"Dostlarıma vəsiyyətimi eləmişəm"

 

Vaqif  Əliyev - 80

 

Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı Vaqif Əliyevlə birlikdə  işləmiş, halal çörək kəsmiş, uzun illər dostluq etmişəm.

Tanınmış pedaqoq, əməkdar müəllim Tədbir Mahmudovun "Oxunmamış nəğmələr"ini oxuyanda universiteti bitirəndən sonra Salyanda rayonlararası qəzetdə işlədiyim illər yadıma düşdü. Vaqifin xoş təbəssümlü, gülümsər çöhrəsi, bir qədər qayğılı, saf baxışları gözlərim önündə canlandı...

... Ağır xəstə idi, yeriyə bilmirdi. Çox əziyyət çəkirdi. Onu ancaq Moskvada müalicə etmək olardı. Buna isə maddi imkanı yox idi. Dostları  əl-ələ verdilər, onu Moskvaya aparıb müalicəsini təşkil etdilər.

Məşhur cərrah əməliyyatdan qabaq xəstəyə açıq-aydın anlatdı ki, o, riskə gedir, ürəyi zəifdir, dözməyə bilər. Vaqif ətrafına yığışan dostlarını göstərib:

- Belə kişilərlə mən hər cür riskə gedərəm, - dedi, - Onlar olan yerdə  mənə heç olmaz. Əgər birdən... Allah bilən məsləhətdir. Mən dostlarıma vəsiyyətimi eləmişəm.

Vaqif özünün altmış illik yubileyində həmin sözləri təkrar edəndə hamı kövrəldi.

Artıq çətinliklər arxada qalmış, cərrahiyyə əməliyyatı uğurlu olmuş, dostları Vaqifi sağaldıb ailəsinə qaytarmışdılar. Sonra da əl-ələ verib onun yubiley  mərasimini təşkil etmişdilər.

Həmin gün Neftçalaya Bakıdan, respublikamızın rayonlarından Vaqifsevərlər gəlmişdilər: qələm dostları, ziyalılar, onun sənətinin pərəstişkarları, doğmaları...

Yubiley mərasimi çox səmimi, bənzərsiz keçdi. Vaqif haqqında ürək sözləri deyildi.

Hacı Hacıyev:

Azərbaycan Jurnalistlər Birliyinin sədri

- Rayon mətbuatında çalışmaq qəzetə rəhbərlik asan deyildi. Vaqif bu işin öhdəsindən ləyaqətlə gəlir. Azərbaycan Jurnalistlər Birliyi onu qabaqcıl mətbuat işçisi kimi tanıyır qiymətləndirir. O, dəfələrlə bizim təşkilatın mükafatlarına layiq görüldü.

Valid Sənani: Əməkdar jurnalist

- Deyirlər, kimi tanımaq istəyirsənsə, onunla yola çıx. Bu da bizə nəsib oldu. 1978-ci ilin payızında jurnalistlərin böyük bir qrupu Türkiyəyə turist səfərinə yollandı. İki həftə ərzində ölkənin yeddi şəhərində olduq. Bu şəhərlərin hamısında mehmanxanalarda Vaqiflə bir otaqda qalırdıq. Mubaliğəsiz deyə bilərəm ki, bu səfərdə mən Vaqifi yenidən kəşf elədim. Onun nikbinliyinə, çörək kəsdiyi adamlara sədaqətinə heyran qaldım.

Habil Əsədov: "Gündoğar" qəzetinin redaktoru

- Bir çox keyfiyyətləri - işdə təmkinli olmağı, dəqiqliyi, necə deyərlər, yüz ölçüb bir biçməyi Vaqif müəllimdən öyrənmişik. Onun davranışı, insanlara münasibəti bizim üçün - qəzetin kollektivi üçün örnək olub.

Ölməz Məmmədov: Yazıçı-publisist

- Vaqif müəllim mətbuatımızın yorulmaz fədaisidir. Ömrünün çoxunu bu nəcib işə sərf edib. Onun adı çəkiləndə gözlərim qarşısında dərin düşüncə istedada malik, xalqın ağrı-acılarını qələmə alan bir publisist jurnalist canlanır.

Mən çıxış edib Vaqifin həmyerlilərinə, dostlarına təşəkkürümü bildirdim. Vaqifə göstərdikləri qayğıya, sədaqətə, etibara görə:

- Sağ olun, var olun, - dedim, - Mən Vaqifin qələm dostları adından sizə minnətdarlığımı bildirirəm. Vaqif etibara, etimada layiq insandır. O, bunu öz zəhməti, gözəl qələmi, insanpərvərliyi, xeyirxahlığı ilə qazanıb. Onun buna haqqı var.

Mən Vaqifin ailəsi, övladları haqqında  ürək sözlərimi dedim. Neçə illər əvvəlki gözəl toy gününü xatırladım. Sonra bu gözəl ailənin möhkəm təməli qoyulan ilk illəri, çətinlikləri yada saldım...

1965-ci ildə Salyanda "Qələbə" qəzeti redaksiyasında işləyirdik. Mən redaktor müavini idim, o, məsul katib. Cavan idik. Vaqif təzə evlənmişdi, bəxtiyar idi. ... gözlənilmədən ağır xəstələndi. Krımda müalicə olundu. Gənc ailə çətin sınaqlardan çıxdı. Mən əlimdən gələni etdim...

Sonralar Vaqifin yolu Bakıya düşəndə mütləq bizə gələrdi. Həmişə gənclik illərimizi xatırlayardıq...

 

***

 

Büllur kimi saf, gözəl insani keyfiyyətləri özündə  təcəssüm etdirən dost itkisi çox ağır olur.

Neftçaladan aldığım ağır xəbərdən çaş-baş qaldım. İnana bilmədim.  Özümü yetirdim, ailəsinə təsəlli verməyə söz tapa bilmədim. Heç zaman özümü belə aciz hiss etməmişdim. Dönüb həmyerli dostlarına baxdım:

- Ailəsinə, övladlarına göz olun, - dedim. - Oğlu əsgərliyini çəkib, ona mütləq tapın.

- Bizdən asılıdır edəcəyik. Başqa cür ola da bilməz, - Tədbir müəllim qətiyyətlə dedi. Mərhumun dostları, yaxınları, Bahəddin, Habil, Qabil, Əbülfət, Mustafa onun sözünü təsdiq etdilər. İlk dəfə görürmüş kimi onlara diqqətlə baxdım. Elə bil üstümdən ağır bir yük götürüldü. Özümdə qəribə bir yüngüllük hiss etdim.

- Vaqifin ruhu şad olsun, -  dedim. - Sizin kimi dostları olanın ruhu inciməz!..

 

***

 

... İşdən yenicə qayıtmışdım ki, telefon zəng çaldı. Neftçaladan Tədbir müəllim idi. Dedi ki, Vaqifin xatirəsinə dostları, yaxınları kitab hazırlayırlar.

Ürəyimdən oldu. Vaqifli gənclik illərimlə baş-başa qalıb xatirəmi qələmə aldım.

 

Əlövsət BƏŞİRLİ

 

525-ci qəzet.- 2017.- 1 mart.- S. 8.