Dədə Şəmşir
Yamanca çətinə düşmüşəm yenə,
Bu işi yoluna qoy, Dədə Şəmşir!
Kimə ağız açdım səni göstərdi,
Şahidimdi yerlə-göy, Dədə Şəmşir!
Pay ayrıldı, püşküm düşdü bir aza,
Sən olmasan gedəcəkdi güdaza.
Bir təcnisdi, məni yığıb boğaza,
Yetiş harayıma, ay Dədə Şəmşir!
Təbim korşalıbdı, fikrim tarimar,
Şeir hatəmisən, mahir sənətkar.
Səndən bir qafiyə ehtiyacım var,
Ver Əyyub balana pay, Dədə Şəmşir!
Ağdaban faciəsi
7-si aprelin qanlı gecəsi
Yardı qaranlığı odlu güllələr.
Göyləri inlətdi min fəryad
səsi,
Qalxdı Ağdabanda ərşə
nalələr.
8 qoca, 2 körpə, 7 ana,
Saya bir bax - 2 itkin,
5 girov,
8 nəfər diri-diri yanana,
Şahə qalxdı, üzə durdu od-alov.
Sözə sığışmayan fəlakətə bax: -
Çingiz güllələdi doğma
bacısın!
Ürək oda yanır, qovrulur dodaq,
Duyduqca Aygünün ömür acısın!
Xəstə Qənaətin cismin,
bədənin
Vəhşi nərəsiylə kəsdi
Diqiran!
Sonra barmağıyla oydu gözlərin,
Tarixdə belə hal görməyib insan!
Gülzar
göz yaşını
tökmədi hədər,
Baxdıqca düşmənin vəhşi
oynuna;
Qoru namusunu, ay ana Tərtər,
Qayadan şığadı sellər
qoynuna!
Soydular Saşanın üz dərisini,
Qəmərdə güllələr xaç
şəkli çəkdi!
Gizləyib tarixin faciəsini,
Dedilər: - Kim görüb, kim görəcəkdi?!
Musa ilə Həyat, Bakirlə Qulu,
Ağdabanda diri-diri yandılar!
İgid
Ziyəddinin doğrandı
qolu,
Vəhşi caynağında parçalandılar!
BTR yeridi Rayətin üstə,
Xıncım-xıncım edib torpağa qatdı.
O mənfur faşistlər durmuşdu qəsdə,
Ölü cəsədlərdən tonqal yaratdı!
Qurban külliyyatı, Şəmşir
xəzinəsi,
Düşmən əlləriylə oda
qalandı,
Rayətin torpaqda "intiqam"
səsi
Elə haray çəkdi, yer yırğalandı!
Ömür deyil nə göz yaşı, nə də yas,
Ordumuz torpağı azad edəcək!
Hələ qarşıdadır qisasa-qisas,
Zəfər bayrağıyla gəlir,
gələcək!
Qocalıq tutub yaxamdan
Qocalıq tutub yaxamdan,
Mənlə uşaqlıq eləyir.
Nə qanır, nə də qandırır,
Tez-tez "axmaqlıq"
eləyir.
Diz taqətsiz, yoxuş uca,
Zayıllayır qocaldıqca...
Gözəllərin arxasınca,
Baxır, qorxaqlıq eləyir.
Neylədiyin özü bilmir,
Fikrinə nə gəldi, deyir.
Əlindən bir iş də gəlmir,
Yersiz şıltaqlıq
eləyir.
Çox
qış gördüm,
çox da bahar,
Nə oldu, nələr də olar?
Əyyubun nə günahı var?
Səhvi qocalıq eləyir.
Moskva,
11.01.2014
Səndən sənə olan
şikayət imiş
Bəlkə istəmişəm qədərdən
artıq,
Bəlkə də olanlar kifayət imiş.
Nə qədər yaxınsan, o qədər uzaq,
Sonu görünməyən
nəhayət imiş.
Gözlərin sinənə yeridi
getdi,
Gözəlliyin məni bürüdü getdi.
Baxışım qoynunda əridi,
Cənnət belədisə qiyamət imiş.
Dil açmamış qəlbimdəkin
bilərdin,
Təmənnamı yayındırıb gülərdin.
Nəyin azalardı, nə itirərdin?
Səndən sənə olana şikayət imiş.
Gözlərinə baxdım, məni
görmədin,
Dilimdə gül açdı, birin dərmədin.
Mənə hər şey verdin, könül vermədin,
Camalını görmək ziyarət imiş.
Söylə indən belə neyləyəcəksən?
Yoxsa son köçümü
əyləyəcəksən.
Vallah yoxluğuma göynəyəcəksən,
Əyyub nağıl imiş, hekayət imiş.
24.07.2014
Qoymur
Sənin baxışında şeytan tükü var,
İlişib qalıram, getməyə qoymur.
Qarşında dönürəm sarı bülbülə,
Elə baxırsan ki, ötməyə qoymur.
Qarşındayam, dili yoxdu sözün də,
Hekayət var bu lal sözün özündə,
Sevda çiçəyisən dünya üzündə,
Ayrı çiçəkləri bitməyə qoymur.
Məndən olsa sənə yetib gedərdim,
Qəlbinin içində bitib gedərdim,
Olmasan, dünyadan itib gedərdim,
Varlığın Əyyubu itməyə qoymur.
Moskva, 16.12.2013
Əyyub CABBAROV
525-ci qəzet.- 2017.- 7 mart.- S.7.