"Şirazi və onun
"Gülşən-i raz" tərcüməsi"
Möhsün Nağısoylunun təqdimatinda
Orta əsrlər Azərbaycan tərcümə
əsərlərinin mətnşünaslıq
və dilçilik baxımından tədqiqində
xüsusi yerə və mövqeyə malik olan görkəmli
elm adamı, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın
müxbir üzvü Möhsün Nağısoylunun
öz zəngin və çoxşaxəli
elmi yaradıcılığı,
saysız-hesabsız elmi
araşdırmaları Azərbaycan
dilçilik elminə
böyük töhfələr
verib.
Onun XV-XVI əsrlər Azərbaycan tərcümə abidələrinin
tekstoloji tədqiqi, tərcümə və dil xüsusiyyətləri
ilə bağlı neçə-neçə əsəri
bir-birinin ardınca işıq üzü görüb. Belə ki, "Orta əsrlərdə Azərbaycanda
tərcümə sənəti"
(2000), "M.Füzulinin "Hədiqətüs-süəda"əsəri"
(2002), "XVI əsr Azərbaycan
tərcümə abidəsi
"Şühədanamə" (2003),
"Əhmədinin "Əsrarnamə"
tərcüməsi" (2005), "Həzininin "Hədisi-ərbəin"
tərcüməsi" (2008), "A.Bakıxanovun "Riyazül-qüds"
əsəri klassik tərcümə nümunəsi
kimi" və digər kitabları Azərbaycan milli humanitar elminin inkşafında mühüm
rol oynayıb, elmi ictimaiyyət tərəfindən yüksək
qiymətləndirilib. Elmi
araşdırmaları əsasən
orta yüzilliklərdə
fars dilindən
Azərbaycan türkcəsinə
edilmiş tərcümə
əlyazmalarının mətnşünaslıq
və dilçilik baxımından tədqiqinə
həsr edilib, bəzi tərcümə əsərlərinin tərtibçisi
və izahlarının
müəllifi olub. Bu
silsiləni yorulmadan və gərgin zəhmətlə davam etdirən alimin bu yaxınlarda "Şirazi və onun Gülşən-i Raz Tərcüməsi"
adlı monoqrafiyası
Türkiyənin Ankara şəhərində
"Manas" yayım
evində işıq üzü görüb. Bu kitabın redaktoru
Könül Mirzədir.
M.Nağısoylunun Türkiyə oxucularına
ilk dəfə təqdim
olunan bu kitabında "Gülşən-i
raz" tərcüməsilə
bağlı filoloji və linqvopoetik tədqiqatla bərabər
əsərin mətni
də yer almışdır.
Məlumdur ki, Azərbaycan ədəbiyyatı tarixi,
ədəbi tərcümə
sənətinin qədim
və zəngin ənənələrini qoruyub
saxlamış və getdikcə inkişaf etdirmişdir. Qeyd edək ki, ədəbi tərcümə
sənəti XV və
XVI əsrlərdə daha
çox inkişaf etmişdir. Həmin dövrlərin ən
geniş yayılan əsərlərindən biri
də Şirazinin
"Gülşən-i Raz"
tərcüməsidir. Orta əsr Azərbaycan tərcümə ədəbiyyatının
nadir incilərindən sayılan
və dünyanın müxtəlif muzey və kitabxanalarında
50-yə yaxın əlyazmasının
tapıldığı bu
əsər üzünün
köçürülməsi və yayılma arealına görə Füzulinin "Hədiqətüs-süəda"
əsərindən geri
qalır. Bu fakt əsərin öz dövrü üçün ən qiymətli əsərlərdən
olduğunu bir daha sübut edir.
Şirazi XV əsr
Azərbaycan-Türk ədəbiyyatının
az tanınmış
söz ustalarından biridir. Şairin günümüzə qədər çatmış,
təsəvvüf mövzusunda
yazdığı türkcə
şeirlərinin sayı
çox deyildir.
Lakin Şiraziyə böyük
şöhrət qazandıran
əsəri "Gülşən-i
raz" tərcüməsidir.
Əsrlərdir ki mühafizə
olunan və əlimizə gəlib çatan lirik şeirlərin ruhu saxlanılmaqla mətnaltı
duyğuları qorunan
bu tərcümə əsəri Şirazinin nə qədər yetkin, şair tərcümə sənətinin
incəliklərinə dərindən
bələd olmasından
xəbər verir.
Azərbaycan tərcümə ədəbiyyatının
dəyərli nümunələrindən
olan bu əsər
3 fəsildən ibarətdir.
Birinci fəsil "Şəbüstərinin
"Gülşən-i raz"
əsəri və onun türkçəyə
ilk klassik tərcüməsi"
adlanır. Bu fəslin ilk yarımfəslində Şeyx
Mahmud Şəbüstəri və onun fars dilində yazdığı Gülşən-i
Raz əsəri haqqında geniş və təfsilatlı məlumatlar verilir ki, onlar da
çoxsaylı mənbələrə
əsaslanır.
Müəllifin "Gülşən-i
raz"ın türkçəyə
ilk klassik tərcüməsi
və onun mütərcimi haqqındakı
tədqiqatından aydın
olur ki, Azərbaycan ədəbiyyatında
Şirazinin "Gülşən-i
raz" əsəri haqqında ilk qısa məlumata elmimizin qarşısında böyük
xidmətlər göstərən
Məhəmməd Əli
Tərbiyətin "Danişməndan"
kitabında rast gəlinir. Alim həmin əsərində
829 / hicri 1426-cı ildə
böyük Azərbaycan
təsəvvüf şairi
Şeyx Mahmud Şəbüstərinin
təsəvvüf haqqında
qələmə aldığı
"Gülşən-i raz"
məsnəvisinin Şirazi
adlı bir şair tərəfindən
Türkiyə türkçəsinə
çevirdiyini və həmin tərcümənin
onun şəxsi kitabxanasında mühafizə
olunduğunu qeyd edir.
Bu əhəmiyyətli
klassik tərcümə
əsərinin sonrakı
aqibətini araşdıran
müəllif qeyd edir ki, XIX əsrin
ikinci yarısında və XX əsrdə Avropanın Vyana, Berlin,
Paris, Sankt-Peterburq, Visbaden
və Vatikan şəhərlərindəki Şərq
əlyazmaları kataloqlarında
da rast gəlinir.
Həmçinin həmin kataloqlarda
Şirazi, Əlvan Şirazi və Əlvan Çələbi
Şirazi və sair göstərilməsini
müzakirə müstəvisinə
gətirir, elmi təhlillər aparır.
Yeri gəlmişkən
qeyd edək ki, ilk qaynaq olan Sehi bəyin
təzkirəsində də müəllifin
nisbəsi qısaca Şirazi kimi qeyd olunur.
Möhsün müəllimin uzun
illərdən bəri
apardığı gərgin
araşdırmalarının nəticəsində XV əsrin
şair və tərcüməçisini sadəcə
Şirazi adlandırmağı
uyğun görür.
Birinci fəslin üçüncü
yarımfəslində tərcümənin
əlyazmaları haqqında
məlumatlar öz əhatəsini tapır və mübahisəli məqamlara aydınlıq
gətirilir. Bu fəslin
sonuncu yarımfəslində
tərcümənin üç
əlyazması haqqında
daha geniş və müfəssəl məlumat verilir. Bunlar İstanbul, Sankt-Peterburq və Vyana nüsxələridir.
İkinci fəsil "Gülşəni-raz"
tərcüməsi və
onun farsca əslinin müqayisəli-linqvistik
təhlili"nə həsr
edilib.
Məlumdur ki, klassik tərcümə
əsərləriylə onların
orijinalları arasında
aparılan tekstoloji müqayisələr Orta əsrlərin tərcüməçilik
sənətinin əsas
xüsusiyyətlərini üzə
çıxarmaq baxımından
mühüm əhəmiyyət
kəsb edir. Həmçinin
orijinalla tərcümə
nümunələrinin müqayisəsi həmin dövrün tərcüməçilərinin
əsərə etdikləri
əlavələr və
ya əsərdən çıxardıqları parçalar
işıq üzü
görür. Bu da klassik tərcümə
sənətində qələmini
sınayan sənətkarların
ictimai-siyasi görüşləri,
estetik zövqləri haqqında məlumat vermiş olur.
Bu fəslin növbəti yarımfəsillərində
Şirazinin tərcüməyə
etdiyi əlavələr
də elmi müzakirə məxrəcinə
gətirilir. Aydın olur ki, mütərcimin etdiyi əlavələr həm ədəbiyyat, həm də dil tarixi
baxımından maraqlı
məlumatlar verir.
Çünki orta əsrlərin
ədəbi-estetik məhsulu
olan əsər həmin zamanın ədəbiyyat nümunəsi
olmaqla bərabər, həm də həmin dönəm ədəbiyyatının əsas
mövzuları, dil-üslub
xüsusiyyəti ilə
bağlı olan faktlar tədqiqatçıya
geniş təhlil imkanı yaradır.
Şirazinin "Gülşəni-Raz" tərcüməsinin
dil-üslub xüsusiyyətləri
əsərin üçüncü
fəslində geniş
şəkildə öz
əksini tapır. Şirazi
türk dilinin zəngin söz-kəlimə
xəzinəsindən, onun
rəngarəng ifadələrindən böyük
ustalıqla istifadə
etmişdir.
Şair-mütərcimin bu əsəri dilinin sadəliyi, axıcılığı və
yüksək poetik xüsusiyyətləri ilə
seçilir. Məsnəvi şəklində qələmə alınmış
bu nümunənin diqqəti cəlb edən cəhətlərindən
biri onun dilində çoxlu sayda türkköklü əski sözlərin işlənməsidir. Təəssüf ki, bu tip sözlərin
bəziləri zamanla unudulmuş və dilin lüğət tərkibindən çıxmışdır.
Azərbaycan-türk ədəbi dili
üçün arxaikləşmiş,
bəziləri isə
dialekt və şivələrdə varlıqlarını
sürdürür. Bunlara
misal: ağ, ağıllanmaq, aşlamaq,
aymaq, çokramaq, dəgmə, dəmrən,
ərgürmək, eşmə,
eyig, gedik, gənəzlik, ig, gönənmək, kırğıl,
pürlənmək, soğulmaq,
sımaq, sin, toylamaq, üyük, yancuq, tüş və s. bu kimi dil faktlarına
müəllif etno-linqvistiq
cəhətdən təhlil
verərkən "Kitabi-Dədə
Qorqud", Mahmud Kaşğarlının
"Divan-i lüğət-it
türk" və digər oğuznamələrlə,
türkmənşəli dialekt
və şivələrlə,
ağızlarla müqayisələr
aparmış və dil faktlarının qədim izlərini ortaya çıxarmış,
bu sözlərin çoxunun orta əsrlərə aid başqa
əsərlərdə də
istifadə olunduğunu
nümunələrlə sübut
etmişdir.
Müəllifin də qənaətincə
"Gülşən-i raz"
klassik Azərbaycan tərcümə ədəbiyyatının,
həmçinin XV əsr
ədəbi yazı dilinin xüsusiyyətlərini
özündə əks
etdirir.
Dibaçəsində Şeyxülislama və
Sultan II Murada ithaf olunduğu qeyd olunan Şirazinin "Gülşən-i raz"
tərcüməsi təsəvvüfə
aid qiymətli əsərdir. Əski türkcənin,
həmçinin klassik
Azərbaycan tərcümə
ədəbiyyatının qiymətli
örnəklərindən biri
olan bu əsr
bütün məziyyətləri
ilə bərabər istər öz dövrünün ictimai-siyasi
fikir tarixi, istərsə də ədəbiyyat və dil tarixi üçün
dəyərli mənbədir.
Zülfiyyə İSMAYIL
filologiya üzrə fəlsəfə
doktoru, dosent,
AMEA Naxçıvan Bölməsinin
böyük elmi işçisi
525-ci qəzet.- 2017.- 1 mart.- S.7.