Dənizlidə Xocalı acısıyla iki gün -
Fotolar
DƏVƏT
VƏ GEDİŞ
Bakı Avrasiya Universitetində
kafedradaşım, Azərbaycanda əksər aydınların
yaxşı tanıdığı görkəmli jurnalist və
filoloq alim Seyfəddin Altaylı fevralın ortasında mənə
bildirdi ki, qardaş Türkiyənin Dənizli şəhərindən
"Xocalı Çalışma Qrupu" bizim ikimizi ayın
26-27-də həmin şəhərdə Xocalı
soyqırımının 25 illiyinə həsr edilmiş
önəmli tədbirlərə qatılmağa dəvət
edib.
Əlavə etdi ki, ayın
27-də Xocalı soyqırımı ilə bağlı məruzə
də etməliyik. Söhbət Xocalıdan getdiyinə
görə, əlbəttə, tərəddüdsüz razılaşdım.
Şənbə günü
- ayın 25-də Bakıdan İstanbula, oradan da Dənizliyə
uçduq. İstanbulda 5 saata yaxın vaxtımız vardı.
Fürsətdən yararlanıb, orada
magistraturada oxuyan gənc araşdırıcı dostumuz Dilqəm
Əhmədlə görüşdük.
İstanbuldan gələn təyyarələr
Dənizlinin Çardak qəsəbəsindəki hava
limanına enir, oradan da Dənizliyə 52 kilometrlik yol ya
avtobusla, ya da taksi və özəl arabalarla gedilir. Biz də
özəl müsafir kimi rahat bir taksidə axşam
üstü Dənizliyə yetişdik.
Otelimizə girməzdən
öncə gördüyümüz ilk şey qarşı tərəfdəki
nəhəng xoruz heykəli oldu. Düz Dənizli
Böyükşəhər Bələdiyyəsinin binası
qarşısında ucaldılmış bu heykəl
bütünlüklə şüşədən
hazırlanıb. Sən demə, xoruz dənizlilərin
simvolu imiş və onu hətta şəhərin gerbində də
əks etdiriblər. Bizə bildirdilər
ki, hələ ən qədim zamanlardan Dənizli xoruzunun
dünyada ən uzun (26 saniyə) banlayan xoruz olması tarixi əsərlərə
düşüb.
Bizi çox mehribanlıqla
qarşılayan "Xocalı Çalışma Qrupu"nun
başqanı Sədat Sərdaroğlu və qrupun yaxın
köməkçilərindən biri, təqaüdçü
müəllim İslam Günəş Türkiyə Eyitim
Vakfı (TEV) Anadolu liseyi şagirdlərinin əməyi sayəsində
Xocalı faciəsinin 25 illiyi ilə bağlı xeyli iş
görüblər. Qrup "25-ci ilində
Xocalı Soyqırımı" adlı 16 səhifəlik rəngli
ayrıca buraxılış nəşr etdirib, Xocalıda
törədilmiş erməni-rus vəhşiliyini əyani
şəkildə göstərən sərginin
hazırlanmasına da xeyli zəhmət çəkib. Bundan başqa, o, Dənizlidəki məşhur
Pamuqqala Universitetinin Qurultay və Kültür Mərkəzinin
böyük salonunda geniş proqramlı anım tədbiri
hazırlayıb və bizim çıxışımız da
orada ayrıca paneldə olacaq.
XOCALI SOYQIRIMI
ABİDƏSİ ÖNÜNDƏ
"Xocalı
Çalışma Qrupu"nun üzvləri ilə birgə
bugünkü rəsmi anım tədbirinə getmək
üçün səhər Dənizli Böyükşəhər
Bələdiyyəsinin qarşısında, xoruz heykəlinin
qarşısına getdik. TEV Anadolu liseyinin
şagirdləri də gəldilər. Seyfəddin
Altaylı və mən Sədat bəy və İslam bəylə
bir arabada Xocalı soyqırımı abidəsinə yola
düşdük.
Xatırlatmağı gərəkli
sayıram ki, bu abidənin qoyulmasının təşəbbüsçüsü
və bütün zəhmətini çəkən də Sədat
Sərdaroğlu və onun yaratdığı "Xocalı
Çalışma Qrupu" olub. Sədat bəy bizə
bildirdi ki, bu məqsədlə başda Böyükşəhər
Bələdiyyəsi olmaqla hansı qapını döyüblərsə
əliboş qayıtmayıblar və hamı onların təşəbbüsünü
bəyənməklə qalmayaraq maddi və mənəvi dəstək
də göstərib. Onlar Dənizli ilinin (vilayətinin),
demək olar ki, bütün ali vəzifə
sahiblərinin abidənin açılışında
iştirakına nail olublar. Bir neçə il
öncəki anım mərasiminə Azərbaycandan millət
vəkili Qənirə Paşayeva da gəlibmiş.
Biz abidənin yanına
çatanda hələ rəsmilərdən kimsə gəlməmişdi,
o üzdən də ərazi ilə ilk tanışlığa
imkanımız oldu. Öyrəndik ki, abidə ümumi sahəsi
14 hektar olan Azərbaycan Qarabağ Parkında ucaldılıb.
Bu park isə Böyükşəhər Bələdiyyəsi
Məclisinin qərarı ilə salınıb.
Bir azdan, iki-üç dəqiqə
aralıqla rəsmi şəxslər abidə
qarşısına təşrif buyurdular.
Mərasimə Türkiyənin
kökcə Dənizlidən olan iqtisadiyyat naziri Nihat Zeybəkci,
Dənizli valisi Əhməd Altıbarmaq, Dənizli
Böyükşəhər Bələdiyyəsinin
başqanı Osman Zolan, il (vilayət) jandarma komutanı
Çingiz Yıldız, il əmniyyət (polis) müdiri
Mövlud Dəmir, Pamuqqala bələdiyyə başqanı
Hüseyn Gürlesin, Mərkəzəfəndi bələdiyyə
başqanı Mühəmməd Subaşıoğlu, Bakı
Avrasiya Universitetindən professor Ədalət Tahirzadə,
dosent Seyfəddin Altaylı, Türkiyənin müxtəlif
siyasi partiyalarının təmsilçiləri, tələbə
və şagirdlər qatılmışdılar. Adları çəkilən rəsmi şəxslərin
hər biri tədbir başlamazdan öncə bizimlə
görüşüb Azərbaycana ən xoş
arzularını yetirdilər, daim Azərbaycanın yanında
olduqlarını bildirdilər.
Xocalı
soyqırımının 25-ci ildönümünün anma mərasimi
təxminən saat 11-də Azərbaycanın və Türkiyənin
dövlət himnlərinin səsləndirilməsi ilə
başlandı. Öncə Böyükşəhər Bələdiyyə
başqanı O.Zolan abidə önünə çələng
qoydu və giriş nitqi söylədi. Sonra
vali Ə.Altıbarmaq və iqtisadiyyat naziri N.Zeybəkci
Xocalı soyqırımı ilə bağlı öz fikirlərini
söylədilər. Özəlliklə
Zeybəkcinin çıxışı əhatəli oldu.
O, Xocalı soyqırımını Türkiyədəki 15
iyul hadisələri ilə bağladı, düşmənlərimizin
də, taleyimizin də eyni olduğunu bildirdi.
Tədbir bitdikdən sonra
"Xocalı Çalışma Qrupu"nun rəhbərləri
və şəhər bələdiyyəsinin məsul
işçiləri ilə Azərbaycan Qarabağ
Parkını gəzdik. Park magistral yol boyunca zolaq şəklində
uzanır və aşağı tərəfi yeni tikilmiş
böyük bir camedə bitir. Xocalı
soyqırımı abidəsinin arxasında çoxmərtəbəli
nəhəng bir lisey binası inşa edilir və yəqin ki,
onun tikintisi yaxın zamanda başa çatacaq. Həmin ərazidə başqa mühüm obyektlər
də tikilməkdədir. Bunlar hazır
olduqdan sonra Qarabağ Parkının ərazisi, sözsüz
ki, şəhərin ən görkəmli yerlərindən
birinə çevriləcək.
ŞAGİRDLƏRƏ
QƏDİM TÜRK RƏQSLƏRİ ÖYRƏDİLİR
Park ərazisi ilə ümumi
tanışlıqdan sonra Dənizli Böyükşəhər
Bələdiyyəsində kültür və sosial
işlər dairə başqanı Xudaverdi Otaklının dəvəti
ilə xalq rəqsləri topluluğunda olduq.
Burada müxtəlif yaş
qruplarındakı məktəb şagirdlərinin rəqs məşğələlərinə
baxdıq. Azərbaycan oxucusuna bildirim ki, Dənizli Bələdiyyəsi
800-ə yaxın şagirdi pulsuz rəqs dərnəklərinə,
kurslarına cəlb edib və onlara məşq
üçün yer ayırıb. Bələdiyyə
rəqqas şagirdlərin geyimlərini də təmin edir.
Bələdiyyənin seçdiyi peşəkar-professional
rəqqaslar həmin şagirdlərə qədim efe və zeybək
türk rəqslərini öyrədirlər. Çox mürəkkəb quruluşu rəqsləri
şagirdlər gözlərimiz önündə əla
oynadılar. Şəxsən mən
onların oyunundan böyük zövq aldım və Dənizli
Bələdiyyəsinin bu çox önəmli işindən
razı qaldım, çünki qədim rəqslər milli mənəviyyatın,
el ruhunun mühüm bir parçasıdır.
Yeri gəlmişkən, Xudaverdi bəy
şikayətləndi ki, biz hər il Dənizlidə
Qafqaz rəqsləri festivalı təşkil edirik, ancaq hər
dəfə çağırmağımıza baxmayaraq
yalnız Azərbaycandan rəqs qrupları gəlmir. Başımı aşağı salmaqdan başqa nəyə
gücüm çatırdı ki?!
PAMUQQALADA VƏ
SƏRGİ SALONUNDA
Günortadan sonra
"Xocalı Çalışma Qrupu"nun başqanı Sədat
Sərdaroğlu və İslam Günəşin təşəbbüsü
ilə Pamuqqalaya getdik. Həm dünyanın 8 nadir təbiət
möcüzəsindən biri olan Pamuqqalanı, həm də
onun lap yanındakı qədim Hierapolis şəhərinin
qalıqlarını ziyarət etdik. Mənim
oraya 2013-cü ildəki səfərimdə gur turist
axını vardı. Ancaq Rusiya ilə təyyarə
münaqişəsindən və terror hadisələrindən
sonra Türkiyəyə turist axınının kəskin
azalması burada da özünü açıq-aydın
göstərirdi.
Pamuqqaladan dönüncə
Dənizli Böyükşəhər Bələdiyyəsi
A.R. Turan Bahadır sərgi salonu və qalereyasına baş
çəkdik. Geniş zalda müxtəlif
fotoqrafların çəkdiyi sənət əsərləri
sərgilənirdi. Burada olduqca maraqlı
fotolar vardı. Sərgi salonunun müdiri, eyni zamanda bir
neçə fotonun müəllifi Zəki Akakça ilə tanış olduq. Güclü sənətkardır!
"Dənizlinin rəngləri" adlı fotoalbomunu
bizə bağışladı.
Axşama doğru ziyarət
etdiyimiz yerlərdən biri də Dənizli Böyükşəhər
Bələdiyyəsi El Becəriləri Kurs Mərkəzi və
Kültür Evi oldu. Bina bələdiyyənin olsa da bu
Kültür Evinin içini İslam Günəşin əl
işləri və onun yaratdığı kitabxana bəzəyir.
Xatırladıram ki, kökcə Azərbaycan
türklərindən olan İslam bəyin babası vaxtilə
İğdırdan Dənizliyə gəlib. İslam bəy uzun illər müəllim işləyib
və indi təqaüddədir, ancaq şəhər bələdiyyəsi
ilə yaxın əlaqə saxlayır. Onun
yaratdığı bu gözəl elm, incəsənət və
istirahət ocağında Azərbaycanla bağlı çox
şey var.
BƏLƏDİYYƏ,
YOXSA ELMLƏR AKADEMİYASI?!
Ayın 27-də
gördüyümüz ilk iş Dənizli Böyükşəhər
Bələdiyyəsinin dairə başqanı Xudaverdi
Otaklını ziyarət etmək oldu. Onun
kabinetində Azərbaycanın İstanbuldakı konsulunun
müavini, əslən Qəbələ rayonunun Vəndam kəndindən
olan Yadulla Paşayevi görüncə sevindik. İxtisasca şərqşünas olan və indiyədək
başqa ölkələrdə də diplomatik işdə
çalışmış Yadulla bəy də İstanbuldan təyyarə
ilə Pamuqqala Universitetində keçiriləcək tədbirə
qatılmaq üçün gəlmişdi. Azərbaycanı rəsmi dövlət nümayəndəsinin
təmsil etməsi burada hər kəsi, hamıdan çox isə
"Xocalı Çalışma Qrupu"nu məmnun
etmişdi.
Xudaverdi bəy bizi Dənizlinin tarixi
və bələdiyyənin xalq sənətlərinin
inkişafına dəstəyi ilə tanış
etdi. Ancaq bu məsələyə keçməzdən
öncə xatırladım ki, şəhərdəki gəzintilərimiz
zamanı çox yerdə Bələdiyyə başqanı
Osman Zolanın portretləri yanında "Söz vermişdik,
yapdıq" və "Söz vermişdik,
yapırıq" yazılmış iri lövhələri
görmüşdük. Həmin lövhələrdən
aydın olurdu ki, Dənizli Bələdiyyəsi Osman bəyin
başqanlığı dövründə şəhər həyatında
böyük önəmi olan 121 mühüm layihəni
gerçəkləşdirməyi (yollar, körpülər,
bağlar və b.) öz üzərinə götürüb və
onların xeyli hissəsi artıq xalqın istifadəsinə
verilib. Başqa sözlə, Bələdiyyə
xalqın rifahını yaxşılaşdıracaq çox
ciddi abadlıq işləri ilə məşğuldur. Ancaq nə gizlədim, Seyfəddin bəylə məni
bir elm adamı olaraq daha çox Bələdiyyənin kitab nəşri
sahəsindəki fəaliyyəti maraqlandırdı.
Azərbaycan oxucusuna inandırıcı
gəlməyə də bilər, ancaq Dənizli
Böyükşəhər Bələdiyyəsinin
2006-2016-cı illər arasında, yəni son 10 ildə
yazdıraraq nəşr etdirdiyi 111 kitabın siyahısı ilə
tanış olduqda heyrətə gəldik! Bələdiyyənin
sifariş verərək yazdırdığı, yaxud müxtəlif
alimlərin yazaraq təqdim etdikləri hazır əsərlərin
hamısı Dənizliyə aiddir! Onların əksəriyyəti
ümumən Dənizli ilinin (vilayətinin) tarix, mədəniyyət,
təbiət və çağdaş sosial həyatına, Dənizlinin
Türkiyəyə verdiyi görkəmli insanlara... həsr
edilsə də bu torpaqda yetişmiş onlarca şair və
yazıçının müxtəlif janrlı əsərləri
də az deyil. Pamuqqala Universitetində
çalışanların və başqa alimlərin əməyinin
məhsulu olan və yüksək elmi səviyyədə
yazılmış bu kitablarla nəinki tanış
olduq, hətta onların bir çoxunu bizə hədiyyə də
etdilər. Həmin əsərlər arasında
Dənizli tarixinə dair əski sənədlər
topluları, Dənizlidəki ilk qəzetlər və ilk teatr əsərləri,
Dənizlinin nüfus (əhali) tarixi, turizm məkanları, yeməkləri,
hətta quşları (179 növ quş təsvir edilib), kəpənəkləri
(100 adda kəpənək təsvir olunub)... haqqında ən
müasir poliqrafik səviyyədə xeyli ciddi əsəri nəşr
edilib (Bələdiyyənin öz mətbəəsində!).
İstər-istəməz adamın gözləri önündə
sanki bir Elmlər Akademiyasının, yaxud bütöv bir
Elmi-tədqiqat İnstitutunun gördüyü elmi iş
canlanır. İnanmaq istəmirsən ki, Bələdiyyə
birbaşa vəzifələri ilə yanaşı, bu cür ən
yüksək səviyyəli elmi maarifləndirmə işi də
aparır! Ancaq Azərbaycan icra hakimiyyətlərinin alimlərə
və elmə münasibətini xatırlayınca Dənizliyə
həsəd aparmamaq olmur...
PAMUQQALA
UNİVERSİTETİNDƏ XOCALI SƏRGİSİ
Dənizlidəki Pamuqqala Universitetinin
15 fakültəsi, 5 institutu, 4 yüksək okulu (ali məktəbi), 12 məslək yüksək
okulu (peşə ali məktəbi) var və burada 80 minədək
tələbə oxuyur. Onun möhtəşəm
Qurultay və Kültür Mərkəzinin birinci qatında
"Xocalı Çalışma Qrupu"nun
hazırladığı Xocalı soyqırımı ilə
bağlı çox təsirli bir sərgi təşkil
edilmişdi. Burada Qrup üzvləri olan
lisey şagirdlərinin Sədat Sərdaroğlunun rəhbərliyi
altında hazırladığı yandırılmış
evlərin, məhv edilmiş insanların maketləri,
çoxlu fotolar faciənin dəhşətləri haqqında
əyani təsəvvür yaradır. Hər
iki-üç addımdan bir iki şagird sərgiyə gələnlərə
soyqırımın fərqli məqamlarını anladır.
Mənim diqqətimi cəlb edən Rusiyanın
"Literaturnaya qazeta" qəzetinin müxbiri Zori
Balayanın və Ermənistanın indiki prezidenti Serj
Sarkisyanın fotoları arasında Balayanın bu cümləsi
oldu: "Əsgərlərimiz 13 yaşında bir türk
çocuğunu pəncərəyə
mismarlamışdı. Dərisini soyub saata
baxdım. Türk çocuğu 7 dəqiqə
sonra öldü".
Sərgiyə böyük
maraq vardı.
Universitet tələbələri və orta məktəb,
lisey şagirdləri kütləvi şəkildə gəlirdilər.
Salonun başında tələbələrdən
ibarət musiqi heyəti "Sarı gəlin" və
başqa Azərbaycan havaları çalırdı.
Ancaq sərginin ən təsirli
eksponatlarından biri Türkiyənin məşhur
romançılarından biri Həsən Kallimcinin
qızı Fəriştə xanımın yağlı boya ilə
çəkdiyi çox böyük Xocalı faciəsi tablosu
idi. Həmin rəsm əsərini konsulun müavini
Yadulla Paşayev də bəyəndi.
Yeri gəlmişkən, elə sərgidəcə
Pamuqqalanın Azərbaycandan olan tələbələri bizə
yaxınlaşıb tanış olurdular. Onlar ən müxtəlif fakültələrdə
oxuyurdular.
BÖYÜK ZALDA
ANIM TƏDBİRİ
Saat 3-də Universitetin təxminən
5 yüz nəfər tutan böyük zalında "Xocalı
Çalışma Qrupu"nun təşkilatçılığı
ilə Xocalı soyqırımının 25 illiyini anma mərasimi
keçirildi.
Mərasimə Bələdiyyə başqanı Osman Zolan, Azərbaycan
konsulunun müavini Yadulla Paşayev, Pamuqqala kaymakamı Xeyrəddin
Balcıoğlu, il (vilayət) milli təhsil müdirinin
müavini Hüseyn Başgün, ilçə (rayon) milli təhsil
müdiri Rəşad Ərdoğan, çoxlu
tanınmış ziyalı, Universitetin müəllim və tələbələri
qatılmışdı. Vali gəlməyə
söz versə də vacib işi
çıxdığından, imkan edə bilməmişdi.
Protokola uyğun olaraq Azərbaycan nümayəndələri
Bələdiyyə başqanının yanında əyləşmişdilər.
Böyük zal
ağzınadək dolmuşdu.
Mərasim şəhidlərin
ruhuna sayğı duruşu və Türkiyənin İstiqlal
marşının oxunması ilə başlandı.
"Xocalı
Çalışma Qrupu"nun başqanı Sədat Sərdaroğlu
və TEV Anadolu liseyinin müdiri Fevzi Yetik təqdim və təşəkkür
çıxışları etdilər. Sonra söz Dənizli
Böyükşəhər Bələdiyyə Başqanı O.Zolana
verildi və o, Xocalı faciəsi haqqında düşüncələrini
paylaşdı.
"Xocalı Çalışma
Qrupu"nun
keçən ildən bu ilədək
gördüyü işlər haqqında hesabat şəkilli
bir slayd göstərildi.
Musiqi müəllimi Əminə
Çivi Azərbaycan mahnılarını oxudu. Onun
mahnıları arasında iki şagird səhnəyə
çıxdı. Azərbaycan bayrağına
bürünmüş qız Şəkidə yaşayan
görkəmli ədib Vaqif Aslanın, Türkiyə
bayrağına bürünmüş ikinci qız isə
romançı Həsən Kallimçinin bir-birinə
yazdıqları türk dünyası ilə bağlı həsrət
və düşüncələrini ifadə edən iki
şeiri oxudular.
V.Aslan dostu H.Kallimciyə 5 bəndlik
şeir yazıb göndərib:
Mən bu dərdi udamadım, ay Hasan!
Göz yaşımı tutamadım,
ay Hasan!
Qafqazlarda budaq-budaq budandım,
Budayanı budamadım, ay Hasan!..
H.Kallimci isə ona 9 beytlik belə
cavab verir:
Alev topu dertler, bizi çok gerdi;
Ağlattı, inletti, yerlere
serdi.
Kişi, kardeşiyle paylaşır
derdi;
Görüşelim, konuşalım,
ay Vaqıf!
Derdimizi paylaşalım, ay Vaqıf!..
Bundan sonra Xocalı qətliamı
paneli başlandı. Pamuqqala Universitetinin müəllimi, paneli
idarə edəcək dos. Süleyman Solmaz
məruzə etmək üçün məni və Seyfəddin
bəyi səhnəyə dəvət etdi.
Mənim mövzum Xocalı
soyqırımında Rusiya faktoru idi. Məruzəmdə 1805-ci ildən
üzübəri rusların Qafqazda və Azərbaycanda ermənilərdən
necə yararlanması tarixinə toxundum və Türkiyə ilə
Azərbaycanın qardaşlığı məsələsindən
də söz açaraq Azərbaycan türklərinin
Türkiyədə "azəri" adlandırılmasına
etirazımı bildirdim.
Dosent Seyfəddin
Altaylının da çıxışı böyük
maraqla qarşılandı. O, Xocalı soyqırımı
zamanı baş vermiş bir çox dəhşətli hadisəni
təsvir edərkən zal sanki donaraq diqqətlə qulaq
asırdı.
Məruzələr bitdikdən
sonra Süleyman bəy də daxil, üçümüzə
də plaket (təşəkkür bəlgəsi) verildi.
Ən sonda Dənizlinin
mühüm vəzifəliləri ilə yanaşı,
çoxlu tələbə və şagird də bizimlə
birgə şəkil çəkdirdi.
Bununla da Dənizlidəki 2
gün çəkən Xocalı soyqırımı
anımı başa çatdı.
01.03.2017
Ədalət
TAHİRZADƏ
Bakı Avrasiya
Universitetinin professoru
525-ci qəzet.- 2017.- 2 mart.- S.4.