80 yaşlı coğrafiyaçı alim: "Ürəyim Azərbaycanın xəritəsidir"

 

Doğru deyiblər, bəzi insanlar anadan sənətləri, peşələri ilə tən doğulurlar. Elə bil ulu Tanrı müəyyən missiyanı həyata keçirmək üçün həmin şəxsləri məxsusi şəkildə dünyaya göndərib: 1937-ci ilin martında qonşu Gürcüstanın Qardabani rayonunda doğulan Tapdıq Həsənov da belə işıqlı taleli insanlardan biridir.

 

Üz-gözündən nur tökülən, sifətinə alimliyi yazılan Tapdıq Güləhməd oğlu fəxrlə hər yerdə "mən xoşbəxtlərin xoşbəxtiyəm ki, vaxtilə mənə Qori Seminariyasını bitirən müəllimlər dərs keçib, onlardan savad, bilik, elm öyrənməklə yanaşı, əsl insan - vətəndaş olmağı öyrənmişəm" söyləməkdən çəkinmir, dədə-baba yurdu Qarayazını, Təzəkəndi, Azərbaycanın Ağstafa-Qazax rayonları ilə bitişik bu qeyri-adi ərazini unutmur, tez-tez ora ağsaqqallıq yaşında da yolunu salır.

 

Tapdıq müəllim həqiqi alim, səriştəli mütəxəssis, ürəyinə dünyaları sığışdıran, öz potensial gücünü tələbələri yolunda şam tək əridən, sərf edən, torpağımızın yeraltı, yerüstü sərvətlərinə işıq tutan nadir coğrafiyaçıların, iqtisadçıların, filosofların ləyaqətli davamçısıdır. İndi çoxlu sayda ardıcılları var və onlar bu gör-götür dünyasında ondan öyrənir, faydalanır, talantından bəhrələnirlər. 1956-61-ci illərdə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Tapdıq Həsənov nə sevimli orta məktəb müəllimi mərhum Cəlil pedaqoqu yaddan çıxarır, nə də Azərbaycanın tanınmış akademiklərini - Həsən Əliyevi, Budaq Budaqovu, Asəf Nadirovu, Şahvələd Xəlilovu, professor Əbdürrəhim Hacızadəni və başqalarını.

 

Tapdıq Həsənovun söylədiklərindən: "Bütün nəslim-köküm əkinçi-biçinçi, maldar, mülkədar həyat tərzi yaşayıb. Babalarımın böyük qoyun sürüləri olub və onlar Qarabağ düzlərinə qədər mal-heyvan çəkər, qışlaq dövrünü o yrlərdə keçirərmişlər. Bunu atamın danışıqlarından da eşitmişəm. Kasıb, yoxsul olmayıblar, eyni zamanda elmə-təhsilə də maraq göstərməyiblər. İlk dəfə buzu necə deyərlər, mən sındırdım, coğrafiyaçı-alim kimi yetişdim, respublikanın "əməkdar müəllimi" adına layiq görüldüm. Qeyri-təvazökarlıq kimi çıxmasın, indi mənim ailəmdə daha üç alim var: oğlum Samir Həsənov Taras Şevçenko adına Kiyev Dövlət Universitetini bitirib, fəlsəfədən namizədlik dissertasiyası yazıb, həyatda öz yolu var. Qızım Ülviyyə ata yolunun davamçısıdır. Coğrafiya üzrə fəlsəfə doktorudur. Gəlinim Sevda ailə ənənəsindən kənarda qalmayıb, o, yaxşı bioloqdur, elmi dərəcəsi var".

 

Professor Tapdıq Həsənovun tərcümeyi-halı daha rəngarəng və maraqlıdı. Tələbəlik illərindən sevib-seçdiyi Tamara Camalova ilə ailə quran gənc mütəxəssis ömür-gün sirdaşı ilə birgə Balakən rayonuna təyinat alıblar. Elə Sarıbulaq kəndində də müəllim kimi əmək fəaliyyətinə başlayıblar. Onlar təkcə pedaqoq kimi yox, həm də geniş dünyagörüşlü ziyalı tək ucqar rayonda ad çıxarıblar. Şagirdlərin inkişafında kəskin dönüş yaradıblar. İlk dəfə məhz Tapdıq müəllimin xahişi ilə rayon maarif şöbəsi uşaqların Gəncə bölgəsinə səyahəti üçün avtobus ayırmış, məktəblilərin ətraf mühiti, təbiəti seyr etmələri ürəklərini riqqətə gətirmiş  şagirdlər həmin səfəri uzun müddət unutmamışlar. Elmə həvəs isə cavan, sağlam Tapdıq Güləhməd oğlunu Bakıya sarı dartırdı. İki illik təyinat müddəti bitən kimi gənc ailə Bakıya döndü və Tapdıq Həsənov dərhal Elmi-Tədqiqat İqtisadiyat İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başladı. Və narahat yaradıcılıq axtarışlarıyla bahəm bir sıra sosial problemlərin həlli məsələləri ortaya çıxdı. Hər yerdə yalnız yaxşı insanların təsiriylə qayğılarının üstündən xətt çəkdi. 1965-67-ci illərdə çalışdığı elm ocağının göndərişi əsasında Moskvada Yanacaq Qazıntıları Elmi-Tədqiqat İnstitutunun əyani aspiranturasında oxumuşdur. Tezliklə "Zaqafqaziya iqtisadi rayonunda mineral gübrələr sənayesinin inkişafı və yerləşdirilməsi" mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi almışdır. Görkəmli tədqiqatçının doktorluq işi də uzun axtarışlarının və araşdırmalarının nəticəsidir. O, "Azərbaycan Respublikası təsərrüfatının ərazi təşkilinin təkmilləşdirilməsinin iqtisadi-coğrafi istiqamətləri" mövzusunun məğzinə varmış, onu dolğun öyrənmiş, yazmış, qətiyyən hansısa irad bildirmək üçün fakt qoymamışdır. Əsər az sonra çap edilmişdir.

 

Nə qədər elmi-tədqiqat işləri ilə məşğul olsa da, günlərin bir günü axır ki, köhnə müəllimlik peşəsi saqqızını oğurladı. Tapdıq Həsənov Bakı Dövlət Universitetindən gələn təklifi geri çevirə bilmədi. Beləliklə, vaxtilə dəhlizləri, auditoriyaları doğma və əziz bir ünvana keçir. İqtisadi coğrafiya kafedrasında assistant, baş müəllim, dossent, professor vəzifələrini tutur. Qaynar pedaqoji mühit Tapdıq Güləhməd oğlunu daha da fəallaşdırır. Alim indiyə qədər 170-dən çox elmi məqalə, tezis, monoqrafiya, beş dərslik, 23 tədris proqramı tələbələrin, bakalavrların, magistrların istifadəsinə verib. Vacib əsərlərinin xeyli hissəsi Rusiyada, Türkiyədə, İranda, Gürcüstanda, İngiltərədə nəşr olunub, internet saytlarına salınıb. Kafedrada elmin və tədrisin təşkili sahəsində yeniliklər edir. Xüsusilə yazdığı "Coğrafiyanın tədqiqat metodları", "Coğrafiya tarixi", "İqtisadi-coğrafi rayonlaşdırma", "Rayon və şəhərlərin planlaşdırılması" kitabları kütləvi surətdə nəşr edilmiş, ali məktəb tələbələrinin ən çox oxuduqları dərs vəsaitlərinə çevrilmişdir.

 

Azərbaycanın müstəqillik illərində alim-pedaqoq daha məhsuldar işləmiş, ictimai fəallığı ilə seçilmiş, bir vətənpərvər ziyalı kimi diqqət mərkəzinə düşmüşdür. Onun Qarabağ münaqişəsi ilə bağlı yaranan qlobal problemə münasibəti "Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələri" əsərində əksini tapıb. Geosiyasi əhəmiyyət daşıyan, məxsusi xəritə sxemləri ilə təchiz olunan bu kitab rus və qazax dillərində də çap üzü görüb. Azərbaycan diaspor təşkilatı tərəfindən həm Rusiyada, həm də Qazaxıstanda yayılıb. Tapdıq müəllim hazırda Nazirlər Kabinetinin qərarı ilə yaradılmış "Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələbatların qiymətləndirilməsi üzrə işçi qrupu"nun fəaliyyətində yaxından iştirak edir.

 

Tapdıq Həsənovun başqa elmi töhfələri də var. Coğrafiyaşünas iqtisadçının AMEA-nın müvafiq institutlarının və fiziki coğrafiya kafedraları əməkdaşlarının birgə müəlliflikləri ilə hazırladıqları (1995) "Azərbaycan Respublikasının iqtisadi rayonlaşdırılması şəbəkəsi" ölkəmizin həyatında böyük əhəmiyyət daşıyır. Bu şəbəkədə bütün bölgələr əksini tapıb. İqtisadi-coğrafi rayonlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına yardım məqsədilə hazırlanıb. Şəbəkəyə baxan kimi hər kəsin gözünün qarşısında Azərbaycanın iqtisadi mənzərəsi canlanır.

 

BDU-nun ictimai həyatında fəal rol oynayan tədqiqatçı-pedaqoqu təkcə saysız-hesabsız tələbələri, aspirantarı, gənc həmkarları deyil, eyni zamanda müəllim yoldaşları və dostları da sevir. Saf niyyətli, əqidəli, yorulmadan ömrünü gilə-gilə dərs otaqlarında, mühazirə salonlarında əridən Tapdıq müəllimi ali məktəb rəhbərliyi həmişə qiymətləndirib. Rektor, akademik Abel Məhərrəmovun diqqəti və bilavasitə qayğısı sayəsində dəfələrlə universitetin fəxri fərmanlarına, diplomlarına, yazılı təşəkkürnamələrinə layiq görülüb. Ustad pedaqoq "Əməkdar müəllim"   "Qabaqcıl təhsil işçisi" döş nişanını fəxrlə sinəsində gəzdirir.

 

Peşə dostu, coğrafiya üzrə fəlsəfə doktoru Maqsud Babayevin söylədikləri maraqlıdır: "Tapdıq müəllim kimi nadir şəxsiyyətlər artıq məktəb yaratmış mütəxəssislərdir. Onun təkcə "Coğrafiya tarixi" kitabını bütün dünya arenasına çıxarmaq olar. Bu cür insanlar elmin, təhsilin tapıntılarıdır, onların qədrini hamımız bilməliyik. Deməyi özümə borc bilirəm ki, Tapdıq müəllimin fəaliyyəti yalnız universitetlə məhdudlaşmır. O, Həsən Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavinidir. Gənc alimlərin əsas havadarı və dayağıdır. Eyni zamanda Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin imtahan komissiyasının dəfələrlə sədri olub".

 

Tapdıq müəllim bizimlə söhbətində bildirdi ki, zaman-zaman Azərbaycan torpaqları müxtəlif məqsədli imperiyalar tərəfindən qayçılanıb, parçalanıb. Çar Rusiyası da, SSRİ də yurdumuzu dəfələrlə böldü, hissə-hissə bədnam qonşularımıza verdi. Qarabağ isə vəhşicəsinə işğalın son həddidir. Ona görə bütün dünya azərbaycanlıları yumruq kimi birləşməli, hər yerdə mübarizələrini aparmalıdırlar. Böyük vətəndaş qüruru ilə "Ürəyim - Azərbaycanın xəritəsidir" deyən coğrafiyaçı alimə Ərdəbildə yaşayan tələbəsi teleqram-məktub göndərib, 80 yaşını təbrik edib. Bu cür eyni məzmunlu yazılar çoxdur. Ən dəyərlilərindən birini isə doğma qardaşı oğlu, Qazaxıstanda iş adamı kimi tanınan Mirəhməd Həsənov yollayıb. Təvazökar insan, böyük azərbaycanlı, nur çöhrəli Tapdıq müəllim isə bu yaz günlərində yalnız sevincini bölüşməklə məşğuldur.

 

Səhər MANAFOVA

Ağacəfər HƏSƏNLİ  

 

525-ci qəzet.- 2017.- 7 mart.- S.8.