışlarının bəhrəsi kimi sənət
ocağının tarixində xüsusi yer
tutur.Tamaşasının quruluşçu rejissoru Əli
Şahsabahlı idi. Baş rollar Əli Zeynalova (Nəbi), Nübar Əlixanovaya
və Ətayə Əliyevaya (Həcər), Məmmədbağır
Qaraxanova (Təhmas bəy), Həsən Mirzəyevə (Səlim
bəy) tapşırılmışdı. Onlar
dramatik səhnələrdə ehtirasla və daxili
coşqunluqla oynayırdılar. Qəhrəmanlıq
ruhunun romantik tərzdə çatdırılması
baxımından aktyorlar hamısı səylə
çalışmışdılar.
"Vaqif" tamaşası
teatrın poetik teatr estetikasına cəsarətli inamla yiyələnməsində
də mühüm əhəmiyyət kəsb etdi. Tamaşada
rejissor Baxşı Qələndərlinin monumental-romantik
üslubda səhnə təfsiri vermək səriştəsinin
yeni keyfiyyətləri açıqlandı. Quruluşçu rejissorun aktyorlarla işində
nailiyyətlər daha çox idi. Bəzi
aktyorların şeirlə dialoqların söylənilməsində
romantik ruhu quru pafosla əvəz etmələrinə baxmayaraq,
ümumən poetik teatr oyun-ifadə prinsiplərinə
yanaşma forması maraqlı baxılırdı.
İrəvan teatrının
tarixində nadir hadisələrdən biri "Vaqif"
tamaşası ilə bağlıdır. Əsərin premyerası
dörd gün dalbadal, 1941-ci il iyunun 1-də,
2-də, 3-də və 4-də böyük təntənə
ilə göstərildi. Bu estetik təravət və yenilik
xüsusən Əli Zeynalovun (Vaqif), Əli
Şahsabahlının (Qacar), Məmmədbağır
Qaraxanovun (İbrahim xan), Əziz Süleymanovun (Vidadi), Ətayə
Əliyevanın və Gülzar Rəhimovanın (Gülnar),
Zakir Şahbazov (Təlxək), Züleyxa Babayevanın (Yengə),
ifalarında daha qabarıq nəzərə
çarpırdı. "Vaqif"
tamaşasında ümumi aktyor ansamblı güclü
alınmışdı. Kütləvi səhnələr
monumental-romantik teatr estetikası əsasında qurulmuşdu.
İrəvan teatrı Vətən
müharibəsinin başlanması ilə əlaqədar
1941-ci ilin sonlarından bir növ təbliğat-təşviqat
funksiyasını icra edirdi. Truppa üzvləri
ayrı-ayrı briqada və dəstələrə
bölünərək hərbi qospitallarda, əsgərliyə
çağırış məntəqələrində
çıxışlar edirdilər. Proqramlar
musiqi nömrələrindən, faşizm əleyhinə
satirik şeirlərdən, ayrı-ayrı tamaşalardan
götürülmüş parçalardan ibarət olurdu.
Teatr dörd
il ərzində yeni tamaşalar da hazırlamışdır.
Bu tamaşaların az bir qismi əvvəl
oynanılmış əsərlər idi. Əli
Şahsabahlının rejissorluğunda Üzeyir bəy
Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və
Kərəm", Zülfüqar bəy Hacıbəylinin
"Aşıq Qərib", Müslüm Maqomayevin
"Şah İsmayıl" operaları, Üzeyir bəyin
"Məşədi İbad", "Arşın mal
alan", Zülfüqar bəyin "Əlli yaşında
cavan", "Evliykən subay" musiqili komediyaları təkrar-təkrar
tamaşaya hazırlanıb. "Aşıq Qərib"
operasının tamaşasında Qəribi Əli Şahsabahlı
özü, Şahsənəmi Nübar Əlixanova, Şahvələdi
Həsən Mirzəyev, Güloğlanı Zakir Şahbazov ifa
ediblər.
Əli Şahsabahlı,
başda Üzeyir bəyin əsərləri olmaqla, musiqili
komediyaların hazırlanmasında yol verdiyi qüsurlardan əlavə
daha bir uğursuz addım atdı. O, Nizaminin "Leyli və Məcnun"
poeması əsasında eyniadlı dram əsəri yazdı və
1942-ci ildə özü ona səhnə quruluşu verdi. Tənqid, gec də olsa, bu zəif dram əsərinə
özünün obyektiv qiymətini verdi.
1941 - 1945-ci illərdə təkrar
quruluşlarda və əsaslı bərpada Cəfər
Cabbarlının "Aydın", "Solğun
çiçəklər", "Sevil", Səməd
Vurğunun "Xanlar", Mirzə İbrahimovun "Həyat",
Georgi Mdivaninin "Vətən namusu" dramları,
Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu"
faciəsi, Mirzə Fətəli Axundzadənin "Hacı
Qara", Sabit Rəhmanın "Yalan" komediyaları
tamaşaçılara göstərilib. Kollektivin
yeni tamaşaları da olub. Bu baxımdan Jan Batist Molyerin
"Jorj Danden", Lope de Veqanın "Quzu çeşməsi",
Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər",
Mehdi Hüseynin "Nizami", Sabit Rəhmanın
"Aşnalar", "Xoşbəxtlər", Səməd
Vurğunun "Fərhad və Şirin", Mehdi Hüseynin
"Cavanşir" əsərlərinin
tamaşalarını göstərmək olar.
Teatrın yaradıcı
kollektivi "Xoşbəxtlər" komediyasının
tamaşası üzərində daha səylə
çalışmışdı. Tamaşanın
premyerası 1943-cü ilin noyabrında oynanılıb. Quruluşçu rejissor Baxşı Qələndərli
məişət-sosial xarakterli tamaşa qura bilmişdi.
Tamaşada əsas rolları Əziz Süleymanov
(Mürşüd), Həsən Hüseynov (Sadıq), Ətayə
Əliyeva (İnci), T.Zariq (Gülər), Zakir Şahbazov (Bərbərzadə),
Həsən Mirzəyev (Usta Segah), Nübar Əlixanova (Maral),
Məmmədbağır Qaraxanov (Mirzə Qərənfil),
Züleyxa Babayeva (Sənubər), Gülzar Rəhimova (Həlimə)
oynayırdılar.
Səməd Vurğunun
"Fərhad və Şirin" qəhrəmanlıq
dramının ilk tamaşası 1942-ci ilin mart ayında
göstərildi. Baxşı Qələndərli
tamaşanın qəhrəmanlıq ruhunu daha da
qabartmışdı. Müəyyən mənada
romantik monumentallığa meyl də özünün səmərəli
nəticəsini vermişdi. Fərhad rolunu
respublikanın Əməkdar artisti Əli Zeynalov ifa edirdi.
Digər əsas rolları Məmmədbağır Qaraxanov
(Xosrov), Ətayə Əliyeva (Məryəm), Həsən
Hüseynov (Şiruyə), M. Məcidov (Fərhad), Həsən
Mirzəyev (Azər baba), Gülzar Rəhimova (Fitnə), Zakir
Şahbazov (Baş vəzir) ifa edirdilər.
Müharibə ilə
bağlı olaraq teatr 1942 - 1945-ci illərdə qəhrəmanlıq,
vətənpərvərlik, sağlam həyat mövqeyi
mövzularında hazırlanmış tamaşalara
üstünlük verib. Teatr Şəmsəddin Saminin "Dəmirçi Gavə",
Əkbər İrəvanlının "Səadət
uğrunda", Məmmədhüseyn Təhmasibin "Aslan
yatağı", Mehdi Hüseynlə İlyas Əfəndiyevin
"İntizar", Rza Şahvələdin "Qız qalası",
Məlik Koçaryanın "Doğma adamlar", Prutun
"Raykom katibi" dramlarını öz repertuarına daxil
edib. Həmin əsərlərin əksəriyyəti
uğur qazanmayıb. Göstərilən
tamaşaların quruluşlarını əsasən
Baxşı Qələndərli və Əli Şahsabahlı
veriblər. Teatr 1942-ci ildə aktyor Əli
Zeynalovun "Həyəcanlı qəlb" dramını da
tamaşaya hazırladı. Tamaşanın
quruluşunu rejissor Baxşı Qələndərli
vermişdi və baş rol Xasayı Əli Zeynalov özü
oynayırdı.
Haqqında bəhs olunan
dövrdə teatrın sənət nailiyyətlərindən
biri "Otello" (Uilyam Şekspir) tamaşası idi. Quruluşçu
rejissor Baxşı Qələndərli tamaşa
üçün Cəfər Cabbarlının tərcüməsini
seçmişdi. Yeni quruluşda rejissor
faciənin romantik-monumental vüsətini əsas
götürmüşdü. İfaçılar Abbasqulu
Tağıyev (Yaqo), Əziz Süleymanov (Rodriqo), Həsən
Mirzəyev (Kassio), Əhməd Səfayi (Brabansio) da romantik
aktyor məktəbinin poetika göstəriciləri əsasında
oynayırdılar. Təzə quruluşda Otello
qüdrətli sərkədə olduğu qədər də
sadəlövhcəsinə aldanan sadə sevgili, mətin iradəsi
ilə yanaşı çətin məqamlarda hisslərini
cilovlaya bilməyən zavallı aşiq obrazı təsiri
bağışlayırdı. Aktyor həm
səhnə davranışı, həm də bəlağətli
və pafoslu danışığı ilə obrazın
romantik qəhrəman vüsətini daha da ucaldırdı.
Belə səhnə təfsirində Əli
Zeynalovun Otellosu Şekspir ruhuna, Şekspir fəlsəfi fikrinə,
Şekspir ehtiraslarının əzəmətinə daha
yaxın və doğma təsiri doğururdu.
Kollektiv 1946-cı ildə üç
yeni tamaşa hazırladı . Onları üçü də komediya idi. Mirzə Fətəli Axundzadənin "Müsyö
Jordan və dərviş Məstəlişah"
(quruluşçu rejissor Əli Şahsabahlı), dramaturq Məmməd
Səid Ordubadi, bəstəkar Fikrət Əmirov "Ürəkçalanlar"
(quruluşçu rejissor Əli Şahsabahlı), Jan Batist
Molyerin "Cancur Səməd" ("Vasvası xəstə".
Quruluşçu rejissor Əli Şahsabahlı)
əsərlərinin tamaşaları teatrın
repertuarındı möhkəm yer tutdu. Tamaşa
Məmmədbağır Qaraxanovun Hatəmxan ağa,
İbrahim Azərinin (Atakişiyev) Məstəlişah və
İsfəndiyar Hüseynovun Müsyö Jordan və Həsən
Mirzəyevin Şahbaz bəy rolları ilə yadda
qalırdı.
Teatr ilin ikinci
yarısında dramaturq Məmməd Səid Ordubadinin və bəstəkar
Fikrət Əmirovun "Ürəkçalanlar" musiqili
komediyasını hazırlayıb repertuarına əlavə
etdi. Quruluşçu rejissor Baxşı Qələndərli
tamaşada bir sıra mürəkkəb musiqi nömrələrini
çıxartmışdı. Rollarda İsfəndiyar
Hüseynov (Quluş bəy), Nübar Əlixanova (Yəmən),
Gülzar Rəhimova (Səmən), Züleyxa Babayeva (Tərlan
xanım), Abbasqulu Tağıyev (Qulam), Həsən Mirzəyev
(Musa), Zakir Şahbazov (Şaban), Adil Məmmədov (Bəhlul
bəy), Məmmədbağır Qaraxanov (Heybətqulu), Ziya
Mirzəhəsənov (Dramaturq), Tələt Nəsirov (Kirmanlı)
çıxış edirdilər.
Ermənistan Respublikası
Nazirlər Soveti yanında İncəsənət İşləri
İdarəsi günü-gündən İrəvan Dövlət
Azərbaycan Dram Teatrına daha laqeyd, daha soyuq münasibət
bəsləyirdi. 1945-ci ildə İncəsənət
İşləri İdarəsi teatrın yaradıcılıq
iqlimindəki durğunluğu aradan qaldırmaq,
yaradıcılığa əngəl törədən
qüsurları dəf etmək üçün 245 saylı qərar-əmr
vermişdi. Əslində bu əmr gözdən
pərdə asmaq idi. Uzun illər idi Azərbaycan
teatrı üçüncü dərəcəli sənət
ocağı sayıldığı üçün təchizatında
ciddi çatışmazlıqlar vardı. Rəsmi dairələr
hər dəfə teatrın dərəcəsinin
qaldırılacağına söz versələr də, əməli
iş görmürdülər.
Azərbaycan teatrına, Azərbaycan
mədəniyyətinə belə laqeyd münasibət əslində
məqsədyönlü idi və teatrın yaxın gələcəkdə
bağlanması üçün zəmin
hazırlayırdı. O ki, qaldı tənqidin Əli Şahsabahlının
milli operalarımızın üzərində "əməliyyat"
aparmasına, bu, həqiqətən də ürəkağrıdan
fakt idi. Kollektivin potensial yaradıcılıq
imkanı opera tamaşaları oynamağa imkan verməsə də,
rejissorlar tamaşaçı "toplamaq" naminə məşhur
əsərləri dram şəklinə salaraq təqdim edirdilər.
Bununla da həm Üzeyir bəyin
yaradıcılıq irsinə ləkə salınır, həm
də teatrın məqsəd və qayəsi primitivləşdirilirdi.
1947-ci ildə teatrın
repertuarına Baxşı Qələndərlinin quruluşunda
Məmmədhüseyn Təhmasibin "Bahar" (24 fevral), Səməd
Vurğunun "Fərhad və Şirin" (12 iyun), İlyas
Əfəndiyevin "İşıqlı yollar" (3 noyabr),
Əli Şahsabahlının rejissorluğunda Süleyman
Rüstəmin "Qaçaq Nəbi" (14 aprel) əsərlərinin
tamaşaları daxil olub. Teatr "Doğma
insanlar" tərcümə əsərini də oynayıb.
"Bahar"
tamaşasında əsərin qəhrəmanı Bahar rolu
Nübar Əlixanovaya və Ətayə Əliyevaya
tapşırılmışdı. Ətayə xanım
obrazı daha çox lirik-dramatik planda oynamaqla tamaşaya və
hadisələrin gərginliyinə dramatizm ruhu verirdi.
Əslində quruluşçu rejissorun təklif etdiyi bu tfa tərzi
və oyun prinsipi rejissorun tamaşa üçün müəyyənləşdirdiyi
ali məqsədlə üst-üstə
düşürdü. Digər əsas rolları Əziz
Süleymanov (Tərlan), Firuzə Muradova və Gülzar Rəhimova
(Laçın), Abbasqulu Tağıyev (Qaya), Zakir Şahbazov (Veysəl Mirzə) ifa
edirdilər.
İrəvan teatrı Süleyman Rüstəmin
"Qaçaq Nəbi" qəhrəmanlıq dramını
birinci dəfə 1941-ci ildə tamaşaya qoymuşdu. 1947-ci ildə kollektiv bu əsəri Əli
Şahsabahlının quruluşunda yenidən öz
repertuarına daxil etdi. Tənqid kollektivin
yeni işini birmənalı qarşılamadı. Tamaşaya həsr olunmuş resenziyada baş qəhrəmanların
oyunlarının uğurlu cəhətləri göstərilməklə
yanaşı, zəif ifa tərzləri də tənqid
olunurdu. Qaçaq Nəbi rolunu müəyyən
təcrübə toplamış bacarıqlı aktyor Abbasqulu
Tağıyev, Həcərin obrazını isə Nübar
Əlixanova ifa edirdilər. Quruluşçu
rejissor Əli Şahsabahlı "Qaçaq Nəbi"
pyesinin qəhrəmanlıq ruhuna üstünlük verdiyi
üçün tamaşada lirik səhnələri, psixoloji
epizodları bir qədər ötəri işləmişdi.
Buna görə də tənqidin Nəbi və Həcərin
sevgi səhnəsi barədə söylədikləri fikirlər
əsaslı və haqlı tənqiddir. Digər tərəfdən,
rejissor kütləvi səhnələrə geniş imkan versə
də, monumentallığa cəhd etsə də, tamaşa
romantik möhtəşəmliklə səhnə təfsiri
tapa bilməmişdi. Rejissorun
psixoloji-dramatik epizodlardakı diqqətsizliyi bəzi
aktyorları da oynadıqları obrazların yanlış səhnə
təfsirinə sövq etmişdi.
Nizami Gəncəvinin anadan
olmasının 800 illiyi münasibətilə teatr
şair-dramaturq Səməd Vurğunun "Fərhad və
Şirin" mənzum qəhrəmanlıq dramına yenidən
müraciət etdi. Əsas rollarda Ətayə Əliyeva (Şirin), Abbasqulu
Tağıyev (Xosrov), Həsən Mirzəyev (Azər baba), Məmmədbağır
Qaraxanov (Şapur), Nübar Əlixanova (Məryəm), Ziya Mirzəhəsənov
(Şiruyə) çıxış edirdilər.
"İşıqlı
yollar" tamaşasında güclü aktyor ansamblı
vardı.
Obrazların böyük-kiçikliyindən asılı
olmayaraq, Ətayə Əliyeva (Gülarə), Məmmədbağır
Qaraxanov (Baba dayı), Adil Məmmədov (Vasilyev), Abbasqulu
Tağıyev (Səlim), Gülzar Rəhimova (Lalə), Həsən
Mirzəyev (Cəfərqulu və Şirəli), Zakir
Şahbazov (Kərim), İbrahim Məcidov (Polad), Tələt
Nəsirov (Laçın), Cəmil Əliyev (Usta Faiz),
Züleyxa Babayeva (Balayan), İsfəndiyar Hüseynov (Sultanov),
Əziz Süleymanov (Allahyar), Mehdi Ramazanov (Dərgahqulu), Firuzə
Məmmədova (Texnik) həyati və canlı, real və tipik
səhnə surətləri yaratmağa inamla səy göstərmişdilər.
İrəvan teatrının
truppası günü-gündən seyrəlib zəifləyirdi. Tamaşaların
bədii keyfiyyəti aşağı düşürdü.
Kollektivə İrəvan şəhərində
tamaşa göstərməyə demək olar imkan verilmirdi.
1948-ci ildə teatr şəhərdə barmaqla sayılacaq qədər
az əsər göstərib. Yeni dekorasiyalar hazırlamaq, üzərinə
müxtəlif mənzərələr çəkilmiş
arxalıq və önlük pərdələr işləmək,
təzə geyimlər almaq üçün teatra pul
ayrılmırdı. Aktyorlara aylarla maaş
verilmirdi.
Bütün çətinliklərə
baxmayaraq, teatrın işləmək əzmini hələ
qırmaq mümkün olmamışdı. Çətinliklə
olsa da, kollektiv mart aynın 4-də Cəfər
Cabbarlının "Sevil" dramını yeni quruluşda
tamaşaya hazırladı. May
ayının 24-də yaradıcı heyət Üzeyir bəy
Hacıbəylinin dəfələrlə göstərdiyi
"Məşədi İbad" musiqili komediyasını, 27
dekabrda isə "Leyli və Məcnun" operasını təzə
quruluşunda tamaşaçılara təqdim etdi. Tamaşaların rejissoru Əli Şahsabahlı idi.
"Sevil" tamaşası Sevil rolunda
çıxış edən Ətayə Əliyevanın bir
növ sənət bayramına çevrilmişdi. Dilbər
(Nübar Əlixanova), Babakişi (Cəmil Əliyev),
Atakişi (Məmmədbağır Qaraxanov), Tafta (Dilarə Məmmədova)
rollarında çıxış edən aktyorların
uğurlu tapıntıları vardı.
Kollektiv Süleyman Sani Axundovun "Eşq və intiqam" faciəsini və Müslüm Maqomayevin "Şah İsmayıl" operasını tamaşaya hazırladı. Tamaşaların ikisi də İrəvanda təhvil verildi, ancaq premyeralar Basarkeçərdə göstərildi.
Dövlət Azərbaycan Teatrı İrəvanda bağlanandan (1949) sonra xeyli aktyor truppadan ayrıldı. İşləmək üçün Bakı və Gəncə teatrlarına gedənlər vardı. Lakin truppanı tərk etməyənlər də oldular. Bunların arasında Məmmədbağır Qaraxanov, Cəmil Əliyev, Abbasqulu Tağıyev, Dilarə Məmmədova, Adil Məmmədov kimi təcrübəli aktyorlar vardı. Kollektivin əsas yaradıcı qüvvəsi isə eyni teatrın Basarkeçər şəhərində açılmasına nail ola bildilər.
İrəvanda qalmış truppa üzvləri baş rejissor Baxşı Qələndərlinin rəhbərliyi ilə 1949-cu ilin payızında Basarkeçərə gəldilər. Onlar əsl fədakarlıq göstərərək kiçik rayon mərkəzindəki yararsız bir klub binasında yerləşdilər. Aktyorlar müxtəlif evlərdə qalırdılar, sosial şəraitin çətinliyinə, o cümlədən, yaradıcılıq iqliminin qeyri-sabitliyinə baxmayaraq yaradıcı heyət 1950-ci ilin əvvəllərində pərdələrini tamaşaçıların üzünə açdı. Təxminən iki ildə Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad", "Ər və arvad", Aleksandr Şirvanzadənin "Cinli", Nəsib Əfəndiyevin "Qısqanclıq", Cəfər Cabbarlının "Aydın", Rzayevin "Könülsüz nigah", Məmmədəli Nasirin "Bəxtsiz ailə" əsərlərinin tamaşalarını oynayıb.
1952-ci il yay
aylarının əvvəllərində ciddi maliyyə
çətinlikləri ilə üzləşən teatr fəaliyyətini
dayandırmalı oldu. Bu fasilə təxminən on beş il
çəkdi.
İlham Rəhimli
525-ci qəzet.-
2017.- 10 mart.- S.6.