"Kəlbəcər həsrəti
günbəgün daha da
dözülməz olur"
80 YAŞLI ŞAİR ƏYYUB CABBAROV
YARADICILIQDA DƏDƏ ŞƏMŞİRİ ÖRNƏK
ALDIĞINI, ONDAN TƏSİRLƏNDİYİNİ DEYİR
Ağsaqqal qələm sahiblərimizdən
olan şair Əyyub Cabbarov martın 5-də 80 illik yubileyini qeyd etdi.
O, 1937- ci ildə Kəlbəcər
rayonunun Məmmədsəfi
kəndində ziyalı
ailəsində dünyaya
göz açıb. 1956-cı ildə Bərdə rayonunda orta təhslini başa vuran Ə.Cabbarov 1964-cü ildə
Bakı Plan İqtisad
Texnikumunu bitirib.
İlk şeirləri
və yazıları oxuduğu məktəbin divar qəzetində dərc olunmağa başlayıb, sonralar isə respublika miqyasında dövri mətbuata çıxıb. 1997-ci ilə qədər müxtəlif idarələrdə
baş mühasib işləmiş Əyyub
Cabbarov hazırda təqaüddədir. Ancaq özünün
də yarızarafat qeyd etdiyi kimi,
ədəbi yaradıcılıqdan
"təqaüdə çıxmaq"
fikrində deyil, əvvəlki şövqlə
yazıb-yaradır. Gəncədə məskunlaşmış şairlə
yubileyi ərəfəsində
redaksiyamızda söhbətləşdik,
80 illik ömrünə,
yaradıcılıq yoluna
qısaca nəzər
saldıq.
- Böyüdüyüm kənddəki
mühitin təsiri ilə mən də aşıq ədəbiyyatına meylli
olmuşam. Ustad aşıq Dədə
Şəmşir Kəlbəcər
ədəbi mühitində
müstəsna nüfuza
sahib olub. İndi də
belədir, onun sözünün, yaradıcılığının
cazibəsi güclüdür.
Dədə Şəmşir uzun müddətdir ki, bizdən ötrü böyük örnəkdir, istinad mənbəyidir. Elə mən
də ondan bəhrələnərək müxtəlif
vaxtlarda xeyli şeirlər, yazılar yazmışam.
- Bəs bu yazıların
bəhrəsi - kitablar
necə?
- Açığı, kitablarımı
çap etdirməyə
çox can atıb tələsməmişəm.1999-cu
ildə "Azərnəşr"də
"Yamanca tutulduq qarğışa, dağlar"
adlı birinci kitabım çap olundu. Bir qədər
ara verəndən
sonra 2006-cı ildə
iki kitabım işıq üzü gördü. Biri "Ayrılıq görüşdən qabağa
düşdü", digəri
"Günahlı dünya"
adlanır. 2012- ci ildə 4-cü -
"Ay arxadan baxan illər" kitabım çıxdı. Bundan başqa,
ilk kitabım olan
"Yamanca tutulduq qarğışa, dağlar"
İranda, ərəb
əlifbasıyla, amma
Azərbaycan dilində
5000 nüsxə tirajla
çap edilib. Nəhayət, 2017-ci ildə "Duz yüklü ömür karvanı"
adlanan son kitabım nəşr olundu.
- Eşitdiyimə görə,
haqqınızda dastan
da qoşulub...
- Doğrudur. Dastanın mətni mənim
şeirlərimə əsaslanır,
amma nəsr hissəsinin müəllifi
də, nəşri ilə məşğul olan da istedadlı
yazıçı-publisist Cəmilə
Çiçəkdir. 2005-ci ildə kitab
şəklində işıq
üzü görən
2000 nüsxədən ibarət
dastan "Əyyub və Sənəm" adlanır.
- Kitabınızı vərəqləyəndə
diqqətimi çəkdi:
Kəlbəcər mövzusu
yaradıcılığınızda qırmızı xətt kimi keçir.
- Həmişə qələmə
aldığım mövzulardan
ikisi xüsusilə öndə olub: vətən və məhəbbət... "mən-mən" deyərək
özüm haqqında
böyük danışmaq
istəmirəm. Bacardığım qədər yaxşı yazmağa çalışmışam.
Qaldı
Kəlbəcər mövzusuna,
yazdıqlarımda əsas
xoşagələn bir
cəhət varsa, o da Kəlbəcər, Gəncə ədəbi mühiti, aşıq Şəmşirin adıyla
bağlıdır. Ondan həmişə
bəhrələnmişəm, bu gün də
mütaliə yoluyla, yardıcılığım onlardan
qidalanır. Aşıq Şəmşir
məktəbindən bəhrələnən
Bəhmən Vətənoğlu,
Sücaət, Ənvər
Rza, Məmməd Aslan kimi görkəmli
şairlərimiz ədəbi
istedadlarıyla özünəməxsus
ad-san sahibi olublar.
Mən də bu yolla
gedib nələrsə
yaratmağa cəhd etmişəm. Azərbaycanın hər guşəsi vətənimizdir, amma Kəlbəcər Azərbaycanın
iki gözünün biridir. Məqsədim kəndimi, rayonumu
tərifləmək deyil.
Amma düzünü desək,
orarda çoxlu şəfa ocaqları, gözəl bulaqlar, valehedici mənzərə,
əzəmətli dağlar,
geniş düzənliklər
vardı. Bəzən yadıma
düşəndə özümü
nə qədər möhkəm tutsam da, Kəlbəcər həsrəti yaman güc gəlir, günbəgün daha da daha da
dözülməz olur.
Dəlidağın işğalda qalması, Kəlbəcər rayonunun
talan olması içimi göynədir, gözlərimi yaşardır. İnsan doğulduğu
kənd qədər başqa yerə bağlana bilmir. Anam qədər doğmadır,
əvəzsizdir o yerlər
mənə. Yurd itkisi
çox ağırdır.
Bizim bu vaxtacan dözüb
dayanmağımız yalnız
o yerlərə bir də dönmək istəyimizin gücündəndir.
İnanıram ki, işğal
müvəqqətidir, ordumuzun
qüdrəti, hər
azərbaycanlının boynuna
düşən vətən
borcu yerinə yetiriləcək, torpaqlarımız
azad olunacaq. Hələliksə əlimdən gələn
budur ki, doğma el-obaya, Kəlbəcərə, anadan
olduğum kəndə,
oraların möcüzəvi
gözəlliklərinə həsrətli şeirlər
yazıram.
- Kimləri oxuyur, kimləri örnək alırsız?
- Dünya ədəbiyyatından
Puşkinin, Bayronun, Tolstoyun, Hüqonun əsərlərini maraqla
oxumuşam, başqa dahiləri də mütaliə edirəm. Azərbaycan ədəbiyyatında,
poeziyamızda Səməd
Vurğunun yaradıcılığına
böyük məhəbbətim
var. Az qala
bütün əsərlərini
əzbər bilirəm.
Ordubadinin romanları, Eyyub
Abbasovun "Zəngəzur"
əsəri, Anarın,
Əli Kərimin yaradıcılığı çox
sevdiyim ədəbi nümunələrdir. Gəncədə yaşayıb fəaliyyət
göstərən Qərib
Mehdinin yaradıcılığına
da marağım var.
- Ədəbi mətbuatla,
dərgilərlə əlaqələriniz
necədir?
- Sovet dövründə yazılarım müxtəlif mətbu orqanlarda çap olunub. Amma çox çap edilmək həvəsində olmamışam. İndi də qəzetlərlə, dərgilərlə əlaqəm zəifdir. Sizin qəzetdə, "Azərbaycan" qəzetində yazılarım və haqqımda yazılanlar çap edilib.
- Yaradıcılığınızın mövzu mənbələrindən danışdınız, bəs şeirlərinizin ilham qaynağı? Şeir yazmaq ovqatına necə köklənirsiniz?
- Məncə, şeir
havasına köklənmək doğrudan da ilhamla, coşqun
duyğularla bağlıdır. Bu duyğular bəzən
təbiətlə, bəzən kiməsə məhəbbətlə,
bəzən yurd həsrətilə əlaqəli
üzə çıxır. Məndə bunlardan
ən üstün olanı, dediyim kimi, vətənə
və insana məhəbbət
duyğularıdır. Yaradıcılığa təsiri öz yerində, ümumiyyətlə, insan o vaxt
ölür ki, məhəbbət
duyğuları itir. Güclü
məhəbbət isə insanı ruhlandırır,
yaradıcılığa sövq edir.
Cavid
QƏDİR
525-ci qəzet.- 2017.- 7 mart.- S.7.