Pərvinin yeni kitabı şabranlı oxuculara təqdim edildi  

 

 

Böyük ədibimiz Cəlil Məmmədquluzadə yazırdı: "Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyin var, qürur hissi ilə deyərdim ki, bütün kainatı, yer üzünü təsvir tərənnüm etməyə qadir sözüm, ana dilim var..." Belə böyük var-dövlətin üstünə istedad bacarığı da əlavə edəndə illərlə, əsrlərlə yaşayan gözəl əsərlər ərsəyə gəlir. Həmin əsərlər isə müəllifi oxuculara sevdirir, onun şöhrətini artırır. Gənc yaşında olmasına baxmayaraq, qısa bir zamanda böyük oxucu sevgisini qazanmış yazıçı ədəbiyyatşünas Pərvin kimi...

 

...Düz beş il öncə, bir yaz günündə Azərbaycan Yazıçılar Birliyinin katibi, Gənc Ədiblər Məktəbinin rəhbəri Rəşad Məcid istedadına xüsusən inandığı, yeni parlamağa başlayan iki cavan müəllifi qədim Şabran elinə - oxucularla, kitabsevərlərlə görüşə gətirmişdi. Onlardan biri Pərvin, digəri isə dünyamızı, çox heyif ki, erkən tərk edən Zərdüşt Şəfi idi. Gənc yazarlar o görüşdən, kitab təqdimatından çox məmnun qaldıqlarını bildirmişdilər. Pərvin isə növbəti görüşə daha böyük uğurlarla, nailiyyətlərlə gələcəyinə söz vermişdi...

 

... budur, o gündən beş il keçəndən sonra, artıq nəinki doğma Azərbaycanımızda, onun hüdudlarından kənarda da yetərincə tanınan sevilən, neçə-neçə kitab müəllifi olan Pərvin öz vədinə əməl edərək, yenidən şabranlı oxucularının görüşünə gəldi. Bu dəfə onları özünün yeni işıq üzü görən "Sevdim səni" kitabı ilə sevindirdi.

 

Tədbiri giriş sözüylə açan Azərbaycan Yazıçılar Birliyi Şabran bölməsinin rəhbəri, tanınmış yazıçı-publisist Aydın Tağıyev "Sevdim səni" kitabının ilk təqdimat mərasiminin paytaxt Bakıda keçirildiyindən xəbərdar olduqlarını dedi. Ölkənin ən tanınmış ədəbiyyat elm xadimlərinin iştirakı ilə keçirilən həmin mərasimin ardından növbəti təqdimatın məhz Şabranda gerçəkləşməsindən məmnunluqlarını ifadə etdi. Aydın Tağıyev bu məqamı Pərvinin şabranlı oxucularına xüsusi münasibətinin, rəğbət ehtiramının təzahürü kimi dəyərləndirdi.

 

Qeyd olundu ki, "Sevdim səni" kitabında Pərvinin özünün seçdiyi sevgi şeirlərinə yazdığı son dərəcə maraqlı esse-təəssüratlar yer alıb. Kitabın redaktoru "Ön söz"ün müəlifi Xalq yazıçısı Anardır. Yeni nəşrdə klassik Azərbaycan şeiri ilə yanaşı, türk, rus şeirləri müasir nəzm nümunələri təqdim edilir. Bunlar sadəcə ədəbiyyatşünas araşdırmaları deyil, şairlərin poetik fikirlərindən təsirlənərək yazılan kiçik sevgi hekayələridir.

 

Mərasimdə iştirak edən AYB katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid dedi ki, bu kitab Pərvinin bir neçə il ərzində "100 gözəl sevgi şeiri" adlı layihə üzrə qəzetdə ardıcıl dərc edilən esselərindən yaranıb. Dünya təcrübəsində sevgi şeirlərindən ibarət antologiyaların mövcudluğunu qeyd edən R.Məcid bu mövzuda şeirlərlə bağlı esse-təəssüratlar yazılmasının isə, ilk uğurlu cəhd sayıla biləcəyini vurğuladı: "Pərvinin kitabının bir mühüm fərqliliyi budur ki, topluda onun seçdiyi gözəl sevgi şeirləri ilə bərabər, onlar haqda esse-təəssüratlar verilib sevginin ən fərqli çalarları, verdiyi yüksək ovqat, yaşatdığı iztirab maraqlı, oxunaqlı tərzdə izah olunub".

 

Bölgədəki ədəbiyyatsevərlərlə görüşün təşkilinə görə Şabran rayon icra hakimiyyətinin başçısı Novruz (Nəcəfoğlu) Novruzova, AYB-nin Şabran bölməsinin rəhbəri Aydın Tağıyevə minnətdarlığını bildirən R.Məcid sonda Pərvinin "Sevdim səni" kitabındakı şeirlərdən birini oxudu.

 

Qonaqları salamlayan Novruz Novruzov AYB-nin Şabran bölməsinin yaranmasını, bölgədə bu kimi maraqlı ədəbi görüşlərin keçirilməsini zəruri sevindirici hal kimi önə çəkdi. Qeyd etdi ki, gənc yazarın gərgin əməyinin, yaradıcılığa ciddi münasibətinin, məhəbbət mövzusuna özünəməxsus baxışının məhsulu olaraq, çox maraqlı, dolğun oxunaqlı bir kitab - müasir məhəbbət dastanı meydana gəlib. Kitabın Bakıda keçirilən təqdimat mərasimində səsləndirilmiş bir fikri təqdirlə xatırladan N.Novruzov "Pərvin xanım ədəbi elmi yaradıcılığında, sözə həyata münasibətində yaşını çox qabaqlayıb" - deyərək, müəllifin yeni uğuruna ürəkdən sevindiyini dilə gətirdi. N.Novruzov istedadlı gənclərin yetişməsində, ictimaiyyətə təqdim olunmasında önəmli rol oynayan Gənc Ədiblər Məktəbinin rəhbəri Rəşad Məcidə bir oxucu kimi öz təşəkkürünü bildirdi.

 

Şabranda beş il öncəki görüşün onun üçün unudulmaz olduğunu deyən Pərvin şabranlıların sözə, sənətə verdiyi dəyərin tarixi köklərə söykəndiyini qeyd etdi. Azərbaycan ədəbiyyatının dahi nümayəndələrindən Fələki Şirvani Əfzələddin Xaqaninin bir zamanlar Şabranda məhbusluq həyatı yaşasalar da, burada möhtəşəm əsərlər yaratdıqlarını xatırladan Pərvin bununla bağlı maraqlı bir fikir söylədi: "Əslində sürgün məkanları boz, darıxdırıcı, ürək sıxan yerlər olar, amma Şabranın təbiəti, mühiti insanı yaşamağa, yaratmağa səsləyir".

 

Pərvin hazırda Şabrandakı ədəbi mühitin canlılığı ilə seçildiyini, tanınmış ədiblərimizdən Novruz Nəcəfoğlunun rayona, Aydın Tağıyevin isə AYB-nin yerli bölməsinə rəhbərlik etməsinin bu işdə xüsusi rol oynadığını diqqətə çatdırdı. O, imzasına, yaradıcılığına göstərilən diqqətli münasibət üçün Şabran ictimaiyyətinə təşəkkürünü ünvanladı. "Sevdim səni" kitabının şabranlıların marağına səbəb olacağına, yeni görüşlərdə bir araya gələcəklərinə ümidvar olduğunu bildirən Pərvin topluda yer verdiyi şeirlərdən birini səsləndirdi.

 

Şabrandakı Xaqani Poeziya Evinin direktoru şairə Aybəniz Əliyar, Rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov da müəllifi yeni uğuru münasibətilə təbrik edərək xoş arzularını çatdırdılar.

 

Sonda Pərvin yeni kitabının imzalı nüsxələrini oxuculara təqdim etdi.

 

Çingiz XALİDOĞLU

Şabran

 

 

525-ci qəzet.- 2017.- 7 mart.-S.7.