"Xəzan
vaxtı bahar bilin Ənvəri..."
Unudulmaz şair və
alim Ənvər Rzanı bir daha ehtiramla yad edərkən...
Qəlbi poetik duyğuluların qəribə
bir dünyası var: ümidsizləşəndə, qəlbini
qəm-kədər, hətta, sevinc belə çuğlayanda təbiətə
üz tutur: gözəllikləri yaşayır, hisslərini
digərləri ilə - oxucuları ilə bölüşməyə
tələsir. Çünki tutumlu poetik deyimlərdə
təbiət gözəlliklərinə
çulğaşmış insan mənəviyyatı, fərdi
fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr
pıçıldaşır, çiçəklər
öpüşür, qayaların göz yaşının ətri
bulaqlardan dadılır.
Məqsədim heç də
onların ümumilikdə haqqında söz açmaq deyil. Azərbaycan ədəbiyyatı
tarixinə adları yazılanlardan biri, könlündəki
silsilə dağlara söykənib, hələ sovetlər
dönəmində Bakıda gözlərini Kəlbəcərə
gedən yollara dikən, ulu yurdu üçün qəribsəyən
Ənvər Rza ədəbi simalar arasında özünəməxsusluğu
ilə sayılıb-seçildi desək, biz də haqqa
tapınmış olarıq.
Şairin ədəbi bioqrafiyasına
qısa nəzər salmaqla fikrimizə, məram və məqsədimizə
körpü salmaq pis olmazdı: Ənvər İsmayil oğlu
Rzayev 1939-cu il martın 3-də Kəlbəcər
rayonunun Aşağı Ayrım kəndində anadan olub.
1957-ci ildə Azərbaycan
Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis
dili fakültəsinə daxil olub. "Göz
işığı" adlı ilk şeiri 1962-ci ildə
"Ədəbiyyat və incəsənət" qəzetində
dərc edilib. 1967-ci ildə məzunu olduğu həmin
fakültədə müəllim, 1972-ci ildə kafedra
müdiri, 1979-cu ildən isə dosent kimi fəaliyyət
göstərib.1985-ci ildə Azərbaycan Yazıçılar
Birliyinə üzv qəbul edilmiş şairin ömrü də
yolları kimi qısa oldu: 1987-ci il iyunun
8-də Moskvada vəfat edən şair-alim vəsiyyətinə
əsasən, öz doğma kəndində torpağa
tapşırılıb.
"Göz işığı"
adlı ilk şeiri "Ədəbiyyat və incəsənət"
qəzetinin 10 fevral 1962-ci il tarixli
sayında çıxdıqdan sonra o, bədii
yaradıcılığa başlamışdı. Dövri mətbuatda
şeirləri və bədii tərcümələri ilə
çıxış edən şair Bayronun "Şilyon məhbusu",
"Mazepa", "Parizina" poemalarını tərcümə
edib, "İngilis poeziyasının Azərbaycan dilinə tərcümə
məsələləri" mövzusunda namizədlik
dissertasiyası müdafiə edərək alimlik dərəcəsi
alıb.
Ənvər Rza qəlbi
poetik duyğularla cilalanmış şair və
bacarıqlı tərcüməçi-alim idi. V.Şeksprin,
G.Bayronun poemalarını ingiliscədən Azərbaycan dilinə
tərcümə etmişdi. Bunlardan
başqa, o, S.Vurğunun "Vaqif" dramını ingilis
dilinə, C.Bayronun "Çayld Haroldun Səyahəti"
poemasını Azərbaycan dilinə tərcümə etsə
də, vaxtsız ölüm imkan vermədi ki, onları
tamamlasın. Ənvər Rzanın indiyədək "Sənsiz"
(1969), "Könlümə bahar düşüb"(1970),
"Nə yaxşı görüşdük" (1985),
"Bəxtəvər dustaq" (şeirlər və poemalar,1994) və "Kəlbəcərə gedən
yollar"(2010) nəşr edilib ki, onun da son ikisini özü
görməyib.
Sonuncu - "Kəlbəcərə
gedən yollar"ında, demək olar ki, şairin
külliyyatı toplanıb. Sağlığında
o qədər də səxavətlə nəşr edilməyən
bütün şeiri, poemaları, həmçinin ingilis dilindən
birbaşa tərcümələri də bu kitabdadır.
Canlı xalq yaradıcılığının
içində böyüyən, dünya ədəbiyyatının
klassik və müasir məzmun və mahiyyətini kamil bilən
şairin əsərləri əbədiyaşar ədəbi
bir irsdir.
Könlümə-gözümə,
sözümə yazılan Ənvər Rza haqqında ustad
Aşıq Qəmkeş Allahverdidən, şair müəllimim
İdris Verdiyevdən, bacısı oğlu Bahadur Sadıq
oğlundan (sonralar isə Azərbaycan Dillər Universitetinin
müəllimi Səfər İsgəndərlidən, daim
yana-yana danışan "Azərnəşr"in baş
redaktoru Əlövsət Ağalarovdan, şair-alim Adil Cəmildən,
filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlidən,
şair Yusif Hüseyndən, alim-şair Mirvari Verdiyevadan...)
eşitdiklərim şairi mənə bir az da sevdirdi. Ona görə də istəyirəm ki, Əlövsət
müəllimin fikirlərinə söykənim. Deyir ki, "Ənvəri yadına salırsanmı
heç"? Bu sərlövhə ilə
yazısını oxumaq olmur Əlövsət müəllimin.
Açığı, göz yaşlarıma
hakim kəsilə bilməyib sona kimi oxuyuram. Öz yazımı yarımçıq saxlamaq istəyirəm,
Ənvər Rzanın qısadan-qısa, lakin dərin mənalı,
nakam ömrü kimi. Nə yaxşı ki, qədirbilənlərimiz
az deyil. Əlövsət
müəllim deyir ki, cəmi üç dəfə
görüşü olub şairlə. Hər
üçü də qəlbinə ən əziz və
unudulmayacaq xatirə kimi yazılıb.
Şairimizin adlarını
yuxarıda çəkdiyim kitablarının hər birini, sadəcə, vərəqləməmişəm.
Ənvər Rza şeirlərinin dillər əzbəri
olmasına kimsənin şübhəsi varsa, ən azı, kəlbəcərliləri
dilləndirsin! Lakin bu yazını qələmə
almaq üçün şairin 1994-cü ildə "Azərnəşr"də
oğlu Pərvizin tərtibçiliyi, Əlövsət
Ağalarovun redaktorluğu ilə işıq üzü
görmüş "Bəxtəvər dustaq"
kitabını yenidən vərəqlədim. Kəlbəcərdən
didərgin düşdüyümüz 24 il
ərzində bəlkə də şair bu qədər mənə
doğma olmamışdı. Göz yaşlarımla
suladığım hər səhifədən
dağçiçəyi, novruzgülü, nərgiz, bənövşə
cücərirdi, sanki... Kəlbəcərin bu məsum
baxışlı çiçəkləri də Ənvərsizləşib
elə bil, solğun idilər. Amma şeirləri elə
təzətərdir ki:
Yaddaşımı xatirələr
kötəklər,
Yaddaşımda pöhrələnər
kötüklər.
Qayıdanda yol verməyə gədiklər,
Bir bəxtəvər dustaq
olam dağlara.
Aman Allah! Bakıdan Kəlbəcərə
- ata yurduna dönəndə imana-dinə gələn şair
geri qayıtmamaq üçün özünə ölüm
diləyirmiş. Hələ bir siz şair fəhminə,
duyumuna baxın: dağların yağı əlinə
keçəcəyini o zamanlardan hiss edirmiş:
Dağlar oğlu, dağa qoyma
yağını,
Aldatdılar, uzaq sandıq
yaxını.
Əritmişəm ürəyimin
yağını,
Ay batanda çıraq olam dağlara.
Əlövsət müəllim
düz yazıb ki, Ənvər Rza Azərbaycan və ümumən
bütün türk dünyasının əvəzsiz
şairidir.
Həmin kitabın ön
sözünü şirin söhbətləri, şeiriyyəti,
söz xəzinəsi incilərindən ərmağanları
qalmış Məmməd Aslanımız yazıb: "Quzeydə
qar sulandı". Yenə də orijinal deyim, yenə
də tapıntı, yenə də Məmməd Aslan
özünəməxsusluğu. Xatırlayıram ki,
şair Yusif Hüseynin də bir kitabının ön
sözünə də qeyri-adi bir sərlövhə
seçmişdi: "Qarəməngül". Amma
açmasında yazmışdı ki, mart ayında qarı
deşib boylanan həmin gülə Kəlbəcərdə
peşəməngül də deyilirdi. Yusifi isə həmin
gülə bənzədir, lakin onun dərdi eləcə əmib
boylanan, böyüyən kimi təqdim edirdi:
Quzeydə qar sulandı,
Ürəyim
qarsılandı.
Yaz gəlməyib, yalandı,
Anamsız da yaz olar?!
Ənvər Rza ruhunu hiss etdinizmi? Təbiəti də doğma anası kimi sevən
şair anasızlığın ağrı-acısını
şeirə görün necə hopdurub?
Nə yaxşı
görüşdük, nə yaxşı yenə!
Dağlar mövzusu Ənvər
Rza poeziyasının ana xətti olub. Şəhərdə
kənd üçün qəribsəyən Ənvər
müəllimin burnunun ucu bilirsiz nələrdən
ötrü göynəyirmiş? Doğulduğu el-oba,
uşaqlığı, sadə insanlar, qohumlar-dostlar, ana təbiətin
füsunkar guşələri...
Bu da yəhərləyib mindiyim boz
daş,
Kövrəlmə, ürəyim, tab
gətir, tablaş.
Ömrümün ləzzəti - a
köhnə dam-daş,
Nə yaxşı
görüşdük, nə yaxşı yenə!
Nəyə vurğun olubsa onun poetik
ifadəsini elə verib ki, qəlbimizə, köksümüzə
bulaq suyu kimi süzülüb:
Vurğundur buy ala, yamaca Ənvər,
Meyl edər yarpıza, umaca
Ənvər.
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı
görüşdük, nə yaxşı yenə!
Ənvər Rza
poetikasının özünəməxsusluğu bir də
ondadır ki, şairin şeirlərinə bəstələnən
mahnılar zaman keçdikcə sanki müasirləşir, gənc
nəslin ruhunu oxşayır və dillər əzbərinə
çevrilir.
Mərhum müğənnimiz Nəzakət Məmmədovanın
ifasında "Elə baxma…" mahnısı isə özgə
bir ovqat yaradır insanda. Baxışların
söhbəti, sevginin, lal məhəbbətin tərənnümü
dinləyicidə bax elə həmin müqəddəs
anları yaşadır.
Nəhayət, onu da deməyi borc
bilirəm ki, bu sətirləri ağ
kağıza köçürməmişdən bir gün
öncə Nazirlər Kabinetindən gələn zəng məni
həm diksindirdi, həm də kövrəltdi. Ənvər
Rza poeziyasını sevən, Kəlbəcərin ədəbi
mühitinin təbliğində yorulmayan, kəlbəcərlilərin
didərginlik illərində daim yanlarında olan, dərdlərini
bölüşən Qurban Sadıqov idi bu dəfə zəng
edib şairin doğum gününü
unudub-unutmadığımızı soruşan. Sağ
olsun. Amma bilmirdi ki, şairin "Kəlbəcərə
gedən yollar" şeiri ilə mən onsuz da bir mənəvi
yol başlamışdım, üzü dağlara.
Kəlbəcərin həsrətindən
qovrulan şair onun yollarını elə incə notlarla təsvir
edir ki, sanki qoşulub onunla o dağlara gedirsən. Amma birdən
fikrin dolaşır, dumana düşüb azırsan.
Haralardan keçib getmir ki, bu yollar:
Min bulaqdan içib gedir,
Qayaları biçib gedir.
Ürəyimdən keçib gedir,
Kəlbəcərə gedən
yollar.
"Qala dərdim" kitabımda
şairin bu şeirinə üz tutub yazdığım "Kəlbəcərə
gedən yollar" rədifli gəraylı ilə fikrimə
nöqtə qoyur və Ənvər Rzaya bir daha əbədilik,
ölməzlik, kəlbəcərsizliyə dözməyənlərə
isə həsrətlərinə son qoyulmasını
arzulayıram.
Yazda əriş-arğac olur
Kəlbəcərə gedən
yollar.
Yayda örüş-arxac olur,
Kəlbəcərə gedən
yollar.
(Ənvər Rza)
Gör neçə ildi
bağlıdır,
Kəlbəcərə gedən
yollar?!
Sinəmiz kimi dağlıdır
Kəlbəcərə gedən
yollar.
Haçalanmır neçə kəndə,
Yolçusu yox bircə bəndə.
Bir yaxşı bax, gör nə
gündə,
Kəlbəcərə gedən
yollar.
Düşməni azdıra bilmir,
Qəbrini qazdıra bilmir,
Yazısın yozdura bilmir
Kəlbəcərə gedən
yollar.
Ot basıbdı, yoxdu izim,
Qırılıb taqətim, dizim,
Qurban olum sizə özüm,
Kəlbəcərə gedən
yollar.
Sizdən keçib atam, anam,
Sizdən keçib, bacım, sonam,
Sizdən ötrü xəstə
canam,
Kəlbəcərə gedən yollar.
Yox, deyəsən belə olarsa dağların bəxtəvər dustağının ruhu bizdən inciyər. Elə ilk və son söz də Ənvər Rzamızınkı olsun:
Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yazda nə var, yaylaqların payızda,
Vəfasını yoxlamağa gəlmişəm.
Susuzyurdum tək məcməyi, tək sini,
Şair kimi sözlə hörüb köksünü.
Gözlə çəkib bu dağların əksini,
Ürəyimdə saxlamağa gəlmişəm.
Göy təpələr sarı örpək bürünür,
Duman, çiskin ayağıma sürünür.
Ata yurdu, qardaş yeri görünür,-
Bir doyunca ağlamağa gəlmişəm.
Naxış olur biçinçinin hər vəri,
Qızıl payız ilhamımın sərvəri.
Xəzan vaxtı bahar bilin Ənvəri,-
Dağ çayıyam, çağlamağa gəlmişəm.
Məhəmməd NƏRİMANOĞLU
525-ci qəzet.-
2017.- 2 mart.- S.6.