Gümüş dilli oxucu
esse
Bir çox sahələri kimi, ədəbiyyatına da süni nəfəs lazım olan cəmiyyətin oxucusundan danışmaq, onun yazıçısına verilən tərif qədər çətindir.
Əksər hallarda yerli mətnləri xarici ədəbiyyata uduzduran, danlayan, təhlilə ərinib təhqir etməyi üstün tutan oxucu "imici", daha çox öz dairəsini tərifləyən və yanaşmalarıyla peşəkarlıqdan uzaq təəssüratı yaradan ədəbi tənqidçilər ilə elə də fərqli görünmür. Mən bununla xarizmasından
inkişafa əks-mövqeçilik yağan, mətn yazmaq
üçün müraciət etdiyi dili heç orta səviyyədə
də öyrənmək istəməyən,
yaradıcılığı arxasında qərarsızlıqdan
tir-tir əsən yazıçılarımızın
müdafiəçisi olmaq fikrindən uzağam. Amma istənilən
halda, bir ədəbiyyatı qiymətləndirmək
üçün onun yetişdiyi cəmiyyətin oxucularına
da nəzər salmağın tərəfindəyəm.
Əgər bizə ədəbiyyat lazımdırsa (bizdə
keyfiyyətli ədəbi mətnlərin yaranmamasından hələ
də narahatıqsa, bunu "bədii-estetik proses"
adlandırırıqsa), onda məlum zəncirvari
prosesin son dayanacağı - oxucuya da ciddi fikir verməliyik,
çünki Bartın təbirincə desək, "Oxucunun
doğulması Müəllifin ölümü bahasına
başa gəlir": oxucu ədəbi prosesin sadiq davamı
olmalıdır; bunu dərk etməyən oxucudan gözlənilən
fayda bir yazıçı üçün ən qaranlıq
arzudur.
Tutaq ki, dünyanın
"unudulmuş ədəbi köşəsi"ndə ona səs-küy
salacaq, hadisəyə çevrilmək gücündə bir ədəbi
nümunə möcüzəvi şəkildə yaranıb. Qış
yuxusuna getmiş tənqidçiliyinə güvənməsək,
bu hadisənin kimlər tərəfindən qiymətləndirilməsi
haqda düşüncələrə dalarkən oxucu
sığına biləcəyimiz son ümid yerimiz olur. Əgər oxucu da yoxdursa, onda, ümumiyyətlə,
həmin ədəbiyyatın mövcudluğu sual altına
düşür. İqtisadiyyatın sadə
prinsipi var ki, bu da tələbat olmayan məhsulun istehsal sahələrinin
fəaliyyətinin dayandırılmasını diqtə edir.
Oxucusu olmayan ədəbi fəaliyyət
üçün də bunu demək olarmı? Olarsa, onda
gərək, bu ədəbiyyatın hər bir nümayəndəsi
Don Kixotluğunu boynuna alsın, yox, əgər olmazsa, o zaman
gözlərimizi geniş açıb xarici ədəbiyyat
haqda şəxsi fikir formalaşdıran məhdud oxucu
çevrəsini görərək, onlarla əməkdaşlığa
gəlməyin yollarını axtarmalıyıq.
Çox vaxt kateqoriyalarla əylənməkdən
qəsdən yayınmağa çalışıram, amma
görünür, bu mövzuda onlarsız keçinmək
olmayacaq. Yediyimiz təamlardan tutmuş
baxdığımız filmlərə qədər maddi və
mənəvi tələbatımızı ödəyən
çox şeydə zövqümüzə görə
seçimlər etməli oluruq. Bu fəaliyyət
növünün dəqiq qanunlarına heç harada rast gəlməsək
də, həmişə qətiyyətlə onun müdafiəsinə
qalxmağa hazırıq və əlbəttə ki, bunun
üçün bizə "tutarlı" arqumentlər
lazım olur. Biz sevdiyimiz rəngin, dinlədiyimiz musiqinin...
doğruluğunu sübuta yetirmək üçün hər an yaraq-yasaqlı gəzirik. (Əgər
varsa) mütaliə vərdişimiz də bura aiddir. Adətən detektiv ədəbiyyatı oxuyan
insanlarda predmet və hadisələrə qarşı
önmühakimələyici şübhələr olur, ya da
sevgi romanları vurğunlarında ifrat sentimentallıq diqqəti
cəlb edir. Filosofluğa iddiası olmayan,
amma daim fəlsəfə oxuyan adamların isə hər
şeydə məna axtarması çox insan üçün
yeni xəbər deyil. Qədim Çin təbabətində
təkrarlanan "Nə yeyirsənsə osan", qədim
yunan fəlsəfi məktəblərinə doğma olan
"Nə düşünürsənsə osan" fikirlərinə
uyğunlaşdırsaq, burada da "Nə oxuyursansa osan"
alınar. Sosial mövqeyimizə mütaliə
istiqamətimizin də istər-istəməz böyük təsiri
var.
Əgər biz
yaradıcılıq yoluyla fərqli istiqamətlər təklif
edən bir nəsnədən danışırıqsa,
şübhəsiz, onun istifadəçisini də fərqləndirməyimiz
işimizə yarayar. Müxtəliflik, rəngarənglik
nümayiş etdirməyən bir şey maraqlı olmaq
şansini itirir, eyni zamanda, yeknəsəq oxucuyla
qarşılaşmaq da yazıçı üçün
hadisə sayılmaz. İndi yerli ədəbi
mühitdə oxucuların əlçatan olmasıyla, fikrimcə,
hamı razılaşmalıdır, sosial şəbəkələr
buna ən yaxşı misaldır. Real
görüşləri, imza günləri və əsər
müzakirələrini də əlavə etsək, ortada qəliz
prosesin gerçək mənzərəsini görərik.
Bəs, oxucu məsuliyyətiylə yadda qalmayan
bu mərhələlər prosesə nə verə bilər?
Məncə, söz sənətində "qəhrəmanlıq
göstərən" yazıçıya bəslənilən
münasibət fonunda oxucu da yazıçının qəhrəmanı
olmalıdır.
Oxucuya cəsarət
nümayiş etdirən əsər və ya onu yazan kimi,
öz yazıçısının arxasında duran oxucu da
eyni cür cəsurdur. İstəməzdim ki, dünyanın
harasında baş verməsindən asılı olmayaraq bu kimi
faktlara necəsə mühafizəkarlıq donu geyindirilsin.
Burada artıq sənətin sosioloji əhəmiyyəti
meydana çıxır, sənətçinin fərdi cəhdləriylə
başlayan istənilən ideoloji dalğa beyinlərdə
bişərək sonradan çoxluq tərəfindən dəstəklənir,
zamanla qəlibləşir və hansısa ictimai problemin
asılı tərəflərinə islahatla yanaşmaq cəsarəti
yaradır. Yaradıcılığının
isti dövründə kütlə tərəfindən
novatorluğu qəbul olunmayan, müxtəlif tənqidlərlə
qarşılaşan və ədəbiyyat üzrə Nobel
mükafatı almaqla yalnız sənət
yararlılığı qiymətləndirilən, amma XX əsrin
ortalarından etibarən geniş kütləni əhatə edərək
gəncliyin inqilabi ruhuna çevrilən alman
yazıçısı Herman Hesse ilə baş verən də
məhz bu idi.
Amma məsələnin əks-təsirinin
aşkar olduğu faktlara da rast gəlmək çətin
deyil. Bu, əsasən, tətiyi çəkib onun
razılaşmadığı sosioloji və antropoloji suallar
qoyan yazıçını güllələməyə
hazır dayanmış oxucuya aiddir. Deyək
ki, siyasi baxışları uyğun gəlməyən oxucu sənətçinin
şəffaf açıqladığı və bunu nəyə
görə etdiyinə dair izah verdiyi mətni ölümə
məhkum etməməlidir. "Torpağın
bərəkəti" və "Aclıq" kimi əsərləri
yaratmış yazıçının bir zamanlar Hitler hakimiyyətini
dəstəkləməsi faktıyla
razılaşıb-razılaşmamaqla nəyisə dəyişəcəyimizə
ümid edə bilmərik. Oruell və
Kamünün stalinizmə olan münasibətinin sonradan
postsovet ölkələrində sırf bu nöqteyi-nəzərdən
qəhrəmanlıq sayılaraq, onların ümumi
yaradıcılığına dar ideoloji çərçivədən
baxılması da eyni nəticəylə inkar edilməlidir.
Mütaliəçilikdən
bəhs edərkən müddətsiz məzuniyyətə
çıxmış oxucunu da yada salmalıyıq. Klassik ədəbiyyat
nümunələrindən kifayət qədər oxumuş,
öz ədəbiyyat anlayışını "hər
şeyi bilən yazıçı"nın
təqdim etdiyi o müdrik sfera ilə möhürləmiş
və XX əsrin ikinci onilliyindən bu yana yaranan rəngarəng
ədəbiyyatdan xəbərsiz qalmış bir insanın
dünyagörüşünün arxaikləşməsi
şübhələrindən narahat olmağa dəyər. O,
daim xalq mahnıları mızıldayan və yeri
düşdükcə zəngulə vuran, müasir musiqi
janrlarını özünə yaxın buraxmayan və ya
opera salonlarında klassik musiqinin həzin sədaları
altında yuxuya dalmış insan modelinin əkizidir. Onun sənətə
baxışında birtərəfli Borxes mövqeyi var: ədəbiyyat
çoxdan yekunlaşıb. Amma geridə qoyduğumuz bir əsr
ərzində elmi-texniki sıçrayışın haradasa
klassik mexanikaya əsaslanması (Nyutonu özünə favorit
seçən Eynşteynin nisbilik nəzəriyyəsi, sonradan
buna əsaslanaraq edilən saysız elmi kəşflər, bu
qarma-qarışıq prosesin kvant fizikası və hətta,
dolayısıyla həyatımıza təcrübi səmərə
qatan nano texnologiyanın inkişafıyla nəticələnməsi)
kimi, söz sənətinin də o "bitmiş ədəbiyyat"da
rəngarənglik yaradan interpretasiyasını saya salmamaq
özünütəcridin bir formasıdır.
Mütaliəçilikdə
zövq, şübhəsiz, yeganə meyar deyil. Burada, əlbəttə
ki, IQ də önəmli faktordur, bizim
dünyagörüşümüzdə maddi-mənəvi
predmetləri anlama bacarığımız, doğru və
yanlış, nəcib və rəzil, gözəl və eybəcər
çıxarışlarımız ona borcludur. Bunun fərqinə
varan fəal oxucu istismar yolu ilə deyil, əksinə, onunla əməkdaşlığa
gələrək - eyni zamanda, onun məhdud şəraitdə
çoxalmasına, böyüməsinə kömək edərək
- öz anlayışının üfüqlərini genişləndirir,
maddi formada təqdim olunanlarda mənəvi yönlərin
pöhrələməsinə öz səxavətini əsirgəmir.
Hərdən elə təəssürat
yaranır ki, sanki hansısa yazıçı bizi qəsdən
arzuolunmaz dayazlığa itələyib salmaq istəyir, bizə
dəfələrcə çeynənib
tüpürülmüş mahiyyətlər
bataqlığına arsızca dəvətnamə göndərir. Buna ilk etiraz
edən də, dayanıqlığını təmin edəcək
hər bir pilləsi üçün topladığı kifayət
qədər arqument və misallara bənzərini istəməyən
də elə IQ-müzdür. Onun iradəyə
sığmayan mexanizminin bizim üçün açıq
olan tərəflərinin biri də yuxarıdakı misalın
əksidir: (şəxsi təcrübəmə
sığındığıma görə,
sadalayacağım müəlliflər başqası
üçün dəyişə bilər) mütaliə
tarixçələrində Borxes, Barns, Vulf, Perek, Paviç,
Markes, Hesse və başqa yazıçılar orta səviyyəli
oxucunun IQ-sünə yüksəklikdən kəndir sallayaraq
yuxarı dartmağa səy göstərir, hətta, bəzən
uğradığı məyusluqdan yaranan göz yaşlarını
öz alnında, sifətində yad cisim kimi hiss edirsən. O
cür "düşüncə tiranları" öz
yaradıcılıq prinsiplərinə aydınlıq gətirməyə,
intellektual qaranlığın aydınlaşmasına xidmət
edəcək şərh verməyə həmişə
hazırdırlar. Ora yüksəlmək istəməyən
(və ya buna cəhd etməyən) oxucu onda qüsursuz işləyən
IQ mexanizminə əksərən öz eqosu ilə cavab verir.
Yalnız ona məxsus inkişafa meylli psixi təbəqələri,
müxtəlif alternativlərin dünyanın materialist
mövqeyinə xidmətçi kimi görmək vərdişi
qarşısında qəsdən uduzdurur (ya da kobud desək, ədəbiyyata
mətbəxdə yığılıb qalan boşqabları
da yumaq vəzifəsi yüklənir). Nəticədə
bu istiqaməti müəyyənləşdirənlərlə
özünü mühafizəkarlığına qurban edənlər
eyni hüquqlu oxucu ola bilmir. İkinci
yanaşmaya güvənsək, ədəbiyyat oxucu ilə davam
etməməsi səbəbindən uduzduğunu anlayır və
"oxunub, amma oxunmayıb" kimi paradoksla üz-üzə
qalır.
Bütün bunlara baxmayaraq,
oxucu da yaşadığı cəmiyyətin intellektual dirəyidir. Yazıçı
tərəfindən istehsal olunan mənaların dəyərli
improvizəsinə görə fəal oxucuya minnətdar
olmalıyıq. O, həm də ən yaxşı reklam
meneceridir, daha rahat ünsiyyət imkanlarıyla öz
yazıçısını tanıtdırmağı nəcib
məqsəd hesab edir. Mütaliəsi sayəsində
formalaşdırdığı zövq və intellektual səviyyəsiylə
ətrafına geniş dünya görüşlü ictimai fərd
kimi yaxşı mənada örnək olur. Onun sağlam təqdimatında bədii əsər
daha effektiv təbliğ olunur, sözlər gümüş
dilindən dezinfeksiya olunaraq, yenidən doğulub canlanaraq yeni
həyat qazanır. Yaxşı nəticə
əldə etmək üçün ədəbiyyatımıza
yazıçı-oxucu həmrəyliyi arzulayıram.
Səbuhi
ŞAHMURSOY
525-ci qəzet.-
2017.- 2 mart.- S.7.