Azərbaycanlı xarakterinə abidə ucaltmış sənətkar

 

Görkəmli ədibimiz Fərman Kərimzadənin 80 illiyinə

 

Azərbaycan bədii nəsrinin görkəmli nümayəndəsi, unudulmaz yazıçımız Fərman Kərimzadə 1937-ci il martın 3-də Ağrı dağının ətəklərində, bütün ömrü boyu ürəyində həsrətini yaşatdığı Vedibasarda, Vedi rayonunun Böyük Vedi kəndində anadan olub.

Uşaqlığını başlarına qayalardan təbii tac qoyulmuş qoşa əzəmətli Kərsən dağlarının arasında yerləşən Vedidə keçirmiş Fərman Kərimzadə zirvəsi qayalarla haşiyələnmiş Kafir qalasından, səsi zümzümə təsiri bağışlayan Vedi çayından, Dədə Qorqud keçən yerlərdən bədii zövq almış, təbiətin vurğunu olub, ondan bəhrələnib. Uşaqlıq illərinin xatirələrində deyilir: "Bulaq sularının axdığı su yatağı dümdüz hamar idi. Ətrafda yemişan, zirinc, həmərsin kolları çiçək açmışdı. Allah, necə gözəl idi. O dərədə gördüyüm gözəllik mənim üçün bir etalona çevrildi. İndi başa düşürəm ki, həmin gözəlliyə çox baxmaq onu adiləşdirə bilərdi".

Fərman Kərimzadə bilmirdi ki, bir zamanlar şirin xatirələrdə qalacaq o gözəl yerlərə, doğma Vediyə minlərlə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız kimi o da həsrət qalacaq. Sonuncu dəfə 1988-ci ildə ustad xanəndəmiz Alim Qasımovla birlikdə Vedini ziyarətə gedən Fərman Kərimzadə səfər təəssüratlarını "Vedinin yanı dağlar..." etnoqrafik eskizlərində qələmə almışdı. Çox keçmədi ki, erməni şovinizminin xalqımıza qarşı törətdiyi ağlasığmaz vəhşiliklər, soyqırımlar nəticəsində soydaşlarımız ata-baba yurdları olan Qərbi Azərbaycandan zorla köçürüldülər. Ermənilərin Qarabağda başladıqları "Böyük Ermənistan" xülyası bir milyondan artıq insanın qaçqınlıq köçkünlük həyatına rəvac verdi. O ağır günlərdə respublikamıza qaçqın axını başlayanda onların yerləşdirilməsi prosesində Fərman Kərimzadə fəal iştirak etmişdir. Yazıçı elə bu məqsədlə Tərtər rayonunun Bəyim Sarov kəndində olmuş, orada qohumlarının evində qalaraq yurdundan didərgin düşmüş insanların ağır üzücü anlarında onlara mənəvi maddi köməkliyini əsirgəməmişdir. Kitablarından aldığı qonorarı da son qəpiyinəcən qaçqınlara paylamışdır. Qərbi Azərbaycandan didərgin salınmış insanların Tərtər rayonunda, xüsusilə Bəyim Sarov kəndində məskunlaşmasında Fərman Kərimzadənin böyük xidmətləri olmuşdur. Qəlbində vətən boyda dərdin ağırlığını gəzdirən yazıçı ermənilərin azərbaycanlılara qarşı etdikləri vəhşiliklərdən sarsılır. Hadisələrin şahidlərinin dilindən eşitdiyi dəhşətli xəbərlər, faciələr həssas yazıçının qəlbini elə yerindəcə susdurur. Tab gətirmir bu insanlıq adına sığışmayan vandalların vəhşiliklərinə. 1989-cu ilin 17 martında elə orada - Tərtər rayonunun Bəyim Sarov kəndində əbədiyyətə qovuşur. Yazıçının qızı Yeganə Kərimzadə o ağrılı-acılı günləri xatırlayaraq deyir: "Biz Novruz bayramında qardaşım üçün nişan aparacaqdıq. Ancaq gözləmədiyimiz halda atamın ölüm xəbərini eşitdik". Bu üzücü xəbər nəinki ailəni, bütöv Azərbaycan xalqını Fərman Kərimzadə şəxsiyyətinin sənətinin pərəstişkarlarını çox sarsıtdı. Azərbaycan xalqı qeyrətli, vətənpərvər oğlunu, ədəbiyyatımız isə istedadlı bir yazıçısını itirdi. İtirdi deməzdim, həm yenidən qazandı, kəşf etdi. Çünki o da vətənə olan sonsuz məhəbbəti ilə şəhidlik zirvəsinə ucaldı. Mart ayında dünyaya gələn yazıçı mart ayında da gözlərini əbədi yumdu.

Mənim Fərman Kərimzadə yaradıcılığı ilə tanışlığım hələ orta məktəb illərindən başlanıb. O zamanlar yazıçının "Qarlı aşırım" romanı oxucular arasında böyük populyarlıq qazanmışdı. Həmin əsərin ssenarisi əsasında çəkilmiş "Axırıncı aşırım" filmi nəinki çəkildiyi dövrdə, hətta indi maraqla baxılan, sevilən filmlərdən biridir. Ancaq bilmirdim ki, bir zamanlar  əsərlərini oxuduğum bu vətənpərvər, istedadlı yazıçının yaradıcılığı mənim taleyimdən keçəcəkdir. Sonralar yazıçının "Xudafərin körpüsü", "Çaldıran döyüşü", "Təbriz namusu" "Qoca qartalın ölümü" romanlarını da birnəfəsə oxuyub yazıçının qəlbindəki vətən, yurd, torpaq sevgisinin böyüklüyünə heyran qaldım. Dönə-dönə müraciət etdiyim bu əsərlərə olan sonsuz marağım məndə Fərman Kərimzadə yaradıcılığına böyük həvəs oyatdı. Artıq 90-cı illərin əvvəllərində Bakı Dövlət Universitetinin dissertantı olmaq istəyəndə qəti şəkildə qərara aldım ki, F.Kərimzadənin yaradıcılığını tədqiqat obyekti kimi seçim. Belə oldu. Elmi rəhbərim professor   Təhsin Mütəllimov mənim fikrimi bəyəndi dəstəklədi. Sözarası F.Kərimzadə ilə dost olduğunu da xatırladı. Mən Fərman müəllimin arxivi ilə tanış olmaq üçün bacımla o zaman onların "Azərbaycanfilm" kinostudiyasının yanındakı evlərinə getdim. Onu da deyim ki, Fərman müəllimgil Abbasqulu bəy Şadlinski rolunun əvəzsiz ifaçısı Həsən Məmmədovla qonşu idilər. Bizi yazıçının həyat yoldaşı Xalidə xanım və qızı Yeganə xanım qarşıladı. Dəhlizə daxil olan kimi divara vurulmuş asılqan diqqətimi cəlb etdi. Bu asılqan maral buynuzundan idi. Yazıçı "Xallı maral" povestində təbiətin bu ecazkar varlığından, onun qorunmasından geniş bəhs etmişdi. Yeganə xanım bildirdi ki, atama bu maral buynuzunu bir dostu hədiyyə etmişdi. F.Kərimzadənin ruhunun dolaşdığı otağına daxil olduqda daha maraqlı səhnələrlə qarşılaşdıq. Yazıçının kitab rəfində səliqə ilə düzülmüş çoxlu sayda  kitabları, onun qarşısında isə xalqımızın tarixi keçmişini əks etdirən saxsı, gil qablar, rəngarəng daşlarbaşqa eksponatlar... Bütün bunları seyr etdikcə yazıçının Azərbaycan xalqının çoxəsrlik tarixi keçmişinə, milli dəyərlərimizə olan sonsuz məhəbbətini bir daha yəqinləşdirdim. Sonra diqqətimi Azərbaycan-Səfəvi dövlətinin yaradıcısı, istedadlı şairböyük hökmdar Şah İsmayıl Xətainin divardan asılmış portreti cəlb etdi. Bu portreti Fərman müəllim öz əlləri ilə çəkmişdi. Mən artıq yazıçının türk dünyasının böyük hökmdarına olan sonsuz sevgisinin bir daha şahidi oldum. Sənətkarlıqla yaradılmış portret F.Kərimzadənin çoxsaylı rəsm əsərlərindən biri idi. Axı F.Kərimzadə həm də istedadlı rəssam idi. O, 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə qəbul olunmuş və 1960-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdi. Təhsil illərində canlı tablolar yaratmış, nəinki Bakıda, həm də Moskva, Sankt-Peterburq, Kiyev, Minsk, Tbilisi, Kazan, Mahaçqala, Dərbənd və başqa şəhərlərdə təşkil olunmuş yaradıcı sərgi-konfranslarında fəal iştirak etmiş, bədii tabloları, maraqlı rəsmləri tamaşaçıların diqqətini cəlb etmiş, müxtəlif mükafatlara, diplomlara layiq görülmüşdür. Sabir Rüstəmxanlı yazır: "Rəssam idi və dünyanın bütün rənglərini yaxşı seçirdi: sevincin və kədərin, yaxşı və pisin rənglərini gözəl bilirdi. Onun ruhunun  istedadının açılmamış, gizlison dərəcə doğma cəhətlərini görmüşdüm". F.Kərimzadə yaradıcılığının ilk dövrlərində iki yol ayrıcında qalmışdı. Yazıçılıqmı, rəssamlıqmı? - deyə xeyli düşündükdən sonra birinci yolu seçmiş və 60-cı illər ədəbi nəsrinə yeni ab-hava gətirmişdi. Lakin F.Kərimzadənin tarixi romanlar müəllifi kimi şöhrətlənməsində onun rəssamlıq bacarığı, dərin həyati müşahidələri, tarixi məxəzlərə bələdliyi böyük rol oynamışdır. Yazıçı Şah İsmayıl Xətai, Sultan Səlim, Pənah xan, Çingiz xan, Aləmşahbəyim, Abbasqulu bəy, Kərbəlayi İsmayıl və başqalarını təsvir edərkən bədii sözün qüdrəti ilə onların əzəmətli və yenilməz portretlərini yaratmağa nail olmuşdur.

F.Kərimzadənin otağında ona məxsus hər bir əşya məndə yazıçının şəxsiyyəti, daxili dünyası haqqında zəngin təəssürat oyatdı. Onun xırda hərflərlə, incə xətlə yazdığı, az qala bir səhifədə iki səhifənin mövzusunu yerləşdirdiyi vərəqlərlə tanış olduqda yazıçının nə qədər zəngin tarixi sənədlərə istinad etdiyini gördüm. Söhbət əsnasında həm Xalidə xanımın, həm də Yeganə xanımın Fərman müəllim haqqında kövrək xatirələrini dinlədik. Xalidə xanım Fərman müəllimin sonuncu dəfə Tərtərə gedərkən gülümsəyərək qapı ağzından ona əl etməsini və tezliklə qayıdacağını xatırlaması bizi də kövrəltdi. Biz Yeganə xanımla qərara aldıq ki, Fərman müəllimin ömrünün son günlərini yaşadığı, ruhunun dolaşdığı Tərtər rayonunun Bəyim Sarov kəndinə yola düşək və rayon mərkəzində yazıçının xatirə gecəsini keçirək. Biz əvvəlcə Bərdəyə, oradan isə Bəyim Sarov kəndinə getdik. Kəndin qonaqpərvər sakinləri, xüsusilə də Fərman müəllimin qohumları bizi çox böyük hörmətlə qarşıladılar. F.Kərimzadənin orada gördüyü böyük işlərdən, onun vətənpərvərliyindən, insanlara qarşı hədsiz həssaslıq və qayğıkeşliyindən yana-yana söhbət açdılar. Belə bir insanın çox erkən - 52 yaşında əbədiyyətə qovuşmasını təəssüf hissi ilə yad etdilər. Səhərisi gün biz Tərtər rayon mərkəzində olduq. O zaman Tərtər rayon icra hakimiyyəti başçısının əvəzi Fəxrəddin Haqverdiyev (Əbdürrəhim bəy Haqverdiyevin nəvəsi - G.B), mədəniyyət şöbəsinin müdiri Mirzə müəllim və digər məsul şəxslər  bizimlə söhbət edərək gəlişimizin məqsədindən xəbərdar oldular. Onlar bizim təşəbbüsümüzə qoşuldular və məmnuniyyətlə bizə yardımçı oldular. Tərtər rayon Mədəniyyət evində baş tutan xatirə gecəsində əvvəlcə foyedə yazıçının kitablarının sərgisini təşkil etdik. Sonra möhtəşəm bir tədbir düzənləndi. İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin, ziyalıların və Bəyim Sarov kəndinin nümayəndələrinin iştirakı ilə F.Kərimzadənin xatirə gecəsini keçirdik. Gecədə yazıçının geniş və çoxşaxəli yaradıcılığı haqqında məruzə etdim. Mən yazıçının bütöv yaradıcılığına işıq salmağa çalışdım. Xüsusilə də, öz ömrünü  Qarabağ xanlığının timsalında parça-parça olmuş Azərbaycanımızın birləşdirilməsi uğrunda mübarizəyə həsr etmiş Pənahəli xanın ictimai-siyasi fəaliyyətindən bəhs edən "Qoca qartalın ölümü" tarixi romanından söhbət açarkən bütün auditoriya yazıçı istedadının və uzaqgörənliyinin sehrinə düşdü. Ovsunlanmış insanlar arasından ağbirçək bir müəllim - Fizzə xanım boynumu qucaqlayıb mənə təşəkkür etdidedi: "Qurban olum ana dilimə, onun sizin kimi təbliğatçılarına. Siz bu dil vasitəsilə bizi Fərman Kərimzadə yaradıcılığının ecazkar sehrinə saldınız".

Yeganə xanım söhbət zamanı bildirdi ki, atası "Qoca qartalın ölümü" romanını "Apardı sellər Saranı" xalq mahnısının sədaları altında yazıb.

Gecədə Mədəniyyət evinin müdiri Mirzə müəllim, Yeganə xanım, rayon ziyalıları, Fərman müəllimin qohumları, Bəyim Sarov kəndinin sakinləri çıxış edərək F.Kərimzadə yaradıcılığında Azərbaycanın ayrı-ayrı tarixi mərhələlərdə keçdiyi qəhrəmanlıq və mübarizə yolunu böyük sənətkarlıqla işıqlandırmasından və çağdaş dövrümüzdə yazıçının ölməz ədəbi irsinin mühüm əhəmiyyətindən söhbət açdılar. O gecə həm bizim, həm də tədbir iştirakçılarının yaddaşına əbədi həkk olundu, unudulmadı. Xalqın yaddaşında iz salan o gecə F.Kərimzadə şəxsiyyətinə və yaradıcılığına məhəbbətin ən parlaq təzahürü idi.

Bu görüşdən bir neçə il sonra mən "Fərman Kərimzadənin yaradıcılıq yolu"  adlı namizədlik dissertasiyasını AMEA Nizami adına Ədəbiyyat İnstitutunda akademik Bəkir Nəbiyevin sədrliyi ilə müdafiə etdim. Yazıçının ailə üzvlərinin də iştirak etdiyi o müdafiədən xeyli zaman keçməsinə baxmayaraq, F.Kərimzadə yaradıcılığının ecazkarlığı, sehri milyonlarla oxucunun qəlbini fəth etdiyi kimi, məni də öz orbitindən uzaqlaşmağa qoymur.

Qəlbində Qərbi Azərbaycan həsrəti, Qarabağ dərdi ilə əbədiyyətə qovuşan bu sənətkar bu gün də yaşayır və Azərbaycan varlığını öz tarixi romanları ilə bütün dünyaya bəyan edir.

F.Kərimzadənin yazılmamış sənət əsərləri, deyilməmiş publisist sözləri qəlbində qaldı, amansız ölüm arzularını həqiqətə çevirməyə imkan vermədi. Ədib doğma ata-baba yurdundan didərgin düşdü və qəlbini xalq ədəbiyyatının inciləri ilə ovundurdu:

 

Vedinin yanı dağlar,

Ürəyi canı dağlar,

Burda bir el var idi,

Siz deyin, hanı, dağlar?

 

Şair-publisist S.Rüstəmxanlı yazır: "Fərman son dərəcə sadə, təmiz, genişürəkli, böyük naturalı bir adam idi. O, Azərbaycan xarakterinin mahir yaradıcısı, əsl vətəndaş kimi Azərbaycan namusunun bir parçası idi".

Fərman Kərimzadə vətənin, elin qədrini bilən, "sevərək yaşayan, sevilərək ölən", bədii irsi ilə özünə əzəmətli abidə ucaldan sənətkardır.

 

Gülbəniz BABAYEVA

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.- 3 mart.- S.4.