Çətin söhbət

 

Publisistika... Yüksək dünyagörüş, intellekt, ədəbi və siyasi məntiq, sensualizm burada ən vacib şərtlərdir.

Bunlarsız müasir publisistikanın bir janr kimi mövcudluğu fantaziyadır, idillik düşüncə toplusudur. Şübhə yoxdur ki, ədəbiyyatda və publisistikada pastarolluq müasir oxucu üçün artıq gülməli əhvalat təsirini bağışlayır.

Mən əsas məsələyə birbaşa da keçid edərdim. Ancaq elə məsələlər var ki, sonralar hər dəfə müqayisələr aparmamaq üçün müəyyən bir sistemin ardıcıllığını özünə yoldaş etməli olursan.

Bu gün Azərbaycan mətbuatında publisistika populyarlıq baxımından digər janrları üstələyir. Jurnalistikada az-çox tanınanların əksəriyyəti məhz bu yorucu marafonun iştirakçısı və peşəkarı iddiası ilə meydandadır. Əslində isə 15-16 nəfərlik istisna ilə əksəriyyət "zorən köşə yazarı" statusundadır. Siyasi, bədii, estetik, yumoristik... Ancaq o seçilənlər ki ,var ha, əksər qəzetlər yalnız o müəlliflərə görə satılır və oxunur.

Mən bu dəfə həmin publisistlərin heç də hamısı haqqında ayrıca söhbət açmaq fikrində deyiləm. Ancaq belə bir yanaşmaya da ehtiyac var. Onun haqqında isə bir qədər geniş danışacağam. Bunun da əsas səbəbi çoxlarının onu dərindən tanıya bilməməsi, ya da indi-indi tanıyaraq yaradıcılığı ətrafında qeyri-müəyyən heyranlıqlar göstərməsidir. Onun liderliyi, həmişə ön sırada olması bütün yazılarından boylanır. Bu xanım yazar haqqında yazmaq, danışmaq zərurəti çoxdan yaranıb. Mənimlə həmfikir olanlara təşəkkür edərək söhbətimə davam edirəm. Qaldı ki mənim təşəkkür etmək imtiyazımla maraqlanan varsa bildirirəm: İradə Tuncay həmkarım, dostum, başlıcası müasir mətbuatımızın orijinal bir publisisti olmasındandır.

İradə Tuncay yaradıcılığından, publisistikasından söz düşəndə bütün bunları mütləq və rəsmən nəzərə almalısan. Çünki bütün ənənələri ən yüksək səviyyədə qoruyub inkişaf etdirən, publisistikanın ən cazibədar və modern sistemini (bəli, məhz sistemini) yaradan və quran İradə Tuncay yaradıcılığı haqqında danışmaq çox çətin söhbətdir. Hətta ağır söhbətdir... Ağıl, zəka və gerçəkliklərin söhbətidir.

Məişət problemsizliyi, zənginlik, var-dövlət onun xoşbəxtlik təsəvvürlərini heç zaman tamamlamayıb. Bütün bunlar cüzi bir təsəlli qədərdir. Məgər adam nəzakətli, cəfakeş və lütfkar olanda onu sadəlövh hesab edərlər? Bəs siz onun yazılarını oxumursunuz? Siz "Leysan özləmi"ni oxudunuzmu? "Yoldaş Çe"ni necə? "Bis sextus", "Öz dilimizdə-Amneziya", "Sevrdən Sürixədək gələn yol", "Ata olmaq haqqı", "Quo vadis?...", "İstanbulu dinliyorum gözlərim kapalı", "Ay ölkəsi", "Sarı odalar", "Yüz cavan oğlan"... Bu yazıların hamısının adlarını yadda saxlamaq da çətindir. Ancaq xatırladıqca ləzzət edir, zövq verir. Tarix, ədəbiyyat, fəlsəfə və müasir jurnalistika onun yaradıcılığında sanki həm qələmlə çözələnir, həm də yalın əllə yoxlanılır, düzgün istiqaməti və çarəsi axtarılır. Bu cür sərt, eyni zamanda nəvazişli müdaxilə - palpasiya çağdaş Azərbaycan publisistikasının da sağlam naturasına çevrilir. Beləcə o özünün də obrazını yaradır.

İradə Tuncay çevik jurnalistdir. İlk baxışda bütün bunlar onun, belə demək mümkündürsə, televiziyadan qəzetə transferini müəyyənləşdirir. Lap dəqiqi "Mən harda olsam, İradə Tuncayam" gerçəkliyini funksionallaşdırır. İlk əvvəllər həqiqətən müəyyən yazılarında telepublisistika daha qabarıq görünürdü. Yəni mövzunun süjeti bu cür qavranırdı. Sonralar həmin üslubu qəzet variantında ənənəvi aparıcılıq modern diskussiya nümunələri ilə əvəzləndi. Səhifələr, başlıqlar, abzaslar, incə keçidlər zərgər dəqiqliyi ilə oturuşdu. Fikirlər, düşüncələr əslində bir-birinin bəzəyini, gözəlliyini tamamlayan kavarsəni xatırlatdı. Çoxları nə baş verdiyini zahiri əlamətlərlə müəyyənləşdirmək çərçivəsindən uzağa gedə bilmədi, əvvəl-əvvəl. Bilən, bilməyən mədhiyyələr qoşmağa tələsdi. Zövqlü oxucularsa bu yeni və bənzərsiz yazarı gerçəkdən sevdi.

Mənim də bu mövzu üzərində fantaziyalarım var. İradə Tuncayın bir çox yazılarında mən onun öz obrazını da görürəm. Bəzən də müəyyən bir köşədən başqa bir bədii əsərə keçid edərək dost yazarın özünü obrazlaşdırıram. Sevinci bölüşmək asandır, əzabların birgə yaşanması da buna bərabər təsəllidir.

Biz həmkar və dost olmaqla yanaşı, həm də oxucuyuq. Mən indi İradə xanım haqqında danışarkən daha çox sıravi oxucu kimi davranmağa çalışıram. Görürəm ki, bir az uzaqda dayanıb İradə Tuncayı daha yaxşı görə bilirəm. Yazılarını zövqlə oxuyuram. Bir də görürsən onu İndira Qandiyə oxşadıram. Həmidə xanıma, Bənazir Buhuttoya, Anna Axmatovaya, Marina Svetayevaya,tonqalaqədərki Janna DArka, Roza Lüksemburq, Klara Setkinə, lütfən təəccüblənməyin, Məhəmməd Hadiyə, Pirosmaniyə, Müşfiqə, Avrora Düpona, düz 20 dəqiqədir fikirləşib adını tapa bilmədiyim XV əsr Venetsiya şairəsinə, Balzakın Delfinasına yox, Ejen de Rastinyakına oxşadıram. Mənə elə gəlir ki, aradan 150-160 il keçməsinə baxmayaraq əyalətdən Parisə tələbə kimi gələrək Senjermen gecələrində elə ilk təmasdaca kübarları öz zəkası ilə heyrətə gətirən Ejen de Rastinyaklar bu gün də Parisdə, Bakıda, Monrealda, Vyanada, Romada ola bilər. İradə Tuncay da dünyanın harasına getsə özünü itirməz, sanki bir vaxtlar yaşadığı yerlər kimi.

Mən o qədər də sentimental deyiləm. Bir vaxtlarsa olmuşam. Ancaq bəzən indi də könüllü şəkildə qəliz düşüncələrin əsirinə çevrilməkdən qorxmuram, çəkinmirəm. Duyğusallıq psixolojinin çox məqamlarında yaşanır. Çe Gevarranı oxuyarkən, ilk əvvəl "Əlvida silah!"ı xatırladım. Ancaq burada Hemenquey o qədər də əl vermədi. Birdən Etel Lilian Voyniç ! Artur-Cemma-OVOD! Yox, neyləsən də padre bu fəlsəfəyə birbaşa daxil ola bilmir. Faciəyə qədərki həyat tamam başqadır . Və çox qəribədir ki, mən burada, yəni guya ki, uzaq "Çe Gevara" əhvalatında müəllifi məhz " Ovod" əsəri ilə obrazlaşdırıram. Doğrudur, bir qədər çətin məsələdir. Müəllif mənim üçün burada həm Etel Liliandır, həm Arturdur,həm Çemmadır, həm də ... Arturun "özüdür"-Ovoddur. Bir yazıçını və 3 obrazı eyni vaxtda (müəyyən şərtiliklərlə təbii ki,) özündə - bir canda, bir ruhda birləşdirmək faciəvidir, yoxsa ki, fantastika?Bütün bunları mənə kim açıqlayar ki?

"Bizim era başlayırmı və yaxud Anno Domini", "Martın birinci yarısı", "İnsan", "Birinci", "Ə,sənən döyüləm?!", "Sezon finalı", "Qırmızı gün"... Bir-birindən fərqli bir-birindən doyulmaz yazılar. Ancaq hamısında İradə Tuncay üslubu, özünəməxsusluğu. Ən yaxşısı bilirsən nədir? Özün də inanırsan ki, bu məqalələr çox güclüdür və lazımlıdır. İnanırsan ki, bunları bu cür yalnız sən yaza bilərsən. Yaradıcılıq qüruru və xoşbəxtliyi - bu hissləri sərbəstcə yaşamaq eqoizm deyil.

Sənin müəyyən qədər qaydasız davam edən bu yarış-mübarizədə liderliyin heç də asan görünmədi. "Yəqin elə belə də olmalı idi" kimi qeyri-müəyyən faktlar da möhtəşəm yazıların dərinliyində itib batdı. Bəzən səni elə-belə, yaxud da bilərəkdən başa düşmədilər də. Xaraktercə, istedad və dünya görüş baxımından zəif, paxıl olanlar, az qala ürəklərində inkvizisiya tələb edirdilər. Nədi, nədi Azərbaycan - Türk satira ənənəsi üzərində (C.Məmmədquluzadə, Əziz Nesin...) yeni bir yumoristika yaranmışdı. "Ə, sənən döyüləm"dəki zırramalar, digər məxluqatlar guya ifrat boyalarla təsvir edilmiş, tanış qoxuların ört-basdır edilməməsindən qəzəblənmişdilər. Alleqorik bir qürur təpkisi çağlayırdı. Təbii ki, balbes təfəkkürlülər belə düşünməli idilər və sən də onları təkrar-təkrar müşahidə etməli idin. Gəlsənə, keçək Nuşiç sarkazmına. Qoy əlləşə-əlləşə qalıb baş açmasınlar, lap yorulsunlar və yersiz irad tutmağa halları qalmasın heç.

Bildim, mətləbdən bir az uzaq düşürəm. Bəlkə də mənə belə gəlir. Ancaq qoy bunu da deyim: indi hər müəllifi və hər yazını oxumurlar. Onda qala hələ heyranlıq bildirələr. Və həm də anlayalar, müəllif səviyyəsinə yaxınlaşalar. Sənin bu cür oxucuların da çoxalmaqdadır. Jurnalist üçün bundan qiymətli nə ola bilər?

Mən ki, səni yaxşı tanıyıram. Gör neçə illərin dostu, arkadaşıyıq. Mən bu fikri başqa bir vaxt kiminsə haqqında demişdim. Demişdim ki, onu nəsrdə, poeziyada, tarixdə, fəlsəfədə təəccübləndirmək çox çətindir. Əslində səni nəzərdə tutub həmin "yüzlüyü" xırdalamışdım. Gerçəkdən də belədir, hətta biz bildiklərimizdən də ötədir. Səni yalançı sevgilər, yalançı göz yaşları, yalançı təriflər, çələnglər aldatmaz. Ədəbiyyatda, yazı mədəniyyətində heç bir simulyasiya da sənin gözündən qaçmaz. Sadəcə sən üstündə heç vaxt sarı və ya qırmızı vərəqlər gəzdirmirsən. Arzulayırsan ki, bunlara heç vaxt ehtiyac olmasın. Spikerliyin də belə...

Biz hamımız Məmməd Arazı, Əli Kərimi, sonralarsa Vaqif Vəkilovu, Ramiz Rövşəni, Vaqif Cəbrayılzadəni doğma bir qürur hissi ilə oxuyuruq. İndi sən özün de, etiraf et görək Ramiz Rövşənin "Canavar ovu" poemasını İradə Tuncay səviyyəsində təqdim etmək mümkündürmü? "Canavar vaxtı" ... Fantastik üslub, fantastik təhlil! Əsərin öz səviyyəsi bərabərində skeptisizm.

İradə Tuncayın istər 10 il bundan əvvəl düşündüklərini və yazdıqlarını, istərsə də indi qələmə aldıqlarını müşahidə edərkən fikrin saflığı, ucalığı, dilin, sözlərin ritm və konsonans düzümü səni bəlkə də anlamaqda çətinlik çəkdiyin mövzu mürəkkəbliyində azmağa qoymur. Oxucu doğma və təvazökar bir yazarla söhbət etdiyindən nəyisə başa düşməyib pərt olacağından da çəkinmir.

Dostum tarixi-fəlsəfi mövzuları özünəməxsus üslubda yazıb inkişaf etdirməkdədir. Bu yazılarda heç doğma tariximizə də güzəşt yoxdur, yalançı bəzək-düzək qəbul olunmur. Fikirlər, düşüncələr sərbəstdir. Ancaq daxili bir dinamizm hökm sürür, arzular sətraltı mövqelərdən alovlanır. Uzaqlardasa "Avninin atları"...

İradə Tuncayın köşələrində və köşə kimi təqdim olunub da bu çərçivələrə sığmayan yazılarında ("Yüz cavan oğlan", "Bis sextus...", "Sevrdən Surixədək gələn yol", "Türk məsələsi") inadkarlıqdan və mənəmlikdən uzaq məhrəm bir eristika mədəniyyəti duyulur və görünür.

Bax yenə də yadıma Cemma düşür. Göz yaşlarımı güclə saxlayıram. O qızın günahı nəydi, ilahi? Bəs sən özün niyə ağlamaq istəyirsən?

Hanı, deyirdin Mehribanı da götürüb uşaqlıqdan indiyəcən xatirələrində yaşayan Bakı küçələrini, doğma yerləri gəzəcəkdin? Getdinmi? Getmə. O hava, o işıq, o duyğular ki var, çalın-çarpaz yollarda, göydələnlərin zirzəmilərində, qırılan-budanan bağlarda, onların üstündəki marketlərdə çoxdan dəfn olunub, bircə işartısını belə saxlamayıb. Bu şəhər öz koloritini deyəsən İçəri şəhərdə də itirməyə başlayıb. Bu şəhər daha o şəhər deyil, boşuna vurnuxma, canım. Hər şey gözəlləşib, ancaq heç nə qalmayıb. Kinoteatrlardakı şüşəli kassaların arxasında dodaqları qıpqırmızı boyanmış biletsatan rus və yəhudi qadınları da heç demə bu şəhərin azacıq koloriti imiş. Peraşki satanlar da, orda - burada saqqız, siqaret satanlar da... Evdə,küçədə rusca danışıb, meydançada azərbaycanca oynayan "Neftçi"də. Milləti satanlar da !

... Adam hərdən "Gün keçdi" filminə tək-tənha oturub baxmaq istəyir.

Bizim şəhər daha yoxdur. Xatirələr də bir-bir qopub düşür. Acısıyla, şiriniylə...

Uzaq Vyanada 300 il bundan əvvəl "itmiş" bir adam bu gün öz şəhərində qəfil peyda olarsa heç nəyə təəccüblənməz. Səbəbini bilirsən, nə səni yorum, nə də özümü .

... Hə, o vaxt sən hara gedirdin ki, atan qoymadı ? Sənin ki, familiyan Kamikadze deyildi!

O vaxtlar quş kimi qanadlanıb da bu nəhəng imperiyadan can qurtarmaq mümkün olmayan işdi. Doroteya cəmi 150 metr uçub qonşu həyətin çəmənliyinə düşmüşdü. Elə bilmişdi arzuları qollarında qanad açacaq. Gözəl qızcığaz alma kimi parçalanmışdı.

Daha bu dünyaya, bu şəhərə də inanma, İradə! Heç kimə, heç nəyə inanma. O gözəl xatirələri ayaqlar altına salıb kirləndirən bu şəhərin doğmalığına daha mən də inanmıram. Qoy Ramizin poemasından sənə o qərib misraları pıçıldayım: 

 

Mənim balam,

nə baxırsan alnımdakı qırışa,

bir vaxt mən də uşaqdım - sən yaşında.

İllər ötdü, öldü-getdi o uşaq,

basdırdım o uşağı

alnımın qırışında.

O uşağa heç kəs yas saxlamadı,

Heç doğmaca anam da ağlamadı.

Heç özüm də ağlamadım, özüm də -

Heç bilmədim,

o uşağın əli haçan

qopub düşdü əlimdən,

o uşağın üzü haçan

itib batdı üzümdə...

 

Daha vaxtdır, yazını burada bitirmək lazımdır.

 

Məzahir ƏHMƏDZADƏ

 

525-ci qəzet.- 2017.- 8 mart.- S.4.